29.06.2011

Svetlana Quliyeva: "Yazıçıya yazmaq üçün masa, qələm, bir də kağız kifayətdir"

Müsahibimiz bu yaxınlarda “Dalğa” romanını oxucularının ixtiyarına verən gənc yazar Svetlana Quliyevadır


Svetlana xanım,bu aralar istər hekayələriniz istərsə də tərcümələrinizlə ədəbi aləmdə sözün yaxşı mənasında seçilən yazarlardansınız. Bu fəallığınızı nəyə borcluyuq?
Bilirsinizmi, mən həm özüm yazmağı, həm də  tərcümə etməyi çox sevirəm. İşimə çox həvəslə yanaşıram. Öz yazılarımı daxilimdə nə isə yazmaq, hansısa ideyanı, sujeti, obrazı yazıda canlandırmaq istəyəndə yazıram. Tərcümələr is tamamilə başqa cürdür. Bizim ədəbiyyatımızda tərcümə sahəsində böyük boşluq var.Düşünürəm ki, bu boşluğun aradan qaldırılmasında mən də bacardığım qədər köməklik göstərməliyəm.
Hal-hazırda həm ingilis, həm də rus dillərindən tərcümələr edirəm.Çalışıram ki, daha çox indiyədək tərcumə olunmayan müəlliflərin əsərlərinə müraciət edim.
Ədəbiyyatımızda tərcümə sahəsində boşluq olduğunu bütün tərcüməçilər deyir. Bəs siz bu boşluğun əsas səbəbini nədə görürsünüz?
Sovet dönəmində belə bir tendensiya var idi ki, tərcüməçilər xarici yazıçıların əsərlərini birbaşa orijinaldan deyil, rus dilinə tərcümə olunmuş variantdan edirdilər.Oxucular da bunu sakit qəbul edirdilər. Amma müasir oxucu orijinaldan tərcümə olunmuş əsərlərə üstünlük verir. Bu sahədə isə mütəxəssislərimiz elə də çox deyil. Sovet dönəmi əsərlərin orijinaldan tərcümədə məhdudiyyətlər var idi. Hətta yadımdadır ki, Zeydulla Ağayev belə bir söz demişdi ki, Artur Heylinin "Aeroport" əsərini ingiliscədən tərcümə etmək istəyəndə  narazılıqla qarşılaşmışdı. Səbəb kimi əsərin rus dilində tərcüməsinin mövcud olması gətirilmişdi. Sovet dönəmi dağılıb amma o dönəmdən qalan bu ənənə indiyədək varlığını qoruyur.
Deməli belə düşünürsünüz ki, ədəbi tərcüməmiz hələ də rus dilinin əsarəti altındadır.Bəs ədəbiyyatımızın özü necə? Azad inkişaf edə bilirmi ?
Elə düşünürəm ki, ədəbiyyatımız artıq inkişaf etməyə başlayır. Son bir neçə ildə həm yazılan kitabların sayı artır, həm onların arasında maraqlı əsərlərə getdikcə daha çox rast gəlinir. Azad inkişaf etməyə gəlincə, belə düşüşnürəm ki, ədəbiyyat heç vaxt tam azad inkişaf edə bilməz.
Ümumiyyətlə,Svetlana Quliyeva necə düşünür? Ədəbiyyatın inkişaf kriteriyaları nələrdir?
 Məncə, ədəbiyyatın inkişaf kriteriyaları bədii əsərlərin yazılmasında peşəkarlığın artması, ortaya məzmun və mahiyyətcə maraqlı əsərlərin çıxması və ədəbi musabiqələrin keçirilməsindən ibarətdirlər.
Necə düşünürsünüz, Azərbaycanda normal ədəbi müsabiqələr varmı? Varsa, onlar ədəbiyyatımızın inkişafına necə təsir edir?
Ədəbi zümrədə ölkəmizdə keçirilən müsabiqələrə qarşı  inamsız münasibət olsa da,  şəxsən mən bu fikirlərdən bir az uzağam. Artıq iki ildir ki, MKM və  Azadlıq radiosunun oxu zalında qısa hekayə yarışması keçirilir, bunlardan başqa Nəsimi mükafatı da var. Belə düşünürəm ki, dünyada keçirilən istənilən müsabiqədə azacıq da olsa haqsızlıq olur ki, bu da  daha çox həmin müsabiqənin təşkilat komitəsi və münsiflərinin  subyektiv düşüncələri ilə bağlıdır. Müsabiqələrdə tam olaraq obyektiv nəticə gözləməyə dəyməz. Buna baxmayaraq, fikrimcə, bu müsabiqələrin keçirilməsi zəruridir. İstənilən müsabiqə ədəbiyyatda canlanma yaradır, yarıdıcı insanlara öz potensialını ortaya qoymaq şansı verir. Müsabiqələrin keçirilməsinin ədəbiyyata yalnız xeyri var. Mən özüm də ölkəmizdə keçirilən ədəbiyyat müsabiqələrində iştirak edirəm. Bu il keçirilən  MKM-də ilk romanımla  ilk 20-liyə düşdüm. Əslində, bu nəticə böyük olmasa da, mənə yeni əsərlər yazmağa stimul verdi. Hesab edirəm ki, bu tipli müsabiqələrin sayı artmalıdır, çünki bu günkü ədəbiyyatımızın buna ehtiyacı var.
Ədəbiyyatda canlanmanı daha nələr yaradır? Ədəbiyyatımızdakı cəbhələşmə və qalmaqallara münasibətiniz necədir?
Hə, qalmaqallar da müəyyən qədər canlanma yaradır, amma bu canlanmanın ədəbiyyatın inkişafına heç bir aidiyyati yoxdur.Ümumiyyətlə, mən ədəbiyyatdakı cəbhələşməyə qarşıyam. Çalışıram ki, nə cəbhələşməyə, nə də qalmaqallara baş qoşum. Məncə yazıçıya yazmaq üçün masa, qələm,bir də kağız kifayətdir. Heç bir ədəbi məktəb, cəbhə və ya birlik yazıçının daxili inkişafına səbəb olmur.
 Qəzetlərin birində oxucuların azlığından şikayətlənmişdiniz. Bunun səbəbi barədə düşünmüsünüz?
Bunu dəqiq demək çox çətindir. Yəqin ki, problem ilk növbədə ailələrdən gəlir. Ana-ata övladlarını uşaqlıqdan mütaliəyə alışdırmır, kitaba həvəs yaratmır. Yetişkin insanlara mütaliə mədəniyyətini aşılamaq isə çox çətindir,  hətta əksər vaxtı mümkünsüzdür də. Ona görə də gənc valideynlər arasında, məktəblərdə maarifləndirmə işləri aparılmalıdır, fikrimcə.
 Sizcə Azərbaycan oxucusuna və yazarına nə lazımdır?
Belə düşünürəm ki, oxucularımız maraqlı, keyfiyyətli, reallığı əks etdirən, düşündücü və  zövq verəcək əsərlərə ,yazarlarımız isə istedad,reallığı görmək bacarığı, geniş təxəyyül, yaxşı söz bazası və özünütənqid bacarığına ehtiyac duyurlar.
Qayıdaq  yaradıcılığınıza."Dalğa"-nız kimləri və ya nələrisə yuyub apardımı?
"Dalğa" mənim ilk qələm təcrübəmdir, onu yazarkən qarşıma heç də böyük məqsədlər qoymamışdım. Sadəcə, içimə yığılanları ifadə etmək, bir də ki ADNA baş verən terror hadisəsi zamanı həlak olanların xatirələrini öz mənəvi imkanlarım çərçivəsində əbədiləşdirmək istəyirdim. Düşünürəm ki, romanım alındı. "Dalğa" kimləri və nələri isə yuyub aparmadı, əksinə özü ilə birlikdə çox şey gətirdi və mən buna görə "Dalğa"ma minnətdaram.
Ədəbiyyatdan gözləntiləriniz varmı? Varsa, nələrdir?
Ədəbiyyatdan heç bir gözləntim yoxdur.Mənim gözləntim özümdəndir. Özümdən daha mükəmməl əsərlər gözləyirəm. Özümdən daha səriştəli və təcrübəli olacağımı gözləyirəm. Mən özümə qarşı çox tələbkaram. Ədəbiyyatı sevirəm və çox istəyirəm ki, mənim də onun inkişafında bir payım olsun.
Sonda, oxuculara nə demək istərdiniz?
Çox istərdim ki, insanlar ədəbiyyata, oxumağa böyük maraq göstərsinlər və zəngin mütaliəyə sahib olsunlar.

Söhbətləşdi:Şahlar Ruhi           colculer.blogspot.com

Комментариев нет:

Отправить комментарий