İlkin Ağalı
Vallah, deyəsən aləm qarışıb bir-birinə. Hər şey baş-ayaq görünür. Daha doğrusu rəhmətlik Sabirin təbirinicə desək, "hər şey tərsinə dövran edir indi". 2012-ci ilin dünyanın sonu ola biləcəyi ilə bağlı fərziyələri sərsəm bir fikir kimi yaxına buraxmasam da, hər şeyin tərsinə dövran etdiyini görüb, mən də sübhələnməyə başlamışam. Bəlkə elə doğurdan da bu dünyanın axırı çatıb?
İstər dünyada, istər məmləkətdə hara baxırsansa hər şeyi tərsinə görürsən.
Bax elə götürək, dünyada demokratiyanın əzəli daşıyıcılarından biri olan Fransanı. Fransızlar coğrafi məkan baxımından Azərbaycandan uzaq olsalar da, onların Azərbaycan türklərinə simpatiyası, onun məkrli qonşusu olan ermənilərə isə nifrəti doğal hiss kimi görünməli idi. Çünki bu hissi Fransa tarixinin ən böyük simalarından sayılan A.Dümanın elə həmin toplumlar haqqındakı fikirləri aşılamalı idi. Yəni A.Dümanın Cənubi Qafqaza səfəri zamanı müşahidələrinə əsasən bu toplumlar haqqında yazdığı təəssüratlar fransızların onlara münasibətlərini mütləq şəkildə formalaşdırmalı idi. İndi işlərin nə qədər tərsinə dövranıdır ki, fransızlar bu məsələdə tamamilə tərsinə mövqe sərgiləməkdədirlər. A.Dümanın ən riyakar toplum kimi təqdim etdiyi erməniləri rəsmi Fransa o qədər də riyakarlıqla müdafiə edir.
Dünyada işlər nə qədər tərsinə gedir ki, 40 ildən artıq bir ölkəyə rəhbərlik etmiş, ölkənin vətəndaşlarına sivil yaşam gətirmiş bir lideri küçədə tutub bostan oğrusu kimi öldürürlər. Nə onun yaşına, nə uzun müddətlik rəhbərliyinə qara quruş dəyərində qiymət verilmir. 30 ildən artıq başqa bir ölkədə liderlik edəni isə, hakimiyyətdən könüllü getməsini, bütün sərvətini dövlətə verməsini nəzərə almadan, onu ölüm yatağında məhkəməyə gətirib mühakimə edirlər. Onsuz da ömrünün sonlarını yaşayan bir şəxsi ölüm hokmü ilə hədələyirlər.
Gör dünyada işlər nə yerə çatıb ki, dünyaya fironluq edən ABŞ-ın qarşısında Bəşər Əsəd kimi birisi dirsək göstərməklə məşğuldur. Lap bu yerdə dovşanın canavarı qovalaması səhnəsi adamın gözü önündə canlanır.
Deyəsən dünyadakı tərsliklərdən Azərbaycanın payına da əməlli başlı şeylər düşür. Toprağı işğal olunmuş bir məmləkətə bu vəziyyətdən çıxmaq üçün doğal haqqı olan müharibəni yasaqlayan dünya, həm də əvəzində ondan güzəştə getməyi istəyirsə bu lap əndirabadi tərslik olur. Bu rolda dünya birliyi lap uşaq paylayan Əzrayıl rolunda görünür. Bunlar bir yana qalsın, Azərbaycanda keçiriləcək Avropanın mahnı müsabiqəsi zamanı "mavi"lərin parad keçirmək arzusu Azərbaycan üçün tərsinə dövranın əsl sürprizləri ola bilər.
Bir tərəfdən baxanda elə ölkədə də hər şeyin tərsinə dövran etməsini görmək olar. Hökumət nə qədər səy göstərib, özünü yorsa da andıra qalmış korrupsiya zəifləməkdənsə bir qədər də çiçəklənir. Hökumət gecə-gündüz plan qurub xalqın vəziyyətini yaxşılaşdırmağa çalışsa da, bu bir qədər də pisləşir.
Bax elə götürək Nəqliyyat Nazirliyinin taksilərlə bağlı həyata keçirməyə çalışdıqları yeni layihəni. Bu proqramın sonucu özləri-özlərinə iş tapmış minlərlə taksi sürücüsü işsiz qalacaq, on minlərlə adamın çörəkpulu problemi yaranacaq.
İqtidar əhalinin sağlamlığının müdafiəsi üçün nə qədər vəsait xərcləyib, nə kimi tədbirlər həyata keçirsə də, xəstəsi olan bilir ki, bu məmləkətdə deyilənlərin əksinə olaraq pulsuz səhiyyə xidməti yoxdur. Bir tərəfdən baxanda əməkhaqqı qəpik-quruş olan tibb işçilərini də qınamaq olmur. Elə bu səbəbdən də lap orta məktəblərdə tüğyan edən korrupsiyanın qarşısını almaq üçün edilən səylərdən imtina olundu. Çünki təhsil naziri M.Mərdanov demişkən heç kim 200 manata dərs demək istəmir.
Xülasə tərsinə dövran edən hər şeyi görərkən Molla Nəsrəddinin bir lətifəsini xatırlamalı olursan: "Bir gün Molla Nəsrəddin eşşəyin üstündə gedirmiş, nə qədər çalışırsa eşşəyi getdiyi istiqamətdə apara bilmədiyindən çar-naçar sakitcə oturur. Görənlər Molla Nəsrəddindən hara getdiyi soruşanda cavab verir ki, eşşəyin keyfi istədiyi yerə". Görünəni budur ki, artıq nəzarət itdiyindən hər şeyi öz başına buraxıblar.
Комментариев нет:
Отправить комментарий