30.05.2011

Oqtay Hacımusalı ilə müsahibə


"Yazmaqla yanaşı, həm də döyüşürdük"

        Müsahibim gənc yazar Oqtay Hacımusalıdır. O, ədəbi gənclikdə baş verən proseslərdən danışdı. 

- Ədəbi aləm əvvəlki dövrlərindən, məncə, bir qədər fərqlənir. Bir balaca da olsun canlanma var. Yeni ədəbi nümunələr qələmə alınır. Hamı nəsə yazır. Pis deyil. Ədəbiyyatmızda gedən proseslər mənə həm maraqlı gəlir, həm də maraqsız. Maraqlı gəlir, ona görə ki, Azərbaycan ədəbiyyatı dinamik bir şəkildə inkişaf edir. Ortaya yeni imzalar çıxır, yeni söz deyilir, bu sözlərin arasında yenisi çoxdur. Həm də eyni zamanda maraqsız gəlir. Çünki Azərbaycan ədəbiyyatı bir monotonluq yaşayır. Yeni imzalarda təkrarçılıq var.Bu qədər yazar çoxluğunda insanı silkələyən, insanı varından yox edən əsərlərin sayı bir əlin beş barmağını keçmir. Bazar böyükdür, adam çoxdur, amma bu bazarın böyüklüyündə, adamın çoxluğunda oxuyub zövq ala biləcəyin əsərlər çox azdır. Bir qisim yazarlar var ki, "Mən inkarçıyam" - deyirlər. Amma inkar etmək üçün də ortaya o inkar etdiyinin yerinə nəyisə qoymağı bacarasan axı. Bunlar ortaya bir əsər qoymadan nələrisə inkar etməyə çalışırlar. Amma bununla yanaşı, maraqlı ədəbi gənclik gəlir ədəbiyyata.

- İndiki ədəbi gənclik qaynarlığı və məhsuldarlığı ilə də seçilir... 

- Bu gənclik həm qaynarlığı, həm də məhsuldarlığı ilə bizdən də, bizdən öncəki nəsildən də seçilir. Bunun da özünəməxsus obyektiv və subyektiv səbəbləri var. Belə ki, biz ədəbiyyata gələndə hər şey ədəbi oliqarxların əlində idi və biz həmin oliqarxlarla mübarizəyə başladıq. Bizim boynumuza müəyyən missiyalar yüklənmişdi. Yazmaqla yanaşı, həm də ədəbiyyatın təmizlənməsinə və tənzimlənməsinə diqqət ayırırdıq, yəni döyüşürdük. Bu da istər -istəməz bizim ortaya qoyacağımız ədəbi nümunəyə öz təsirini göstərirdi. 

Amma burda unudulmaması gərəkən bir məqam da var: biz həmin ədəbi oliqarxlarla, oturuşmuş, mif halına gəlmiş ədəbi imzalarla mübarizə apararkən həm də bu gün ədəbiyyata gələn gənclərin daha rahat bir şəkildə ədəbiyyata gəlməsi üçün zəmin yaradırdıq. Bunu indi analiz etmək, sağlam məntiqlə bunun belə olduğunu dərk etmək bir qədər insanlara çətin gəlir və kimsə çıxıb eyni şəkildə sual ünvanlaya bilər ki, ümumiyyətlə, əgər həmin ədəbiyyat oliqarxları bu gün də ədəbiyyatda hakimi- mütləq kimi çıxış edirlərsə, burada hansı mübarizədən söhbət gedə bilər? Mübarizə var, siz bu mübarizəni aparırsınız, ilk baxışda görünüş etibari ilə insanlara elə gəlir ki, siz yel dəyirmanları ilə vuruşan don kixotlardan fərqlənmirsiniz, heç nə dəyişmir. Bir az da insanlarda bezginlik yaradır sizin bu hərəkətləriniz: qurtarın da bu tamaşanı! Amma, əslində, sizə kənardan tamaşa kimi görünən siyasi qəzetlərin ədəbiyyat səhifələri, "Ədalət" qəzetində, demək olar ki, hər gün bir, hətta bəzən bir gündə iki ədəbi buraxılışın buraxılması, buraxılan ədəbi buraxılışlarda gedən tənqidlər, aparılan qızğın müzakirələr, sonra "Yeni Azərbaycan" qəzetində başlayan ədəbiyyat əlavəsi və bazar günü nəşr olunan on altı səhifəlik qəzetin bütövlükdə ədəbiyyata ayrılması bütün bunların hamısı istər-istəməz yeni ədəbi nəslin yetişməsində ilk köməkçi oldu. Bizdən elələri oldu ki, axıra kimi gedə bilmədilər, nəfəsləri çatmadı. Hərənin təbiəti bir cürdür. Amma duruş gətirənlər, dözüb ədəbi oliqarxların yavaş-yavaş can verməyini ciddi-cəhdlə izləyənlər bu gün də aramızdadırlar və görürlər ki, əslində, həmin ədəbi fiqurcuqlar bu gün ölməmək üçün ədəbi gəncliyə təsir etmək, onları öz mübarizələrinə alət etmək istəyirlər. Amma gedişat göstərir ki, həmin ədəbiyyatı özünün, ətrafının şəxsi malı sayanların və onlara "ləbbeyk" deyənlərin elə də çox ömrü qalmayıb. 

- Məni daha çox narahat edən bir məqam var. Bu gün yetişən ədəbi gəncliyə kimlərsə təsir etmək istəyir sanki... 

- Ədəbiyyata ciddi bir axın başlayıb. Biz bunu gözləyirdik əslində, bu qaçılmaz idi. Qabaqlar bizdə kitab biznesi anlayışı, ümumiyyətlə, mövcud deyildi, indi bunu formalaşdırımağa çalışırlar. Buna səy var, ən azından. Sivil ünsiyyət və biznes maraqları bunu diktə etməyə çalışır cəmiyyətə ki, qardaş oxumalısan e, başqa yolun yoxdur. Ya sən məhv olmalısan, Afrikadakı barbar qəbilələrin gününə düşməlisən, ya da oxumalısan. Bu millətdə bir zamanlar var olan oxu mədəniyyətini yavaş-yavaş bu millətə xatırladırlar sanki. Artıq az da olsa, ictimai nəqliyyat vasitələrində kitab oxuyan gənclərə rast gəlmək mümkündür. Amma oxu mədəniyyətinə gəncliyimizdə oyanan sevgi kimlərisə narahat edir. 

- Bəlkə o rahatsız olanları da kimlərsə rahatsız edir bu oyanışa görə? 

- Mən sizə deyim ki, heç kim! Tam səmimiyyətimlə deyirəm bunu. Ancaq onların lənətə gəlmiş nəfsləri! Yəni şeytanları! Baxırlar ki, iddia böyük, ortalığa çıxarılası ədəbi nümunə isə sıfır. Ancaq təzə bəy kimi dəst kostyumlar geyinib, qalstuklar bağlayıb ortada gəzirlər, saxta təbəssümləri ilə ekranda görünürlər, dünən ədəbiyyata gələn balaca uşaq bunlardan daha məhsuldardır, neyləməli, ya unudulmağa razı olmalı, ya da içlərindəki şeytanın yolunu tutmalıdırlar. Bunlar da ən asanını seçirlər, əllərində olan müəyyən məqamlardan istifadə edib gənclərə təsir göstərirlər. "Müəllim", "ustad"kimi titullar qazanırlar, kiməsə "day-day"lıq eləyirlər və istər - istəməz ictimai fikri çaşdırırlar. Televiziya ekranından millətə xitab edən həmin bu "dəyər sahibləri" yanında apardıqları gənclərə sovet təfəkküründən qalma uğurlu yol arzulayır, onları cəmiyyətə sırımağa çalışırlar. İndi burada siz soruşa bilərsiniz ki, axı bunun nəyi pisdir? Deyim: burada heç də əsas meyar istedad götürülmür. Onun, ya da onların cəmiyyətə təqdim elədiyi, daha dəqiq ifadə edəsi olsaq, sırıdığı ədəbi gəncliyin nümayəndələri indiyə kimi yazdığı iki - üç cümlədə öz dəsti-xətti olmayan, kimlərisə təqlid edən, ya da təqlid belə etməyi bacarmayan, sadəcə, sıfıra bərabər olan imzalardır. Deyəndə də haray-qışqırıq salırlar ki, biz neynirik, ədəbi gəncliyin əlindən tuturuq da. O ədəbi gəncliyin əlindən tut ki, özü nəsə ortaya qoymağa çalışır. Özü olmaq istəyir. Yanında "day-day" görmək istəmir. Çünki həmin gənc fərqindədir ki, ona "day-day"lıq edən heç də İnsani hissləri fontan vurduğu üçün bunu eləmir. O, bu hərəkəti ilə öz təbliğ etdiyi insanların fövqündə dayanıb "mürşid"lik görüntüsü yardır. 

- Əslində, bu təsir bütün dövrlərdə olub... 

- Olub, amma indiki kimi yox. Azərbaycanda bir məktəb formalaşdırılır və bu məktəbin adını bilirsiniz nə qoyurlar? "Gənc Ədiblər Məktəbi"... Daban-dabana zidd olan üç ad yanaşı. Baxırsan və gülmək tutur səni. Bir neçə il öncə bu məsələ təzə başlayanda bir yazı yazmışdım "Amma Anar bilməsin..." Yazımda "məktəbin" axırda bu səviyyəyə çıxarılacağını yazmışdım. Bunu hiss etmək üçün dahi olmaq lazım deyil. Kimlərsə gələcək perspektiv üçün, karyera qazanmaq üçün yeni gələn gənclərdən istifadə etmək istəyirdi və buna müəyyən qədər nail oldu. Qismətin poeziya ilə bağlı çıxışının özü də bəzi gizli məqamlara, qismən də olsa, aydınlıq gətirdi ki, bax, görürsünüz, Azərbaycanda belə bir ədəbi nəsil yetişib. Daha doğrusu, biz yetişdirmişik. Lənət şeytana, mən yetişdirmişəm! Amma adamdan soruşarlar: hansı ədəbi nəsil? Diplomlu gənc ədiblər nəsli? O gənc ədiblər ki, yuxarı başda oturan heç vaxt həyata keçirə bilmədiyi ədəbiyyatçı olmaq arzusunu qarşısındakı gənclərdə görəndə yerində əzabdan qıvrılan "day-day"larının qarşısında orta məktəb səviyyəli inşaları ali ədəbiyyat nümunəsi kimi oxuyurdular. Və orada əyləşənlərin hamısı da özlərini potensial Prezident təqaüdçüsü kimi görürdü. Onlara bəribaşdan verilən şirnikdirici vədlərin ardı-arası kəsilmirdi: "Gəlin-gedin, AYB-yə üzv olacaqsınız! Gəlin-gedin, Prezident təqaüdü alacaqsınız! Gəlin- gedin, sizlər diplomlu yazar olacaqsınız!" Bu və bu kimi digər absurd və eyni zamanda yeni yazmağa başlayan bir gənc üçün cekpot uduşu sayıla biləcək təkliflər! Istədiyim yar idi, yetirdi Pərvərdigar! 

- Ümumiyyətlə, yazarlıq diplomla ölçülməlidirmi? 

- Yazarlıq Allahın lütfüdür, onun bəxş etdiyi bir məqamdır. İndi durub burda kiməsə dərs keçmək niyyətində deyiləm. Açığı, heç ona halım da yoxdur. Çünki hər birimizin kifayət qədər problemi var. Bəs gəlin görək "gənclərin day-dayı"sı hansı kriteriyalardan çıxış edib bu məktəbin müdavimlərinə diplom verir?! Bu məntiqlə hərəkət etsək, onda gərək Qəşəm Nəcəfzadə Sabir adına kitabxanada "Pərvanə" ədəbi birliyinin üzvlərinə, ora gəlib şeir oxuyan Məmməd dayıdan tutmuş bir zamanlar "Pərvanə" ilə ədəbiyyata qədəm qoyan Mövlud Mövluda kimi hamıya diplom verəydi ki, təsdiq edirəm filankəs yazardır. Mən tam səmimiyyətlə deyirəm ki, Qəşəmin buna daha çox haqqı çatır. Və bir yolunu tapıb onu elətdirərdi də... 

- Belə insafsız olma, "Gənc Ədiblər Məktəbi"ndə kifayət qədər imzalar var... 

- Hamı yazır. Yeni yarananda bəlkə də o kriteriyalar qorunurdu. Maraqlı imzalar yönəlirdi "Gənc Ədiblər Məktəbi"nə. Amma sonra xoruzun quyruğu görünməyə başladı. Özü də çox pis görünməyə başladı. Məlum oldu ki, burda mühim olan gənc yazarların məktəb keçməsi deyil. Elçin Hüseynbəyli demişkən, hansı bir master klass gəldi həmin ədəbi məktəbdə mühazirələr oxudu? Hansı bir Maksim Qorki adına Ədəbiyyat İnstitutunun məzunu olmuş yazarımızı dəvət etdilər ki, gəlsinlər gənclərə həqiqi ədəbiyyat institutunun, əsl ədiblər məktəbinin nə olduğundan danışsın?! Hansı bir ciddi ədəbiyyatşünası, tərcüməçini dəvət etdilər? Çünki başda oturanlar düşündülər ki, birdən kimsə gələr uşaqların beynini bulandırar və onların ciddi ədəbiyat yaratmaq xülyaları boşa çıxar. Qoy, potensial "vur otlasın, sür otlasın" məntiqi ilə yaşayan, bizi üstad sayan və hörmətdə qüsur etməyən ədəbi gənclik yetişsin. Bunların tezbazar kitablarını buraxaq, bunları AYB- yə üzv eləyək, Prezident təqaüdü verək və bizim kölgəmizi qılınclayanlara deyək ki, a kişilər, nə istəyirsiniz, görün, bizim ətrafımızda nə qədər gənclik var?! Bunlar bizim sözümüzü deyəcəklər e, sizin yox! "Gənc Ədiblər Məktəbi"nin nüvəsinə baxın. Ilk toplantılarda iştirak edənlərin əksəriyyəti "İrəli" Gənclər Hərəkatının şinelindən çıxmışdı. Əslində, elə ən ciddi ədəbi nümunələr də həmin o uşaqlardan yarandı. Hə, bir də burda bir şeyi deməsəm, haqqsızlıq etmiş olaram, "Sumqayıt uşaqları" həmin "Gənc Ədiblər Məktəbi"nin ən maraqlı səhifələrindən biri idi. Feyziyyə, mərhum Fərhad Mete və İlham Çərkəzoğlu... Əslində, sabahın araşdırmaçıları bu dövrü araşdırarkən, sözsüz ki, hadisələrə daha kompleks yanaşacaqlar. 

- Səncə, bu proseslər kimləri neytrallaşdıracaq? 

- Ancaq qələmi olmayanları.

"Mövqe" qəzeti

Комментариев нет:

Отправить комментарий