29.06.2011

Zahir Əzəmətin ən yaxşı şeirləri bizdə1


                           HƏYAT ƏLEYHİMƏ İŞLƏYİR

taleyin əliylə qara cildlənmiş
şəkil albomudur
bakı gecələri

qaranlığın bağrına sancılan
bütün şəkillərdə
qıllı kişilər şellənir
yekəqarın arvadların yanında–
yenə səhər
köks ötürəcəklər
matan xanımların ardınca...
qadınsız şəkillərdə
sifəti əyiş–üyüş kişilər var–
adam sərxoş olanda unudur təkliyini
boşalanda...

yenə səhər
bütün axşamı içməkdən
əncirə dönmüş birisi
metroya yaxın səkilərin birində
ötənləri fitdəyəcək
qoca balıqçı həvəsiylə

hansısa fınış xanım
səsə düşər
geri boylanar
qımışar qotur əncir
-eyy… gəl səni
əllərimlə tanış edim
saçların darıxmaz yəni

yolunu dönmədən
əllərini saman saçlarına
uzadar qadın
bəyaz ayaqlarında
gözəlliyin davamlılığı
daha bir qarış artar...
qəzaya uğrayar kişi baxışları
ipək donun ətəklərində

gülümsəyir fınış xanım
yanından ötən kişiyə
qalstukundan bir qarış yuxarıda bitən
sahmanı içində itən kişiyə

büzüşüb
yuvarlaq aha dönər qotur əncir
-həyat əleyhimə işləyir...

                                TÜRKÜ

bizlər ağlamaqçün doğulmamışdıq
nələr yapdılar nələr yapdılar
ağlatdılar

silah çiyinlərimiz atılmağa hazır

bizlər yıxılmaqün doğulmamışdıq
necə yıxdılar necə yıxdılar
uçuq divarlara sıxdılar

bizlər sevişməkçün doğulmuşduq
sevmədilər

yaşamaqçün doğulmuşduq
qıymadılar

offff offf
bizi öldürməkdən doymadılar

Zahir Əzəmət

Комментариев нет:

Отправить комментарий