Yollar var bizi xoşbəxtliyə, yollar var bədbəxtliyə, xəyanətə, satqınlığa, yollar da var mübarizliyə, vətənin keşiyini çəkməyə, onun hər qarışını qorumağa, hətta bunun üçün canından keçməyə doğru aparır...
İndi mən də öz həyatını vətəninə fəda eləmiş Milli Qəhrəman Mübariz İbrahimovu aparan yollara doğru istiqamət almışam. Yollar tükənməz kimi görünən saatları, saatlar isə dəqiqələri, dəqiqələr də öz növbəsində saniyələri qovaraq məni Biləsuvar rayonuna gətirib çıxarır. Əslində bu ziyarət ötən ay, məhz Milli Qəhrəmanın doğum gününə, 7 fevrala təsadüf etməli idi. Nə etmək olar, yazılana pozu, olacağa çarə yoxdur...
Tənha və soyuq divarlar...
Rayona qədəm basan kimi ilk işim Mübarizin igidlik, mübarizlik göstərib dünyasını dəyişəndən sonra onun adına tikilən təzə evi görmək oldu. O ev rayonun girişindən o qədər də uzaq deyil, demək olar ki, yolumuzun üstündədir.
Evin hasarına yaxınlaşanda onun nə qədər tənha, kimsəsiz və soyuq olduğunu anlamamaq üçün gərək ya qəlbsiz, ya da ruhsuz olasan. Qapıya yaxınlaşıb ətrafa boylandım və əmin oldum ki, burada kimsə yaşamır.
Sonra yolçu yolda gərək dedim. Bu dəfə Mübarizin valideynlərinin yaşadığı, özünün uşaqlığının, mübarizlik ruhunun qanadlanıb pərvazlandığı evin axtarışına çıxdım. Sən demə, bu evi də tapmağa o qədər zaman gərək deyilmiş.
Asta addımlarla qapını açıb həyətə daxil oldum. Məni Mübarizin valideynləri qarşılayıb, evə dəvət etdilər. Söhbət edəcəyimiz otağa çatana qədər gözüm axtarışda idi...
Nəhayət, otağa hərtərəfli göz gəzdirdim və anladım ki, axtardığımı tapmaq mümkün olmayacaq...
Sakitcə buyurulan yerə əyləşdim.
“Mübariz ad gününü qeyd etməzdi”
On dəqiqə ərzində kimsə danışmadı, hər kəs içindəki söhbətin axarında qaldı. Susqunluğu Mübarizin anası Şamama xanım pozdu: “Oğlum sağ olsaydı ötən ay 25 yaşı tamam olacaqdı. Amma Mübariz sağlığında da təmtəraqlı ad günü keçirməzdi. Özü ad gününü qeyd eləməyi sevmirdi, bizi də qoymazdı. Onun xasiyyəti o qədər ağır idi ki, hətta toylarda, bayramlarda nə dinib- danışar, nə də əl açıb oynayardı.
Övlad itirmək çox ağırdır, amma onsuz onun doğum gününü qarşılamaq daha ağırdır. Çünki son məktubunda ağlamağımızı istəməmişdi. İnanırsız neçə zamandır ağlaya bilmirəm? Elə bilirəm ki, bütün göz yaşlarım quruyub”.
“Mübarizin adını layiqli insanlar çəkməlidir”
Söhbətin bu yerində ana boğazında düyünlənən qəhəri qovmaq üçün ayağa qalxıb yan otağa keçir. Bayaqdan həyat yoldaşının sözlərini bəlkə də, nəfəs almadan dinləyən Ağakərim İbrahimov da söhbətə başlayır.
O, oğlunun doğum günü ilə bağlı keçirilən tədbirlərdən, razı və narazı qaldığı məqamlardan söz açır: “Mübarizin doğum günündə Biləsuvar rayonunda onun adını daşıyan və daşımayan bir neçə məktəbdə tədbirlər, uzun-uzadı çıxışlar oldu. Hətta şəhərdən belə tədbirlərə dəvət aldım, bir özəl məktəbin keçirdiyi tədbirdə iştirak etdim. Amma ilk növbədə narazı qaldığım məqamlardan danışmaq istəyirəm. Onlardan biri də rayonda keçirilən tədbirdə heç vaxt əsgəri xidmətdə olmayan, hətta övladını belə əsgərlik xidməti borcundan gizlədən insanların gəlib mənim oğlumun adını çəkmələri idi.
Ən azından oğlumun xatirəsinə hörmət naminə bunu etməməliydilər. Oğlum haqqında onun mübarizliyinə, vətənpərvərliyinə layiq insanlar danışmalı idi. Saxta çıxışlar şəhid ruhuna yaraşmaz. Mənim məktəb direktorum, mənim icra başçım əsgəri xidmət görməyibsə, şəhidlərimiz haqqında necə danışa bilərlər? Hələ üstəlik adama yol göstərməyə çalışmaları da məni narahat edir.
Əsirlər boyu torpaqlarımız işğallara, istilalara məruz qalıb. Bölünmüşük, insanımız bir-birindən uzaq düşüb, qəribçilik olub. Mən düşünürdüm ki, Mübarizin bu hərəkətindən sonra nəsə dəyişəcək, amma baxdım ki, heç nə dəyişmədi”.
“Mübarizi nə məktəb, nə də cəmiyyət yetişdirib”
Ata bir az sinirlərinə hakim olmaq üçün söhbətin məcrasını dəyişir: “Mübarizi nə cəmiyyət, nə müəllimi, nə də məktəb yetişdirib. Onu yetişdirən bu ailədir. Övladlarımla həmişə kişi söhbətləri eləmişəm. Hər zaman demişəm ki, nə edirsiz-edin, bircə məni insanların içində başıaşağı eləməyin. Mübariz özü hərbi xidməti, döyüşü seçdi, mən də onu bu Vətənə qurban verdim. Mənim o biri iki övladım yaşamaq istədi, Mübariz isə deyirdi ki, səngərdə olmaq, döyüşmək və şəhid olmaq istəyirəm. Mənim oğlum bütün ailənin məsuliyyətini öz üzərinə götürdü”.
Mübarizin atası danışdıqca ağrısının nə qədər dərinə işlədiyi hiss olunur. Atanın baxışlarındakı boşluğun dibi görünmür. Bu, oğul itkisinin ağrı-acısından açılan boşluq deyil, əsla deyil: “Mən elə bildim onun öz cavan canından keçməsi nəsə bir dönüş yaradacaq, nəsə bir dəyişiklik olacaq... Amma heç nə baş vermədi. Həyat davam edir, hər şey də getdikcə unudulur. Bu da məni, onun anasını incidir, bizi içdən çox yandırır, çox...
Oldu, keçdi, unuduldu, heç nə dəyişmədi. Yenə o lazımsız, saxta və heç nəyə yaramayan qorxaq insanlar qaldı. O saxta insanların da sözləri gedib divara dəyir. Ya əl-qolumuzu salaq yanımıza, məğlubiyyətimizi qəbul edək, boynumuza alaq, ya da torpaqlarımızı geri qaytaraq”.
“Hər birimiz Qarabağlıyıq”
Ata bu sözlərdən sonra asta-asta açılan qapıya tərəf boylanır, bu zaman bu insanın iradəsinin nə qədər güclü olduğunu anlayıram. Qapı açılanda atanın baxışlarından elə düşündüm ki, o, nəsə bir möcüzənin baş verəcəyini hələ də gözləyir: “Oğlum mənim varlığım, həyatım idi. Həmişə ailənin qayğısını çəkirdi. Hər kəs bilir ki, mənim heç nədə gözüm yoxdur, millətimə görə canımı da verə bilərəm. Övladlarımı da vətənpərvər ruhda böyütməyə çalışmışam. Bir məqama diqqət edin ki, Mübariz biləsuvarlıdır, onun nə torpağı işğalda idi, nə də şəhid qohumları var idi. O vətən sevgisindən, vətən yanğısından, onu azad etməkdən ötrü addım atdı. Biz hər birimiz Qarabağlayıq, vətən hər birimizindir. Hər kəs vicdanı ilə dərk etməlidir ki, bu uşaq canından keçdi və demək, vətən hər kəsindir”.
Çox vaxt deyirlər ki, ad insanın bir növ taleyinə, həyat yoluna da təsir edir. Elə Mübarizin də adı onun həyat yolu və amalı, mübarizlik simvolu oldu. Bu mübarizlik simvolunun yaşadığı evi atanın sözlərinə görə çox insanlar ziyarətə gəlir. Amma onların içində ana və atanı incidən, sızladan insanlar da olub: “Mübarizin anası da sözlərimi təsdiq edər ki, əvvəllər daha çox insan gəlirdi, amma indi bu insanların sayı bir balaca azalıb. Bəzən elə olurdu ki, gələnlər iradəmdən o yana keçirdilər. Mən deyirdim oğluma rəhmət deməyin, mübarəkdir deyin. Onlar da inadla qapıdan girib çıxana qədər rəhmət deyirdilər. Bax bu insanların sözləri bizi incidirdi. Biz onsuz da bu hüzürü yaşayırıq, sizin də üstümüzə yüklənməyiniz nəyə lazımdır?
Amma Mübarizin mübarizliyi bir çox xarici ölkələrdən də bizə ziyarətçi gətirdi. Moskvadan, Ukraynadan, Türkiyədən maraqlanan və gələnlər oldu. Ziyarətçilər arasında çoxlu jurnalistlər də vardı. Əksəriyyəti övladımın şəkillərini apardılar, qaytarmadılar. Hələ aparanda deyirdim ki, istifadə edin, geri gətirin. Axı, şəkillər yadigardı. Onları bir də geri qaytara bilmərəm, heç olmasa xatirəsi qalsın, amma təəssüf ki, geri gətirən olmadı”.
“Oğlumun qəbrini ziyarət edə bilmirəm”
Atanın uzun-uzadı söhbətlərini birdən Şamama xanım kəsdi və o oğlunun məzarının uzaqlığından gileyləndi: “Ürəyim istədiyi zaman oğlumun qəbrini ziyarət edə bilmirəm, çünki şəhər uzaqdı. Ötən ay doğum günündə qardaşımla Bakıya getdim. Atası isə gec-gec qəbri ziyarət edir. Nədənsə qəbiristanlığa getməyi o qədər də sevmir.
Mübariz fərqli övlad idi. Onun qayğıkeşliyi körpəliyindən bilinirdi. Hər zaman bizim aramızda yatıb bizi yuxuya verər, bizə qayğısını, sevgisini bizi yatızdırmaqla, sonra da üstümüzü örtməklə göstərməyə çalışardı. O qədər də çox dostu yox idi. Balacalıqda dəcəlliyini görmədik. Deyirdi ki, əsgər getməsəm özümü öldürəcəm. Bir dəfə onunla zarafat elədik ki, səni əsgər qoymayaq. Ona elə pis təsir eləmişdi ki... Hətta bizi hədələdi ki, “əsgərliyə göndərməsəniz gedib özüm sizdən şikayət edəcəm”. Mən daim Allaha yalvarırdım ki, övladlarımda heç vaxt xəstəlik tapılmasın, əsgərlikdən qalmasınlar”.
Sonra ata dövlətin ailəyə, Mübarizin adına göstərdiyi qayğıdan danışır: “Dövlət öz qayğısını heç vaxt əsirgəməyib. Hətta prezident sərəncam vermişdi ki, ailəyə harada istəsə evi tiksinlər, amma bizim istəyimizi nəzərə alan olmadı. Bizə elə yerdə ev tikdilər ki, nə qonşu var, nə qaz, nə də işıq. Orda yaşamaq olmur”.
Mübariz dünyanın cəm olduğu otaq
Bu sözlərdən sonra yenə dərin bir sükut çökür. Hər kəs başını aşağı salıb bir-birindən gözlərini gizlətməyə çalışır. Bir az bu mənzərəni seyr edəndən sonra daim Mübarizə həsr olunan verilişlərdə göstərilən geyimlərini, əşyalarını görmək istədiyimi dilə gətirdim. Ağakərim İbrahimov məni həyətdə ayrıca tikilən otağa apardı. Sən demə, qapıdan içəri girəndən söhbətin bu anına qədər axtardıqlarım elə bu otaqda cəm olubmuş.
Otaqda Mübarizin əşyaları, geyimləri, fəxri adları, diplomları, rəsmləri, onun şəklinin əks olunduğu xalça vardı. Amma Mübarizin hərbi geyimləri gözə dəymirdi. Atanın sözlərinə görə, ana geyimləri gizlədib ki, tez-tez görməsin:
“Onun yoxluğunu anası çox ağır keçirir. Hər gün hərbi libasını öpüb oxşayırdı. Çox güman ki, otaqda yoxdursa dərin bir yerdə saxlayır. Həm də biz burdan ailənin adından, həm mənim, həm də Mübarizin anasının adından səslənmək istəyirik ki, oğlum üçün muzey tikilsin. Onunla bağlı hər bir əşya orada saxlansın. Mən öz Allahım qarşısında borcumu vermişəm. Belə bir oğul böyüdüb vətənə qurban eləmişəm. Siz də bundan sonra onun adını yaşadın və bundan da istifadə edin.
Düzdür, çoxları oğlumun adı üzərində özlərinin təbliğatını apardı. Çox sayda kitablar yazdılar. Amma əksəriyyəti heç Mübarizi tanımadan, bilmədən onun obrazını yaratmağa çalışdı”.
Mübariz yenidən dünyaya gəlib
Söhbətin sonunda Ağakərim İbrahimov məni də əmin etməyə çalışdı ki, oğlu Mübarizin ruhu bu saat hansısa ailədə yenidən dünyaya gəlib, yaşayır və böyüyür...
Könül Səid teleqraf.com

Комментариев нет:
Отправить комментарий