30.05.2011

Vaqif Bayatlı və Adil Mirseyid Nobelə namizəddirlər


Oqtay Hacımusalı
Bu dəfəki müsahibimiz əslində qonaq deyil. Elə bizimkidir. Jurnalımızın dəyərli yazarı, tənqidçisi, şairi, mütərcimi (mən yoruldum) Oktay Hacımusalı. Onu tanıdığımdan bəri ədəbi çərçivənin içində qaynayan gördüm, heç kənara sıçramadı. Onunla ətraflı və maraqlı söhbətimiz oldu. Günümüz ədəbiyyatında şoumenləri açıqladı, Türkiyə ədəbi əlaqələrindən danışdı və Nobelə namizədlərdən söz açdı. Buyurun keçin içəri…
Oktay bəy, özünüz haqqında məlumat verərdiniz, lütfən.
Həmişə məndən soruşanda zarafatla deyirəm ki, mən Siyəzəndə anadan olmuşam, Ankarada böyümüşəm. Qeyri–adi uşaqlığım olub. Anam məni həmişə qoyub gedirdi dərsə, gələndə bir yarım saat qapıda gözləyirdi. Qapını açmırdım. Bunun da səbəbi var idi əlbəttə. Ortaya tökdüyüm kitabları yığışdırmaqla məşğul olurdum. Həmin o ətrafa səpələdiyim kitablardan öyrənmişəm oxumağı. İndi də o kitabların üstündə olan mənasız qaralamalara baxanda kövrəlirəm. Və ailədə, daha sonra da Türkiyədə tək başına yaşadığım üçün tənhalığa yaman öyrəşmişəm. Daim axtarışda olmuşam. Elə uşaqlıqdan camaatın uşaqları küçədə oynayanda mənim işim–peşəm onlara kənardan baxmaq olub. “Vektor” Beynəlxalq Elm Mərkəzində “Qızılgüllərin açılan vaxtı” adlı şeirlər kitabım nəşr olunub. İndi bir romanımı və bir ədəbi–tənqidi monoqrafiya kitabımı nəşrə hazırlayıram. Onu ora eləyirik, bunu bura, yaşayırıq da…
Oktay Hacımusalı yazıçı, şair, tənqidçi, yoxsa tərcüməçi?
Ümumiyyətlə, yazarın hər hansı bir fəsiləyə ayrılmasına qətiyyən qarşıyam. Bilirsiniz, niyə fəsilə deyirəm, çünki, əvvəlki dönəmdə adətən yazarları fəsilələrə ayırıblar. Nə bilim deyiblər ki, bu şairdir, bu yazıçıdır, bu tərcüməçidir, bu tənqidçidir. Mən buna qarşıyam, əzizim! Əgər birinin istedadı bütün janrlarda yazmağa, özünün qüvvəsini bütün janrlarda sınamağa çatırsa, niyə də o, özünü sadəcə bir ampulada sınasın? Qoy, bütün janrlarda yazsın, əsərlər qələmə alsın, sonra artıq gələcək nəsildən çıxacaq araşdırmaçılar onun hansı janrda daha çox uğur qazandığını desinlər. Bu baxımdan mənim üçün önəmli olan yazmaqdır, hansı janrda yazıram və nə dərəcədə uğur qazanıram, bu artıq məsələnin ikinci tərəfidir.

Müasir Azərbaycan ədəbiyyatının vəziyyəti bir gənc ədib olaraq sizdə hansı təəssüratı yaradır?
Müasir ədəbiyyatdı da… Kiminə görə dağılmış, bayquşlar ulayan bir xarabalıq, kiminə görə güllük–gülüstanlıq, kiminə görə isə harasa bayraq sancmaq üçün bir vasitə. Belə oturub fikirləşəndə, ədəbi proses yenə də inkişaf eləyir bütün onu xarabalığa bənzədənlərin də, güllük–gülüstanlıq kimi görənlərin də, hətta ondan harasa bayraq sancmaq üçün istifadə eləyənlərin də acığına. Çünki, bu ədəbiyyat genetik kodlarla ötürülüb. Bu qafillər başa düşməlidirlər ki, hər nə qədər sistemlərə, qruplara, firqələrə bölünsə də, Azərbaycan ədəbiyyatı əslində bütöv bir fiqurdur.
Mən də ədəbiyyatda parçalanmalara, firqələrə, qruplara gələcəkdim. Münasibətiniz necədir bu ayrılıqlara?
Mənim ümumiyyətlə, ədəbiyyatda bölünmələrə, firqələrə, nə bilim qruplara ayrılmalara münasibətimiz olduqca normaldır. Dünyada bu proses gedir. Yəni düşüncələrin ədəbiyyatı yaranır. Ədəbiyyat bu axarda getsə hər şey əladır. Amma bir məsələni gəlin unutmayaq: ədəbiyyat ayrı şeydir, şoumenlik təmamiylə ayrı şey! Son dövrlər ədəbiyyatımızı qəribə bir tendensiya bürüyüb. Ümumiyyətlə, dünyada ədəbiyyata qrup ilə gəlmək ənənəsi yadırğanarkən, hətta bəzi şairlər, yazarlar öz fərdi manifestlərini ortaya qoyarkən, bəziləri isə Azərbaycan ədəbiyyatına qrup halında soxulurlar. Onun yazdığını bu tərifləyir, bunun yazdığını o! Və yazdıqları əslində ciddi bir şey olmasa da, beş cümlənin içərisində bir mənalı cümlə tapmaq mümkün olmasa da, bir mərəkə qaldırırlar ki, gəl görəsən! Arada – bir ekstaz vəziyyətində ikən yazdıqlarına bir «avanqard», «ekstra avanqard», «underqraund» kimi yaftalar yapışdırırlar ki, adam oxuyanda bir anda ya özünün qafil olduğunu, ya da bunların özlərini cəmiyyətə bilərəkdən belə təqdim elədiklərini düşünür!
Görəsən bu nə ilə bağlıdır? Əzizlərim, gəlin bir şeyi açıqca etiraf eləyək: bunlar şoumendilər! Bunlar keçmişimizdə dəyərli hər nə zad varsa hamısını bir küncdə saxlamaq, hətta nəinki küncdə saxlamaq, çıxarıb bayıra tullamaq, üzünə isə qapıları bağlamaq məqsədini güdürlər. Bunlar öz dilimizdə yazanlarımıza, Dədə Qorquddan üzü bəri süzülən şəhdi – şəkər dilimizə ironiya ilə yanaşanlardır. Bunların bir balaca üstlərinə gedən kimi adamı danosçuluqda suçlayırlar. Bunları bir balaca yerindən oynadan kimi hər hansı bir qrupa qara yaxmaqla suçlayırlar. Lakin bir ləhzə olsun düşünmürlər ki, yenilikçi düşüncə bütün hər şeyin dağıdılması, yerinə isə hansısa özümüzdən olmayan dəyərlərin gətirilməsi deyil. Dünən bir başqa donda idilər, bu gün başqa bir dondadılar, sabah isə tamam fərqli bir donda olacaqlar! Dünən ədəbiyyatımıza yabançı təsirləri gətirirdilər, bu gün ortaq dəyərlərdən danışırlar, sabah isə kim bilir daha hansı oyunlara gedəcəklər!
Daim gündəmdə qalmaq, insanların hətta onları heç nə yazmasalar belə daim xatırlamalarına çalışmaq bilirsinizmi fəlsəfədə necə adlanır: ‘‘Bilinib tanınmaq’’ nəzəriyyəsi! ‘‘Bilinib tanınmaq’’ nəzəriyyəsi əslində, Fransada yaşamış Rus filosofu Aleksandr Kojivenin (Aleksandr Vladimiroviç Kojevnikovun) Hegel fəlsəfəsi ilə bağlı irəli sürdüyü nəzəriyyələrdən biridir. Bu nəzəriyyəni Kojive bu cümlələrlə dilə gətirir: ‘‘(…) İnsan ancaq, özünü başqa bir insana qəbul etdirmək, onun tərəfindən bilinib tanınmaq istədiyi müddətdə insanidir. İlk başlarda başqası tərəfindən həqiqətən də tanınıb qəbul olunmadığı müddətdə, onun hərəkətinin məqsədi həmin o başqa insandır, bütün insani dəyərləri və reallıqları həmin o başqa insanın onu qəbul edib etməyəcəyinə söykənir, get–gedə o başqası onun həyatının mənasına çevrilir…’’ Bunlar bu tendensiyalarla yanaşırlar ədəbiyyata! Yoxsa ki, ciddi bir dəyər kimi yox!
Gənc ədiblərə qayğı sizi qane edirmi?
Gəl, məsələyə belə yanaşaq da… Sovet dövründə Yazıçılar İttifaqı nə bilim ev verirdi, maşın verirdi, maaş verirdi, nə bilim daha nələr verirdi. Axı Sovet İttifaqı qurtarıb. Lap bu gün deyək, dedilər ki, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi dəyişsin… Dəyişdi və narazı qüvvələrdən birini gətirib otuzdurdular AYB–nin rəhbərliyində. Heç nə dəyişməyəcək! İnanın, heç nə dəyişməyəcək və hətta mən deyərdim ki, bundan da pis olacaq! Əsas olan nədir, bizi pis öyrədiblər bir az, yəni şairlərimizin 99%-i oturub çayxanada deyir ki, işləmirəm, şairi xalq dolandırmalıdır. Axı niyə? Mən şeir yazıram! Yaz da, bunlar ədəbiyyata peşə kimi baxırlar, halbuki elə olmalı deyil. Şairlik dəyərdir, əzizim! Yəni, mən onu anlaya bilmirəm, şair özünə vaxt qoyur ki, saat filan–filan oturacağam masanın arxasına və şeir yazacağam. Və bəlkə də ədəbiyyatımızın, şeirimizin vəziyyətini bu məqamlarda axtarmaq lazımdır!… Məsələn, şəxsən özüm Bakıda olduğum müddətdə dostlar da bilir, çox da yaxşı yaşamamışam. Və hətta pis yaşamışam. Amma bunların hamısına dözmək lazımdır.
Azərbaycan və Türkiyə ədəbi əlaqələri qənaətbəxşdirmi? Ümumiyyətlə türk dünyasına müasir ədəbiyyatımızın sorağını çatdıra bilirikmi?
Azərbaycan və Türkiyə ədəbi əlaqələri bir neçə il bundan əvvəlki vəziyyətinə görə xeyli yaxşıdır. Siz fikirləşin, bir neçə il bundan əvvəl ümumilikdə anlayışımız yox idi ədəbi əlaqələrimiz necə ola bilər? Hansı formada inkişaf edə bilər? Antologiyalar hazırlanmışdı Türkiyədə Azərbaycan ədəbiyyatı ilə bağlı. Nə bilim bir neçə pərakəndə kitablar nəşr olunmuşdu. Artıq yavaş–yavaş bu problemlər həll olunur. Və indi yaxşıdır, pisdir, olunan tərcümələr redaktorlar tərəfindən yenidən bir də işlənib elə verilir çapa, amma bütün bunlara baxmayaraq nəticədə yavaş–yavaş əlaqələr formalaşır. Eyni ağacın budaqlarıyıq. Mən hətta inanıram ki, Orta Asiyanın Türkiyəyə çıxışı da məhz bizim vasitəmizlə olacaq. Biz addım-addım bu yolla gedirik. Elə “Bizimki”nin türkcə bölməsi də buna əyani sübutdur.
Orhan Pamuk, siyasət, yoxsa ədəbiyyat qurbanıdır? Siz necə fikirləşisiniz?
Orxan Pamuk yazardır, buna söz yox! Bu xəbəri deyəsən səndən eşitdim də mən… Eşidən kimi açdım bir neçə Türkiyə saytını, nə gördüm, Orxan Pamuk haqqında fikirlər birmənalı deyil. Mübahisələr bir neçə gün keçəndən sonra əməlli–başlı qızışmağa başladı. Kimi Orxan Pamuğu müdafiə eləyir, bu mükafatı Türkiyənin uğuru kimi qəbul eləyir, kimi isə onun bu mükafatı niyə aldığına açıqlıq gətirməyə çalışırdı. Orxan Pamuğun mükafat almağı nəyi dəyişdirdi və bundan sonra bir Türkə təkrar Nobel mükafatı verəcəklərmi? Ən azından bunu düşünmək lazımdır ki, Orhan Pamukun sayəsində Türkiyə Nobeli qazandı. Şəxslər burda çox da önəm daşımamalıdır məncə.
Ümumiyyətlə ədəbiyyatda siyasətin rolu və dəyəri nə qədərdir? Ədəbiyyatın siyasətdə bir alət olaraq istifadəsinnə necə baxırsınız?
Heç şübhəsiz ədəbiyyat özü – özlüyündə bütün ictimai dəyərlərə yön verir, hətta siyasətə özünə də! Və eyni zamanda ədəbiyyvat bu dünyadan təcrid olunmayıb ki! O, yarandığı cəmiyyətin bütün dəyərləriylə iç–içədir, burda ədəbiyyat sosilolgiyadan, psixologiyadan, sosial–iqtisadi, siyasi–ictimai hadisələrdən təsirlənir, təsirlənməlidir də! Əslində ədəbiyyatı məhz elə həmin təcrid olunmuşluq, həmin sistemsizliyin özü məhv eləyə bilər. Dövlətçilik baxımından ədəbiyyat və siyasətin əlaqələrinə çox normal baxıram. O ki, qaldı ədəbiyyatın siyasətin əlində bir alətə çevrilməyinə, bu məncə yazarın özündən asılıdır.
Sizcə Azərbaycanda Nobel mükafatına namizəd olan ədib varmı?
Bu yaxınlarda bir yazar dostumuzla söhbət edirdim. Dedim, ona ki, kaş özümüzə azacıq da olsa kənardan baxa biləydik! Və onda görərdik müstəqillikdən sonrakı ədəbiyyatımızıen hansı səviyyəyə gəldiyini! Həqiqi sözümdür, bizdə hətta o şoumenlərə, hətta o qeyri–ciddilərə baxmayaraq ciddi inkişaf gedir ədəbiyyatda. Bu heç də fərdlərdən asılı deyil yox! Bu bizim genetik yaddaşımızla əlaqədardır. Bir bütöv dəyər kimi Azərbaycan yaddaşı ilə, Azərbaycançılıqla bağlıdır. Sadəcə bunu bir az özümüzdən kənara çıxarmalıyıq! Nə bilim, siz hansı mənada deyirsiniz, Nobel mükafatına layiq görüləsi ədibimiz varmı, estetik dəyərinə görəmi, yoxsa düşüncəsinə görə? Məsələn – mənim bildiyim Nobel ancaq sağlığında verilir də - böyük məmnuniyyətlə yaşayan yazarların, şairlərin arasından Vaqif Bayatlının, Adil Mirseyidin adını çəkərdim.

“Bizimki” ədəbi e-jurnalına münasibətiniz, tənqidiniz və məsləhətləriniz nələrdir?
Əstağfurullah, mən kiməm ki, məsləhət verim?! Sadəcə olaraq öz düşüncələrimi deyə bilərəm. Ciddi mənada bu 10 nömrədə böyük işlər görülüb. Müxtəlif şairlərə, yazarlara, tənqidçilərə yer verilib. Bunun özü böyük şeydir. Amma, mənim xəyallarımda düzü ayrı bir “Bizimki” var. Ən azı, yenə də deyirəm ki, bütün Orta Asiyanı əhatə eləyən bir “Bizimki” düşünürəm mən. Və inanıram ki, bir gün mütləq o da olacaq. Ayrıca milli–mənəvi dəyərlərinə hər zaman sadiq qalan, yeni düşüncələrə isə daim açıq olan, Yəhya Kamalın sözü olmasın “Kökü mazidə olan ati”yə çevrilən bir BİZİMKİ!

Комментариев нет:

Отправить комментарий