13.03.2012

NOVRUZ PAYI


 Rövşən Yerfi


Axşama yaxın kənd yolunda uzaqdan gələn iki minik maşını göründü. Kənd içərisində mər- kəzi meydanda durmuş adamların nəzərləri yola dikildi. Günəş batıb alatoran olduğundan maşın-ları ayırd etmək olmurdu. Az keçmədi, maşınlar kəndə girdi. İndi hamı görürdü ki, qabaqda “Mersedes”, arxadan gələn isə “Toyota”dır.

Qırxadək evdən ibarət olan bu kiçik dağ kəndi maili ərazidə yerləşdiyindən bir yerdə durub əksər evləri görmək mümkün idi. Kəndə nəinki maşın, hətta bir evə qonaq gəlsə, hamı xəbər tutardı ki, kim gəlib, kimə gəlib. Odur ki, indi maşınların səsinə böyük də, kiçik də maraqla boylanıb onlara baxırdı. Maşınlar hərlənib, digər evlərdən baxımsızlığı ilə fərqlənən birmərtəbəli evin açıq həyətinə daxil oldular. Hamıya aydın oldu ki, gələnlər Fəti kişinin uşaqlarıdır.
Fəti kişi ömrünü zəhmətlə keçirmiş, haram nə olduğunu bilməyən sadə, adi bir halallıq sevən adam idi. Tay-tuşları ona naxırçı Fəti deyirdilər. Təqaüddə olduğu vaxt da, bu kişi qırx illik ömür - gün yoldaşı olan naxırçı ağacından ayrılmazdı, əsa yerinə işlədərdi. Gününü sərin dağlarda keçirtdiyindən, vərdiş etdiyi köhnə tüklü papağı da başindan götürməz, qış-yay papaqla gəzərdi. Oğul - uşağını böyüdüb ev-eşik sahibi etmiş  sakit, fağır insan olan Fəti neçə illər idi təqaüddə idi. Qonşu kəndə ərə verdiyi bircə qızı tez-tez gəlib baş çəkir, ata-anasına həyan olurdu. Qğlanlarının kiçiyi rayonun mərkəzində, böyüyü isə Bakıda yaşayırdı. Camaat da bilirdi ki, Fəti kişinin rayonda işləyən oğlunun vəzifəsi də yaxşıdır, qazancı da. Böyük oğlu isə hansısa institutda elmi işdə çalışırdı, lap yaxşı olmasa da, pis də dolanmırdı. Və hərəsi bir partiyanın – vəzifədə olanı iqtidar, elmlə məşğul olanı isə müxalif partiyanın üzvləri idi. Amma, camaat bilmirdi ki, oğulları hərdən atalarının yanında dolanışığın çətinliyindən, məvaciblərini çatdıra bilmədiklərindən gileylənib, az qalırdılar evin həyət-bacasından nəsə umsunlar. Hamı görürdü ki, bu uşaqlar ildə, bir dəfə də olsa, ata-anasını yada salırdılar. Oğlanları gələndə öz uşaqlarını da gətirirdilər. Nədənsə gəlinlər görünməzdilər. Orda-burda söhbətlərdə söz düşəndə deyirdilər ki, gəlinlər şəhərli qızıdırlar, ataları da varlıdır, kənddəki şəraiti, qayınata-qayınananı bəyənmədikləri üçün gəlmirlər.. 
Səsə Fəti kişigil də gələnlərin qarşısına çıxmışdılar. Atasından bir qarış alçaq, həm də qat-qat yoğun olan kiçik oğul “Toyato”dan düşən kimi qucaqladı atasını, o üzündən, bu üzündən öpdü. Sonra da o biri eynən belə görüşdü...
Alatoranlıq olsa da, qonşular gördülər ki, Fətinin uşaqları necə mehribandır. Çox çəkmədi həyətdə toyuq qaqqıltısı, qoyun mələrtisi səsləri də gəldi. Manqal tüstüləndi, kabab iyi ətrafı bürüdü. Gecə keçənədək Fətinin işığı sönmədi...
Səhər o başdan mal-qaranı naxıra sürən adamlar kəndin xəbər dağarcığı Səbinə arvadın da- nışdıqlarına xüsusi həvəslə qulaq asırdılar:
-Bax, bacı, - Səbinə arvad yanındakı qadınlardan birinə danışırdı, - ataları üçün şlyapadan, pencəkdən ayyaqqabıyadək  hər şey, anasıyçün cürbəcür paltarlar, jaketlər, baş yaylığı, ayağı qırçınlı yubkalar gətiriblər. Hamısı da “modnı”. Kim deyir ki, gəlinlərin geyilmiş paltarlarıdı, yalan sözdü, paxıllıqdandı... 
Qulaq asan qadınlardan birisi qımışıb, nəsə demək istədi. Səbinə arvad tez onu qabaqladı:
-Şəhərdə, bazarda olan odu da, qoca arvada “zakaz” tikdirməyəcəkdilər ki! Bir həftədən sonra Novruzdur, gəliblər ki, qabaqcadan bayramlaşsınlar.
Eşidənlərin çoxu Fəti kişiyə qibtə edirdi.
Günortaya yaxın Fəti kişinin həyətindən arxa hissəsi kənd sovqatı ilə yüklənmiş maşınlar ağır-ağır çıxıb üzü şəhərə yollandılar.
Poçtun qarşısındakı geniş meydanda söhbətləşən adamlara da elə gəlirdi ki, bu gün Fəti kişinin adi, balaca yapalaq evi sanbalı ilə kəndin digər evlərindən xeyli fərqlənir. Maşınlar uzaqlaşdıqca söhbət Fətinin ömür boyu zəhmətkeş olmasından, uşaqlarının valideyn qədrini bilmələrindən, fərasətliliyindən, dövrə uyğun müasirliliyindən, hətta gətirdikləri paydan da gedirdi. Deyəsən, Səbinə arvadın dəqiq, qərəzsiz “məlumatlarından” bütün kənd xəbərdar idi. Söhbətin dadı itməmiş, az sonra bir qədər aralı olan Fətinin həyətindən üzü bəri meydana tərəf gələn adamı görəndə, hamı səsini kəsib yaxınlaşana  diqqət etdi.
Həmin adamın başında kənarları qatlanmış şlyapa, əynində böyük və nimdaş olduğu aşkar bilinən, bədəninə  uyğun gəlməyən kostyum, keçmiş dəbli girdəburun ayaqqabısından hündürdə qalan şalvar vardı. Yalnız əlindəki naxırçı ağacından onun Fəti olmasını təxmin etmək mümkün idi. Fətinin yeni qiyafəsini seyr etdikcə adamlar heyrətdən döyükmüşdülər. Bu oğlanlarının ataları üçün gətirdikləri “çemodan-çemodan” Novruz payının sıradan bir dəsti idi...
Kimsə dinmirdi. Baxanların bir çoxu isə onun təzə geyimindən gözünü çəkməyib gülümsəyə-gülümsəyə düşünürdülər: ”Bəxtəvər Fəti, görmədiyi günlərini görür, ölənəcən bəsidi, geyinib keyf eləyəcək özüyçün...”
 

Комментариев нет:

Отправить комментарий