03.03.2012

Sel səni basdı!


İbrahim  Sel
Professional Oxucu Liqası

Əlzada Nurinin “Şeirlə dolu yəhər”i üzərində ədəbiyyat söhbətləri

III söhbət: Doğrudanmı biz Əlzada Nurinin karyerasını korlamışıq?

 Düzü, Əlzada həmin kitabı oxumağa mənə verməmişdi. Heç tanış yazarlardan da heç kimi öz “Şeirlə dolu yəhər”i ilə şərəfləndirməmişdi. Bu dəfə nədənsə kitabını idarə və müəssisələrə paylamışdı. 

Bir cür bir təhər həmin kitabı əldə edib oxumaq şərəfinə nail olduq. Daha doğrusu çayxanada rastlaşdığımız yerli məmurlardan birindən istədik, verdi. Hətta deyəsən bu “qiymətli” əsəri başından elədiyi üçün sevindi də: “Mazg eləyiblər gic-gic kitabları ilə!”- beləcə də dedi. 
 Böyük hərflə SÖZə sayğımız var o mənada ki azad istəklərin təcəssümü deməkdir; mən- Oxucu bədii əsərdən ilk növbədə istə(di)klərimi gözləyirəm, anmadığım-qanmadığım-sanmadığımı arayıb-axtarıram bədii mətndə. Aydınlıq üçün deyim ki, Salam Sarvanı, Etimad Başkeçidi, Oktay Hacımusalını dünyalar qədər sevirəm, onların kitabxanamdakı, saytlarıma yerləşdirdiyim şeirlərini tez-tez də olmasa, heç olmasa iki-üç ayda bir dəfə açıb təkrarən oxuyuram. Çünki həzz aparıram! Rahatlıq duyur və ruh sakitçiliyi tapıram.
 Yox əgər görsəm ki anıb da, qanıb da, sandıqlarımı şair təkrar-təkrar diqqətimə yönəldir, üstəlik ölçü-hesab bilmədən: sən niyə beləsən, niyə mənim yediyimi yemirsən?- niyə deyib, elə hey xirtdəyimdən yapışır, xətrimə dəyməyə çalışır, mazgimi aparır, bu halda mənim də ondan vaz (Hüsamə bin Sərxan demişkən: vız) keçmək, imtina səlahiyyətim-azadlığım var. Zira: Mütaliə diktəni sevmir.
 Vaz keçəmədim, amma götürüb həmin kitab haqda bir tənqid də cızmaqaraladım. Eşitdim ki yazdıqlarımı oxuyub əsəbləşib, haqqımda satirik bir şeir yazıb. Emosional şiddət, (təkrarlamaq istəməzdim) Adam olmaq və olmamaq barədə saysız-hesabsız affektlər, tənqid edənlərin ünvanına molla fərzulla sayağı deklamasiyalar, lənət və qarğışlar,- dərininə təsvirdənsə Allahın yox olduğu ərazilərin təkrar-təkrar tirajlanması məhz savadsızlığın, qələmin gücsüzlüyünün, əlacsızlığının (və deqredasiyanın aşkar təpkisinin) təzahürüdür. Bəzi tanışlarımızdan fərqli olaraq mən bunu müəllifin “çatışmayan istedadı”, “düzəldilməsi gərək olan cəhəti” yox, konkret- savadsızlığı hesab edirəm. Və yanılmıram. Eşiməmiş olmazsınız. Deyir aşığın sözü qurtaranda neynim neynim deyər. Hər yazarın bir üslubu var, amma Əlzadanın nəninki üslubu, heç yazısı da yoxdur! O yalnız şeir yaza bilir!  
 Yazarın iç üzü məhz onu tənqid eləyəndə açılır. Məntiqin yeridiyi yerlərdə ibtidai icma qanunları işləmir, Əlzada! Amma bu meydanı açarkən, sənin də cavab haqqına (əgər varsa) yer saxlamışıq. Haqqında yazılar verdiyim qəzetlər “Qarşı tərəfin də fikrinə yer ayırmağa hazırıq” yazmaqdan yorulub. Deməyə SÖZün varmı? Yoxsa yenə də bayatı deyib bizə qarğış tökəcəksən?! Şeir girmir- XVI əsr arxada qaldı, Əlzada! Özünü Mazandaran aşığı gününə qoymaq yersizdir.
Müasir nəsrimizdə ədəbi fikir, sən istəsən də istəməsən də gerçəkliyin dalınca sürünür, onun arxa planındadır, onu həzm edə, bütün fəsadları ilə qavrayıb malik olduğu qəlibin içində həll edə bilmir. Sən o yazdığın satirik (guya) şeiri ümumi tanışlarımıza oxumuşdun, şansın şəksiz ki nifrət oyandırmağa çalışdığın SEL idi. Nəticədə necə bir cahanşümul mənzərə alındı, hə?! SEL səni basdı! Sənin kimi çör-çöplər olan yerlərə SELin qəfil gəlişi bəzilərini hətta çaşdırır da! Amma ədəbiyyat adamlarımıza, dəyərli yazı-pozu dostlarımıza mahiyyət aydındır.
 Əlzadanurilərin ədabazlığı, lovğalığı, tənqidə dözümsüzlüyü, ədəbiyyatdan (və etikadan!) kənar hoqqabazlıqları biz yazarların hər gün müşahidə etdiyimiz epizodlardır. Bunların hamısı acı gerçəklikdir. Onun barəsində yazdıqlarım əslində ədəbi xronikadır, mahiyyətə varan yazar yoldaşlar yəqin ki dediklərimi təsdiq edərlər. Niyə azın elitarlığı çoxun naqisliyində əriyib məhv olmalıdır? Sən həqiqi yaradıcı şəxsənsə və tənqidə münasibət bildirmək istəyirsənsə, deyəcəyin söz- bildiklərimizi bizə bir daha xatırlatmaqdan ibarət olmamalıdır. Çayxana və pivnoylarda SEL haqqında qarğış janrında qoşma-bayatı oxumaq- “Xarakirinin Əlzada növü” bax elə buna deyərlər! Sən öz savadsızlığını elə burda açırsan və yazdıqlarımızı dolayısı yolla təsdiq edirsən! Mənim əlimə oynayırsan. Sənin mənə deyəcəyin söz detallarla, bədii həll üsulları ilə aşağısı-aşağısı köşə yazısı, yaxud adi esse şəklində olmalı idi. Necə də olsa, ayıbdır, o boyda (a)yebenin üzvüsən, 14-ə yaxın kitab və ksereokopiyan çıxıb. Bəs onda yas mollası ilə səndə nə fərq oldu ki?
 Ancaq paradoks odur ki, indi bəzi şeirlərimiz köşələrdən daha maraqlı alınır! Məsələn, keçən dəfə sənə yazdığım bu şeir kimi:
 
Dərdi-hicran belini qatdadı, ay Əlzada,
Doğmadı gün, bağırın çatdadı, ay Əlzada.
Girmiş idin bağa SÜBHdən, sulıyırdun baği,
Bir də gördün şlanq əndə partdadı, ay Əlzada.

 Şair bir misrası ilə də ədəbiyyat tarixində şair kimi qala bilər. Yetər ki o bir misra həqiqətən şeir olsun. Oxucular arasında yayğın bir sorğu var: “Əgər səncə, filankəs yaxşı şairdirsə, ondan bir bənd şeir de! Görürsənmi, bircə dənə də misrası yoxdur”. Məsələn, Səməd Vurğunun “El bilir ki sən mənimsən”, Şəhriyarın “Heydərbaba dağlar yenə dumandı” kimi hamının əzbər bildiyi məşhur misraları var. Bu da mənim misralarımdır. Əsərlərə konsepsiyasına görə deyil, ayrı-ayrı cümlələrin estetikasına görə qiymət verənlər üçün Əlzadanın “Şeirlə dolu yəhər”ində nəinki orijinal bir bənd, hətta dişə sürtəsi misra belə yoxdur. Əlzadanın yazdığı şeir tarixdə qalmayacaq. Ancaq inanıram ki, mənim yazdığım təkcə bu bir bənd dillər əzbəri olacaq. Özü də bilir.
 Hər kəsin ədəbiyyata gəlməyi bir təsadüflə bağlı olur. Bu təsadüflər xoş da ola bilir, ürəkaçmayan da. Bəzən çoxdan bəri ədəbiyyatda olan bir yazarın hansısa yazısını oxuyursan və təəssüflənirsən ki nədən bu vaxta qədər bu müəllifi izləməmişəm, oxumamışam? Çox vaxt da illərdən bəri ədəbiyyatda gücənən, xüsusən də poeziya bostanında külüng çalan və beləcə ömrünü bada verən birinin yazıları ilə qarşılaşırsan və düşünürsən ki bəlkə də bu adamdan yaxşı ayaqqabıçı çıxardı, dərzi çıxardı, pəhləvan çıxardı, niyə özünə zülüm eləyib bu yolu tütüb axı? Bax, beləsinin ədəbiyyata gəlməyi pis təsadüfdür.
 Şeir yazmaq üçün istedad da yetərli deyil. Şairlik ilhamının xəmirini zəhmət təri ilə yoğurmasan, ona elm ədviyyatı və iman mayası qatmasan, yazdığın- söz, dediyin- şeir, özün də şair ola bilməzsən.
 Hörmətli oxucular və Əlzadanın məni hər dəfə onunla hədələdiyi möhtərəm hakim! Bu adamda dərin düşüncə yoxdur, mühakimə birtərəflidir, mənəvi aləmindən plüralizm qeybə çəkilib. Mühakimə birbaşa səciyyə daşıdığından yazdığım ən doğru fikirləri belə dərhal ehkam rənginə bürüyür. Belə olduğu üçündür ki, yaradıcılığına azca tənqidi yanaşanı belə qəbul etmək istəmir, yaxşılığına deyəni də düşmən qismində görür.
 Mənim kimsəylə davam yoxdur. Olsa da bu, yorğan davası deyil. Ayağımı yorğanıma görə uzadıb, başımı aşağı salıb həyatımla məşğulam. Nə qədər dünya sağdır, boş kəllələr də olacaq, daş ürəklər də. Belə adamların əsl yazarları necə dəhşətə gətirdiyi veclərinə deyil onsuz da. Belə olmasaydı, öz kitabını məmurlara yox, yazar dostlarına və oxuculara paylayardı. Sona yaxın yenə əvvəlki fikrimə qayıdıram. Adam özü öz fikrinə istinad edəndə maraqlı hiss yaşayır. “Kiminsə faciəsi səni yandırırsa bu daha çox sənin dəhşətindir”. Başqa məsələ. Əgər əlimizdən yaxşı olmaq gəlirsə, niyə olmayaq? Bundan boşalıb rahatlanırıqsa, kiməsə yararlı olmaqdan xoşhallanırıqsa, niyə olmasın? Əgər etdiyin yaxşılıqdan özün zövq ala bilmirsən, sevinmirsənsə onda bu hərəkətin səbəbi və adı nədir? Nədir bu jestin arxasında dayanan məqsəd? Heç kim deməz ki, “mən ömründə bir dəfə də yaxşılıq etməmişəm”. Amma pislik etməmişəm deyən tapılar. Çoxdur yalançı yaxşılar. Məncə həqiqi dəhşətə gəlib çatdım. Hötenin sözü olmasın. “Özünü ağıllı kimi qələmə verən səfehdən təhlükəli adam yoxdur”. Bu fikri yazıma tətbiq edərək ürəklə deyirəm. Özünü yaxşı kimi qələmə verən pisdən təhlükəli adam yoxdur. Ağıllı, ya da yaxşı görünməyə çalışsaq da, kimdə nə dərəcədə alınır və nə qədərdir- bu reallığın gözündən yayınmaz. Boş, ya dolu kəllə, daş, ya pambıq ürək qrimdən çıxacaq istənilən halda. “Mən kiməm” sualına ətrafdan eşitmədən öncə özümüz cavab tapsaq, həqiqi dəhşətimizin yarısını qət edərik. Mənə belə gəlir! Entropiya.
 Andre Moruanın karyera hekayəsindəki baş qəhrəman Şalon kifayət qədər ədəbi bilgilərin təhlili və tənqidi ilə özünə yaşadığı cəmiyyətdə hörmət, ad-san qazanır. Hətta şöhrəti o yerə çatır ki, onu hamı yazıçı kimi qəbul etməyə başlayır. Nəhayətdə kübar cəmiyyətin özünü xeyriyyəçi kimi göstərməkdən zövq alan qadın nümayəndəsi bu cavana hər cür şərait yaradır ki, roman yazsın. Dostları qadının təşəbbüsünü dəstəkləyərək təxminən bir il bu qiyabi yazıçını tək buraxırlar. Əsərin ilk dinləyiciləri də elə həmin qadın və dostları olur. Şalonun nəinki istedadsızlığı, hətta onun yazmağı qətiyyən bacarmaması faktı hər kəsi dəhşətə gətirir. Lakin heç biri bu kitabın çapını əngəlləməyə cəsarət etmir. Nəhayətdə qiyabi yazıçı Şalon əyani ifşaya uğrayır. Bundan sonra onun ədəbi fikirləri də heç kimə lazım olmur. O, üzünü dostlarına tutaraq deyir: “Siz mənim karyeramı məhv etdiniz”. Həqiqəti özü də bilmədən haqlı olur Şalon.
 Sən həyatın həqiqi üzünü gizlətməklə, həyatla aranda elektrosərhəd yaratmaqla mənəvi problemin fövqündə dayana bilməzsən. Sən batırsan savadsızlıq içində, Əlzada. Nəticədə həyat səni Şalon kimi ifşa edir. Əsl səbəbini bilmirsən və günahı SELdə və postmodernizmdə axtarırsan.
 Uzaqbaşı tamaşa zamanı çoxluğun diqqətini çəkməyən bir məqamda hissə qapılıb bunu əlləri ilə ifadə edən, marağını ovuclarını bir-birinə çırparaq göstərən bir nəfərin alqışına bənzər. Bu anda bütün auditoriya alqış icraçısına tərəf çevrilir və ani olaraq səhnə unudulur. Alqış sahibi kifayət qədər arxayın xarakterli və inamlı olmalıdır ki, hissini ifadə etdiyi üçün hamıdan seçildiyinə və diqqət çəkdiyinə görə sıxılmasın. Bu inam Əlzadada yoxdur. Çünki arxayınçılığın arxasında dayanan savad yoxdur. Tamaşaçılar çevrilir, amma intellektual şair əvəzinə yəhər üstündə oturmuş XVI əsrin molla fərzullasını görürlər. Maraqlıdır ki anında diqqət hədəfi alqışın səbəbi deyil, icraçısı olur. İnanmıram ki üzünü alqış sahibinə çevirərək həmin səhnə məqamından yayınan tamaşaçı məhz o anı izləmək üçün tamaşaya təkrar gəlsin. Sənin zamanın bitdi, Əlzada! İşıqlar söndü, rübablar susdu və böyük sakitlik yarandı.
 Məsələ cəmiyyətdədir. Ya da “cəm” niyyətdədir. Cəm niyyət alqışına qatılmırsa sən çırtmaqçıya, çəpikçiyə çevrilməmək üçün əllərini yanında saxlamalı olursan. Dahilər yüz ildə bir doğulur. Dahilər bir-birinin alqışına səs verirlər. Müharibələr davam etsə belə. Dünya qloballaşıb cəm niyyət yaratmaq istəyir! Kollektivləşib (cəmləşib) ayrı-ayrılıqda yaşamaqdan, cəmiyyətlər olmaqdan bir şey çıxmadı düşünür. Artıq təfəkkür sərhədlərini yığışdırıb bir-birinə qarışmaq lazımdır qənaətinə gəlib Oxucu. Sənə artıq ehtiyac yoxdur. Pərdələr enir. Kompüterimin zaryadkası qutarır. Mən getdim! Yerişini düzəlt. Sulu yeməyinə də fikir ver.
avatar 
Gələn saylarımızda oxuyun: “Ayıb deyil, Əlzada müəllim? O nə klipdir çəkdirmisən? Biz bəgəm şoumenik?”

Комментариев нет:

Отправить комментарий