28.06.2011

“Wikileaks onları şok vəziyyətinə saldı” - Müsahibə

“Bu qayğıları üsyanla həll eləmirlər”

Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın müsahibəsi

Hazırda nə ilə məşğulsunuz?
- İstirahət mövsümü başlasa da, bu gün mənim işim başqa işlərdən bir az fərqlənir. Çünki sənət yaradıcılığa bağlıdır. Yaradıcılıq insanın əhval-ruhiyyəsinə bağlıdır və əhval-ruhiyyə ilə də çalışıram ki, hərəkət edim. Əlbəttə, təkcə bu halla yox, professional tərəfdən də lazımdır, təbii ki, planlar var. Məsələn, hazırda bir neçə layihələr üzərində işləyirəm. Onlardan biri də albomumdur. O albomda müəllifi olduğum əsərlərdir, dəqiq desək mahnılardır, bir neçə xalq mahnılarımızın işləməsidir. Artıq mahnılar hazırdır. Biz düşünürük ki, bu albomu Avropa menecerləri ilə hazırlayaq və artıq təklif var. Bu iş barəsində bir neçə şirkətlə danışıqlar olub. Artıq Almaniya şirkəti üzərində dayanmışıq. Albomun çıxışı Avropaya olduğundan ora daxil olan mahnılardan bir neçəsi ingilis dilində olacaq. Təbii ki, orda tərz fərqli olacaq. Çünki hər dilin öz üslubu var. Alboma “Pərvanə”, “Darıxdım”, “Sən naz ilə gül”, “Dağlar”, “Gül açdı”, “Reyhan” mahnıları daxil olacaq. Albomda həm də yeni mahnılar var. Səfərlərdə tez-tez oluram, bu da mənim həyatımı daha aktivləşdirir. Sən Tünzalə Ağayeva ilə yanaşı həm də Azərbaycan müğənnisi kimi təqdim olunursan, bu zaman məsuliyyət ikiqat artır.

Yeni albomunuz necə adlanacaq? 
- Şərti adı “Pərvanə”dir. Bu albom bitər-bitməz paralel olaraq, türk xalqlarının musiqisini ifa edəcəyəm. Mən buna meylliyəm, bu işdə çox ciddi dəstəklər var.

Bu dəstəklər kimlər tərəfindəndir? 
- Müxtəlif strukturlardır, onlar içərisində birinci növbədə dövlət strukturlarıdır. Bu yeni layihədir, hələ detalları bilinmir. Layihənin nə formada olacağı, adı, neçə
albom olacağı, məhz hansı türkdilli xalqların mahnısının daxil olacağı hələ məlum deyil. Maksimum dərəcədə öz gücüm və mənə dəstək olacaq güclərin çərçivəsində öz ifamda müxtəlif türk millətlərinin xalq musiqilərinin toplumunu etmək istəyirəm. Bu mənim üçün çox önəmli layihədir. Türkdilli sənətçi kimi tanınmaq mənim arzumdur. Ümumiyyətlə, dünyada türkdilli xalqların folkloruna, mədəniyyətinə daha içdən girmək istəyirəm, daha yaxından olmaq istəyirəm. Musiqinin nə sərhədi, nə dili var, musiqi hamı üçün musiqidir, bundan da bəhrələnmək istəyirəm. Yaradıcılığımda müxtəlif musiqilərə can atmağa çalışıram. Təbii ki, birinci yerdə Azərbaycan, türk dünyasının etno musiqisi mənə çox maraqlıdır.

Siz müğənni olmaqla yanaşı həm də bəstəkarsınız? Bunlar bir-birinə mane olmur ki? 
- Mən mahnılarımın müəllifiyəm. Bir az bəstəkar sözündən ehtiyatlanıram. Çünki bizim sözün böyük mənasında bəstəkarlarımızın qarşısında, musiqimizin banisi olan başda Üzeyir Hacıbəyov olmaqla, sonra o məktəbin ən gözəl davamçılarının qarşısında bəstəkar demək... Bəstəkar böyük həcmdə işlər görməlidir, opera, balet yazmalıdır, ən iri həcmdə əsərlər yaratmalıdır. Onda həmin şəxsə bəstəkar demək olar. Amma xırda instrumental musiqi janrında kiçik janrlarda yazıram. Düzdü, o da bəstəkardır, belə deyək, kaprizli baxıram bu işə. Ona görə də mən öz mahnılarımın müəllifiyəm. Mən opera, balet, simfonik musiqi yazmıram. Niyə gizlədim ki? Yazmaq istəyərəm əlbəttə ki. Hər halda seçdiyim yol budur. Əksinə bunlar bir-birini tamamlayır. Mənim içimdə birinci növbədə müəlliflik durub. Əgər səsim olmasaydı əlbəttə ki, müğənni olmazdım. İstedadım olmasaydı, səsi olan məsləhətli müğənnilərə müraciət edərdim. Özüm oxuya-oxuya öz həmkarlarıma bu gün də hədiyyə edirəm.

Siz həm də Qənirə Paşayevanın şeirlərinə musiqi bəstələyirsiniz, onunla dostsunuz. Siyasətçi xanımla dost olmaq çətin deyil ki? 
- Çətinlik yoxdur. Çünki birinci növbədə hər kəs insandır. Təsiredici faktor olsa da, mən heç vaxt insanın tutduğu titula görə ona hörmət etmirəm. İnsanın cəmiyyətdəki statusu, yeri, hörməti, şəxsiyyəti, göstərdiyi fəaliyyəti, etdiyi işlər hamısı ona olan münasibətə təsir göstərir. Amma insanlıq birinci növbədə durur. Hamımız insan olaraq dünyaya gəlmişik, dünyadan da ölüm haqdır, insan olaraq gedəcəyik. İnsanı titulu ilə yox, əməlinə görə qiymətləndirirlər. Qənirə xanım bizim millət vəkilimiz, çox gözəl Azərbaycan xanımı, mənim dəyərli bacımdır. Biz doğrudan da bacı münasibətdəyik. Bu balaca sirrdir. Əslində sirr də deməzdim, bunu çoxları bilir. Qənirə xanımın şəxsiyyəti, onun güclü iradəsi, onun lider olmaq bacarığı, jurnalistikada olan vaxtı da, elə indi də tutduğu yer, onun sözünün, düşüncəsinin çəkisi ayrı olub. Çünki bu insan çox zəhmətkeş insandır. Qənirə xanımın məqsədi qətiyyən şəxsi mənafeyinə xidmət etmir. O həmişə faydalı olmağa çalışır. İstər mənəvi cəhətdən, istərsə də fiziki cəhətdən. Hər bir baxımdan həmişə fəaliyyətdədir. Biz bir-birimizə doğrudan canla bağlıyıq. Qənirə xanım həmişə mənə deyir ki, sən mənim əsgər bacımsan, mən də deyirəm ki, Qənirə xanım, sən mənim general bacımsan. Var olsun, mən sevinirəm, qürurlanıram ki, millətimizin belə qızları var.

Bəs siz siyasətə nə qədər yaxınsınız? 
- Mən düzü özümü siyasətə uzaq hesab edirəm. Bu mənim peşəm deyil. Mən sənət adamıyam, yaradıcı insanam. Bəlkə də insanların arasında, söhbət Tünzalədən gedirsə, yaxud başqasının fərqi yoxdur dinlədiyimiz insanda siyasi məntiq görə bilərik. Yaxud diplomatik məntiq var, yaradıcılıq məntiqi var, müxtəlif istedadı var, amma bu o demək deyil ki, insan o işlə məşğul olmalıdır.

Bir ara belə məlumatlar da yayılmışdı ki, namizədliyinizi irəli sürəcəksiniz. 
- Bax görürsünüz məndən xəbərsiz.

Deputat olmaq arzusunda heç olmamısınız? 
- Mən hər hansı bir statusun arzusunda olmuram, heç vaxt da olmayacağam. Mən bilirsiniz nəyin arzusundayam? Hər kəsin müəyyən çevrəsi var. Mən də mənim yaxınlarımdan tutmuş, böyük topluma qədər, orada faydalı və lazımlı olum. İnsan içində kiməsə və nəyəsə lazım olduğu biləndə xoşbəxt olur. Mən hər hansı bir statusu istəmirəm. Mənə filankəs deməsinlər. Titulu budur, filan vəzifəni tutur yox. Mənə desinlər ki, Tünzalənin də bir payı, rolu olub nədəsə. Həyat okeandır, bir damla belə, nədəsə musiqidə, musiqi mədəniyyətimizdə, onun təbliğində, müasir musiqinin yeniliklərində, inkişafında bir payım olarsa, mahnılarım insanları düşündürəcəksə, onları yaxşılığa, sevgiyə, insanlığa, dəyərlərə çağıracaqsa, bax burada nədənsə danışmaq olar.

Deməli situasiya yaranarsa siz özünüzü deputat kimi sınaya bilərsiniz?
- Hər şey ola bilər. Mən yenə də deyirəm, çox məsuliyyətli, ehtiyatlı insanam, sözün yaxşı mənasında hər şeydən qorxan insanam. İşdən qorxmuram, zəhmət çəkməkdən əsla qorxmuram, yüksəlməkdən qorxmuram. Mən o qədər tələbkaram ki, ya maksimum etməliyəm, seçilməliyəm, iradəli insan kimi toplumun qarşısında olmalıyam, ya mən olmamalıyam. İkisindən biridir. Tünzalə Ağayeva siması, imici elə-belə yaranmayıb. Bu mənim içimdən gəlib deyə bu gün şükür Allaha Tünzalə deyəndə tamaşaçılar o modeli anlayır, o simanı başa düşür, nə baş verəcəyini dərk edir. Çünki artıq özünü doğrultmuş simadır. Sırf insani baxımdan deyirəm, işi, fəaliyyəti gedir, bunu sən ya yaxşı eləməlisən, ya eləməməlisən, kənara çəkilib başqa işlə məşğul olmalısan. Bax budur mənim üçün sual altında olan.

Siz daha çox xarici ölkələrdə konsertlərdə iştirak edirsiniz. Öz klipinizlə, solo konsertinizlə xarici ölkəyə çıxmaq fikrində deyilsiniz? 
- İndividual fəaliyyət dünyada kommersiyaya bağlı bir şeydir. Hər hansı bir qrupun, məşhur ulduzun bu gün Avropada, sabah Amerikada turnesi varsa, beş albom çıxarırsa, deməli onu inkişaf etdirən yatırım var. Onun piarı ilə məşğul olan, onu qabağa aparan bir struktur, mexanizm var. O cəmiyyət deyil, dövlət strukturu, diaspora deyil. Amma bunların hamısı, adını çəkdiyim və çəkmədiyim bir çox punktlar var ki, bilavasitə olmasa da vaxtaşırı o piarın içində iştirak edirlər. Avtomatik olaraq o proses, motor işə düşəndən sonra bütün detallar işləyir. Məsələn, gəlin özümüzdən danışmayaq, daha təcrübəli, coğrafi cəhətdən böyük və dünyaya daha tez çıxışı olan Rusiya və Türkiyənin müğənniləri götürək. Larisa Dolina, Alla Puqaçova, Filip Kirkorov, Ebru Gündeş, Sibel Can, Tarkan, Kənan Doğulu kimi müğənnilərin fəaliyyətinə baxaq. Onlara təbii ki, ölkə içindən yatırım var. Onu dövlət etmir, konkret prodakşnlar var. Prodakşnın bazası da pul, kontaktlardır. Pul olsa sənin hamı ilə kontaktın var. Pul ömür boyu, hər şeydir. Kim diqtə edir? Kimin ki, hakimiyyəti var, pulu var. Kim hakimlik edir? Kimin ki, parası var, ağlı var. İstedad və para burda yan-yana duran şeylərdir, orda iradə, insanın şəxsiyyəti, uzaqgörənliyi və əlbəttə ki, maliyyə bazası.

Hazırda tanınmış siyasətçilər, məşhur müğənnilər öz yenilikləri barədə jurnalistlərə açıqlama verməkdənsə müxtəlif sosial şəbəkələrdə status yazmağa üstünlük verirlər. 
- Hər halda özləri eləməsə də artıq o brend öz təsirini göstərir.

Sizin sosial şəbəkələrdə hesabınız varmı? 
- Bəli var. Təbii ki, istənilən halda 24 saat orda ola bilmərəm. Amma mənə yaxın insanlar var ki, onlara tapşırılıb bu iş. Ümumi olaraq onlar bilirlər ki, təxminən bu suala Tünzalə Ağayeva necə cavab verər. Onların tapşırıqları var bu bir, ikincisi də ki, gizli şəkildə deyil, oxucular bilirlər ki, yazan Tünzalə Ağayeva deyil, amma Tünzalənin məsələn facebook şəbəsində fan səhifəsi var.

Bizdə niyə müğənnilər yaradıcılıqlarındakı yenilikləri bu cür şəbəkələrdə vermirlər? 
- Bu haqda mən düşünürəm, o cür eləmək fikrim var və edirəm də. Məsələn, bir çox çəkiliş və konsertlərimlə bağlı fraqmentlər var ki, o fotosessiyaları heç yerdə görməzsən, ancaq fan səhifədə görmək mümkündür. Bu da orda maraq oyatmaq üçündür. Bizdə bu tendensiya tam şəkildə işləmir, ancaq olacaq. Düzdü, bu dəqiqə çox az sayda müğənni internetdə özü oturur və ümumiyyətlə, internet fəaliyyətini anlayır. Burda yaş məsələsi də, maraq da var. Amma bizdə də olacaq, hətta yoracaq da.

Sosial şəbəkələr o qədər aktuallaşıb ki, hətta ərəb ölkələrində üsyanlara gətirib çıxarır. Azərbaycanda da şəbəkələr üzərindən aksiyalara çağırışlar olur. Siz buna necə baxırsınız? 
- İnternetin qabağını almaq mümkün deyil. Bu çox mübahisəli məsələdir. İnternet özü-özlüyündə dünyada çox şeyi dağıtdı. Ticarəti, siyasəti vurdu-yıxdı. Wikileaks bir çox siyasətçiləri şok vəziyyətinə saldı. İqtisadiyyat qanunlarını, ticari siyasətini, etikasını qırdı-dağıtdı. Əvvəlcə üsyan oldu, ticari brendlər, siyasətçilər, qurumlar, ulduzlar içində olmaqla onlar tərəfindən individual və toplum şəkildə üsyanlar başladı. Bu belə olmamalı idi. Amma artıq insanlıq anladı ki, bu elə bir olaydır ki, XX və XXI əsrin danılmaz hadisəsidir. İnternet qaçılmazdır. İnsan o dərəcəyə gəlib çatıb ki, əlaqə yaratmaq istəyir. Planet içəridən sıxlaşıb, tıxac əmələ gəlib. Hər kəs istəyir ki, burda “A” hərfi yazan kimi Amerikada onu oxusunlar. Hamısı texnikanın nəticəsidir ki, biz özümüz bunun qurbanı olmuşuq. Bu əlaqədir. Kim cavabdeh olar ki, biz səninlə dost olacağıq, ya düşmən. Ya biz aramızda söhbət edib kiminsə evini yıxacağıq ya kiməsə kömək edəcəyik, buna qarantiya varmı? Yox, eləcə də şəbəkədə. Şəbəkədə hər ağılda insan var, biri üsyançıdır, biri Allahını sevəndi, biri unudandı, biri dəlidir, biri ağıllıdır, biri ağlayandır, biri güləndir. Biz nə qədər internetdə azad danışsaq da, əlbəttə internetin bəlli şəkildə hansı qüvvələrsə tərəfindən nəzarəti var. Çünki olmasa bu şişib baş alıb gedər. Yaxud da Əfqanıstanda, İraqda çəkilmiş görüntülər. Təbii ki, bunlar həyatdan götürülmüşdü, orda film çəkilməmişdi. Orda əsgərlər, insanlarla vəhşi davranış, üsyanlar, mitinqlər, çevrilişlər, bu hamısı insanları vahiməyə gətirir, qorxudur. Nə yazıq, nə fəlakət ki, bu gün insanların başına terror deyilən bir şey gətirilir. Bunun da dalında müxtəlif qüvvələr dayanır. Özümüzə və kimliyimizə sahib çıxmağı bacarsaq bizim gücümüz ondadır. İstərdim ki, elə bizim internet şəbəkələrimiz, toplum məhz ona xidmət eləsin.

Bu gün mitinqlərə çıxan insanlar nə istəyirlər? 
- Bir ölkədə gördüm ki, camaat mitinqə çıxıb, çadır qurub aclıq elan edib. Mən də kənardan istədim müşahidə edirdim ki, görüm bu insanlar kimlərdi, nə istəyirlər, çünki hər şey normaldır, stabildir. Onlar tamamilə avara, həyatda bir məqsədləri olmayan kütlə, qəribə bir kütlə idi... Bilirsiniz bir var sağlam, əsası olan üsyan, bir var əsassız, nəyinsə, qıraq bir fitnənin təsiri ilə. Üsyan həmişə elə olub. Qıraqdan fitnə olmasa o cahil adam da qalxmaz. Hansısa bir qüvvənin marağındadır ki, bu cəmiyyətə bu topluma bir az çaxnaşma salsın. Eyni zamanda həmin adamlar özlərinə reklam qazanırlar. Diqqət cəlb edirlər ki, bütün mətbuat onlardan yazsın. Məqsəd xalqın rifahını güdmək deyil. Müğənni ola bilmir, şou-biznesdə deyil, bu formada özünü reklam etdirir. Mən belə insanları anlamıram. Hər bir cəmiyyətin hər bir dövrdə öz qayğıları var. Amma bu qayğıları üsyanla həll eləmirlər. Bizim üsyanımız torpaqlarımızın qayıtması olmalıdır. Baxın elə internetdən danışırıq informasiya müharibəsi güclü müharibədir. Bizim cəbhəmizdir, məkan oradır. Biz xalq olaraq, vətəndaş olaraq bunun üsyanına qalxmalıyıq. Bizim gücümüz bir-birimizə çatır eləmi? Bizim gücümüz özümüzdən zəifə çatır.

Siz həm də anasınız. Övladınıza vaxt ayıra bilirsinizmi? 
- Ana olmaq mənim ən birinci peşəmdir. Texniki cəhətdən gün ərzində bəlli vaxtlarım evdə keçməsə də, bu mənim işimdir, cəmiyyətdə faydalı olmaq istəyirəm, musiqi sahəsində istəyirəm ki, rolum olsun, amma ana olmağımı heç vaxt yaddan çıxarmıram. Bunun öhdəsindən çalışıram ki, maksimum şəkildə gəlim. Mənim məqsədim övladımı əsl azərbaycanlı kimi tərbiyə etməkdir. Öz gücüm çərçivəsində Azərbaycana perspektivli vətəndaş yetişdirmək istəyirəm. Nəyi bacarıramsa, nəyi anlayıramsa, ağı qaradan seçə bilirəmsə, bunu da övladıma çatdırmaq borcumdur. Bunu heç bir saniyə yaddan çıxarmıram. Övladımla ünsiyyətimiz gözəldir, anlayır, başa düşür. Təhsili normaldır, anasını da, öz vəzifəsini də anlayır. Kim olacağını da düşünür. Biz bu barədə çox söhbətlər edirik.

Övladınızın sizin yolunuzu davam etməsini istəyərsinizmi? 
- Mən ona demişəm, əgər sənin doğrudan da qeyri-adi, ən azı anan qədər istedadın olsa, mən sənə imkanlar yaradacağam. Yox, Tünzalədən aşağı olsan qoymaram. O ən azı Tünzalə Ağayeva qədər olmalıdır, olmasa mümkün deyil.

Həmkarlarınızdan Aygün Kazımovanın qızı ilə bağlı videolar yayılmışdı. Sizin bir ana kimi buna münasibətiniz necədir? 
- Ana olaraq heç bir övladın ürəyinin acımasına dayana bilmərəm. Bunu yaxın qoya bilmərəm. Ana kimi həmkarım Aygün xanımı anlayıram. Mən ona ana, həmkar, insan olaraq, Azərbaycan, türk qadını olaraq dəstəyəm. Mən bilmirəm o insanlar həyata hansı prizmadan baxırlar? Bilirsiniz bizim uşaqlarımız mələk deyillər. Biz özümüz bəyəm hər şeyi ideal şəkildəmi etmişik? Biz haradasa kiminsə badına gedə bilərik. Bizim səhvimiz ola bilər, səhv addım ata bilərik, təbii ki, bunun qarşısı alına bilər.

Sonda Azərbaycan şou-biznesi necə dəyərləndirirsiniz? 
- Bizim şou-biznesimiz yoxdur ki, mən onu dəyərləndirim. Şou-biznesin tam fəaliyyəti professional konsertlərdən ibarət olmalıdır. Bizim sözün yaxşı mənasında, sözü vurğulayıb, altdan yazıram bizim şou yox toy-biznesimiz çox gözəl fəaliyyətdədir. Bu da bizim millətə xas olan prosesdir. Biz çox xoşlayırıq təmtəraqlı toylar etməyə, biz sənətçilər o toyların danılmaz hissəsinə çevrilmişik. Hər imkanı olan ailə öz ölkəsinin məşhurunu, aparıcısı və müğənnisini öz toyunda görmək istəyir. Necə ki, Türkiyədə Rusiyada da elədir. Bəzi millətlər var ki, bu şeylər onlara xasdır. Biz şöhrətpərəst millətik, biz xoşlayırıq ki, toylarımız bəy, xan məclisləri kimi olsun, məclisdə ən mötəbər insanlar olsun. Bu normaldır. Bu gün o bizə bazar gətirir. Amma təbii ki, hər müğənninin öz seçimi var. Mənim seçimim tək toy deyil, mən mədəniyyət, yaradıcılıq üçün də çalışan adamam. Ona görə də balansı saxlayıram. Baxın toy bazarı çox fəaliyyətdədir. Siz hansı müğənnidən soruşsanız, onun ən azı 3-5 ayı artıq planın içindədir. Şou-biznesin də planları belə olur. Şou-biznesdə fəaliyyət göstərən müğənni bilir ki, 5 aydan sonra müğənni hara getməlidir, hansı ölkədə turnesi var, albomu nə vaxt çıxacaq. Biz edirik bunu, amma bu bizdə imic xatirinə olur. Bu bizdə bazar gətirmir. Şou-biznesin ana xətti kommersiyadır. O kommersiya işləməsə orda rəqabət ola bilməz. Fəaliyyətdə rəqabət olanda sən də çalışırsan geri qalmayasan, yeni ideya, kreativliklə fəaliyyət göstərəsən. Onda sən də para qazanırsan, mən də qazanıram, eyni zamanda biz gündəmdəyik, keyfiyyətimiz artıq, pulumuz da gəlir. Bunlar olmasa nə şou-biznes olar? Bir klipi ki, sən cibindən xərcləyirsən, o klipdə qazana bilmirsən. Telekanallar sağ olsun ki, bəlli sənətçilər var ki, sənətlərinə, şəxsiyyətlərinə hörmət əlamətləri olaraq götürüb verir. Harada vətən adı varsa mən ordayam. Məqsədim bu olub. Burda mən qazanmışam. Amma para baxımından qazancım az olub. Çünki kommersiya konsertləri az olur. O motor, əsas işləyən ürək yoxdur. Ona görə də bizim şou-biznesi dəyərləndirmək sualı hələ bizim üçün tezdir. Çünki yoxdur bu, nəyi dəyərləndirəsən? Toy bazarını dəyərləndirim, bir ayağım ordadır, tam otursam yaradıcılığımdan uzaq düşərəm. İstəmirəm, hər şeyin nisbisini xoşlayıram. Lakonik, yığcam olsun. Olmasın mən 100 min qazanmaq istəmirəm, 5 min 10 min qazanım, amma beynimin yarısı, ruhumun bütövlüyü yaradıcılığa, gözəlliyə işləsin cibə yox. Təbii ki, hətta getdiyim, apardığım məclislərdə mən həmin dəyərlərdən, gözəllikdən, vətəndaşlıqdan, sevgidən danışıram. Hətta pul qazandığım yerlərdə belə.

İmicinizdə yenilik etmək istəmirsiniz? 
- İmicimdə o qədər xırda şeylər edirəm ki, gözə görünən və görünməyən şeylər edirəm.

Siz bu sənətə gələndə tamam fərqli imicdə idiniz. Öz tamaşaçılarınıza yenə elə bir fərqlilik etmək istəyirsiniz? 
- Mən gücümü səsimə qoymuşam, musiqilərimin gözəlliyinə, mahnılarımın maraqlı, orijinal alınmasına, mahnılarımın mahiyyətinə qoymuşam. Vizual görünüşüm şükür Allaha heç bir problem yoxdur. Əgər yaşlaşsam, üzüm qırışsa, formamda mənə xoş gəlməyən, artıq mənə diskomfort yaradan bir şey olsa, dəyişiklərə əl ataram. O da estetik şəkildə. Mənim çox sevdiyim sənətçilərdən biri var ki, kök qadın olsa da, hətta köhnə geyimdə səhnəyə çıxsa da zal onu ayaqüstü alqışlayır. O qədər mükəmməl səsi, səhnə fəaliyyəti var ki. Aretha Franklin deyəndə sadəcə ayağa qalxırlar. Mən o səpkidə sənətçilərdən olmaq istəyirəm ki, mənim saç düzümümə, makiyajıma, geyimimə görə yox, sənətimə görə qiymətləndirsinlər. 

Nərgiz Ehlamqızı                http://qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий