29.05.2011

“Rəsulzadə əlyazmaları qaçaq Cəmşidə verib dedi...”


Məmmədəmin bəyin Lahıcda qaldığı 6 ayda sovet hökuməti onun yerini öyrənə bilmədi 

Sürücü məni Lahıcın, necə deyərlər düz mərkəzində düşürdü. Və ayrılanda onu da dedi ki, Ənvər müəllimlə görüşsəm, daha yaxşıdı. Çünki bu mövzudan ondan yaxşı başı çıxanı yoxdu.

Hə, hörmətli oxucu, ilin-günün bu vaxtında nə mövzu olacaq ki?.. Yadınızdadırsa, təxminən bir ay əvvəl Azərbaycanın ən unikal məkanlarından biri Lahıcdan reportaj hazırlamışdıq. Elə həmin reportajın sonundaca belə bir cümlə işlətmişdik:
«Məhəmməd Əmin Rəsulzadə bu kənddə vaxtı ilə 6 ay yaşayıb. Az sonra…»

Və bu gün biz elə Lahıcda yaşayan 92 yaşlı Ənvər babanın nəql etdiyi müdhiş və türklər demiş interesan bir hekayədən danışacağıq - Böyük Məhəmməd Əminin Lahıc həyatından. Çox maraqlı olacaq, məncə.

Hələ ki, Məhəmməd Əmin bəyin vaxtı ilə gizləndiyi evi (daha doğrusu evləri-S.M.) və onun haqda bizə bilgilər verə biləcək Ənvər babanı axtarırıq. Ənvər babanı tapmaq çətin olmur. Xəbər göndərən kimi gəlir. Nurani, üzündən təbəssüm əskik olmayan bu bəstəboy kişini sinədəftər adlandırsaq, yanılmarıq. Lahıcın qədim tarixini elə detallarınacan xırdalayır ki, adam qarşısında tarixçi-professorun oturduğunu zənn edir.

Abbasquludan bəd xəbər

Ənvər baba deyir ki, 1920-ci ilin aprelində ADR devrildikdən repressiyalar başlayır: «Hakimiyyət devrildikdən sonra Məhəmməd Əmin Novxanıdakı bağlarına köçür və burda yaşamağa başlayır. Həmin bağ evinə tez-tez müsavatçılar qonaq gəlirmişlər. Amma onun dostu Abbasqulu Kazımzadə demək olar ki, onu tərk etməzmiş. Kazımzadə həm də bir növ qasid rolunu oynayarmış. Hər gün Bakıya gedər şəhərdə baş verən xəbərləri aparıb - gətirərmiş».

Amma sonuncu dəfə Abbasqulu bəd xəbər gətirir. Məhəmməd Əminə deyir ki, Bakıda artıq onun həbsi barədə siyasi qərar verilib. Ona görə də Novxanını tərk etməlidir. Amma hara getməli? Novxanıdakı sonuncu gecə müsavatçılar Rəsulzadə ilə birgə axırıncı dəfə toplanırlar. Yekun qərar qəbul etmək çətin olur. Son anda iki variant üzərində dayanırlar. Ya gizli yolla Gəncəyə, ordan da Tiflisə. Ya da Lahıca. Ordan gizli yollarla Zaqatalaya, ordan da Gürcüstana: «Amma Gəncə variantı təhlükəli sayılır. Çünki Abbasqulu onu da xəbər gətirir ki, bolşeviklər Bakıdan Gəncəyə bütün yollara ciddi nəzarət edirlər. Onda Lahıc variantına üstünlük verirlər».

Niyə məhz Lahıc? 

Ənvər baba deyir ki, Lahıca üstünlük verilməsinin üç önəmli səbəbi olub. Birincisi, Lahıcda Müsavatın çox güclü dayağı olub. Lahıclı Rəsul Rəhimoğlu isə müsavatın Lahıcdakı rəhbəri olmaqla yanaşı, Rəsulzadənin də dostu imiş. İkinci səbəbi isə odur ki, Rəsulzadənin qızı Lahıcda ərdə idi. Onun əri Daməd Hacımüslümoğlu da müsavatçı olub: “Üçüncü səbəb isə Lahıcın təbii şəraiti ilə bağlı idi. Özün də gələndə gördün, kəndin ətrafı sıldırım qayalar, dağlardır. Bura gəlib çıxmaq da çətin idi. Burda indinin özündə yol pis gündədir. Gör, 90 il qabaq necə olub (Gülür). Hə, demək gecəylə Ələkbər adlı bir nəfərin bələdçiliyi ilə Şubanı dağlarını keçə-keçə gəlib çıxırlar Şamaxıya. Şamaxıda isə bir vaxtlar Müsavatın müttəfiqi olan Əhrar partiyasının böyük özəyi olub. Orda bir gecə Əhrar partiyasının rəhbərinin evində qalıblar. Ordan da gəlib çıxıblar Lahıca».

6 ayda 14-15 ev dəyişib

Rəsulzadə həmin kənddə əvvəlcə Kəblə Qulam kişinin evində qalıb: Hə, bu məqamda bir məsələni də qeyd edək. Ümumiyyətlə, Lahıcda qaldığı 6 ay ərzində o, təxminən 14-15 ev dəyişib. Özü də bütün köçhaköçlər gecə olurmuş. Ənvər babanın dediyinə görə, artıq sovet hakimiyyətinin bayrağa Lahıcda da dalğalanırdı: «Necə deyərlər Şura hökuməti qurulmuşdu. Amma bu 6 ay ərzində Lahıc camaatı onu elə qorudu, gizlətdi ki, heç kim bundan xəbər tutmadı. O, «Əsrimizin Səyavuşu» əsərini də Lahıcda yazıb. Lahıcın təbiətini təsvir edib o kitabda. Adamlarından danışıb. Amma bir nəfərin də adını çəkməyib ki, sonradan onları incidə bilərmişlər».

Lahıca məxfi səfərlər


Yeri gəlmişkən, Rəsulzadəni sonradan Lahıcdan Qaraməryəmə aparan çarvadar Kərəməli kişi bir neçə il əvvələ kimi sağ imiş. Ənvər babaya da Rəsulzadənin Lahıc həyatı haqda əksər söhbəti o, eləyib: «Amma çox qorxa-qorxa danışırdı. İnan oğlum, ətrafımızda bir kimsə olmazdı, yenə pıçıltıyla danışardı. Mənə Məhəmməd Əmin bəyin qaldığı evləri bir-bir göstərərdi. Deyərdi ki, Abbasqulu daim onun yanında olarmış. Gündüzlər ümumiyyətlə bayıra çıxmazmış. Gecələr isə Abbasqulu ilə birgə Girdimançayın sahilinə enər, bir neçə saat oturub qayıdarmışlar. Amma Abbasquludan başqa, bir çox dostu da gələrmiş onun ziyarətinə. Bu get-gəl elə məxfiliklə aparılırmış ki, sovet hökuməti 6 ayda bunlardan xəbər tuta bilməyib».

Ənvər baba bir maraqlı məqamdan da bəhs edir. Deyir, Rəsulzadənin dostlarından biri də sovet hökumətin qarşı qaçaq düşmüş qaçaq Cəmşid olub: «Cəmşid əslən Pirağan kəndindən idi. Nəyə görə qaçaq düşdüyünü deyə bilmərəm. Amma sovet hakimiyyətindən narazı şəxslərdən olub. Düzdür, sonradan silahı yerə qoyub hökumətlə barışıb. Elə hökumət də onu bağışlayıb. Amma bilsəydilər ki, onda necə bir əmanət var və bu əmanət də kimindir, yəqin ki, güllləyərdilər».
Bəs bu əmanət nə ola?

Bu sətirlərə diqqət: 

«Bolşevik istilası kədərli - ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.

Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin “Şahnamə”si idi.

“Şahnamə”ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: “Siyavuş” dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. “Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam” – dedim.

O, buna, heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.

Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi.

Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.

Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan “Siyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq. Təslim olmazdan qabaq, yanımdakı nüsxəni təbii ki, tələf etmişdim».
«Əsrimizin Səyavuşu»ndandır.

«Sənə bir əmanət verirəm, kişi kimi söz ver…»

İndi keçək Ənvər babanın əmanət məsələsinə. Demək, Rəsulzadə Lahıcı tərk edəndən bir gün sonra yolçular Pirağan kəndində Cəmşidin ata evində gecələməli olurlar. Məqsəd səhər tezdən yola düşüb Qaraməryəmə (İndi Göyçay ərazisində qəsəbədir-S.M.) çatmaq, bir gün də orda qalandan sonra Gəncəyə getmək, ordan isə Gürcüstana. Son məqsəd isə təbii ki, Türkiyəyə yetmək olur.

Cəmşidgilin evində gecə Rəsulzadə ona bir bağlama verir. Həmin bağlamada nə olduğunu ondan başqa heç kim bilmir. «Məhəmməd Əmin ona deyir ki, illər keçəcək, ona Türkiyədən xəbər gətirəcəklər. Onda bu bağlamanı nəyin bahasına olursa-olsun ona çatdırsın. Cəmşid də kişi sözü verir».

Onları satmışdılar

Amma Rəsulzadə və yoldaşlarına həmin vaxt Türkiyəyə getmək nəsib olmur. Onlar Qaraməryəmdə həbs olunurlar: «Kimsə onları satmışdı. Təsəvvür edin, onu Bakıya necə aparıblar. Qaraməryəmdən Pirağana gətirirlər, ordan Lahıca. Lahıcdan Şamaxıya, Şamaxıdan Novxanıya. Ordan da Bakıya türməyə. Sanki demək istəyirdilər, camaata göstərirdilər ki, baxın, artıq Rəsulzadə də ələ keçdi. Bitdi hər şey»- deyir Ənvər baba.
***
Yox, amma hər şey bitmir. Bir vaxtlar ona etdiyi köməyə görə, Stalin Rəsulzadəni xilas edir. Stalin onun tutulması haqda xəbəri Vladiqafqazda olarkən eşidir. Təcili qatarla Bakıya gəlir. Məhəmməd Əmini qatarla Moskvaya apardır. Sonrası isə məlumdur. Bəs əmanət?
***
İllər keçəndən sonra gecə Cəmşidin evinin qapısını naməlum bir adam döyür. O, kiçik bir məktubu Cəmşidə uzadıb, elə gəldiyi kimi də yox olur. Hə, hər şey məlum idi. Əmanət yiyəsi əmanətini tələb edirdi. Bəlkə də xahiş edirdi. Amma nə fərqi var; hər iki halda əmanət yiyəsinə çatmalı idi. Çünki o, kişi sözü vermişdi. Və təxminən bir aydan sonra Cəmşid əmanəti Məhəmməd Əminə çatdırır, özü də Ankarada. Həmin əmanət isə «Əsrimizin Səyavuşu» kitabının əlyazması idi. Məhəmməd Əminin «bir kəndli» adlandırdığı şəxs isə qaçaq Cəmşid.

Və sonda

Məhəmməd Əminin Lahıcda qaldığı evlərdən birini otel eləyirlər. Mədəniyyət və Turizm naziri bəlkə orda bir muzey açmağa təşəbbüs göstərsin. Bu da olardı lahıclılara və öndərə layiqli hədiyyə…


Səbuhi Məmmədli                     Bakı-Lahıc-Bakı                               lent.az

Комментариев нет:

Отправить комментарий