12.03.2012

Bakıdakı “Eurovision”u boykot çağırışı artır

“Guardian”: “İslandiya yarışmadan çəkilməyi düşünür, Hollandiya, Fransa və İrlandiya boykot kampaniyasına qoşulub...”


Azərbaycanda insan haqlarının pozulması, əks fikrin boğulması səbəbilə Bakıda keçiriləcək “Eurovision” musiqi yarışımasının boykot edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırışlar artır. Bunu Britaniyanın dünyaca məşhur “Guardian” qəzeti yazıb.
Qəzet xatırladır ki, hələ bir neçə gün əvvəl Bakıda keçirilən aksiya zamanı (Vicdan məhbuslarına işgəncə verilməsinə etiraz məqsədilə AXCP fəallarının martın 6-da keçirdiyi aksiya – red.) 17 etirazçı döyülüb və həbsə atıb. “Amnesty İnternational” təşkilatı Azərbaycan hökümətini bu məsələ ilə bağlı dərhal araşdırma aparmağa çağırmışdı. Təşkilatının son hesabatına görə, ölkədə müxalifət mitinqlərinin qadağan edilməsi, jurnalistlərin həbsi faktları var.
“Human Rights Watch” təşkilatı qarşıdan gələn “Eurovision”la əlaqədar “şəhərin gözəlləşdirilməsi” bəhanəsilə vətəndaşların evlərindən çıxarılması, bəzən xəbərdarlıq edilmədən evlərinin başlarına uçurulması hallarını sərt tənqid etmişdi. Avroparlamentin, insan haqları müdafiəçilərinin və azərbaycanlı bloggerlərin “Eurovision” yarışmasının boykot edilməsi ilə bağlı çağırışları olmuşdu. İslandiya televiziyası yarışmadan çəkilməyi düşünür, Hollandiya, Fransa və İrlandiya boykot kampaniyasına qoşulub”, - deyə “Guardian” yazır. 
Qəzet mövzu ilə bağlı “Amnesty İnternational”ın Avropa və Mərkəzi Asiya üzrə müavini Con Dalhusenin fikrilərinə də yer verib: “Azərbaycan höküməti dinc mitinqləri dağıtmağa və insanları həbsə atmağa davam etdikcə layiqli təmsil oluna bilməz. Hakimiyyət başa düşməlidir ki, gözlənilən hadisənin təntənəsi ölkədə insan haqlarının pozulmasını maskalaya bilməz. Onlar dinc aksiyalara qarşı münasibətlərini qəti şəkildə dəyişməlidirlər”. 
Qəzet sonda xatırladır ki, “Eurovision”a ev sahibliyi etmək şansı qazanan Azərbaycan höküməti yarışma zamanı jurnalistlərin təhlükəsizliyi və informasiya şəffaflığı təmin olunacağına dair Avropa Yayım Şurası qarşısında öhdəlik götürüb.


azadliq.az

Комментариев нет:

Отправить комментарий