29.05.2011

“Yazar nazirlə münasibətlərini poza bilər, naşirlə yox…”


“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu ilə rəhbəri olduğu nəşriyyatda görüşdük. İş otağındakı kitabxanada rəngarəng kitablar var idi. Əksəriyyəti Azərbaycan dilində olsa da, xarici dildə olan kitablar da çox idi. Elif Şafakın “Aşk” kitabından 4-5 dənə var idi.  Türkiyəli xanım yazarın  ilahi eşqdən bəhs edən bestseller kitabının ingilscə variantını, məşhur “Viking” nəşriyyatı çap edib. “Viking”in çap etdiyi “Aşk” kitabının nəfis tərtib olunmağı naşı adama da bəlli olurdu. Elif Şafakla yanaşı Bernard Şlink, Montaigne, George Orwell, Join Steinbeck, Erix Mariya Remark və s. bu kimi xarici müəlliflərlə bərabər  “Ən Yeni Ədəbiyyat”  seriyasından olan kitablar da var idi. Bu seriya ilə çıxan kitablar ayrıca səliqə ilə düzülmüşdü. Aqşin Yenisey, Pərviz, Nərmin Kamal, Günel Mövlud və s. yazarların kitabları gözə dəyirdi. Kitabxanada ən çox diqqətin bu seriyadan olan kitablara ayrıldığı hiss olunurdu. O biri kitabların hərəsi bir tərəfdə olsa da, bu seriyadan olan kitabların hamısı bir yerdə idi.
Ofisdəki kitabxanaya ötəri göz gəzdirəndən sonra, naşirin evdəki şəxsi kitabxanası ilə maraqlandıq. Şahbaz bəy bildirdi ki, kitabların əksəriyyəti evdədir:
“Ofisdə də kitablarım var. Burada gördüyünüz kitabların çoxu hüquq ədəbiyyatıdır. Bir vaxtlar sistemli olaraq hüquq nəzəriyyəsi və hüquqi sahəylə bağlı kitablar çox oxuyurdum. İndi isə, bədii ədəbiyyat daha çox oxuyuram.  Gördüyünüz kitabların bir hissəsi də bədii ədəbiyyat və ictimai fəlsəfi məzmunda olan kitablardır. Düzdür, evdəki kitabxanam daha genişdir. Ancaq burada da kifayət qədər kitab var. Evdəki kitablarımın sayı 2 minə yaxın olar. Kitabxanamda hər mövzudan kitab tapmaq olar.  Kitabların çeşidi insanın əhval-ruhiyyəsi ilə bağlıdır. Hər əhvala uyğun kitab olmalıdır ki, insan hər vaxt kitab oxuya bilsin”.

“Dostum Natiq içəndə kitab hədiyyə edir, ayılanda geri alır”
Naşirin şəxsi kitabxanasından hədiyyə olunan və kitabxanaya hədiyyə olunan kitabların nisbətini soruşanda dedi ki, “Natiq Əsgərov adlı bir dostum var. Bir az yeyib-içəndir. İçəndə mənə çoxlu kitab hədiyyə edir. Ayılanda isə hədiyyə etdiyi kitabları tutub geri alır. Sonra içəndən sonra yenə də hədiyyə edir. Amma bu dəfə ayılanda kitabları mənə pulnan satır (red- bu yerdə gülür). Dostum Natiqdən başqa professor Niyazi Mehdi də çoxlu kitab hədiyyə edir. Niyazi Mehdi özünə hədiyyə olunan kitablardan mənə də bağışlayır”.
Şahbaz bəydən gördüyümüz kitablardan hansıları oxuduğunu soruşduq. Deyir ki, “kitabxanada olan kitabların bəzilərini yarımçıq, bəzilərini axıra qədər oxumuşam. Misal üçün “Ən Yeni Ədəbiyyat” seriyası ilə çıxan kitabların hamısını oxumuşam. Çap etdiyimiz kitabları oxumasam, bazara necə buraxaram?  Bu seriyadan çıxan kitablardan Pərvizin “Yad Dildə” kitabını, İlqar Fəhminin Bakı haqqında olan kitabını çox bəyənirəm. Düzdür, İlqar Fəhminin Bakı haqqında olan kitabında Şah İsmayılla bağlı kəskin və birmənalı qəbul olunmayan fikirləri də var. Ancaq, əsərin özünü çox bəyənirəm.  “Ən Yeni Tərcümə” seriyası ilə də kitabların çoxunu oxumuşam. Yerdə qalan kitabların arasında oxumadıqlarım da var. Amma bu o demək deyil ki, o kitablar heç vaxt oxunmayacaq”.
“Den Braun”dan Sabir Rüstəmxanlıya…
Naşirdən Azərbaycan və dünya yazarlarından kimləri oxuduğu ilə maraqlandıq. Dünya ədəbiyyatından daha çox kitab oxuduğunu deyir. “Əvvəllər oxuduğum kitablarla indiki kitabların arasında fərq böyükdür. İnsan yaşa dolduqca zövqü də dəyişir. İndi daha çox səs salan kitabları oxuyuram. “Den Braun”un “Kod Da Vinçi”, “Mələklər və İblislər”  əsərləri və onun kimi səs salan kitabları oxuyuram. Oxucunun nə axtardığını duymaq önəmlidir.  Son zamanlar oxuduğum kitabların içində Den Braun qədər  məşhur olmayan yazarlar da var. Misal üçün Xalid Hüseyninin “Çərpələng uçurdan” əsəri olduqca maraqlı əsərdir.  Son vaxtlar kitablarını mütəmadi oxuduğum yazarlardan biri də Qabriel Qarsiya Markezdir. “George Orwell”in “84″ əsəri də bu qəbildən olan əsərlərin arasındadır . Ancaq ümumilikdə oxuduğum əsərlərin sayını bilmirəm. Nəşriyyatımızın buraxdığı bədii kitabların hamısını oxumuşam. Nəşriyyatımızda çap olmayan kitablardan da çox oxumuşam. Dünya filosoflarının çoxunu oxumuşam. Fəlsəfə kitablarının demək olar ki, hamısı evdəki kitabxanamda var və çoxunu da oxumuşam.  “Azərbaycan nəsri” seriyası ilə çıxan kitablardan Kamal Abdullanın, Sabir Rüstəmxanlının və Aqil Abbasın kitablarını oxumuşam”.
“Ondan 5 manat, bundan 10 manat almaqla kitab satmaq yazıçı adına yaraşmır”
“Ən Yeni Ədəbiyyat” seriyası ilə kitabları çıxan bir sıra müəlliflərin “Qanun” nəşriyyatı haqqında olan fikirlərinə aydınlıq gətirərkən Şahbaz Xuduoğlu dedi ki, yazarlarımız gərək nəşriyyatlarla münasibətlərini pozmasınlar: “Yazıçı nazirlə münasibəti poza bilər, hakimiyyətlə poza bilər. Ancaq nəşriyyatla münasibəti pozanda yazıçı itirir. Nəşriyyat yazarın münasibətini pozacağı ən axırıncı yerdir. Bəzi vaxtlarda Nəşriyyatla yazarın arasında müəyyən problemlər yaşana bilər, lap savaşa da bilərlər. Ancaq bir şey var ki, gərək körpüləri yandırmayasan. Nəşriyyat yazar münasibətləri ilə bağlı bir dəfə Günel Mövluda da demişdim ki, biz qılınc götürüb savaşa bilərik. Amma bizim qılıncımız taxtadan olmalıdır. Bir-birimizə öldürücü zərbələr vurmamalıyıq. Ancaq təəssüf ki hamı belə eləmir. Kimsə çıxıb iddia edir ki, “Qanun” nəşriyyatı onların yazdığı kitablardan milyonlar qazanır. Əgər biz onların kitabından milyonlar qazanırıqsa, buyurub kitablarını geri alsınlar və özləri öz kitablarını satsınlar. Necə ki əvvəl qapı-qapı düşüb satırdılar. Xahiş-minnətlə ondan 5 manat, bundan 10 manat almaqla kitab satmaq yazıçı adına yaraşmır. Həmin iddiaları edən insanlar düşünmür ki, kitabın çapına görə, “Qanun” nəşriyyatı məndən pul almayıb. Yazarların qazancı isə qonarar ola bilər. Şərtimiz odur ki, kitabı pulsuz çap edirik. O halda müəllifə qonarar veririk ki, kitabın birinci 1000 nüsxəsi satılsın. Kitab satılmırsa, müəllifə hansı puldan qonarar verək? Kitabı pulsuz çap elə, satılmasa belə müəllifə də pul ver. Bəs nəşriyyat?  Həmin bu iddiaları edən yazarlar niyə düşünmürlər ki, indi onların kitabları kitab mağazalarında satılır. Əvvəlki kimi qapı-qapı düşüb kitab satmırdılar. Yazıçı səyyar satıcı deyil. “Qanun” nəşriyyatı yazıçıların kitab məsələsinin məşəqqətli tərəfi olan çap məsələsini həll edir. Yazıçının kitab üçün sponsor axtarması məsələsi məşəqqətli bir işdir. Ona görə bizim çap etdiyimiz kitablara görə, müəllifdən pul almırıq. Onların pul almaq məsələsi isə, satışa bağlı bir şeydir”.
Naşir bildirir ki, ən çox satılan kitablar tərcümə kitablarıdır: “Müəllf kitablarından isə, Pərvizin “Yad Dildə” kitabı nisbətdə çox satılır. Birinci 1000 nüsxə satılmaq üzrədir. Yerdə qalan yazarlarımızın kitabları elə də çox satılmır. Çoxu gənc yazarlardır. Hətta heç kimin tanımadığı gənc yazarlara da şans veririk. Elə nəşriyyatların bir işi də yeni imzaları üzə çıxarmaqdır. Misal üçün “facebook” və “twitter” şəbəkələrində maraqlı status və postlar yazan insanlarla belə maraqlanırıq. Soruşuruq ki, həmin insanlar nə iş görürlər, nəsə yazırlarmı? Tanınmasa belə, gənc yazarlara yer vermək lazımdır. Onlar sabahın yazarlarıdır və aralarından hökmən güclü yazarlar çıxacaq”.
“Çox oxunan kitabları oxumaq lazımdır”
Naşirin hansı kitabları oxumasını, hansı kitablara üstünlük verməsini soruşduq. Əvvəllər hamının oxuduğu kitabları oxumadığını deyir. “O vaxtlar elə düşünürdüm ki, hamının oxuduğu kitabları oxumaq mənasızdır. O kitabları ki çox adam oxuyur, mən onları oxumurdum. Ancaq sonra gördüm yanılmışam. Elə hamının oxuduğu kitabları oxumaq lazımdır. Onlar daha lazımlıdır. Əgər bir kitab onminlərlə, yüzminlərlə, bəzən isə miyonlarla tirajla çıxıbsa, deməli həmin müəllifdə digər yazarlarda olmayan hansısa üstün tərəf var. Həmin müəllifin kitabı oxucuların suallarına cavab verdiyi üçün satılır. Misal üçün,  “Da Vinçi şifrəsi”nin yazarı Den Braun, bazarın nəbzini tutub. İnsanların maraqlarını nəzərə alıb, araşdırma edir və özünəxas üslübda yazır. Ona görə də onun kitabları tutur”.
Soruşduq ki, müəllif imzası brend olandan sonra keyfiyyətini saxlamasa da satış kəmiyyətini saxlaya bilir. Bəs buna nə deyirsiz?  Şahbaz bəy bu cür halların olması ilə razıdır. Naşir deyir ki, “hansı kitabın çox satılmasını, çox oxunmasını bazar və bazardakı alıcılar yəni, oxucular müəyyən edir”.
“Əli və Nino”yla ortaq layihəmiz var
Son olaraq nəşriyyatın planında olan kitablarla maraqlandıq.  Dostoyevskinin, Qabriel Qarsiya Markezin, Paulo Koelyonun  və bir sıra dünya yazarlarının bütün əsərlərini Azərbaycan dilinə tərcümə etməyi düşündüklərini deyir. “Bununla yanaşı orta məktəb və daha aşağı yaş qupu üçün kitablar tərcümə etməyi düşünürük.” Əli və Nino” kitab mağazası ilə ortaq layihəmiz var. Bu layihədə nəinki məktəbli uşaqlar üçün, hətta 4-5 yaşlı uşaqlar üçün də ədəbiyyat hazırlayacayıq. “Azərbaycanda ilk dəfə” sözünü işlətməyi xoşlamasam da deyim ki, Azərbaycanda bu cür yaş qrupları üçün ədəbiyyatın hazırlanmasında bu bir ilkdir. Bu layihə ilə Azərbaycanda kitab təbliğatına aşağı yaşlardan başlayırıq”.
ann.az

Комментариев нет:

Отправить комментарий