Aliya Əsədova
YOLLAR BÜRÜYÜB MƏNİ
Yol gedəcəm,
yolum yollardan keçə-keçə
hərdən qarışdırıb
hərdən də
sağı-solu seçə-seçə
gedəcəm.
Bu həftə də çox incitdilər məni,
bilirəm, gözləyirsən açım deyim
deyim deyəcəyimsən deyə
ağırlı-yüngüllü hamını
gəlib-gedən yollarda
gəlib-gedənlərin bilirsən
sayını, hesabını
haqqını-qədərini,
nə savaba qıymısan
nə günaha yazmısan,
verib-artıranı da
alıb-götürəni də
bilə-bilə keçmisən.
Yollar bürüyüb məni,
mən səndən keçən kimi
sən də məndən keçmisən,
mən səni seçən kimi
sən də məni seçmisən.
ƏLİM GƏLMİR
Götür-qoy elədim
sən deyən kimi,
bilirsən nə qədər
yormuşam başımı
fikirləşməkdən ,
nəticəsi də bu olub; -
əlimdən gəlir,
amma səninçün etməyə
əlim gəlmir.
GECİKDİKLƏRİM, TƏLƏSDİKLƏRİM
Ümidi yığılmış soyuqların
üstünə çəkilər GECİKDİKLƏRİM,
barmaqlarını qatlaya-qatlaya
hesablaya-hesablaya
xatırlayarkən
dönüb də sağa-sola-
dəyişən, dəyişməyən çevrəyə
baxarkən
bir az gecikər TƏLƏSDİKLƏRİM.
HƏFTƏLƏR
Deyilmək istəyir
açıb söyləmədiklərim
həftənin sıxıb -sıxılan üzündən
o biri üzünə adlayan kimi
danışacaq deyə bilmədiklərim,
deyəcəm nəsə
eşidəcəksən nəsəni,
üstümdən qoparacaq nələrinsə
ağırlığını
həftənin o biri üzü.
Yaman üzə düşəndi bu həftələr.
Üzdən-üzə düşəndi bu həftələr.
Üz-üzünə dəyişəndi bu həftələr.
Danışacaq deyə bilmədiklərim
eşidəcəklər sizdən birinizi ,
ya ONU, ya da SƏNİ,
ya ÜZÜ ya HƏFTƏNİ.
YORĞANIMA
Mənə bürünüb də
sinən yorğanım,
yuxulusanmış hələ,
eh, dünyadan bixəbər...
qulağımı dəlib-deşən
şütüyən maşınların
səsinə oyanır insanlar,
səhərlər....
sənsə....
yatmısan,
hələ də yuxudasan,
mənsə .....
üşüyürəm
gözləyirəm, haçan oyanırsan,
sən yox, mən səni bürümüşəm --
qucaqlamışam.
SƏHRA SAKİNLƏRİ
Qum dənələri
təpə-təpə
yarğan-yarğan
qırmızı, boz ,sarı ...
Qara yel əsməsi-
yenə....yenə
burulğan.
Uzun yol sənələri
üzü günəşə sarı
səhra gəmiləri--
asta-asta, usta-usta
keçir səhra şəhərinin
əbədi sakinləri--
nə qum , nə yel , nə günəş
Keçir dəvə karvanı.
MÜCƏRRƏD
Hissimə hakim bir şey
ağlımın diktəsiylə tutdum o an
fikri,
o bir qapalı,
o bir bağlı
içimdə o qədər boğucu
ata bilsəm başımdan,
bəlkə udqunum?,
bu da heç
asqırım, öskürüm?
ən yaxşısı durum
əl-üzümü yuyum--
başdan -ayağa yuyunum.
Комментариев нет:
Отправить комментарий