27.06.2011

“ƏDƏBİYYATDA YALNIZ ƏSƏRLƏR QALACAQ”


Kənan Hacı: “AYB-nin üzvü olmaq kiməsə istedad vermir və kiməsə yazmağı öyrətmir”

Müsahibimiz gənc yazar Kənan Hacıdır. Onunla yeni hekayələr kitabının nəşri ərəfəsində görüşdük.

-Kənan, yaradıcılığında hansı yeniliklər var?
-Keçən il iki kitabım çıxıb. İndi üzərində işlədiyim bir roman var. Əvvəlki illərə nisbətən həyatımda bir sistemlilik formalaşıb. Əvvəllər bir pərakəndəlik var idi, daxili aləmimdə, ruhumda bir təlatüm vardı. Yəqin ki, sən özün də bütün bunların şahidi olmusan, uzun müddət depressiyada oldum, həyatımda ard-arda gələn böyük itkilər yaşadım, bu itkilər heç şübhəsiz ki, mənim şəxsi həyatıma, yaradıcılığıma və bir insan kimi psixoloji durumuma öz təsirini göstərdi. Allaha şükürlər olsun ki, ailə həyatı qurduqdan sonra bir balaca həyatım öz axarına düşdü. Mənəvi dəstək də gördüm və anladım ki, hələ yaşamağa dəyər. Özümü bütövlükdə yaradıcılığıma verdim. “Yağ kimi” romanım işıq üzü gördü. Müxtəlif illərdə, müxtəlif mətbu orqanlarda işıq üzü görmüş hekayələrimi topladım bir yerə və  “Quşlar üçün karusel”  hekayələr toplusu işıq üzü gördü.

-Yəni həyat davam edir... Eşitdim ki, AYB-nin üzvlüyündən çıxmısan. Nə baş vermişdi ki?
-Bilirsən, bu çox uzun bir prosesdir. Bu barədə danışmaq istəmirdim, amma bir halda ki, sual verdin, deyim: çoxları belə düşünür ki, mən Yazıçılar Birliyinə təqaüd xatirinə üzv olmuşdum. Təqaüd vermədilər və mən bu qurumdan çıxdım. Əslində isə belə deyil. Yazıçılar Birliyində gedən proseslər sənə də məlumdur. Uzun illərdən bəridir ki, bu təşkilat  bilərəkdən elə bil yaradıcı insanların qəsdinə durub. Özüm üçün bunu analiz elədim və anladım ki, bura mənim yerim deyil. Əslində AYB-nin üzvü olmaq kiməsə istedad vermir və kiməsə yazmağı öyrətmir. Bunun olub-olmamağının elə bir əhəmiyyəti yoxdur. Sözsüz ki, təqaüd məsələsində də bir az narazılığım yarandı.

-Sənə elə gəlmir ki, sənin AYB-dən çıxmağınla kimlərəsə meydan açıldı? Qalıb orda mübarizəni davam etdirə bilərdin...
-Sənin dediyində də həqiqət var. Bu fikri mənə müxtəlif adamlar  deyiblər. Yaxşı, ya da pis, nəticə etibarilə mən bu addımı atdım. Özümdə güc tapdım. Amma sənin dediyinlə də razıyam, ordan çıxmadan da mübarizəni davam etdirmək mümkündür. AYB heç kəsin şəxsi mülkiyyəti deyil. Digər tərəfdən isə bu təşkilatın yürütdüyü ədəbi siyasəti qəbul etmədən necə oranın üzvü olmaq olar? Əgər bu təşkilatın üzvüsənsə, deməli, AYB-nin siyasətini qəbul etmisən, ordakı haqsızlıqlara sən də şərik olursan. Nə isə, mənim səbrim çatmadı.

-Qarşıdan AYB-nin qurultayı gəlir. Baxmayaraq AYB-nin sıralarını tərk etmisən, bir yazar kimi bu qurultaydan ədəbiyyatımız adına nəsə gözləyirsənmi?
-Mən istəyərdim ki, AYB istedadlara daha çox meydan versin, onların qayğısına daha çox qalsın. Ataları və ya özləri Cip-də gəzən yazarlardan daha çox imkansız yazarların təqaüd almasını təmin etsin. Ədalət və vicdan hissini heç vaxt itirməsinlər. Axı Azərbaycan ədəbiyyatında böyük bir ənənə var, bizdən əvvəlki nəsillər özlərindən sonra gələn nəsillərə diqqət və qayğı göstəriblər. Bizdən əvvəlki nəsillər Mehdi Hüseyn, Səməd Vurğun, İsmayıl Şıxlı qayğısı görüblər. Amma indi baxırıq ki, bu qayğıdan əsər-əlamət belə yoxdur. Biz başa düşürük ki, AYB-nin dövlətdən aldığı əvvəlki imtiyazlar yoxdur. Amma bununla belə, AYB maksimum öz imkanlarından yararlanaraq gənc yazarlara dəstək olmalıdır. Təkrar edirəm, gənc yazarlara, dibçək güllərinə yox!

-Amma biz bu dəstəyi görmürük. Razısan mənimlə?
-Əlbəttə.

-İndi fikir verirsənsə, neçə ildir ki, durğun ədəbi mühit yenə canlanmağa başlayıb. Yenə müəyyən oyunlar gedir, qruplaşmalar yaranır. Bəs Kənan Hacının fikrincə, əslində nə baş verir?
-Adətən, qurultayqabağı çalxalanmalar həmişə olub. Buna təbii yanaşmaq lazımdır. AYB-nin içində gedən proseslərə mən şəxsən münasibət bildirmək istəmirəm.

-Bu, axı bir yazar kimi sənin haqqındır...
-Sözsüz... Qurultayqabağı həmişə belə təlatümlər yaranır. Mən belə başa düşürəm ki, yenə də ciddi kadr dəyişiklikləri olmayacaq. Ola bilsin ki, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı vəzifədən getsin...

-Yəni belə görünür ki, “Ədəbiyyat qəzeti”nin rəhbərliyi dəyişəcək...
-Bəli, bu qaçılmazdır. Amma bundan başqa, mən ciddi şəkildə islahatlar gözləyirəm. Elçin Hüseynbəylinin müsahibəsində də var idi ki,Yazıçılar Birliyi ətalətdən çıxmalı, ciddi şəkildə islahatlar aparılmalıdır. Bu təşkilat çevik bir mexanizmə çevrilməlidir. Mən bunu gözləyirəm.

-E. Hüseynbəylidən götürdüyümüz müsahibəyə diqqət yetirdinsə, orada sanki bir aqressiya var idi. Bunu necə dəyərləndirirsən?
-Var var da... Nə deyə bilərəm, çünki indi o mətbəxdə hansı söhbətlər gedir, kim kimin yanındadır, kim kimi müdafiə edir, bütün bunlardan qətiyyən xəbərim yoxdur.

-Ədəbiyyatda bölünmələrə münasibətin necədir?
-Mən hər zaman ədəbiyyatın bölünməsinə, cəbhələşməsinə qarşı olmuşam və bunu qabaqkı müsahibələrimdə də qeyd eləmişəm. Ədəbiyyatın ancaq və ancaq bir cəbhəsi ola bilər: söz cəbhəsi. Başqa bir cəbhəni qəbul etmək isə mənim aləmimdə mümkün deyil. Qruplaşmalar, vəzifə ehtirasları, maddi gözləntilər bütövlükdə ədəbiyyatın inkişafına ciddi mənada zərbədir. Biz ədəbiyyatda hər zaman bu qruplaşmaların şahidi olmuşuq və görmüşük ki, həmin qruplaşmalar nəticə etibarilə Azərbaycan ədəbiyyatının inkişafına deyil, geriyə getməsinə xidmət edib. Bu qruplaşmalardan ədəbiyyat heç nə qazanmayıb, əksinə, zaman-zaman itirib.

-Səncə, on-iyirmi ildən sonra Azərbaycan ədəbiyyatında bu şouların, qalmaqalların bir önəmi olacaqmı?
-Düşünmürəm ki, bunların elə də ciddi önəmi olsun. Cəmiyyətdə gedən proseslər işığında deyə bilərəm ki, artıq yavaş-yavaş AYB məsələsi ortadan qalxacaq. Klublar olmalıdır, sağlam ədəbi müzakirələr aparılmalıdır. Aparılan bu müzakirələr şəxsi müstəvidə yox, ədəbiyyatın inkişafı naminə aparılmalıdır. Ədəbiyyatın tək əldə cəmləşməsi məncə, zamanla sıradan çıxacaq.

-Səncə, bizim ömrümüz çatacaq onu görməyə?
- Çatar yəqin ki. O qədər də pessimist deyiləm.

-Bu qədər yazı-pozu, tərcümələr... Yorulmursan ki?
- Arada yoruluram. Amma həmişə çalışıram ki, daxili balansı qoruyub saxlayım.

-Bu qaçhaqovun içində balansı necə qoruya bilirsən?
-Bunu qorumaq çox, həddindən artıq çətin olsa da, başqa əlacımız yoxdur. Yaradıcılıq elə bir haldır ki, bəzən depressiyaya düşməyin özü belə adamı nəyisə yazmağa vadar edir. Qayğılar vaxtı da, əsəbləri də istismar edir, amma bununla belə çalışıram ki, yaradıcılığımı davam etdirim.

-Həm də tərcümələrlə məşğulsan. Bir tərcüməçi kimi Azərbaycanda tərcümənin vəziyyəti hansı səviyyədədir?
-Son dövrlər Azərbaycanda tərcüməyə çox ciddi yatırımlar qoyulur. Ard-arda  “Qanun” nəşriyyatı  “Ən yeni tərcüməseriyasından kitablar nəşr edir. Yeni tərcüməçilər nəsli yetişir. Beş-altı il bundan əvvələ kimi dəhşətli bir passivlik var idi. “Xəzər” jurnalı yeganə bu yükü daşıyan dərgi idi. Daha sonra  “Dünya ədəbiyyatı” jurnalı yarandı. Son dövrlər sözün həqiqi mənasında tərcümə sahəsində ciddi irəliləyiş var.

-Bu irəliləyişdə keyfiyyət əsasdır, yoxsa kəmiyyət?
-Azərbaycan ədəbi tərcümə sahəsi ciddi şəkildə attestasiya olunmalıdır. Tərcümənin keyfiyyəti yoxlanılmalıdır. Bizdə çox vaxt orijinalla tərcümə tutuşdurulmur, tərcüməçinin peşəkarlığı yoxlanılmır. Birinci olaraq bu yoxlanmalıdır ki, tərcümə hansı səviyyədə olunub. Sifariş verən və tərcüməçi bu qaydaları tənzimləyir. Əslində isə buna mütəxəssis baxmalıdır ki, bu tərcümə orijinala nə qədər adekvatdır. Son vaxtlar nəşr olunan tərcümə kitablarının hamısında çox ciddi, bağışlanılmaz səhvlər var.

-Səncə, yazarın tabusu olmalıdır, ya yox?
- Məncə, tabu olmamalıdır. Yaradıcılıq azadlığı sevir. Həm də bu azadlıq hüdudsuz olmalıdır, əgər tabu varsa, istər-istəməz bu, yazarın düşüncələrini buxovlayacaq. Ədəbiyyat isə bunu sevmir. Əgər bir yazar şərqlidirsə yazılarında öz yaşadığı dövlətin mental dəyərlərini də əks etdirirsə, hamı biləcək ki, bu şərqlidir.

-Bu tabusuzluq səncə, anarxiyaya gətirib çıxarmaz?
-Düşünmürəm  ki, anarxiyaya gətirib çıxarsın. Amma hər şeyin də bir həddi var. Çərçivədən lap kənara çıxmaq kimə və nəyə lazımdır axı? Bəziləri elə düşünür ki, ədəbiyyat hisslərini cilovlamamağın məkanıdır. Bu, düzgün deyil. Bu, artıq anarxiyadır.
                       
 OKtay HacımusalıSöhbətləşdi: Oqtay Hacımusalı          “Xalq Cəbhəsi” qəzeti

Комментариев нет:

Отправить комментарий