11.03.2012

Şəxsiyyətin qiyməti




Ülvi Məmmədli 
Professional Oxucu Liqası

Bizə öyrədilənlərin heç vaxt nəzəriyyəsi ilə əməliyyəsi uyğun gəlməyib

 Bu yaxınlarda mətbuat iki tanınmış adamın məhkəmədə qarşılıqlı iddia qaldırmasından yazmışdı. Hərəsi də şərəf və ləyaqətlərinin, şəxsiyyətlərinin tapdalanmasını və buna görə kompensasiya ödənilməsini tələb edirdilər. Qəribəsi isə bu idi ki, işə iki məhkəmədə baxılmışdı və hər məhkəmə bunların şəxsiyyətlərinə başqa-başqa qiymətlər qoymuşdu. Bunların hər ikisinə antipatiyam var, məhkəmə hakiminə məktub yazıb soruşmaq istəyirəm ki, bunların şəxsiyyətlərinin aşağı yeri varmı və cəriməni kreditlə ödəmək olarmı?

 Məni qınamayın, əgər "bazar iqtisadiyyatı" şəraitində yaşayırıqsa, insanın ürəyini, böyrəyini və başqa orqanlarını konkret qiymətə alıb-satırlar, insan alveri bütün dünyada ən gəlirli alverlərdən biri sayılırsa, niyə şəxsiyyətin qiymətindən danışmaq ədəbsizlik sayılsın, hə?
 Məhkəmədə meyar kimi hansı keyfiyyətlər götürülsün? Adamın yaşı, təhsili, vəzifəsi, nəsil-şəcərəsi, kabinetinin iriliyi, maaşı və gəlirlərinin miqdarı, cəmiyyət arasında hörmət-izzəti, bədən parametrləri, gücü... Doğrudan da çətin problemdir. İllah da ki, şəxsiyyətin qiymətini pulla müəyyənləşdirmək istəyələr. Koroğlu Həmzəyə yalvarırdı ki, barı Qıratın qiymətini bil, "səksən min ilxıya, sürüyə dəyişmə!". İndi adamın qiymətini necə müəyyənləşdirmək olar?
 Avropa standartları ilə də müəyyənləşdirmək olar, amma maaşlar o standartlarla verilmir axı.
 Necə bilirsiniz, "hipotetik" olsa da, şəxsiyyətin qiymətini necə müəyyən etməli? Bazar iqtisadiyyatı deyil? Hər şeyin qiyməti yoxdur? Deməli, şəxsiyyətin də qiyməti olmalıdır, düzdü?
 Bilirəm, deyəcəksiniz ki, lap qədimdən şəxsiyyət, onun dəyəri və başqa keyfiyyətləri haqda fəlsəfə, sosiologiya, psixologiya və digər elmlərin tədqiqat obyekti məhz bu mövzular olmuşdur. Və sair və ilaxir cəfəngiyyatlar. Amma biz indiki şəraitdə, bazar nəzər-nöqtəsindən baxırıq və görürük ki, bu elmlərin öyrətdikləri ya bizi qane eləmir, ya da öz qiymətimizi bilmirik. Niyə mənasız adlandırıram? Çünki bizə öyrədilənlərin heç vaxt nəzəriyyəsi ilə əməliyyəsi uyğun gəlməyib. Fikir vermisizsə, bir şeyin çox qiymətli, baha olduğu zamanda çox ucuz olmasını bildirəndə "qiymətsiz" sözünü işlədirik. Şəxsiyyətin qiyməti də bu "qiymətsiz" ölçüdədir. Kimin üçün qiymətsiz, kimisinə qiymətli, ümumidə heç nə kimi qəbul edilir, qiymətləndirilir.

Комментариев нет:

Отправить комментарий