30.06.2011

“Pulla alınmayan kitab urvatsız olur”

Müsahibim ədibliyindən daha çox cəsarətli tənqidi çıxışları ilə yadda qalan yazar Hafiz Mirzədir. Onunla çağdaş ədəbiyyatımızın durumundan danışdıq.


"Elçin görəndə ki, mənə qəzetlərdə əks cavab verə bilmir, onda həmin yazıda adı çəkilənlərdən birini o verlişdə mənimlə üz-üzə qoymağa çalışdı"


"Belə baxanda, buna görə Elçinə və Rəqsanəyə də minnətdarlıq düşür"


-“Dahilər əyalətdə doğulur, şəhərdə dəfn olunur” aforizmini necə qəbul edirsiz?
   -Məncə doğulmalı olan dahi lap kənddə də dünyaya gələ, amma yalnız şəhərdə, xüsusən də paytaxtda özünü təsdiq edə, parlaya bilər. Paytaxtı heç nahaq yerə baş kənd adlandırmırlar. Baş isə ən yuxarıda durur və bütün bədənə hakimlik edir. Bizlərdə bir adət var: ömrünü Bakıda yaşasa da, öləndə öz doğulduğu rayonda dəfn edilməsini vəsiət edirlər. Torpağın maqnitizmi məsələsidir.Yaşayarkən hamının şəhərə can atması təbiidir. Heç nahaq yerə ərəblər şəhər -“Mədinətun” anlayışını elə mədəniyyətin özü kimi qəbul etmirlər. Amma son 15 ildə bu hikməti bir qədər poza bilən internet yaranıb. İnternet vasitəsilə şəhərə uyğunlaşmaq olur. Kompüter-internet şəhər-əyalət fərqini bir qədər aradan qaldırır. Amma tam qaldıra bilmir. 
   
   -Vaxtilə ünlü yazar Folkner də sizin kimi əyalətdə yaşamağa qərər verdi. Yadımdadır, onun bir müsahibəsini oxudum. Deyirdi səssizlik, təbiətin qoynundakı həyat yaradıcılığa təkan verir.
   -Tamamilə doğrudur. Qaynar şəhər həyatı indi daha yaradıcılıq üçün tam münasib sayılmaz. Yaradıcı şəxs özünə, düşüncələrinə qapılmağı bacarmalıdır. İndi Bakıda bu çətinləşib. Əvvəllər mən hər dəfə Bakıdan yaradıcılıq eşqi ilə geri dönürdüm. Sanki əlavə və güclü stimul verirdi. Xüsusən Bakı bulvarında 1 saat gəzərək çox süjetlər qurur, hətta “Yaxt-klubdan” Limana qədər bir dəfə getməklə bir hekayəni, məqaləni, şeiri düşüncəmdə tamam yazıb hazır edirdim. İndi bulvar daha da gözəlləşib, amma aura dəyişib, hərarət itib.
   
   -Siz daha çox “El içində” şou ulduzu Rəqsanə ilə çəkişmələrinizdən sonra məşhurlaşdınız. Bunun üçün Rəqsanəyə və “El içi”nə “sağ ol” dedinizmi?
   - Xeyr! Deməzdim, əksinə, o verlişdə mənə qarşı kökləndirilmiş adamların hamısına sonra yağlı kötək dəyməsində yaxından iştirak etdim. Mən heç vaxt məşhurluğa can atmamışam. Şou sənətçisi deyiləm ki. Cəmiyyətimizin ucuz şou-müğənnilərinin ümidinə buraxılmasına qarşı kəskin mövqedə olmuşam. Xüsusən də, təqvasız, pozğun qadınların sənətə gətirilməsinə və sonra da kumirə çevrilməsinə qarşı ən kəskin məqalələr yazmışam. Sonra gördüm ki, buna heç əhəmiyyət verən yoxdur, digər yazarlar yalnız üzdə deyniməyi bacarırlar, sinəsi və baldırı açıq həmin müğənni qadınları görən kimi hulqumları tez-tez qalxıb enir. Onda, yəni 4 il öncə “Müğənnilərin tərbiyyəsizliyi daha böyük fəsadlar törədir” adlı bir məqalə yazdım və bütün yazarları adlarını qeyd etdiyim müğənniləri qudurtmamağa, baykot etməyə çağırdım. Həmin baykota uyğun olaraq onlar barəsində 4 il idi ki, özüm daha heç nə yazmırdım. Amma buna dəstəvüz verən “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli kimi ucuz şoumenləri mütəmadi tənqid etməkdən qalmırdım. Elçin görəndə ki, mənə qəzetlərdə əks cavab verə bilmir, onda həmin yazıda adı çəkilənlərdən birini, əslində o birilərinin yanında toya getməli və müqayisə etdikdə çox abırlısı olan Rəqsanəni o verlişdə mənimlə üz-üzə qoymağa çalışdı. Onlar məni aldadıb, “İstedadlara münasibətdə qısqanclıq”- nəsə belə bir mövzuda “El içində” proqramına dəvət eləmişdilər. Heç getmək istəmirdim. Qızımın toyu ərəfəsi idi. Getdim və orada tamam başqa bir oyunun qurulduğunu gördüm. İki saatdan çox çəkən proqramda onu və onun topladığı gədaları bacardığım qədər ifşa eləməyə çalışdım. Nə qədər kəsib doğrasalar da, 45-50 dəqiqəlik verlişdə yenə də kəskin mövqeyim qalmışdı. Verliş efirə getdikdən sonrakı 3 gün ərzində iki mindən çox telefon zəngi, mesaj və 5 mindən çox elektron məktub aldım. Hətta AYB rəhbərliyindən də zənglər oldu. Sağ olsunlar! Yazar dostlarım mənim müdafiəmə qalxdılar. Onların əleyhinə çox yazılar yazıldı. Hamı da məni müdafiə edirdi. Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən, Minskdən, Tiflisdən e-maillər alırdım. Çoxunu saxlamışam. Yazanların heç biri ilə əvvəllər tanış deyildim. Hətta naxçıvanlı qardaşlarım mənə “Milli-mənəvi dəyərlərimizin mühafizəsi” Cəmiyyətini yaratmağı təklif edir, yüzlərlə üzv gətirəcəklərini bildirirdilər. Mənə qarşı həmişə belə olub, əks -təbliğat aparıblar, amma xeyrimə işləyib. 2005-də çıxmış “Ayın 32-ci günü” adlı kitabıma qarşı da etnik separatçılar güclü əks-təbliğat apardılar, nəticədə həmin kitab diqqəti cəlb etdi və “Qızıl qılınc” mükafatına layiq görüldü. www.hafizmirza.com adlı saytımın baş cümləsi belədir: “Bədii yaradıcılıqda nəyə nail olmuşamsa, buna görə həm də bədxahlara minnətdaram!” Belə baxanda, buna görə Elçinə və Rəqsanəyə də minnətdarlıq düşür. Amma onlar bunu namərdcəsinə etdikləri üçün minnətdarlıq eləsəm onları daha da xarab edər! Həm də kül o məşhurluğun başına ki, Rəqsanə ilə dalaşmağa görə yaranacaq. Mən məşhur-flan deyiləm.Tanımalı olanlar tanıyır, vəssalam!
   
   -Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsində birinci yeri tutmağınızda birmənalı qarşılanmadı. Çoxları müsabiqənin münsiflər heyətində oturan yazar Yunis Oğuzla sizin dostluğnuzun bu qələbədəki rolundan danışdı
   -Müsabiqəyə verilmiş digər yazılarla tanış olmadığım üçün deyə bilmərəm ki, mənim “Qeyrət” adlı o hekayəmə qarşı üzgörənlik edilib, ya yox. Bu fikirdə olanlara o hekayəni oxumağı məsləhət görərdim. Əslində o hekayə 1995-ci ildə yazılmışdı. O vaxt onu Dövlət səviyyəli bir müsabiqəyə göndərmişdim. Ona o vaxt 1-ci yer vermək istəmiş, amma əslən ədəbiyyatı manopoliyaya almış məlum bölgələrdən olmadığım üçün tərəddüd etmişdilər. Rəhmətlik Əlibala Hacızadə hiddətlənmiş və yazıya 2-ci yer verilməsinə etiraz etmişdi. Hətta bir qədər qabağa gedib, məni tanıdığını, guya ona səlahiyyət verdiyimi bildirib, əks təqdir üçün hekayəni müsabiqədən çıxartmışdı. Bunu mənə dedilər və mən Əlibala müəllimə minnətdarlığımı bildirdim. Biz şəxsən tanış belə deyildik. Həmin hekayəni bir qədər dəyişdim və redaktə edib, “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə göndərdim. Nəhayət ki, o öz layiq olduğu qiymətini aldı. Müsabiqəni dostum Yunus Oğuz keçirtmirdi ki! O 11 nəfərdən biri idi. Heç digər üzvlər də mənim düşmənlərim sayılmaz. Əgər kimsə sübut eləsə ki, digər bir yazı mənim hekayəmdən daha güclü olub, mən o min manatı o yazının müəllifinə verə bilərəm.
   
   -Ümumiyyətlə Azərbaycanda keçirlən müsabiqələrdəki seçim şəffaflığı həmişə şübhə altına alınır. Sizcə, bunn səbəbi nədir? 
   - Mən həmişə anonim müsabiqələrin tərəfdarı olmuşam. Müəllifin kimliyi bilinməməli, münsiflərə geniş şərait yaradılmalı, yaxşı qonarar verilməli və “Quran-Kərimə” əl basmalıdırlar. İstər “MKM”, istərsə də “Qızıl kəlmə” müsabiqələri şəksiz ədalətsizliklə keçirilir. “Qızıl kəlmə” mükafatına bu dəfə özümün “Son və başlanğıc” adlı romanımı vermişdim. Çatan məlumatlara görə müsabiqənin son toplantısında xalq şairi Sabir Rüstəmxanlı 1-ci yerin mənim romanıma verilməsini israrla təkid edib. Amma yenə də bölgəçilik, dostbazlıq və məşhurluq öz işini gördü və “Son və başlanğıc” romanına heç “taxta qaşıq” mükafatı da verilmədi. Çünki Sabir bəydən savayı münsiflərdən kimsə o romanı heç oxumamışdı da. Vallah, Sabir bəylə indiyə qədər heç əl verib görüşməmişik də! Hacı adamam, mənə yalan danışmaq heç yaraşmaz. Qeyri-təvazökarlıq sayılsa da, qalib əsərlə haqq meydanına çıxa bilərəm. 
   
   -Çağdaş Azərbaycan ədəbiyyatı sovet dövründəki ədəbiyyatımız qədər təbliğ oluna bilmir. Bunun səbəbini siz nədə görürsünüz?
   - Hazırda publisistika ədəbiyyatdan çox öndədir. Buna səbəb kimi müstəqilliyimizin ilk illərində cəmiyyətin həddən artıq siyasiləşməsini və sonra isə xarici donorların prozaiklərlə müqayisədə publisistlər arasında daha çox özlərinə münasib yazarlar tapmasını göstərmək olar. Həm də qəzetdən pul-maaş almaq olur, ədəbiyyata görə isə heç evdə çörək gözləyən arvad da sənə “çox sağ ol, kişi” demir. Mən bir dəfə ABŞ-in ölkəmizdəki keçmiş səfiri En Dorsiyə sual verdim ki, onlar nədən Azərbaycan ədəbiyyatına heç yardım göstərmirlər? Cavabında dedi ki, ədəbiyyata da qoy öz dövlətiniz yardım göstərsin. Dil çaşar, düzünü deyər. En Dorsi kimi digər əcnəbilər də Azərbaycan ədəbiyyatının inkişafında maraqlı deyillər. Çünki ədəbiyyatı güclü və populyar olan xalqı “demokratiya” və ya “qlobalizm” halvası ilə şirnikləndirib dəyişmək, manqurta çevirmək mümkün olmayacaq. Təssüf ki, idmana, incəsənətə və publisistikaya böyük diqqət və qayğı göstərən sevgili hökumətimiz bunun fərqində deyil. Olimpiyada çapmaq üçün 1 miyon 700 min funt-sterlinq verib at ala bilirik, amma ədəbiyyatımıza yarışmada yıxılıb “gözünü çıxardan” bir atın bir ayağı, bəlkə heç arxası qədər yardım ayrılmır. Biz dünya mədəniyyəti tarixində bir mədəni xalq olaraq indi sümürülən neftimizlə deyil, gözəl ədəbiyyat nümunələrimizlə daxil ola və tanına bilərik. 
   
   -Bölgələrdə ədəbiyyatmızın durumu necədir?
   - Paytaxt Bakıda ədəbi mühit dövrün tələblərinə cavab verə bilmədiyi halda bölgələrdə ədəbiyyatın yüksək inkişafından heç danışmağa dəyməz. Təkcə o faktı vurğulayaq ki, əksər rayonlarımızda, o cümlədən ölkənin 14 şəhərindən biri olan Lənkəranda indi bircə kitab mağazası da yoxdur. Borc-xərclə kitab nəşr etdiririk, sonra da onun böyük hissəsini hədiyyə verməli oluruq. Pul verilib alınmayan kitab urvatsız olur və onu oxumaq istəmirlər. Amma az da olsa, bölgələrdə çox istedadlı şair və yazıçılar var. Çoxu isə parlamadan sönür. Ədəbiyyat şahlar-padşahlar zamanında da hakimiyyətin və imkanlı şəxslərin qayğısı altında olub. İndi isə, hansısa əxlaqsız müğənni ilə bir gecəlik eyş-işrətə mənzil, bahalı maşın, bağ evi bağışlayan imkanlı şəxsləri ədəbiyyata yardım etməyə dəvət edəndə sənə elə üz göstərirlər ki, sankı adamın var-yoxlarını üzünə söyübsən. Mən bütün bu dediklərimi dəfələrlə yazmışam. Amma nə faydası. Təəssüf ki, bir çoxlarımız artıq xəstəyik, geriyə dönüşümüz yoxdur. Yoxsa belə ögey münasibətə görə çoxdan boğazımıza daş bağlayıb suya atılardıq. 
   
   Arzu Abdulla                      movqe.az

Комментариев нет:

Отправить комментарий