04.03.2013

İmarət Cəlilqızı - BU SEVGİ


Tayı yoxdur bu sevginin, bənzəri yoxdur,
Hər bəndənin ürəyində var bu sevgidən.
Gəldiyində qapı döyməz, elçi göndərməz,
Haçan dolar qana, cana- bilə bilməzsən.

Nə ilk deyil, nə son deyil, sıralanmaz o,
Bir bütövdür, xırdalanmaz, paralanmaz o, 
Özgələrdən bir hovurluq kirələnməz o,
Əvəzi yox, nəsə verib ala  bilməzsən.

Tamlığının bünövrəsi ana südündə,
Kərpiclıəri bişər doğma ocaq odunda,
Rişələri vücudunun yeddi qatında,
İstəsən də, ürəyindən silə bilməzsən.


Bu sevgiylə sevilənlə aşıb-daşarsan,
Ondan ayrı yadlaşarsan, başqalaşarsan,
Cılızlaşar, miskinkinləşər, sısqalaşarsan,
Öləndə də könlü aram ölə bilməzsən.

Bu sevgiylə sevilənin dərdi dağ olur,
Bu dağ dərddən bir gecədə saçlar ağ olur,
Dərd şələli bağrı qanlar vardan yox olur,
Bu dərd ilə qiyamətə qala bilməzsən.

Bu sevgiylə sevilənin adı Vətəndir!
Azadlığı bəxtiyarlıq, qəmi sitəmdir,
Bunca sevdin, heç doymadın, düşün, nədəndir,
Bu suala heç dəm  cavab ala bilməzsən!..

Комментариев нет:

Отправить комментарий