Ermənistanın ən böyük tiraja malik qatı müxalifət qəzeti sayılan "Çorrord İnşxanatyun" (tərcüməsi: 4-cü hakimiyyət) qəzetinin bu gün yaydığı məlumata görə, Serj Sarkisyanın qardaşı Saşik yeni bir qalmaqala imza atdı. Belə ki, kriminal keçmişi ilə məşhur olan Saşik bu dəfə də adətindən geri qalmadı. O, 25 iyun şənbə günü Moskvanın "Ararat Hyatt" hotelində olarkən bir qrup erməni oliqarxları ilə görüşüb. Onların arasında "Qarabağ" klanına aid biznesmenlər də yer alırdı. Söhbət zamanı prezidentin qardaşı Ermənistanın baş naziri Tiqran Sarkisyanın ünvanına nalayiq sözlər işlədərək, onunla haqq-hesab çürüdəcəyini bildirdi. Səbəb isə prezidentə "aid olan" 22 milyon dolların qəflətən yoxa çıxmasıdır. Daha dəqiq desək, "Ümumerməni fondu"nun telemarafonunda toplanmış olan məbləğin sonuncu hissəsi, yəni SMS-lər yolu ilə daxil olmuş məbləğ qeyri-müəyyən səbəblərlə yoxa çıxmışdır. Başqa sözlə, baş nazir prezidentin razılığı olmadan bu məbləği Ermənistan rabitə nazirliyinin sputnik xidmətinə olan borcunu ödəmək üçün tələm-tələsik beynəlxalq "Eurochanel" şirkətinin hesabına köçürmüşdür. Sonradan bu pulların izi itmişdir. Deyilənə görə, Tiqran Sarkisyan "Eurochanel" şirkətinin səhmdarlarındandır. Məhz bu amil prezidenti və qardaşını hiddətləndirmiş oldu. Nəticədə, Saşik baş naziri azərbaycanca söyərək, "onun dərisini boğazından üzəcəyini" dedi. Yeri gəlmişkən, hələ Sovet dövründə törətdiyi müxtəlif cinayətlərə görə Azərbaycan türmələrində həbs cəzası çəkmiş Saşik Azərbaycan dilini, əsasən də dilimizdə olan küçə ifadələrini mükəmməl bilir. Görüşdə baş nazirin uzaq qohumu hesab edilən Şahzadə Aşot ləqəbli biznesmen də iştirak edirdi. Məhz o, qohumunun ünvanına deyilən ifadələrə etirazını bildirərkən, Saşik "Makarov" tipli qızıl tapançasından onun ayağına iki dəfə atəş açdı. Aşot yaralandı. Hal-hazırda cinayət faktı geniş ictimaiyyətdən gizli saxlanılır. Ehtimal olunur ki, Ermənistan prezidenti Rusiyanın baş naziri Putinə zəng vuraraq bu işi ört-basdır etməsini ondan şəxsən xahiş etmişdir. Lakin açılmış cinayət işinə tamamilə xitam verilməsi istisna olunur. Yəqin ki, real hadisələr təhrif olunaraq, başqa məcraya yönəldiləcək və günahkar qismində günahsız bir adam məsuliyyətə cəlb olunacaq. Ermənistan kriminal qanunlarla idarə olunur. Deməli, başçıları avtoritetlik edirlərsə, sadə insanlar adi dustaqlardır...
fakto.info
fakto.info
Комментариев нет:
Отправить комментарий