14.03.2013

Manqurt

Zaur Muradxanlı

Manqurt nədir? Düşmənə könüllü köləlik edən, duyğuları, hissləri koralmış, qürur və qeyrəti olmayan insanlara manqurt deyirlər. Bir dönüb ətrafımıza baxsaq manqurtlardan xeyli sayda görəcəyimizdən adım kimi əminəm. Manqurtlar həm dövlətlər tərəfindən zəif iradəli və şəxsiyyətsiz insanların içərisindən seçilərək  vəzifə və rütbəcə  irəli çəkilir, hətta xalq kütlələrinin gözündə qəhrəman səviyyəsinə yüksəldilərək müxtəlif medallar və fəxri adlarla, imtiyazlarla təmin edilir.
Bunun qarşılığını manqurtlar qüsursuz xidmət və öz xalqının qanını içmək hesabına ödəməkdən çəkinmirlər. Manqurtları yetişdirmək bəzi dövlətlərin, məsələn SSRİ- nin dövlət ideologiyalarndan biri idi.
Bunun üçün ən çox istifadə edilənsə sovet xalqı adı altında yürüdülən assimilyasiya siyasəti və elmi ateizm ideologiyasının təbliği idi. Assimilyasiya siyasəti və elmi ateizm həm də kommunist ideologiyasının təməl dirəklərindən idi və manqurtların yaradılması, xalqlar həbsxanası olan Sovetlər İttifaqının bütövlüyünün qorunub saxlanması,  xalqların azadlıq istəklərinin daxildən boğulması üçün faşizmdən daha dəhşətli bəla olan kommunist ideologiyasının həyatda tutulması üçün onlara hava-su kimi lazım idi.  
Təəssüflər olsun ki, kommunist ideologiyasının bu övladları Sovetlər İttifaqı dağıldıqdan sonra nəinki aradan çıxıb tarixin səhnəsindən silinmədilər, hətta əksəriyyəti rus dərin dövləti tərəfindən dəstəklənərək yenə də öz ağalarının başına bəla olmağa davam etdilər.
Əkrəm də bu manqurtlardan biri olaraq indiyə kimi fəalliyətini təəssüf ki, davam etdirməkdədir. Doğrudur onun mənim doğulduğum torpaqlardan olması bir insan olaraq məni çox utandırır. Amma onu bəsləyən, kim olduğunu bilə-bilə yaxasını medallarla bəzəyənlər nə hiss keçirirlər bunu deyə bilmərəm. Çünki ən azından onların yanında deyiləm. Amma bəzən düşünürəm ki, elə kommunist ideologiyası köynəyindən çıxmış, əksəriyyəti sovet dövründən qalma və indinin özündə də ölkəni köhnə üsullarla idarə etməyə çalışan iqtidar nümayəndələrinə belə adamlar lazımdır.
Doğrudur, insan istənilən şəraitə uyğunlaşa biləcək qədər əsnək, əyilib bükülə bilən məxluqdur və bu məziyyətinə görə yaradılmışların başında gəlməkdədir. Amma burda bir gerçəklik daha vardır ki, istənilən  ekstremal vəziyyətdən çıxıb normal həyat tərzinə düşdükdən sonra insanın əsl xisləti yenidən meydana çıxır. Yəni xarakter elə bir şeydir ki, o nə qazanılır, nə də itirilir və ya dəyişdirilməsi mümkün olan bir şeydir.  Xarakter insanla dogulur, insanla da ölür. Yəni hər insanın xarakteri onun genlərində onsuz da mövcuddur. Yəni sözümü ona gətirmək istəyirəm ki, kommunist ideologiyasının köynəyindən çıxmış kadrlar vaxtilə seçilmiş insanlardır və indi istəsələrdə  dəyişilmələri qeyri- mümkündür ki,  bu da xüsusən idarəetmə formalarında özünü göstərməkdədir. Bizi insanların şəxsi həyatları maraqlandırmır və heç bu yazımızın mövzusu da o deyil. Sadəcə burda vurğulamaq istədiyimiz nöqtə Əkrəm kimilərinin bu ölkə iqtidarı tərəfindən etibar görərək ucaldılmasıdır.        
Əkrəmin kitabının nə vaxt yazıldığı hamıya məlumdur. Eləcə də onun bu kitabı yazarkən sinəsini bəzəyən ordenlərin sayı və növlərini də düşünürəm ki, bilməyən yoxdur. Bunlar mənim üçün maraqlı deyil. Çünki o orden və fəxri adları, imtiyazları paylamaq birilərinin əlindədir və hansı ələmələrdən keçirdikləri insanlara payladıqlarını da sorğulamaq kimi bir səlahiyyətim olmadığından bu məsələlərə çox da girmirəm. Sadəcə burda mənim diqqətimi çəkən başqa bir şey var. Bu da kitabın redaktə və çapa hazırlanması mərhələsində niyə və hansı səbəblərdən üzə çıxmamasıdır.
Əylis camaatını kəndin adının Əkrəmin adının önündən götürülməsi tələbinə görə təbrik edir və onları ürəkdən dəstəkləyirəm. Ayrıca mənim başqa bir istəyim var ki, o da Əkrəm və onun kimi başqa manqurtların Azərbaycan vətandaşlığından məhrum edilməsi və bir daha bu torpaqlara ayağını basmasının qarşısının alınmasıdır.
Özünü dünya vətəndaşı elan edən bir başqa manqurt Orhan Pamuk ermənilərdən yazdığı kitab sayəsində Nobel ədəbiyyat mükafatı almışdı. Mənim qorxum gələn ilin Nobel  ədəbiyyat mükafatının Əkrəmə verilməsidir. Çünki avropalılar belələrini  sevirlər.

Комментариев нет:

Отправить комментарий