15.02.2012

Ruslar niyə bizlə aqressiv davranır?


Sevda Sultanova    

Seymur Baycan kimi rus intelligensiyasının, ədəbiyyatının, kinosunun heyranı olan rejissor, prodüsser Əli İsa Cabbarovun istəyi ilə bu yaxınlarda növbəti sayı işıq üzü görəcək “Fokus” kino jurnalı üçün rus rejissoru Aleksandr Sokurovun “Faust” filmi haqda alman mətbuatında yayınlanmış resenziyaları tərcümə etdim.

Bilməyənlərə deyim ki, A.Sokurovun Goethenin “Faust” əsəri əsasında ekranlaşdırdığı filmi ötən il Venetsiya festivalında “Qızıl Şir” aldı.

Almaniyanın müxtəlif kino saytlarından alman tənqidçilərinin beş-altı məqaləsini çevirdim. Onlardan biri ümumiyyətlə, təhqiramiz olduğu üçün tərcümə etməyi lazım bilmədim.

Digər yazılarda “Faust”un yeni interpretasiyasının Goethe yaradıcılığına münasibətdə yeni sayılması yer alsa da, bəzi yazılarda rejissorun ünvanına yüngül kinayələr vardı.

Görünür ki, alman ədəbiyyatının “İncil”i saydıqları bu əsərin rus rejissoru tərəfindən uğurla çəkilməsi və nüfuzlu beynəlxalq festivalda baş mükafatı alması heç də bütün almanları açmayıb.

Hətta müəlliflərdən biri hansısa rus müəllifin almanlar kimi mədəni bir xalqa mənəviyyat dərsi keçməsinə əsəbiləşir, alman ruhuna bu rus baxışına ironya edir və sonda onların araq aludəçisi olmasına dolayısıyla eyham vurur. Maraqlananlar mətnlərlə “Fokus”da tanış ola biləcək.

Avropa nə qədər tolerantlıqdan, insani dəyərlərdən danışsa da, dünyanın çox mədəni sayılan bu qitəsində yaşayan millətlərin də zəif yeri, hansısa millətdə həzm edə bilmədiyi nöqtələr var və situasiyadan asılı olaraq meydana çıxan aqressiv milli eqo ədalətin gözünü kor qoyur. Dünya kinosunda usta rejissorlardan sayılan Sokurova belə münasibət də aqressiv milli eqonun doğurduğu ədalətsizlikdən qaynaqlanır.

Heç şübhəsiz ki, hər bir xalqın üstünlükləri və qüsurları var.

Ona görə də mən hansısa millətə heyranlıq dövrümü geridə qoymuşam və insan amilini millət amilindən önə çəkirəm.

Dünyada ən çox müstəmləkəsi olmuş xalqlardan biri ingilislərdi və araşdırsaq, yer kürəsindəki bir çox münaqişələrin altından ingilis barmağı çıxacaq.

İngilisləri yer üzünün ən kübar, nə bilim, ən aristokrat milləti adlandıranlara qıcıq oluram və belə mövqeni cahillik kimi qəbul edirəm. Razılaşmayanları ingilis jurnalisti Donald Reyfildin Natiq Səfərovun tərcüməsində “İngiltərə haqda qeydlər”ini oxumağı tövsiyə edirəm.

Amma bu faktlar heç də mənim məsələn, ingilis rejissoru Ken Loacha olan sevgimə zərrə qədər də kölgə salmır. Çünki Loach bir şəxsiyyət kimi ingilis xalqının fövqündə dayanır.

Loach təkcə art haus kinosunun sayılıb seçilən rejissorlarından deyil, həm də ciddi şəxsiyyətdir.

O, solçudur, İsraili fələstinlilərin hüququnu pozmaqda dəfələrlə ittiham etdiyinə görə İsraildə onun filminin nümayişi yasaqlanmışdı. Bu yerdə İsrailin Türkiyədən fərqli olaraq azad fikrə daha çox sayğı duyduğunu iddia edən Osteri xatırlayıram.

Svetlana Quliyevanın Kulis.az-da yayımlanan “Ruslara nifrət etdim” yazısı da xatirimdədir.
 
Yazıya gələn şərhlərə görə rusların azərbaycanlılara nifrətinin əsas səbəbi həmvətənlərimizin Rusiyada qeyri-mədəni davranışıdır. Bu cür şərh yazanların məntiqilə onda gərək biz də 20 yanvarı törətdiyi və Qarabağ savaşında ermənilərə dəstək olduğu üçün bütün ruslara nifrət etməliydik. Hərçənd, heç inanmıram ki, Bakıya qonaq gələn hansısa rus küçədə bir azərbaycanlıdan nəsə soruşsun və kobud, nifrətə köklənən cavab alsın. Bizim bu mənada ruslardan daha tolerant olduğumuzu düşünürəm.

Rusların bizə aqressiyasının səbəbi yalnız fəhlə, alver edən azərbaycanlıların davranışı deyil, səbəb bəlkə daha çox ondadır ki, onların daxilində əzilmiş insan kompleksi mürgüləyir.

Avropada digər üçüncü dünya dövlətlərinin adamlarına olduğu kimi ruslara da aşağılayıcı münasibət var. Bu da çox güman ki, sovet dönəmində rusların Şərqi Avropada törətdiyi amansızlıqdan, sovet imperiyası dağılandan sonra Avropaya gedən rus emiqrantların müsbət imic yaratmamağından (eynilə Rusiyadakı azərbaycanlılar kimi), ölkədəki siyasi durumdan qaynaqlanır.

O ki, qaldı, bəzi alman tənqidçilərinin Sokurova həqarətli münasibətinə, səbəb həm də müasir alman kinematoqrafiyasının dünya kinosu müstəvisindəki zəif mövqeyidir.

Tom Tıkver müsahibələrindən birində deyir ki, Almaniyada mənim yaşıdlarım arasında rəqibim yoxdur, bu isə iş qabiliyyətini aşağı salır: “Məsələn, Amerikada Pol Andersen “Neft” filmini çəkir, onun yaxşı çəkməsindən ruhlanan, və ondan daha yaxşı çəkmək iddiasında olan Tarantino “Alçaq şərəfsizlər” kimi film yaradır”.
 
Yadıma düşmüşkən, Azərbycan intelligensiyasının da yaxşı bildiyi “Özgə həyatlar” kimi əla bir dramın rejissoru, alman Florian Henckel von Donnersmarck Hollividun ucuz cazibəsinə qurban getdi.

Hollivud onun müəlliflik eqosunu sıradan çıxartdı, zəngin bir irsin varislərindən olan, ilk ciddi filmindən sonra sənəti şöhrətə qurban verən Donnersmarck “Turist” kimi ucuz, mənasız bir filmi ekranlaşdırdı.

Bütün bunlardan sonra Sokurov “almanlar nəhayət ki, öz milli mədəniyyətlərinə təpik vurmağı dayandırmalıdır” deməkdə tamamilə haqlı idi.



kulis.az

Комментариев нет:

Отправить комментарий