11.03.2012

SÜNNİ-ŞİƏ TƏRİQƏTLƏRİNİN YARANMA TARİXİ -3

 Cabbar Məmmədov

(Material heç bir təriqətin mövqeyinə üstünlük verilməyərək, Ərəb və Yaxın Şərq tarixinə dair real tarixi ədəbiyyatlar əsasında hazırlanıb. Hadisələrə fərqli təriqətlərin münasibətini dəqiqləşdirmək üçün Türkiyə və İran din alimlərinin əsərlərindən istifadə olunub).


Şiəlik təriqətinin əsas məzmunu nədən ibarətdir?
Sünni və Şiə təriqətləri arasında başlıca fərq imamlara, hədislərə və bir də, bir sıra İslam nüanslarına fərqli münasibətdən ibarətdir.
İlk əvvəl İmamlar məsələsi barədə.

Çoxları belə güman edir ki, hansısa döyüşdə 12 müqəddəs şəxs olub və onlar din uğrunda kafirlərlə vuruşub və həlak olublar. Əslində isə bu düzgün deyil.
Sünni və digər təriqətlərin təliminə görə din sahəsində avtoritet olan istənilən şəxs imam statusu ala bilər və bunun üçün bəzi xırda şərtlər var.
Lakin Şiəlik təriqətində «imam» məfhumuna fərqli məna verilir. Burada o, Peyğəmbərə bərabər, bəzən hətta ondan da üstün olan mifik bir obraz kimi qavranılır. Özü də Şiəlik təriqətinin iddiasına görə, imamlıq statusuna müstəsna olaraq Hz.Əli (ə.s.) nəslindən olan şəxslər layiq ola bilər. Lakin heç də hamısı yox. Belə ki, Hz.Əlinin (ə.s.) övladlarının və nəvə-nəticəsinin sayı 12 yox, əslinə qalsa 10 minlərlə, bəlkə də 100 minlərlədir və bugünə qədər də, dünyanın hər yerində Hz.Əli (ə.s.) nəslindən olan şəxslər yaşayır. Lakin onlara imam yox, seyid, şərif və s. deyirlər. «İmam» adı isə öz dövründə o şəxslərə verilib ki, onlar Şiəlik təriqətinin yayılması üçün qılıncla və ya qələmlə real fəaliyyət göstəriblər. Məhz bu məsələ də fərqli şiə məzhəbləri arasında fikir ixtilafı yaradıb.
İlk əvvəl imamların sayı barədə: Deyildiyi kimi, imamların sayı yalnız İran və Azərbaycanda, yəni şiəliyin imamilik qolunun yayıldığı ölkələrdə 12 qəbul olunur (Burada bəzi simvoliklik də var, belə ki, məsələn, xaçpərəstlikdə 12 həvari olduğu, yəhudilərin 12 qövmə bölünməsi burada nəsə rol oynayıb). Digər ölkələrdə, yəni Şiəliyin başqa qollarının yayıldığı ölkələrdə imamların sayı heç də 12 qəbul olunmur.
Bu məsələ ilə əlaqədar bir qədər ətraflı.
Məlum olduğu kimi Hz.Əlinin (ə.s.) 8 (və ya 9) arvadı olub ki, onlardan da 14 (yaxud 18) oğlu, 19 (yaxud 17) qızı dünyaya gəlib. İmam Həsən və İmam Hüseyn onun Peyğəmbər s.-ın qızı Fatimədən dünyaya gələn övladlarıdır. Şiəliyin Azərbaycanda və İranda yayılan imamilik qolu Hz.Əlinin (ə.s.) kiçik oğlu imam Hüseynin nəslindən olan şəxsləri imam hesab edir. İmam Həsənin və Hz.Əlinin (ə.s.) digər övladlarının nəvə-nəticəsi imamlığa münasib bilinmir (baxmayaraq ki, İmam Həsənin 100-dən artıq arvadı və onlardan xeyli övladı olub). Əksinə, şiəliyin digər ölkələrdə yayılan qolları Hz.Əlinin (ə.s.) digər övladlarının nəslindən olan şəxsləri imam hesab edirlər. O cümlədən, şiəliyin, əsasən Şimali Afrikada yayılan İdrisilik məzhəbi – imam Həsənin nəslindən olan şəxsləri, Qeysəniyyə məzhəbi – Hz.Əlinin (ə.s.) üçüncü oğlu Məhəmməd ibn əl-Hənəfiyyənin nəslindən olanları imam hesab edir.
Lakin bu da hələ hamısı deyil.
Deyildiyi kimi, imam Hüseynin nəslindən olan şəxslərin sayı 12 deyil, bəlkə də, 10 minlərlədir. Lakin bunlardan yalnız seçmə 12-si imam hesab edilir. Amma yenə də, heç də «imam»lığa imam Həsən nəslini layiq bilən bütün şiə məzhəblərində yox. Yəni, məsələn, Yəmən, Səudiyyə Ərəbistanı və Pakistanda yayılan İsmailik məzhəbi, Azərbaycanda və İranda qəbul olunan 12 imamdan yalnız 6-sını, yəni Cəfər əs-Sadiqə qədər olanları qəbul edir, ondan sonrakıları yox. Belə ki, həmin xətt Cəfər əs-Sadiqin kiçik oğlu Museyi-Kazimi deyil, onun böyük oğlu İsmaili və onun nəslindən gələnləri imam qəbul edir. Beləliklə, həmin məzhəb Museyi Kazimi və ondan sonra olan imamları imam kimi qəbul etmir. Digər şiə məzhəbi – əsasən Yəməndə yayılan Zeydilik isə yalnız 12 imamdan 4-ünü, yəni Məhəmməd əl-Bakirə qədər olanları qəbul edir, 5-ci imam yerində Məhəmməd əl-Bakiri yox, onun qardaşı Zeydi, qalan imamlar yerində isə onun nəslindən olanları qəbul edir.
Bu barədə bu qədər. İndi isə daha bir vacib nüans barədə.
Şiə və Sünni təriqətləri arasında başlıca fərqlərdən biri də hədislərə münasibətdən ibarətdir. Belə ki, Sünni təriqəti müstəsna olaraq əhli-beytin dilindən səslənən hədisləri mötəbər hesab edir və onlarla hesablaşır. Şiəlik təriqəti isə özünün mötəbər hesab etdiyi daha bir sıra müəlliflərin hədislərini də mötəbər qəbul edir və şəri məsələlərdə nəzərə alır. Həmin bu müəlliflərsə təbii ki, hz.Əli və onun nəslini ilahiləşdirənlərdir.
Bundan savayı daha bir sıra xırda fərqlər barədə.
Sünnilər Hz.Əlini (ə.s.) də digər xəlifələrlə eyni gözdə görürlər və ona hər hansı əlavə «ilahilik» yazmaqdan imtina edirlər. Onların təsəvvürünə görə, Hz.Əli (ə.s.) İslamın bərqərar olmasında və yayılmasında böyük rolu olan, çox savadlı bir adam olub, özü də əksər döyüşlərdə Peyğəmbər s.-ı müşayiət edib. Lakin bununla belə, Hz.Əbubəkr, Hz.Ömər, Hz.Osman, Həmzə və başqalarının da İslam tarixində rolu ondan heç də az deyil və bunlardan hər hansı biri olmasaydı İslam tarixi başqa formada cərəyan edərdi. Məsələn, Hz.Əbubəkr İslamı ilk qəbul edən şəxslərdəndir və müsəlmanlar Mədinəyə hicrət edənə qədər onlara güclü maliyyə yardımı göstərib. Sonradan onun yardımlarının təzə-təzə formalaşan İslam üçün rolu böyük olub. İslamın ilk mərhələdə Məkkədə çox böyük sürətlə yayılmasının əsas səbəblərindən biri isə hicrətin altıncı ilində (miladi 616-cı ildə) Hz.Ömərin İslamı qəbul etməsidir. Çünki, böyük nüfuz sahibi olan Hz.Ömərdən sonra, artıq Məhəmməd (s.) islam dinini burada açıq yaymaqdan çəkinmədi və Hz.Ömərin tərəfdarları kütləvi şəkildə İslamı qəbul etdilər. Bir sözlə, onların hər biri bacardığı formada İslama fayda verib: biri malı ilə, digəri nüfuzu ilə, üçüncüsü qüvvəsi ilə və s. Burada Hz.Əli (ə.s.) onlardan nə az, nə də çox rolu olmayan bir şəxsdir. Bu sünnilərin arqumentidir.
Şiəlik təriqəti nümayəndələrisə məsələni başqa cür qoyurlar. Onların iddiasına görə, Peyğəmbər salavatullah bütün formalarda maraqlı idi ki, onun əziyyət çəkib qurduğu hakimiyyət ondan sonra onun kiçik qardaş əvəzi və bütün ömürlərini bir yerdə keçirdiklərindən ideyalarını daha yaxşı dərk edən Hz.Əli ə.s.-a keçsin. Peyğəmbər (s.), hətta sağlığında bir neçə yerdə bu istəyini açıq bəyan etmişdi də. Lakin Əbubəkr, Ömər və xəlifəliyə iddialı digər nüfuzlu şəxslərin qıcıqlanaraq, öz sosial bazasını islamdan ayırıb, müxalifətə keçirməməsi üçün,  bu məsələdə həmişə ehtiyatlı olub, vəsiyyətini də, açıq və birmənalı bəyan etməyib.  Şiələr ölüm anında Peyğəmbər (s.)-ın yanında yeganə olaraq Əbubəkrin qızı olan Ayişənin qalması faktını da, məsələni həmişəlik dolaşdıran məqamlardan hesab edirlər. Belə ki, onların ehtimalına görə, həmin anda Peyğəmbər (s.)-ın Hz.Əli xeyrinə nəsə vəsiyyətlər etməsi mümkün idi, lakin Aişə bu vəsiyyəti özünün və öz atasının xeyrinə saxtalaşdırdı. Belə ki, Aişə ölüm anında Peyğəmbər (s.)-ın yalnız onun atası Əbubəkr barədə fikirlər söylədiyini bildirdi ki, bu da sonradan Əbubəkrin xəlifə seçilməsində rəylərə təsir etdi. Şiələr Əbubəkri mahir siyasi oyunbaz hesab edirlər. Onların iddiasına görə, Əbubəkr əqidəsinə görə deyil, maraqlarına görə islamı qəbul edib və dəstək verib. Belə ki, o, Qüreyş tayfasında əbu-Süfyanla eyni statusa və nüfuza malik olmasına baxmayaraq, hakimiyyət payının eyni nəsildən olan ona yox, əbu-Süfyana çatması, həmçinin Əbu-Süfyanın Əbu-Bəkr də daxil olmaqla, digər nüfuzlu qohumlara qarşı müəyyən təkəbbürlü münasibət göstərməsi, Əbubəkri qane etmirdi və onda çoxdan gizli ədavət və iddialar yaratmışdı. Məhz bu gizli ambisiyadan irəli gələrək də o, təkcə Məhəmməd (s.)-a deyil, Əbu-Süfyana müxalif olan hər bir kəsə gizlicə yardımlar göstərir, dəstək verirdi. Peyğəmbər (s.) hakimiyyətə gələndən sonra Əbubəkrin öz 9 yaşlı qızı Aişəni tez-tələsik ona ərə verməsi faktını da, şiələr siyasi gediş adlandırırlar. İddia edirlər ki, bununla o, əvvəla – özünün siyasi perspektivini sığortalayıb, gələcək xəlifəliyə yolunu açmış, ikincisi isə – qızı vasitəsilə Peyğəmbər (s.)-a təsir və kəşfiyyat imkanı əldə etmişdi. Bəzi radikallar hətta Peyğəmbər (s.)-ın Aişənin əli ilə tədriclə zəhərləndirilib öldürüldüyünü iddia edirlər. Sünnilər və digər təriqətlərsə, təbii ki, bütün bunları, arxasında real sübutların dayanmadığı boş uydurmalar adlandırırlar. Şiələr eyni xarakteristikanı Ömər və daha bir neçə şəxsə də aid edirlər. Onlarla müqayisədə Hz.Əlinin daha pak və həqiqi müsəlman olmasını göstərmək üçün ona əsatirlər, miflər qoşur, onun əlahiddə ilahi qabiliyyətlərə malik olması və Allahın ona da, Peyğəmbər s.-a bərabər diqqət göstərməsi barədə hədislər yaradırlar. Digər təriqətlərsə, bütün bunlara əsasən şiələri xürafata inanmaqda, nağıllar dünyasında yaşamaqda, və islamın qəti qadağan etdiyi şəxsiyyətə pərəstişi yayamaqda suçlandırırlar.
Hakimiyyət məsələsində sünnilər demokratik seçki, Şiələrsə avtoritar sülalə prinsipini əsas götürürlər. Yəni, Şiələrə görə, xəlifəlik istisnasız olaraq Məhəmməd nəslindən olan şəxslərə keçməlidir və imamların rolunun din tarixində ifrat şişirdilməsi də, həmin bu tezislə bağlıdır. Sünnilərə görəsə, burada «genetik kod» məsələsi heç bir rol oynamır.
«Siğə» də şiəliklə əlaqədar bir məsələdir. «Siğə» İslamdan əvvəl Ərəbistanda geniş yayılmış bir bütpərəst adəti idi. Quranda onun lehinə və əleyhinə heç bir söz deyilmir. Əksinə, uzun döyüşlərdə ailəsindən uzaq düşmüş döyüşçü kişilərin siğə yolu ilə yadelli qadınla müvəqqəti ailə qurması Hz.Ömərə qədər normal hesab edilmişdi. Lakin Hz.Ömər digər bütpərəstlik adəti kimi onu da xüsusi fərmanla xilafətdə qadağan etdi. Ancaq Şiələr Hz.Öməri qanuni xəlifə hesab etmədiklərindən fərmanını da əsassız sayırlar və indiyəcən də saymaqdadırlar.
Bu və digər bu kimi faktorların, eləcə də sadalanan tarixi gedişatların sayəsində Şiəlik bu günkü İslamın altı əsas qolundan (sünnilik, şiəlik, xaricilik, mütəzəllit, sufilik, mürciit) birinə çevrildi və hazırda dünya müsəlmanlarının on bir faizi bu təriqətə etiqad edir. Heç bir təriqətə bölünməyib, Quranı heç bir təfsirdə deyil, məhz Peyğəmbər s.-ın öz təfsirində qəbul edənlərsə sünnilər adlanmağa başladılar və buna görə də bu təriqətin heç bir banisi yoxdur.
Qeyd olunmalıdır ki, şiəlik islama çox böyük dinamiklik gətirən bir təriqət oldu, belə ki, digər təriqətlər məhz onun sayəsində bir nöqtədə dayanmaqdan çıxıb, daim daxildən öz-özünü təkmilləşdirən bir sistemə çevrildilər və bu gün xarici ölkələrdə əhalinin kütləvi surətdə islamı qəbul etməsində də, İranın güclü ideoloji rolu danılmazdır.
Sonda çox vacib olan bir məsələ barədə: bütün bu təriqətlər və məzhəblər arasında ən doğru olanı hansıdır? Biz bu sualı Ağdaş-Zərdab tərəflərdə hörmətli din xadimi kimi tanınan və oranın Ləki zonasında baş molla olan Molla Rasul babadan eşitdiyimiz sözlərlə də cavablandırırıq: «vacib olanı Allahın ətəyindən tutmaqdır, hansı tərəfdən və necə tutmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bütün təriqətlər Qurana əsaslanır və hamısı da, Allahı daha yaxşı dərk etmək məqsədi daşıyır. Peyğəmbər ailəsinin faciəsi isə bütövlükdə İslamın tarixinə aid bir məsələdir və təriqətindən asılı olmayaraq bütün müsəlmanları ağrıdan bir hadisədir».

c.m.mamedov@mail.ru                                 Son

Комментариев нет:

Отправить комментарий