28.06.2011

Balaca Qara Balıqların liseyi (hekayə)


Sabutay Naqiyev
Sabutay
(Böyük öyrətmən Səməd Behrəngi üçün)
Cənubi Azərbaycanın bir ucqar kəndi… Kənddə bir cavan eynəkli müəllim… Müəllimin əlində uşaqlara paylayacağı bədii kitablar və gözlərində şagirdlərinə- əslində sabaha yönəlik sevgi…Hardan yadıma düşdü bu müəllim, tozlu kənd yolların gəzərək uşaqlara kitabdan danışan,  müəllimlikdən aldığı bütün əmək haqqını kitab alıb da şagirdlərinə ərmağan edən eynəkli ziyalı? Gənc ikən yazılarına və insanlara sevgisinə görə Arazın sularına qərq edilən Səməd Behrəngi…
***
Bu yaxınlarda qəzetçi dostun təkidi ilə Bakıdakı bir türk liseyinə getməli oldum. Könülsüzlüklə getdiyim yerdən bir başqa duyğular aləmində qayıdacağımı təsəvvür belə etməzdim. Burada ibtidai siniflərdə təhsil alan şagirdlərin sərbəstliyi və hazırlıqları məni heyran etdi. Fikirlərini bildirməkdə, davranışlarda, mövqelerini ortaya qoyduqda bu sərbəstliyi görməmək mümkünsüzdür. Maraq dairələri o qədər genişdir ki… Xüsusi ilə hər hansı məsələ ilə bağlı müəllimlərinə sual verməkdən çəkinmirlər. Çalışırlar ki, öyrənsinlər və buradakı müəllimlər də öyrətməkdən sevinc duyurlar. Bəlkə buna görə burada şagirdlərin dillərində “öyrətmənim” kəlməsi daha mahiyyətli səslənir. Bu auradan çıxıb da  digər orta məktəblərimizlə müqayisə aparıram. Yalançı şeirlərlə silahlanma, kobud rəftar, müəllim sevgisizliyi …Artıq birinci sinifdə şagird anlayır ki, burası Azərbaycan. 11 il təhsillə   bu vətəndə yaşamağın ilk vəhşi qaydalarını öyrədən və insanı bu baxımdan formalaşdıran müəssisələr.  Valideyn müəllimə görüm-baxım eləməlidir,  valideyinlər acıqlı, müəllimlər acıqlı, hər dəqiqə şagirddən tələb ediləcək məbləğ, rüşvətlə ilk tanışlığımız. Üfunətli təfəkkürlü,  öz gündəlik qayğılarına bələnmiş, şagirdlərə sevgisiz yanaşan müəllimlər. Lakin məktəb yalnızca insanın 2 +2- nin öyrəndiyi  məkan deyil ki… İnsanın ilkin formalaşma dövrü ibtidai məktəbdən başlayır. Onların ilk gördükləri isə yalan, rüşvət və riyakarlıqdır. Psixoloqlar adətən  ilk əvvəl pasiyentin uşaq vaxtı aldığı hansısa psixoloji zədə ilə bağlı məlumat almağa çalışırlar. Məncə bizim rəzalətimiz uşaqkən təhsilə başladığımız orta məktəblərdə alınan ilk pzixoloji zədələrlə bağlıdır. Üzüyuxarı getdikcə bu zədələr böyüyür. Alınır Mirzə Cəlilin “Dəli yığıncağı”.  Bizim məktəbin şagirdləri sabahların məmurlarıdır-vətəndaşı ağlar qoyan indikilərin ardıcılı olaraq. Hakimdir-yalançı hökmlərə vicdan əzabı çəkmədən qol qoyaraq.  Qaranlıqdır- millətin olan qalan işıqlarını söndürməyə çaışaraq. Bizim məktəblərdə  şagirdlərə əzbərlədilən Vətən şeirləri onların dilində o qədər sönük səslənir ki…Çünki vətənin nə demək olduğunu anladan müəllim yoxdursa bu yalnız əzbərçilikdir, təfəkkür bunu dərk etməyib. Paraleler apardığım məktəbdə isə vətən şeirini əzbərlətmirlər və yalançı pafosla oxutmurlar.
Amma bu məktəbdə Vətən üçün sabahlar hazırlanır.
Bizim məktəblər isə Vətən üçün deyil ki, biznes-plandır.
***
Səməd Behrəngi könüllü olaraq kənd müəllimliyini seçmişdi, uşaqlara kitab paylayırdı. Sabahı işıqlı görmək istəyirdi. Maarif Nazirliyi bundan hiddətlənib onun əmək haqqını dəfələrlə aşağı salmışdı. Səməd yenə əvvəlki qədərincə pulunu kitab almağa sərf edirdi.
Bizim məktəblərdə müəllimlərin bunu etdiyini görmək çətindir. Bizim müəllimlərin şagirdləri heç vaxt yollarını kitab mağazasından salmazlar. Çünki əksəriyyət müəllimlərimizin yolu heç kitab almaqdan keçir ki…
Valideynin deyinərək məktəbli paltarı aldığı, müəllimə söyə-söyə rüşvət göndərdiyi məktəbin şagirdi necə Səməd Behrəngi ola bilər? Olsa-olsa milləti 100 illərlə kor qoyacaq maarif naziri ola bilər.
…Bizim məktəblilərlə söhbət edəndə fikirlərini sərbəst bildirməkdə çətinlik çəkirlər. Təfəkkürləri üzərində diktat müəllimlər olduğundan nitqləri yoxdur. Paralellər apardığım məktəbdə isə uşaqların ən çox sevdiyi sərbəst inşalardır. Gördüklərini, duyduqlarını sərbəstcə yazıya köçürürlər. Hətta birinci siniflər belə.
Bizim məktəblərdə isə uşaqlara yalnız yalan mahiyyətli gözəl, firavan, abad Azərbaycan haqqında imla diqtə edilir. Bizə diqtə etmək və diqtəni qəbul etmək öyrədilir.
…Bir vaxt, deyəsən Zahir Əzəmət təklif etmişdi ki, yazıçılara orta məktəblərdə pulsuz olaraq ədəbiyyat dərsləri demək imkanı verilsin. Çünki uşaqlarımıza dərs deyən ədəbiyyat müəllimləri belə ədəbiyyatdan o qədər xəbərsizdirlər ki, “Piter-Pen” dən, Andersen nağıllarından, Səməd Behrəngidən uşaqlara necə danışsınlar. Təbii ki, bu təklifi qəbul etmədilər. Uşaqları ədəbiyyat kimi təfəkkürdə inqilab edə biləcək, insan edəcək, dəyişəcək azadlıq adasına buraxmaqmı olardı? Ən yaxşısı onları elə “Cırdan”ın əsarətində-balacalığında saxlamaqdır.
***
Sözügedən lisey yadıma uşaqlar üçün yazdığı bir hekayəsi ilə Avropanın böyük ölkələrinin teatr səhnələrinə adını yazdıran Səməd Behrəngini təsadüfdən salmayıbmış.
Bu liseydəki şən, ruhən və təfəkkürcə azad uşaqlar mənə Səməd Behrənginin ölməz hekayəsindəki balaca qara balığı xatırlatdılar. Azadlığı sevən, daşlaşmış dəyərlər daşıyan müəllimlərinə qarşı çıxan balaca bir balığı.
Mən bu liseydə məhz o balığın can atdığı azadlığı duydum. Hansı ki, öz oxuduğum məktəblərdə buna möhtac olmuşam.
Bu balaca balıqların-şagirdlərin hər biri potensial Səməd Behrəngidir. Onun kimi hekayə yazmasalarda onun kimi mütləq işıq yayıcısı, kitab yayıcısı olacaqlar.
…Həmişə dənizə sarı və axına qarşı, Balaca Qara Balıqlar!
Məktəblərimiz üzərindəki əsil qara çadranı Sizlər sivirib atacaqsınız!

Комментариев нет:

Отправить комментарий