Yollar- ölçüsüz başmağım,
bu başmaqla yal aşmağım
küləklərlə savaşmağım
daşlı-kəsəkli torpağın,
yaxası yırtılıncadı…
Ümidi yavan tikətək
arzuma doğradı fələk
xam xəyalım zay toxumtək
yenə həsrət bitirəcək
çətini qış bitincədi…
SƏNİ GƏTİRƏN KÜLƏK
Yenə səni gətirdi
üzlü Bakı küləyi.
Köhnə evin dənizə
söykənibdi kürəyi.
Tüstü çıxmır sobadan
uzun qış gecələri.
Yoxdu səni ovudan
tənha qalandan bəri.
Bu cığırı ot basıb,
döyən yoxdu qapını.
Nə vaxtdır ki, toz basıb
nimdaş ayaqqabını.
Pəncərənin şüşəsin
nə vaxtdır yağış döyür.
Dərdini kimə desin,
Nə səs gəlir, nə səmir.
Hörümçək tor toxuyub
sən gəlib çıxanacan.
Kitabları “oxuyub”
burda ac qalmış siçan.
meyxanələr küncünə.
Yenə ağlın sürüşdü,
düşdün yenə pis günə.
Köhnə evin dənizə
söykənibdi kürəyi.
Yenə səni gətirdi
üzlü Bakı küləyi...
TARİXİN QIRINTILARI
Bir zamanlar
daşdan evlər tikmirdilər
göydələnlər buludlara toxunmaqçün
bəhsə girmirdilər
sonra şəhər qalasının mazğallarından
şölələnən məşəllər
kənizlərin yomrulmuş yollarını
çözə bilmirdi
o kənizlər
bənövşələrin süd qoxulu yuxularının
çin olacağını gözləyirdilər
o zaman ağ ban evlərin
xanımı olacaqdılar
həyat davam edəcəkdi
kaşanələr külli-kufan olacaqdı
cariyələrin çəkdiyi ahlardan
qan qoxulu havalarda
qılınclar gözəllərin bədənində
bülövə çəkilirdi
müqəddəs ikonalarda övliyaların üzləri
qurğuşun kimi əriyirdi.
Allahın oğulları qeybə çəkilirdilər
şətrənc oyununda
şair şahı mat edirdi
kəllələrdən ehramlar ucalırdı
insan qafasında şərab içirdi
xədim padşah…
Bir zamanlar
ala çadırlarda
buğlana-buğlana qımız içirdi
göy atanın oğulları
insan göyə yaxın idi
ulduzları dərəcək qədər…
Комментариев нет:
Отправить комментарий