21.03.2013

ŞƏRƏFƏ, CƏNABLAR, ŞƏRƏFƏ!

Arif Əliyev

“…aclıq… mənə insan təbiətinin bir xüsusiyyətini anlatdı: bu hiss əsəb sistemini yalın məftilə çevirir. Toxlar belə vəziyyətə düşənləri istədikləri kimi idarə edə bilirlər. O vaxta qədər aclığın nə olduğunu mən bilmirdim. İndi bilirəm ki, ac olmaq ləyaqətə yaraşmayan şeydir, çətin, hətta təhlükəlidir”. (Müslüm Maqomayev, “İçimdə xatirələr yaşayır”).

“Həyatda ən böyük tabu budur: insan şərəfi əlindən alınmamış ölməlidir”. (Fazil İskəndər, “İnsan şəxsiyyətinin dəyəri”)

***
Əgər Nuh peyğəmbər məni gəmisinin girişində növbətçi qoysaydı, dünya dağılsa belə, Tamah adlı bədheybəti o gəminin göyərtəsinə buraxmazdım.
Bu acgöz vəhşinin insanların içini necə gəmirdiyini, dostları düşmənə çevirdiyini, ailələri, evləri, şəhərləri viran qoyduğunu, hakimiyyətləri yolundan azdırdığını, orduları pərən-pərən saldığını gözlərimlə görmüşəm. Hər dəfə də şahidi olmuşam ki, Tamah insanlara gətirdiyi var-dövlətin əvəzində onları daha böyük nemətdən məhrum edib.
Tamah bir hiyləgər tacirdir ki, əslində heç nə satmır; o yalnız alır – insanın şərəfini və ləyaqətini alır.
Ey gözəl günlər ki, mən bu işlərdən xəbərsizdim! Xatırlayıram, ümid dolu 1988-ci il yenicə başlayırdı və mən, “Molodyoj Azerbaydjana” adlı populyar qəzetin gənc bir şöbə müdiri, o vaxt hələ çox şeyə inanırdım. Ətrafda həyat qaynayırdı, köhnə dünya sürətlə dağılırdı, onun yerində eyni sürətlə nəsə təzə bir aləm qurulurdu. O zaman bizə elə gəlirdi ki, dağıtdığımız – totalitarizm, alçaldıcı keçmişimizdir, qurduğumuz isə – demokratiya, ləyaqətli gələcəyimizdir.
Sən demə, hər şey bu qədər sadə deyilmiş…
Təxminən o dövrlərdə rəhmətlik Çingiz Mustafayevlə, torpağı sanı yaşasın, Rasim İmanovun rəhbərlik etdiyi bir kooperativ – müasir dillə desək, “prodüser kompaniyası” – “Akvarium” qrupunu Bakıya dəvət etmişdi. Bu həm böyük hadisə – “Akvarium” şöhrətinin pik nöqtəsindəydi, həm də cəsarətli addımıydı – qrupun rəhbəri Boris Qrebenşikov bizi bayaq haqqında danışdığım gələcəyin quruculuğuna ruhlandıran adamlardan sayılırdı. Biz konsertin təşkilatçılarını razı sala bildik ki, ştatdankənar müxbirimiz bütün günü qrupun üzvləri ilə keçirsin, sonda isə, necə deyərlər, “akvarium”un içindən birbaşa reportaj hazırlasın. Həmin məqalənin (reportaj alınmadı) bir detalı ömürlük yaddaşıma həkk olunub.
… Müxbirimiz dalğın-dalğın avtobusun pəncərəsindən bayıra baxan Boris Qrebenşikova yaxınlaşıb soruşur:
“Sizə belə əzab verən nədir?”
“Öz gücsüzlüyümü dərk etməyim, – deyə gəncliyin kumiri cavab verir. – Ətrafına baxıb, hər yanda biabırçılıq baş verdiyini görəndə, sənin isə heç kimi dayandıra bilmədiyini, heç nəyi dəyişməyə qadir olmadığını anlayanda bu hiss adamı boğur”.
Əvvəllər mən gücsüzlüyündən əzab çəkən, hirslənən, boğulan çox adam tanıyırdım. Bilirəm ki, bu ifadənin üstündən keçəndə, dünyanın hər üzünü görmüş oxucu yüngül bir istehzayla gülümsəyəcək. Çünki belə insanlar həmişə azlıqda olublar. Mən isə “əvvəllər çox tanıyırdım” deməklə, onların indi daha az olduğunu, qat-qat azaldığını vurğulamaq istəyirdim.
Necə də böyük paradoks! Bütün xalqın şərəf və ləyaqətinin total olaraq alçaldıldığı dövr kimi qəbul etdiyimiz sovetlər vaxtı bizim jurnalistikada ləyaqət, peşə şərəfi anlayışları hələ yaşayırdı. Bu zümrənin içərisində nə qədər yüksək savadlı, ziyalı insanlar vardı! Əlbəttə, onlar da yanılırdılar, səhvə yol verirdilər, amma bu adamlar vicdanlarını unudub, daha çox pul verənə deyil, inandıqlarına xidmət edirdilər, onların öz prinsipləri, müqəddəsliyini qoruduqları simvolları, tabuları vardı. Lənət şeytana, axı mənim yaxşı yadımdadır ki, 70-ci illərin sonlarında hələ ağzından süd iyi gələn biz tələbə-jurnalistlər axşamlar bir otağa yığışıb, ağ qvardiyaçı zabitlərin məşhur mahnısı əsasında yazılmış himnimizi necə ürəklə oxuyardıq:
Cənab jurnalist, sən bil İşin hər tərəfini: Özünə ad yaradan – Qorumaz şərəfini!
Bəs necə oldu ki, azad və müstəqil mətbuat uğrunda iyirmi dörd illik ağır mübarizənin sonunda biz nə düz-əməlli bir şey yarada, nə də olanı qoruya bildik? Postsovet sürrealizminin eybəcərləşdirdiyi Azərbaycan jurnalistikasının əsl sifətini uzun müddət 90-cı illərin romantizm niqabı altında kənar gözlərdən gizlətmək olmuşdu. Amma 2008-ci ilin isti yay günlərindən birində Mahnı Teatrına çevrilmiş köhnə sinaqoqun tağları altında bu niqab da götürüldü. Bəlli oldu ki, “böyük jurnalist ordusu” adlandırdığımız qüvvə artıq həmin qüvvə deyil: ötən illərin şanlı “döyüş zabitləri”nin əksəriyyəti indi hərbi ərzaq anbarlarının tox rəislərini xatırladan “media-kapitanları”na çevrilib; onların rəhbərliyi altında “məqaləyəmuzd” xidmət keçən yarıac, kəmsavad mətbuat əsgərlərinin çoxunun isə nəinki “mundirin şərəfi”ni, heç onun zahiri təmizliyini qorumağa da həvəsi və heyi qalmayıb.
Göründü ki, bir zamanlar köhnə Bakı tramvaylarının pəncərələrində yazılmış “Başını çıxarma!” (“Ne vısovıvaysya!”) sözləri artıq media əhlinin əksər qisminin həyat kredosuna çevrilib.
El arasında çoxlarının ağına-bozuna baxmadan “satqın” kimi damğaladığı, hökumət adamlarının mənalı bir gülüşlə “azad, amma qeyri-peşəkar” adlandırdığı, beynəlxalq təşkilatların isə diplomat incəliyi ilə “məsuliyyətsizlik”də məzəmmət etdiyi jurnalistikamızın bugünkü vəziyyətinə geniş şərh vermək istəmirəm. Bircə onu yada salmaq istəyirəm ki, əvvəllər biz bu peşəyə mənsubiyyətimizlə fəxr edirdik. İndi isə həmkarlarım deyirlər ki, bəzən kənar adamların yanında, xüsusilə də rayonlara səfərlərdə jurnalist olduqlarını deməyə utanırlar. Ciblərində jurnalist vəsiqəsi gəzdirən qəribə-qəribə adamlar, leytenant Şmidtin bic uşaqları kimi, Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzirlər: kimidən pul, kimidən kabab qonaqlığı alır, bu da baş tutmayanda, cəhənnəm, benzinpulu qoparmamış əl çəkmirlər. Amma problemin kökü orada, rayonlarda və bu qəpik-quruş dilənənlərdə deyil. Quyruğu kəsib atmağa nə var ki! Problemin kökü burada – başdadır, o “mediakapitanlar”dadır ki, onlar üçün jurnalistika artıq həyat tərzi, cəmiyyət qarşısında müqəddəs borc demək deyil, siyasi ambisiyalarını gerçəkləşdirmək üçün tramplindir, biznesini qorumaq üçün vasitədir, yaxşı pula gedən maldır. Onlar “Mən niyə jurnalist peşəsini seçirəm?” mövzusunda inşalarında bir vaxtlar nə yazdıqlarını artıq unudublar: “Çünki bu, dünyada ən romantik və xeyirxah peşədir”, “Çünki mən insanlara kömək etmək və zülmü cəzalandırmaq istəyirəm”, “Çünki ordu vətəni və xalqı qoruyursa, jurnalistika da cəmiyyəti qoruyur”. Təsəvvür edirəm, indi bu inşanı həmin adamlara hipnoz altında təzədən yazdırsan, onlar nələri açıqlayardılar.
Amma romantika və idealizm qatışığı olmadan keyfiyyətli jurnalistika yaratmaq mümkün deyil. Əgər Zərdabi rasionalist olsaydı, əgər Tamah onun qəlbində özünə kiçicik də olsa yuva qura bilsəydi, biz Azərbaycan jurnalistikasının yaşını 1875-ci ildən deyil, bundan xeyli sonrakı illərdən başlayaraq hesablamaq məcburiyyətində olardıq. Zərdabinin yaratdığı ilk qəzetin adı – “Əkinçi” bəzilərinin xoşuna gəlmir. Hətta bu addan peyin iyi gəldiyini söyləyənlər də var. Amma heç kimin, eşidirsinizmi, heç kimin ağlına da gəlməz ki, Həsən bəyi hakim zümrələrə gizli xidmət etməkdə, ictimai zövqü korlamaqda, mənəviyyətsızlıqda, cəmiyyətin maraqlarına arxa çevirərək, bir-biri ilə didişən xanların sifarişlərini yerinə yetirməkdə ittiham etsin. Bəs onda niyə Həsən bəyin özünü “Zərdabi davamçıları” adlandıran bir çox müasir həmkarları rahat vicdanla gizli xidmət də göstərirlər, mənəviyyatsızlıq da yayırlar, cəmiyyəti də bilərəkdən aldadırlar, sifariş də yerinə yetirirlər? Və bütün bu əməllərdə ayıb bir şey görmürlər, yanlarında peşə şərəfi, ləqayət haqqında söz salanda, inciyirlər, hətta özlərinə haqq qazandırmaq üçün qəribə şeylər də fikirləşib tapırlar. Bu yaxınlarda təşkil olunmuş məclislərdən birində tost qaldıran tanınmış “mediakapitan” həmkarlarına xitabən deyirmiş ki, “Axı bizə nə deyə bilərlər? Biz ki düşmən ölkənin hökumətinə satılmamışıq, öz hökumətimizə satılmışıq!!!”…
Hərdən hələ də qəlbində isti münasibət bəslədiyin bəzi dost-tanışlarının jurnalistika adına gördükləri işlərə diqqət yetirib, başa düşürsən ki, ətrafda biabırçılıq baş verir. Tamah hər şeyi idarə edir. Nuh isə gəlib çıxmır ki, çıxmır. Sən də heç kimi dayandıra bilmirsən, heç nəyi dəyişdirməyə gücün çatmır, insanları inandıranmırsan ki, belə yaşamaq olmaz. O zaman hamı ilə vidalaşmaq, köhnə vaxtlarımızdakı kimi, “Şərəfə!” deyərək qədəhi qaldırıb yerə qoymaq, dönüb çıxmaq və arxanca qapını örtmək istəyirsən. Amma bunu da edə bilmirsən, çünki elə küncə sıxışdırıblar ki, geriyə bircə addım da atsan, şərəfsizlik uçurumuna yuvarlana bilərsən.
***
Qəribə alındı! Mən hamımız haqqında yazmaq istəyirdim, oxuyub görürəm, yenə jurnalistlərdən yazmışam. Fikrim bu idi ki, bütövlükdə cəmiyyətin şərəfi və ləyaqəti haqqında söz açım, oxucunu birgə düşünməyə dəvət edim, görək, biz hara gedirik, niyə belə olmuşuq və itirdiklərimizi necə qaytara bilərik? Amma elə hey jurnalistikadan danışmışam. Başa düşüləndir. Ən çox ağrıyan yeri əzizləyərlər. Olsun, mövzunu da elə jurnalist təcrübəmdə rastlaşdığım bir əhvalatla ümumiləşdirəcəm.
Avropa İttifaqına daxil olan 15 ölkədən Bakıya gələn böyük bir nümayəndəliyi qarşılamağa hazırlaşırdım. Heyətə Almaniyanın, İtaliyanın, Hollandiyanın, İspaniyanın, İsveçin, Fransanın, Macarıstanın, Böyük Britaniyanın və s. nəhəng kütləvi informasiya vasitələrinin televiziya, radio, qəzet jurnalistləri daxil idi. Avropanın diqqətini bir daha Azərbaycana cəlb etmək üçün əla imkan idi. Qonaqlara əsl Bakının atmosferini ilk addımdan hiss etdirmək üçün onları İçərişəhərdə yerləşdirmək qərarına gəldim. Mənzərəli yerdə cəmi 16 nömrəlik xudmani bir mehmanxananı kirayələdik və mümkün problemlərdən sığortalanmaq üçün otaqların pulunu əvvəlcədən ödədik.
Və düz gecə saat 12-də, Londondan qalxan təyyarə Bakının hava limanında yerə enən vaxtda telefonum zəng çaldı. Mehmanxananın meneceri əsəbindənmi, ya alçaldıldığı üçün utandığındanmı titrəyən bir səslə mənə dəhşətli xəbər verdi. Dedi ki, sizin sifarişinizlə mehmanxananın bütün otaqlarını boşaltmışdıq. Cəmi 6 otaq qalmışdı ki, orada yaşayanlar da axşam saat 8-də çıxıb getməliydilər. Amma, sən demə, bunlar adi qonaqlar deyilmiş, mehmanxana sahibinin dostları imiş. Mehmanxana sahibi isə dostlarını yola salmazdan əvvəl onlara vida qonaqlığı vermək qərarına gəlir. Yaxşıca yeyirlər, içirlər, olub-keçənləri xatırlayırlar, mehmanxana sahibi kövrəlir, dostlarına deyir ki, gecə vaxtı sizi heç yana buraxan deyiləm, qalırsınız, səhər özüm hamınızı maşınla yola salacam. Qonaqlar da otaqlarına qayıdıb rahatca yuxuya gedirlər. Mehmanxana işçiləri onları oyadıb otaqdan çıxmalı olduqlarını xatırladanda isə dava salırlar, adamları təhqir edirlər. Ardınca mehmanxana sahibi özü yarıyuxulu, yarısərxoş halda menecerə zəng vurur, onu söyüb-biabır edir və deyir ki, mənəm buranın ağası, bu, mənim mehmanxanamdır, mənim qonaqlarımdır, kefim tutan qədər saxlayacağam, başqaları isə harada istəyirlər, gedib yatsınlar, yer yoxdursa, küçədə qalsınlar. Və telefonu söndürür.
Nə deyəsən… Adam otaqların pulunu əvvəlcədən alır, söz verir, müqavilə imzalayır. Amma bir dənə “Mənəm buranın ağası!” hayqırtısının qabağında yüz müqavilənin, kişi sözünün nə qiyməti var? Bəli, təəssüf ki, bu gün əvvəlki Bakıya çox az oxşayan, amma sevimli cizgilərini hələ tam itirməyən bu şəhərimizdə o ağalıq eləyir. Hasarı evdən hündür bağlar tikib dənizə yolumuzu kəsir. Parklarımızı əlimizdən alıb özü üçün istirahət zonasına çevirir. Tarixi abidələrimizi uçurub yerində insan təkəbbürünə heykəllərə oxşayan eybəcər binalar ucaldır. Və heç kim onun qabağını ala bilmir. Hərdən biz vicdanımızın pıçıltısına uyub etiraza bənzər bir səs çıxaranda isə yeganə arqumentini əlinə alıb üstümüzə bağırır:”Mənəm buranın ağası!” Bizsə, demə, artıq öz şəhərimizdə yadıq, biz dənizsiz də dözərik, parksız da keçinərik, bədə-bəddə dəyərli qonaqlarımızla bərabər onun mehmanxanasının qabağında da gecələyə bilərik.
Yox, mən ətrafımızda baş verən biabırçılıqlarda kimin – bu işləri törədənlərin, yoxsa onlara yol verənlərin – daha çox günahkar olduğunu araşdırmaq fikrindən uzağam. Qoy bunu vicdanını sakitləşdirməyə, özünə haqq qazandırmağa çalışanlar etsinlər. Mənsə istəyirəm ki, bizlər, jurnalistlər, yazıçılar, hüquqşünaslar, müəllimlər, həkimlər, gücsüzlük hissindən boğulan, amma şərəfinin və ləyaqətinin konkret qiymətini elan etməyə hazırlaşmayan bütün kəslər bu mənəviyyətsızlığa, həddi-hüdudu görünməyən tamahkarlığa müqavimət göstərsinlər. Çünki biz, ziyalılar, bu millətin duzuyuq. Müqəddəs kitabda da elə bizim haqqımızda yazıblar:”Əgər duz öz dadını itirsə, onu nə ilə duzlaya bilərsən?”
Şərəfə, cənablar, şərəfə!
***
“- De görüm, dostum, sən nəyin uğrunda vuruşursan?
- Nəyin uğrunda vuruşmalıyamsa, elə onun uğrunda da vuruşuram, – deyə polkovnik Qerineldo Markes cavab verdi, – böyük liberallar partiyasının uğrunda.
- Bunu bildiyin üçün xoşbəxtsən, mən isə yalnız indi özüm üçün aydınlaşdıra bilmişəm ki, əslində təkəbbürümün uğrunda vuruşuram.
- Bu, pisdir, – polkovnik Qerineldo Markes fikrini bildirdi.
Onun narahatçılığı polkovnik Aureliano Buendianı əyləndirdi.
- Əlbəttə, – dedi. – Amma hər halda nəyin uğrunda vuruşduğunu bilməməkdən daha yaxşıdı. – O, yoldaşının gözünün içinə baxdı, gülümsünüb əlavə etdi: – Ya da, sənin kimi, heç kim üçün əhəmiyyəti olmayan bir şeyin uğrunda vuruşmaqdan yaxşıdı.

(Qabirel Qarsia Markes, “Yüz ilin tənhalığı”)


ayna.az

Комментариев нет:

Отправить комментарий