Müsahibimiz “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir
- Fariz bəy, rəhbərlik elədiyiniz təşkilat nə zaman yaranıb?
- 2010-cu ilin yanvar ayında tarixçi, memar, inşaatçı və mədəniyyətin digər sahələrini təmsil edən bir qrup insan bir yerə toplaşdıq və qərara aldıq ki, “Miras” İctimai Birliyini yaradaq. Bəlli olduğu kimi, Azərbaycanda mədəni irslə bağlı fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsi həyata keçirir. Bütün bu cür məsələlər onların nəzarəti altındadır. Həmçinin müvafiq qanunvericilik bazası da var. Bununla belə, mədəni irsin təbliğinə xidmət edən ictimai qurum, qeyri-hökumət təşkilatı o qədər də çox deyil, hətta barmaqla sayılacaq qədərdir desəm, doğru olar.
“Miras” İctimai Birliyinin əsas məqsədi mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğinə köməkdir. Mədəni irsə mənsub elə abidəmiz var ki, Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatındadır. İnventar nömrələri, hətta pasrportları da var. Amma müəyyən qədər baxımsız vəziyyətdədir, gözdən-könüldən uzaqdadır. Ona görə yox ki, Mədəniyyət və Turizm Nazirliyi onlara baxmaq istəmir, əsla yox. Sadəcə, nazirliyin yerlərdəki qüvvələri hər şeyi tam əhatə edə bilmir. Məsələn, abidələrdən biri dağın başında, biri çölün düzündədir, nəzarətə təbii şərait və ya başqa kənar amillər imkan vermir. Hər yerə də qoruqçu qoymaq olmur. Bu məqamda vətəndaş mövqeyi önə çıxır.
Goranboyda Gülüstan kəndi var, məşhur Gülüstan sülh müqaviləsi orada imzalanıb. O kənddə çox tanınmış şəxsiyyətlərin, Adıgözəlovlar nəslinin, onların babalarının bir neçə türbəsi var. Türbələr yaxşı vəziyyətdə deyil. İçərisinə xoşagəlməz rəsmlər çəkilib, korlanıb. Bir də baxırsan ki, qoyun otaran bir çoban bu abidəni görəndə həvəsə gəlir, götürüb üzərinə bir rəsm də çəkir.
Bu baxımdan mədəni irsə ictimai nəzarəti gücləndirmək və vətəndaş marağını artırmaq ehtiyacı vardı. İctimai qurum olaraq biz də sözümüzü deməliydik. Mədəni irsimizi həm ölkədə, həm də ölkə xaricində təbliğ və mühafizə eləmək imkanından yararlana bilərdik. Əvvəlcə dörd nəfərlə yola çıxdıq, sonra sayımız artdı. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin yanvarından fəaliyyətə başladı və həmin il martın 31-də Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alındı. Hazırda rahat şəkildə fəaliyyət göstəririk.
- Fəaliyyətə başlayanda ilk işiniz, yəni ilk layihəniz hansı bölgəmizin mədəni irsi ilə bağlı oldu?
- İlk olaraq Ağsu rayonundan başladıq. Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsini hazırladıq. Layihəni hazırlayanda son məqsəd Azərbaycanın turizm marşurutundan kənarda qalmış bu bölgəsinə ölkəmizin və dünyanın turistlərinin diqqətini çəkmək idi. Bunun üçün ilk növbədə 200 il əvvəl tərk edilmiş şəhəri yenidən oyatmaq lazım idi. Ağsu arxeoloji ekspedisiyası 3 il ərzində 15 min kvadrat metr ərazidə 5 qazıntı sahəsində qala divarı, cümə məscidi, hamam, sənətkar dükanları, yaşayış evləri, su xətləri, kanalizasiya sistemi, iri küçələri aşkar etməklə mərkəzi muzeylərdə belə, oxşarı olmayan minlərlə eksponatı gün üzünə çıxardı.Təbii ki, layihənin işi bununla məhdudlaşmadı, digər mərhələlərə keçid elədik. Bu, bizim ilk layihəmiz olduğu üçün hər zaman doğmadır və onunla bağlı işlərə dönə-dönə qayıdırıq.
- Mədəni irs çox geniş məfhumdur. Siz mədəniyyətin bütün sahələrində sözünüzü deyə bilirsiniz, yoxsa konkret fəaliyyət dairəniz var?
- Mədəni irs deyəndə ilk olaraq keçmiş yada düşür. Miras da keçmişə bağlıdır, ötən zamanlardan qalmış qiymətli şeyləri ifadə edir. Əsas məqsədimiz keçmişdən, əcdadlarımızdan qalmış mirası, irsi gələcəyə çatdırmaqdır. Mədəni irs əsasən iki yerə ayrılır: maddi və qeyri-maddi mədəni irs. Maddi-mədəni irs bizim gözlə görə bildiyimiz, toxuna bildiyimiz irsdir, qeyri-maddi mədəni irs isə adət-ənənələr, folklor və sairdir. Hər iki irs sahəsini əhatə edə bilən bir fəaliyyətin içərisindəyik.
- Fəaliyyət dairəniz çox genişdir, mütəxəssis tələb edir. Bəs bunun üçün yetərli gücünüz, məsələn, kifayət qədər üzvünüz, işçiniz varmı?
- Fəaliyyət göstərdiyimiz üç il ərzində birliyə xeyli mütəxəssis toplaşmışdı. Sadəcə, bir müddət sonra artma və azalmalar da müşahidə olundu. Fikrimcə, əsas kəmiyyət deyil, keyfiyyətdir. Əgər biz beş tədbir keçiririk, tədbirlərə filan üzvlər gəlmir, heç bir fikir ortaya qoymurlarsa, biz də İdarə Heyətində üzvlük məsələsini nizamnaməyə uyğun olaraq qaldırırıq və nəticədə üzvlükləri ləğv olunur.
Hazırda birliyin 220-dən çox üzvü var. Onların əksəriyyəti bizə kömək edir, işlərin təşkilində könüllü fəaliyyət göstərir, dəstək olurlar. Tədbirlərə qatılır, təşkilatçılıqda iştirak edirlər.
- “Miras” İctimai Birliyinin bölmə və ya şöbələri varmı?
- Bizim təşkilatın nəzdində 6 şöbə fəaliyyət göstərir: “Mədəni irsin tədqiqi”, “Konservasiya və bərpa”, “Sərgi və dizayn”, “Beynəlxalq əlaqələr və informasiya”, “Uşaq və gənclərlə iş”, nəhayət, “Nəşriyyat və dizayn” şöbələri. Biz daha çox gənclərlə işləyirik. Düzdür, əvvələr şöbə rəhbərləri yaşlı və təcrübəli insanlar, müvafiq sahələrin mütəxəssisləri idilər. Sonra baxdıq ki, onların da vaxtı azdır, bu işdə isə çox geniş şəkildə hərəkət lazımdır. Təbii ki, biz yaşlı insanların təcrübəsindən hər zaman yararlanırıq.
- Hazırda mədəni irs dövlət xətti ilə də kifayət qədər qorunur. Hətta ölkənin birinci xanımı bu işə xüsusi diqqət və qayğı nümayiş etdirir. Bəs siz “Miras” İctimai Birliyi olaraq həm ölkəmizdə, həm də ölkə xaricində bu işi nə dərəcədə davam etdirə bilirsiniz?
- Fəaliyyətimizi elə qurmuşuq ki, bir növ davamçı kimi çıxış edirik. Ortada bir ənənə var və bu ənənənin davamçıları kimi görünürük. Mədəni irs sahəsində ölkənin birinci xanımının çox böyük əməyi var. Biz də bu cür tədbirlər keçirməklə bir növ o fəaliyyəti davam etdirmiş oluruq.
- İctimai Birliyiniz 2013-cü ildə konkret hansı layihələri nəzərdə tutub?
- Bu ili böyük uğurla başladıq. İlk tədbirimiz yanvarın 18-də Makedoniyanın turizm şəhəri Ohriddə I Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransında oldu. Sonra “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə sərgi təşkil etdi. 13 mart 2013-cü il tarixdə Mədəniyyət və Turizm Nazirliyi Qobustan Milli Tarix və Bədii Qoruğunda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığıl ilə “Folklorumuz və Qobustan” mövzusunda seminarı keçirdik.
Biz mütəmadi olaraq müxtəlif mədəniyyət və təhsil ocaqlarında mədəni irs seminarları, “Uşaqlar və biz” tədbirləri təşkil edirik. Bu il YUNESKO səviyyəsində Seyid Yəhya Şirvaninin 550 illiyi qeyd olunur. 2013-cü il Seyid Yəhya ili elan olunub. Biz bu sahədə müxtəlif seminar və simpoziumlar keçirməyi düşünürük.
Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun direktoru, dosent Mehmet Rıhtımın tədqiqatları əsasında 40 hissəli videodərslər hazırlanır, seyidyahyashirvani.az internet səhifəsinin üzərində iş gedir.
- Mədəni irsi tanıtım tipli dərgi, kitab və saytınız varmı?
- “Miras” İctimai Birliyinin “Miras” elmi-kütləvi jurnalı var. Çalışırıq ki, jurnalı ildə dörd dəfə nəşr edək. Təbii ki, imkan daxilində... Bu il hələlik 1 sayını nəşr edə bilmişik. İmkanımız böyük deyil, müxtəlif insanlara müraciət edirik, dəstək almağa çalışırıq. Beynəlxalq donor təşkilatlara, eyni zamanda yerli fondlara layihələr təqdim edirik. Həmin layihələr qəbul olursa, maliyyə ala bilirik. Mmiras.az və archaeotourism.az internet səhifələrimiz bizim əsas virtual yayım orqanlarımızdır.
- Fəaliyyətinizdə turizmə də yer verirsiniz, eləmi?
- Mədəni irsin təbliğinin əsasında turizm dayanır. Bir mədəni irs abidəsi təmizləndi, bərpa edildi, o, artıq hazırdır, bütün dünyaya elan olundu. İndi də onu gözlə görmək lazımdır... Biz turizmə gələn yolu tənzimləyirik, sonra da mədəni irs turları təşkil edirik. “Şirvan xəzinəsinə aparan yollar”, “Azərbaycan abidələr diyarıdır” və sair mədəni irs turları təşkil eləmişik. Hətta turların marşrut pasportlarını Mədəniyyət və Turizm Nazirliyinə də təqdim edirik ki, başqa şirkətlər də yararlana bilsinlər.
- Bəs xaricilərin, eyni zamanda azərbaycanlıların daha çox maraq obyektinə çevrilən abidələrimiz hansılardır?
- Turistləri əyləncə, istirahət yeri o qədər də cəlb etmir. Onlar Azərbaycana təmtəraq üçün yox, daha çox bilgi almağa gəlirlər. Türkiyədən olan turistlər isə ilk növbədə inanc turizmi ilə maraqlanırlar. Daha çox övliyaların türbələrini görmək, ziyarət etmək istəyirlər. Amma biz onlara bu türbələrin əksəriyyətini göstərə bilmirik, çünki onlar baxımlı halda deyillər. Təbii ki, mümkün olsa, biz bu sahədə də layihələrlə çıxış edə bilərik. İnanın ki, bu turizm sahəsinin inkişafı üçün böyük potensial var. Sadəcə, təbliğ və təqdim etmək qalır.
Əsas da Bakını görməyə can atırlar, çünki tarixi memarlıq ilə yeni memarlıq burada birləşir. Qobustan, Atəşgah və başqa tarixi yerləri deyə bilərəm.
Bir məqamı vurğulamaq istərdim. Eramızın II əsrində Klavdi Ptolomey öz əsərində Kamaxeya şəhərinin adını qeyd edir. Bu, təbii ki, Şamaxı şəhəridir. Avropalı o əsəri oxuyur və Kamaxeya şəhərini görmək istəyir. Gəlir... İndi gəl, ona həmin əski Şamaxını göstər. Təbii ki, II əsrdə olan antik şəhər görüntüsü indi yoxdur, qalıqlar da mövcud deyil. Antik şəhər sahəsi bələdiyyə torpağı kimi insanlara paylanıb, hərə bir sütun altlığı tapır həyətindən. XX əsrin 60-70-ci illərində Cabbar Xəlilovun arxeoloji qazıntı apardığı yer (çuxur) isə 2010-cu ildə mən orada olanda şəhərin zibilliyi idi. Təəssüf ki, belə vətəndaş məsuliyyəti hiss etmədən baş verən hadisələr mədəni irsi qoruyanların işinə mane olur, onların təbliğini də bir növ sıradan çıxarır.
Bununla yanaşı, bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf sahələrindən biri kimi” mövzusunda konfransın iştirakçısı kimi aldığım təəssürat əsasında gələcəyimizə çox nikbin baxıram.
Könül Səid teleqraf.com

Комментариев нет:
Отправить комментарий