24.08.2016

Astraxanbazar belə yarandı

Sabir Nəsiroğlu

"Çəkilən zəhmətlər getmədi hədər,/ Bir yanı düzənlik, bir yanı dağlar,/ Muğanda yarandı təzə bir şəhər,/ Adını qoydular Astraxanbazar". Abbasağa.

Rus imperatorluğu Elmlər Akademiyası nəzdindəki Coğrafiya Cəmiyyətinin Sankt-Peterburqda yerləşən arxivində qorunub saxlanıılmış «Kameral xidmətinin Talış əyalətində ərazi-inzibati bölgüsü» fondunda Muğan düzünə, o cümlədən Astraxanbazar, Vərgədüz (Yardımlı) və Biləsuvar rayonlarına aid yazılara, bir çox sənədlərə rast gəlmək olur.
1876-cı ildə Peterburq şəhərində nəşr olunmuş «Qafqaz general-qubernatorluğunun siyasi-inzibati məlumatı» kitabının IX cildində Bakı-Ənzəli poçt traktının üstündə, Həməşara çayının sahilində Astraxanka kəndinin salınması haqqında belə məlumat verilir. «1848-ci ilin əvvəlində qədim Həməşara şəhərinin xarabalıqlarında bir neçə rus kəndli  ailələri məskən salmışlar. İndi 82 «tüstü çıxan» (dım) evlərdən ibarətdirlər. Əhalinin sayı isə 195 kişi, 209 qadın, cəmisi 404 nəfərdir.
Bunlardan 57 ev (dım) Astraxan quderniyasının Astraxanka kəndindən, 21 ev Zaporojye vilayətinin Prişib kəndindən, 4 ev isə Stavropol quberniyasının Stepnoye kəndlərindən köçüb gəliblər. Onlar kilsəyə itaət etmirlər və özlərinin «molokan» məzhəbinə mənsub olduqlarını bildirirlər. Molokanlar Həməşara və Sadat (xalq arasında bu çaya «Cinni çay» deyirlər-S.N.) çaylarının qovuşduqları yerdə yerləşən üç böyük təpənin ətrafında bölüşdürərək  həyətyanı torpaq sahələrinə malik olublar. Astraxankadan iki verst aralı açıq düzənliyi olan ərazidə rusların subbotnik (cühud) məzhəbinə mənsub ailələri özləri üçün oba (xutor) salmışlar. Həmin oba Sviridovka adını daşıyır. Hal-hazırda (yəni 1873-ci ildə) 63 nəfər əhalisi var. Çayın sağ sahilində, Astraxanka və Sviridovka kəndlərinin cənub-qərb hissəsində «Böyük Pyotr kəndi» deyilən geniş bir ərazidə  subbotnik məzhəbinə mənsub olan ruslar yaşayırlar. Onların sayı 293 nəfərdir. Onların əsas qrupu Göytəpə  çayının sahilində yerləşən Privolnoye kəndinin sakinlərindəndir. Deyilənlərə görə, onların içərisində böyük Çarın (yəni I Pyotrun) vaxtında köçürülənlərin övladları  da vardır. Hal-hazırda  bu kəndləri birləşdirən inzibati-iqtisadi mərkəz Astranxanka kəndidir.
Astraxanka kəndində 1857-ci ildən kənd ibtidai ixtisas məktəbi (selskoe naçalnoe uçilişe) fəaliyyət göstərir. Məktəbin nəzdində böyük kütləvi kitabxana və tibb məntəqəsi işləyir. Bundan başqa kənddə  iki ibadətxana (molebnaya), aptek, qonaq evi və sanitar-karantın stansiyası vardır. Gələn qonaqlar yerli pristavın həyətində öz faytonlarını yerbəyer eləyib atlarını tövlələrdə bağlaya bilərlər».
Hasıllı o vaxtlar özünün gur bazarları ilə şan-şöhrət qazanmışdır. Bazarlarda ticarət ilə məşğul olan sövdəgərlər Azərbaycanın müxtəlif kənd və şəhərlərindən axışıb gəlirdilər. Hasıllının nurlu-bərəkətli süfrəsi həmişə dolu və açıq idi. Hasıllı evlərinin bağlı-bağatlı, güllü-çiçəkli həyətləri vardı. Muğan diyarının «çörək xəzinəsi» sayılırdı. Oradakı böyük bazara «Həməşara bazarı» deyirdilər. Bazar Hasıllını yer üzünün «cənnəti- məkani» eləmişdi.
1911-1912-ci illərdə çar hökuməti Yuxarı Hasıllı ilə rusların yaşadıqları Aşağı Hasıllı məhəllələrinin arasındakı boş əraziyə bir qrup şirvanlı ailələrini yerləşdirdi. Qərib yerlərdən gələnlərə əl tutan yerli Hasıllı əhalisi öz qonaqpərvərliyi ilə məşhurlaşdı. Bununla da şəhərin gur bazarı daha da canlandı. «Hasıllı bazarında iynə atsan yerə düşməzdi, burada çox asanlıqla və olduqca ucuz qimətə hər şey tapılırdı. Bazar Hasıllının döyünən ürəyidir… «bu sözləri Hasıllıda olmuş səyyahlar, hərbçilər və tarixçilər öz «yol qeydləri»ndə yazmışdılar. Lakin Hasıllının «döyünən ürəyini» ona çox gördülər. Onu zəhərlədilər…
1914-1915-ci illərdə Rus çarının yerlərdə  təyin etdiyi məmurların əliylə şərqin ən böyük bazarını dağıtmaq  üçün cürbəcür hiylələrə əl atıldı. Hasıllıda yerli əhali ilə gəlmələr arasında düşmənçilik toxumu səpildi. Özü də bazar vasitəsilə. Bu illərdə  bütün diyarda tanınmış şirvanlı tacirlərini Hasıllının yerli mülkədarları ilə «toqquşdurdular». Şirvanın təcrübəli tacirləri öz bacarıqları hesabına Hasıllı bazarında çox qısa müddətdə  böyük hörmət sahibi olaraq ən varlı müştərilərini öz tərəflərinə cəlb edə bilmişlər.
1915-ci ilin I yarısında şirvanlı tacirlərinin dükanları bağlandı. Hasıllının məşhur karvansaraları yüklü dəvələrlə uzaq-uzaq şəhərlərdən gəlmiş tacir və sövdəkarlara həsrət qaldı. Bazarın müştəriləri azaldı. Kəndlərdən gəlmiş, çərçilər, çarvadarlar, xırda alverçilər öz yurdlarına çəkildilər. Hasıllı bazarı ömrünü başa vurdu. Hasıllı «sağalmaz xəstəliyə» düçar oldu. Hasıllının  dərdi ağır idi… çar əlaltıları yerli əhalini, hasıllılar ilə şirvanlıları (1910-1912-ci illərdə Şamaxı, Biləsuvar və Salyandan köçüb gəlmiş ailələr), salyanlıları və iranlıları bir-birlərilə «toqquşdurmağa» can atırdılar. Nəhayət, onların səyləri nəticəsində şirvanlılar məhəlləsində «xüsusi qonaqlıq mərasimi» təşkil olunur. Bununla da Hasıllının əhalisi arasında «düşmənçilik toxumu» səpilir, nəticədə isə yerli əhali gəlmə şirvanlı ailələrinin yaşadıqları məhəllələrə  hücum çəkir və onların Hasıllıdan köçməsini tələb edirlər. Günahsız, dinc insanların qanları tökülməsin deyə, şirvanlılarla yanaşı salyanlılar və iranlılar Hasıllını tərk etməli olur. Şirvanlıların yaşadıqları məhəllə isə tamamilə darmadağın olunur. Yerli sakinlər «xarabalığa dönmüş rus məhəlləsində 100 il yurd salınmayacaq!» andını verirlər. Həmin məhəllənin yeri indi də boşdur və yerli əhali oranı xarabalıq adlandırır. («Günədlik»ə istinad olunur-S.N.)
1916-cı il aprel ayının 15-də tərtib olunmuş protokola əsasən  Çar hökuməti tərəfindən Hasıllıdan köçürülmüş əhaliyə Astraxanka kəndi ilə Əcirli obasının arasında yerləşən boş ərazini  fərdi evlər tikmək üçün Qafqaz general-qubernatorluğunun Səfidəşt (rus mənbələrində bəzən belə tələffüz olunurdu-S.N.) polis dairəsinin nəzarəti altında bölüb paylayırlar. Bu ərazidə Hasıllıdan köçüb gəlmiş şirvanlılar və salyanlılar özləri üçün evlər salırlar. Çox keçmir ki, Hasıllı və onun ətraf kəndlərindən yenə də iranlı  tayfaları, seyidlər və bir neçə talış ailələri «kiçik  Həməşara obası»na köçüb gəlirlər. Bununla da Hasıllı bazarını Astraxanka bazarı əvəz edir.
(Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, yaşlı sakinlərin verdikləri məlumata görə, 1915-16-cı illərdə Şamaxıdan olan tanınmış el ağsaqqalı Məşhədi Məhəmməd adlı bir tacir yerli mülkədar Anikiyev oğlanlarından indiki Cəlilabadın ərazisini qızıl pul ilə satın almış və özü ilə gətirdiyi 7 ailəyə fərdi yaşayış evləri tikmək üçün bölüb vermişdir. Sonra Məşhədi Məhəmməd şəxsən özü Astraxanbazarın salınmasına rəhbərlik etmiş və Rusiyanın müxtəlif yerlərindən taxta-şalban materialları gətizdirib əhaliyə pulsuz paylamışdır. Məşhədi Məhəmmədin dəvəti ilə Muğana gəlmiş yer quruluşçusu – mühəndis Astraxanbazarın planını tərtib etmişdir. Bu söhbətlər indiyə qədər xalqın yaddaşında möhkəm iz qoymuşdur. Lakin çox təəssüflər olsun ki, keçmiş SSRİ-nin bütün arxiv və digər sənəd saxlama fondlarında bu barədə heç bir rəsmi sənədə rast gəlmək mümkün deyildir. Arxiv sənədləri Astraxanbazarın o vaxtkı dövrlərini əks etdirən tarixi sənədlərdə sübut edirlər ki, «Astraxanbazarda şəhərsalınma işləri yalnız dövlət tərəfindən görülmüşdür».) (S.N.)
Yeni yurd yerində şəhərin salınması üçün ağsaqqallardan ibarət  «məclis» çağrılır. Yığıncaqda Məşhədi Süleyman adlı birisi öz cəldliyi və rus dilini sərbəst bildiyi üçün «xeyriyyə cəmiyyəti»nin təşkilatçı-sədri təyin olunur. Ağsaqqalların seçdiyi nümayəndə Süleyman Əhəd oğlu 1917-ci ilin fevral ayında Aşqabad şəhərinə gedərək oradan Malaxov familiyalı bir mühəndisi gətirir. Mühəndis-memar Malaxovun rəhbərliyi altında Astraxanbazarın şəhərsalınma baş planı çizilir, həmin baş plan 1917-ci ilin mart ayının 25-də Prişibdə qonaq olmuş Qafqaz canişinin şəxsi imzası ilə təsdiq olunur. Abadlıq işlərinin icrasına start verilir. Məşhədi Süleyman sonralar Peterburqa, Həştərxana və Tiflisə gedir. Hal-hazırda bu şəhərlərin arxivlərində saxlanılmış çoxsaylı sənədlərdə Məşhədi Süleymanın adına rast gəlmək olar. Bu sənədlər 1916-1920-ci illərdə şəhərin abadlaşması ilə əlaqədar olan müqavilələr, layihələr və smeta göstəriciləridir. Həmin sənədlərdə tikinti işlərini həyata keçirən ustaların, memarların hətta mülk sahiblərinin adları göstərilir.
Astraxanka kəndi  ilə Əcirli obasının və Sviridovka kəndlərinin arasındakı şirvanlıların məhəlləsində salınmış «ticarət yarmarkası» «Astraxankanın bazarı» kimi tanınaraq yeni salınmış yaşayış məntəqəsinin bünövrəsini qoyur.
Mühəndis-memar Malaxovun göstərişi ilə  1917-ci il mart ayının 25-də kəndin ilk binasının təməli qoyulur. Müsəlman adət-ənənələrinə uyğun olaraq burada toplanmış bir neçə ağsaqqal kişi əllərinə bel, külüng və s. alətlər alaraq ev yerlərinin çalalarını qazırlar.
Yurdsalma mərasimində iştirak edən mahalın baş axundu Hacı Abdulla  (Hacı İsmayıllı), Məşhədi Əli Soltan axund (Hasıllı kəndi) Seyid Mir Bağır Ağa, Mir Həsən Ağa  Seyid Abbas oğlu (Qızıl-ağac kəndi) Hacı Mir Hüseyn Ağa Seyid Kazım oğlu, Məşhədi Süleyman Əhəd oğlu (Astraxanbazar kəndi), Həbi Adıgözəlbəyoğlu, Yunus bəy Kərbəlayi Bağır oğlu, Nağı bəy Museyib bəy oğlu və digər ağsaqqallar tərəfindən toplanılmış pul ilə alınmış «yeddi girvənkəlik» qızıl külçəsini xüsusi dua oxuyaraq mahalın dini rəhbəri Seyid Hacı Mir Hüseyn Ağaya verirlər. Peyğəmbərimizin əmanəti, bütün mahalın əhalisinin sevimlisi, pak əxlaq sahibi olan müqəddəs seyidin xeyir-duası ilə ilk yaşayış evi tikilir. Həmin evin təməl daşı üçün qazılmış 12 çalanın birinə yaxınlaşırlar. Seyid Hacı Mir Hüseyn Ağa külçənin üstündə həkk olunmuş ərəb dilindəki müqəddəs sözləri toplaşanlara üca səslə oxuyur: «La ilahə il-ləllah, Mühəmmədən Rəsuli-l-illah» külçəni çalaya basdırırlar. Seyid Mir Bağır Ağa və Məşhədi Əli Soltan axund əllərindəki bel ilə dəfinənin üstünü torpaqlayır.(L.Muğanlının «Xatirələrim» əlyazmasına istinad oluunur. III dəftər, səh.63).
«1917-ci ilin payızında Hasıllıdan çıxıb Ocaqlıya sarı yollandıq. Yolumuzu Əcirli obasından saldıq. Küçələrin birindən keçəndə əli xonçalı bir qadın, bir neçə yaşlı kişi və qadın, xeyli uşaq izdihamına rast gəldik. Onların hara belə yollanması ilə maraqlandım. Dedilər ki, «ev üstünə» gedirik. Təzə salınmış «Rus bazarının» cənub qapısının ağzında olan evi göstərdilər. Onun sütunlarına, hələ döşənməmiş baş dirəklərinə xeyli qırmızı, güllü-bəzəkli parça bağlanmışdı. Yağub kişi adlı tanış bir dükançıdan öyrəndim ki, bu gün şirvanlı məhəlləsində «təzə evə köçmə mərasimi» olacaq».
Daha sonra L.Muğanlı  qeydlərini davam etdirərək göstərir ki, Əcirli obası ilə Sviridovka kəndinin arasındakı ərazidə Hasıllıdan köçən şirvanlı və iranlılar üçün evlər tikirlər. Evlər seldən və yaxud sadəcə olaraq nəmlikdən mühafizə üçün palıd, nil və ya çinar ağacından düzəldilmiş dirəklərin üstündə ucaldılırdı. Bu evlər aynəbəndli, 3-4 otaqlı və geniş eyvanlı olurdular. Təzə salınmış bu məhəllələrə yaxın olan Astraxanka kəndinin günçıxanında  Həməşara  çayının yataqlarında kərpic və kirəmid örtüklər (suval) bişirmək üçün kürələr olmuşdur.
Gündəlikdə göstərilir ki, bu yerlərdə məskunlaşmış əcirlilər 1889-1890-cı illərdə  Ucarud mahalından daimi olaraq köçüb gəlmiş 7 ailədən ibarətdir. Tayfa başçısının (ruslar onlara «starosta» deyirdilər-S.N.) dediyinə görə onların əcdadlarının ta qədimdən saldıqları qışlaq obaları məhz elə bu ərazidə imiş. Rus-İran sərhədlərindən keçid qadağan olunduğu üçün onlar qərara gəliblər ki, daha Savalana qayıtmayıb Muğanda qalsınlar. Əcirli obasında əhalinin sayı 73 nəfərdir. Onların 2,5 desyatin həyətyanı sahəsi, 20 desyatin əkin və otlaq yerləri 20 iribuynuzlu iş heyvanı, 26 sağmal inəyi və 15 atı var idi. Hal-hazırda obada yaşayan əhalinin təsərrüfatlarında təxminən 15 min baş qoyun saxlanılır. Buradakı Əcirlilər oturaq  həyat keçirirlər. Kənddə heyvandarlıqla yanaşı quşçuluq da inkişaf etmişdir. Hər ailənin fərdi təsərrüfatlarında taxıl, noxud, tütün əkilir, barama bəslənilir. Bağ-bağatlı həyətyanı sahələr qamış və qaratikan kollarından qurulmuş çəpərlərlə əhatəyə alınmışdır. Çəpər yaxşı dayansın deyə, onun arasında hər yarım metrdən bir paya-dirək basdırardılar.
Sviridovka kəndinin başlanğıcından Əcirli obasının axırınadək Həməşara çayının solsahili  boyunca «şərid» kimi uzanan bu ərazi Əcirli Urufun torpaq sahələri idi. Sonralar Talış əyalətinin müxtəlif kəndlərindən, hətta Ərdəbil və Sərab  vilayətlərindən bəzi qohum ailələrin-«övladların toplaşması» nəticəsində kəndin ərazisi böyüyür. Bir tərəfdən Astraxanka kəndinə, o biri tərəfdən isə Hasıllıya doğru uzanan Əcirli kəndi daha da abadlaşır. Xalqın gözəl məsəli vardır: «Abad kənd tüstüsündən bilinər». Astraxankada və Əcirli obasında salınmış yurdlar bir-birinə yaxınlaşaraq, öz sakinlərini də bir-birləri ilə mehribanlaşdırırdı. Elə bütün bunların nəticəsində kəndimiz abadlaşaraq şəhərə çevrildi.
Tarixi sənədlərdə məlumat verilir ki, 1920-ci illərin axırlarından ta 1930-cu illərin əvvəllərinə qədər  İrandan köçüb gəlmiş böyük «kəndli axını» bu yerlərə səpələndi. Bir neçə ildən sonra Azərbaycanın hər yerində olduğu kimi Astraxanbazarda da kollektiv təsərrüfatları, maşın-traktor stansiyaları, ictimai birliklər yaranmağa başladı. Bu yerlərdə təşkil olunmuş ən böyük kəndli təsərrüfatı olan «III Beynəlmiləl» kolxozu  yerli əhali ilə yanaşı Astraxankada yaşayan rusların və Sviridovka kəndinin otaqlarında obalar salmış, İrandan köçüb gəlmiş müxtəlif tayfaları birləşdirdi.
Sviridovka kəndinin əhalisi maliyyətcə rus olmalarına baxmayaraq, dini etiqadlarına görə Astraxankanın molokan məzhəbli ruslarından fərqlənirlər. Bunları nəzərə alan «İranlılar» yeni «planlar» çızmağa başladılar. Vətənə, İrana dönüb yenidən aclıq içində boğularaq və əbədi zülmətə qərq olmaqdansa «Rusiya vətəndaşlığını» qəbul etmək yaxşı idi. Yeni yaranmış Sovet hökumətinin yerli nümayəndələrinə müraciət edərək, onlara «yaşayış haqqında vərəqələr» vermək və evlər tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etdilər. Nəhayət, öz arzularına nail oldular. Muğanda yaranmış yerli komitələrin rəhbərliyi sovet vətəndaşlığını qəbul etmiş iranlılara daimi yaşamaq haqqında razılıq verdi və onlara torpaq sahələri paylandı. Qeyd etmək yerinə düşər ki, 1920-ci ilin axırlarından 1928-ci ilin fevralına qədər Astraxanbazarda İran səfirliyinin dəftərxanası fəaliyyət göstərirdi. Bu dəftərxanaya «Konsul Həsən» adıyla tanınmış bir iranlı rəhbərlik edirdi.
Bütün bunlara qısqanclıqla yanaşan Sviridovka  kəndinin starostası 60 yaşlı Yakov Oriqoryeviç Sviridov 1936-cı ilin aprel ayının 9-da özünü zəhərləyərək öldürdü. Kəndin əsasını onun atası Qriqori qoymuşdu. O, ölümqabağı yazdığı vəsiyyətnamədə deyirdi: «Mənim qardaş və bacılarım, indi Muğanda yeni  dövrandır. Artıq hər şey əlimizdən çıxmışdır. Nə qədər gec deyil, bu diyardan çıxın. Qocalar, əlillər və imkanı olmayanlar, müvəqqəti olaraq ya Privolnoyeyə, ya da ki, Prişibə  köçün. Burada bu vəhşi tatarlar sizi qıracaqlar. Onlar mərdi diri-diri məzara basdırandırlar. Mərdiməzardan uzaqlaşın. Allah sizinlədir (L.Muğanlının «Xatirələri»nə  istinad olunur).
Sviridovun ölümündən sonra sviridovkalılar öz evlərini ataraq və yaxud aşağı qiymətə sataraq yaxın kəndlərə-Andreyevka, Novoqolovka, Prişib və Svetlaya Zarya kəndlərinə köçüb gedirdilər. Nəticədə isə onların yurdlarından və torpaq sahələrindən ibarət olan ərazi «mərdimazar» adını alır. Bu ərazi get-gedə Astraxanbazar kəndinə  qərbdən, şərqdən isə Astraxanka kəndinə birləşərək bir kənd rayonu mərkəzinin bünövrəsini qoyur. Astraxanbazar bu üç kəndin birləşməsi və əhalinin sayının artması nəticəsində inkişaf edərək böyüyür, 1952-ci ildə «şəhər» statusu alır.
Bərəkətli torpağı ilə tanınmış Astraxanbazarda böyük bir bazar salınır. Bu gur bazarda hər şey tapmaq olardı. Bazarın özünəməxsus qanunları var idi. Bazarın satıcıları ilə yanaşı, yaxşı müştəriləri, öz mollası, mirzəsi, dəllalı və carçısı var idi: Carçı Rəhim, Dərviş Dostalı və Dərviş Heydər. «Sarı Molla» ləqəbli Kərim dayı, Axund əmi kimi tanıdığımız Molla Əşrəf, böyük nəriltiylə ağır yüklü kisələri kürəyində daşıyan Hambal Balaxan, el ağsaqqalı Həbibulla dadaş, Məşhədi Mehdiqulu Nəcəf oğlu, Məşhədi Səməd və onun dabbağlıq sənətinin davamçısı Yusif kişi, dərzi Ələsgər, papaqçı Nəcəf, bazarkom Sarıbala, İspolkom Məhərrəm, Kəlbə Xalıq əmi, Ağalar ağası Seyid Kazım Ağa Mir Bağır oğlu (Allah onu min rəhmət  eləsin, qəbri nurla dolsun), «qızıl adam» ləqəbli usta  Səməd, kolxoz sədri Kamran dayı, Qalayçı  İsrafil, ləzgi Məhəmməd, Məşhədi Surxay, Məşhədi Xanış, misgar Vahabəli, dərzi Seyfulla, pinəçi Həsən, pinəçi Mösüm, dəllək Məhəmməd, dərzi Ataş, Hacı Kaləhmədli, Aşıq Məşhədi Süleyman; Məşhədi Kərim, Məşhədi Xəlil, quyuçu Bəbir, kömürçü Xuduş, Şıxlı Nəci kişi, Əcirli Nəbi dayı, şüşəsalan Rəhmət, Pobeda Abdulla, bayraqdar sürücü Rza dayı, Lotu Salman, el ağsaqqalı Şərəfxanlı Həbi kişi, Məmmədhüseyn əmi, Məşhədi Mehdiqulu Abas oğlu, Məşhədi Xanhüseyn və Kəlbihüseyn qardaşları, Molla Əhməd, Molla Həsənəli, Qoçu Məmmədəli, Şərəfxanlı kəlbə Həsən, Qızıldiş Qüdrət, kamança Balabəy, «heykəltaraş» ləqəbi ilə tanınmış məzar daşı yonan Usta Qənbər, katib Əsədulla, müəllim Rəfi, quyuçu Maşallah, Talış İsa, dəllək Ağarəhim, Pinəçi Qədir, dəllək Əvəz, Usta Əlisahib, çayçı Məmməd, Dehqan Məmmədhəsən oğlu Əliyusub kişi, Oratdı Hümbət, Hənifə dayı,  Ələkçi Mansur və s. yaddaşımıza əbədi olaraq həkk olunublar.
Qarlı-yağışlı havada, yaxud qızmar yay istisində Astraxanbazarın palçıqlı-tozlu küçələrində əlində talış zənbili tutmuş müharibə əlili Aman kişini necə unutmaq olar. Kasıb ailələrinə  hər cümə axşamı qazan asmaq üçün nisyə ət paylayan qəssab Aman həmişə deyərdi: «Ay bala, gəlin götürün payınızı, bir kilodur». Aman dayı Astraxanbazarda yaşayan bütün müştərilərini tanıyırdı. Hətta, o bilərdi ki, hansı müştəriyə nə qədər və necə ət versin. Aman kişi müştərilərindən çox razı idi və ondan da hamı razı qalardı. Bir neçə adama qəssablığı öyrətmişdi Aman dayı. Allah onu rəhmət eləsin. Astraxanbazar öz qəssabları ilə məhşur idi. Məşhədi Zahid və Həbib qardaşları, qəssab Azay (Aman kişinin qardaşı idi), qəssab İsmayıl, qəssab Murad, qəssab Zəki, Əlisahib kişi, Mirzəxan dayı, qəssab Talıb, Həmzə dayı, Məmmədəli dayı, qəssab İbi, qəssab Muxtar, qəssab Səfər, Süleyman əmi və adlarını çəkə bilmədiyimiz bir çoxları…
Astraxanbazarın gur bazarı ilə yanaşı, onun «mal meydanı»da var idi. Bu gur meydanda hamı Qəhrəman kişini yaxşı tanıyırdı. Dəlallıq edən Qəhrəman dayı çalıışırdı ki, öz «müştərilərinə» xeyir versin. Çünki mal bazarında heyvan alıb-satanların məqsədlərini də əvvəlcədən bilərdi. Bazarın da qanunlarına əməl edərdi. Astraxanbazarın bu səs küylü və basa-baslı gedişatına vərdiş edən Qəhrəman dayı bütün mahalda məşhurlaşmışdı. Onun «iş yeri» olan bu bazar Astraxanbazarla birgə addımlayırdı, inkişaf edirdi. Bazar xırda bir şəhərə bənzəyirdi. Hər yerdə olduğu kimi Astraxanbazarın da özünün bazar qoçuları, bazar oğruları, bazar lotuları olub… Qoçu Heydər, Cibgir Oruc, oğru Allahbağış, Paxan Xanhüseyn… (ona «göygöz Hüseyndə deyirdilər) və s.
Şəhərimizdə qızılçı İbiş adlı bir ağsaqqal kişi var idi. Astraxanbazarda kim oğul evləndirməyə,  qız köçürməyə və yaxud gəlin gətirməyə hazırlaşsaydı, İbiş kişini «görərdi». Şəhərdə və ətraf kəndlərdə onu hamı tanıyırdı. Elə indinin özündə də qız-gəlinlərimizdə, ana-bacılarımızda öz valideynlərindən yadigar qalmış «nişan» üzükləri, qızıl boyunbağları və qırxdüymə sırğaları «keçmiş tariximizdən»  xatirə kimi əzizlənərək qorunub saxlanılır.
Əntiq əşyalara çevrilmiş bu «sənət əsərlərində» zərgər Zəkəriyyənin əl izləri yaşayır. Onların əksəriyyəti qızılçı İbiş kişidən, Səriyyə xaladan, Mir Əyyub ağadan, bir də qızılçı Məsmə xaladan alınmışdı. Allah onların hamısını rəhmət eləsin.
Ata-babalarımızın və ağbirçək nənələrimizin məskunlaşdığı Astraxanbazar gözəl bir yurda, bərəkətli diyara çevrilir. Onun şan-şöhrəti çox qısa vaxtlarda Sovetlər ölkəsinin bütün ərazilərinə yayılır. Astraxanbazar tikilir, genişlənir, məhşurlaşır. Uzaq-uzaq el-obalara sədası yayılır doğma şəhərimizin.
Haralardan gəlməzdilər Astraxanbazar məclislərinə, yas və toy mərasimlərinə. Şeyx Həsən, şeyx Dövlətəli, Nəcəfül-Əşrəfin məşhur tələbəsi Şeyx Qüdrət axund Mikayıl oğlu, həzin avazla, şirin ləhcə ilə müqəddəs Quranı əzbər oxuyan Molla  Kamran İbişəli oğlu, Molla Nağı Qasım oğlu, Molla Muxtar Abdulla oğlu, Axund Hüseynağa Mirzə Məmmədəli oğlu çox hörmətli şəxsiyyətlər idilər. Bir də qeyd etmək istəyirəm ki, o dövrlərdə nəinki Astraxanbazarda, hətta bütün mahalda tanınmış Hacı Bağır oğlu Cahangir bəy, Bərcanlı Həsən, Adnabazarda məhşur karvansara sahibi Murtuza bəy oğlu Vəliyullah kişi, Burovarlı İsrafil bəy, Dövlətəlibəyli Kərbəlayi Allahyar kişi, Qayalıdan Hacı Mehbalı, Qoçu Ağaməmməd, Qoçu Heydər, Astanlıdan Bağır oğlu Museyib kişi, Biləsuvarlı Qoçu Hüseyn, Eynulla oğlu Qoçu Həbi, Ocaqlı Qara kişi, Qoçu Ağababa və s. böyük nüfuz sahibi idilər. Nə çar hökumətinə, nə Şura hökumətinə baş əyməyən, heç bir zaman nə kolxoz, nə də sovxoz tanımayan, ömrünün axırına qədər heç bir hökumət  tərəfindən dövlət müavinəti (pensiya) almayıb, ancaq və ancaq öz halal zəhməti ilə öz çörəyini doyunca yeyən Əcirli Yaqub kişi düz bir əsr yaşadı. Onun böyük oğlu dəmirçi Surxayı hamı tanıyırdı və deyirdilər: «Surxay gözəl və çox alicənab insandır». Dəmirçi dostları var idi dəmirçi Surxayın… Mir Cabbar Ağa, Şahmar kişi, Səfərəli əmi, dəmirçi İbrahim, Əkbəralı kişi, Yunus kişi, nalbənd Ağasalah və s.
Surxay əmi ilə daim bir yerdə oturub-duran, necə deyərlər onunla duz-çörək kəsib, daima dostluq edən arabaçı Əliheydər və Əliyusub qardaşları, cütcü Məmməd Həsən, çarvadar Rzalı, Kərbəlayi Mikayıl Cəbi oğlu, qalayçı Əjdər, anbardar Abı, dəyirmançı Eynulla və onun qardaşı anbardar Xeyrulla, İlxıçı Kəlbə Cəfər, Kəlbə Əli Həmzə oğlu, Musavat Alxan, Həmşəri Məhərrəm, Oratdı Hənifə, faytonçu Saday, şofer Əsəd, arabaçı Əlihüseyn əmi, Qulamhüseyn Hüseyn oğlu, Fərzili Hacı Abdulla oğlu Abduləli kişi, arabaçı Sərdar Tağı oğlu, Canıyarlı Məhəmməd Mirzə Vəli oğlu və s. bu halal zəhmət adamları sözün əsl mənasında «kişi» adını hər şeydən üstün tutaraq bir-birləri ilə duz-çörək kəsmişlər, bütün çətinlikləri dəf edərək qohum-qonşuya əl tutmuşlar.  
Dəmirçi Surxay öz sənəti ilə yanaşı gözəl ustalıqla hazırladığı  nalları at və qatırlara rahatca vura bilirdi. O nalbəndliklə məşğul olanda müştərilərin gözləri önündə heyvanları sakitcə  arxası üstə yerə yıxıb ayaqlarını kəndirə bağlayır, sonra isə xüsusi üsulla nallayırdı.
Günlərin  bir günü idi. Gözbulaq  kəndindən Abdul adlı bir kişi öz uzunqulağını gətirir Surxay kişinin yanına ki, o onu nallasın. Emalatxananın qabağında Surxay kişinin müştəriləri öz atları  və qatırları ilə  növbə gözləyirdilər. Abdul kişini görən Surxay «Xoş gəldin» etdikdən sonra  dedi: «Ay Abdul kişi, yaxşı oldu ki, sən bu uzunqulağı gətirdin. İndi qatırlara nal vurmaq üçün o mənə  köməklik göstərəcək». Sonra uzunqulağa yaxınlaşan Surxay əmi onun sağ ayağına bir sillə vurdu. Uzunqulaq dərhal ayağını qaldırdı və nalbənd onu nalladı. Sonra isə, o biri ayaqlarını da elə etdi. İşini qurtarandan sonra aparıb yaxındakı tut ağacına bağladı. Növbə qatırçı Xudaqulunun idi. Surxay əmi onun qatırını götürüb, ipindən tuturaq üç dəfə tut ağacının altında bağlanmış uzunqulağın başına fırlatdı. Səbəbini bilmək istəyəndə o deyirdi ki, «Qatır atın balasıdır, amma zatı uzunqulaqdır». Mən qatırın gözü qabağında Xudaqulunun uzunqulağını «növbəsiz» nalladım. Bunu öz gözləri ilə görən qatır da zatının yolu ilə hərəkət etdi. Əlimin ucu ilə qatırın dizindən aşağı, bir balaca toxunan kimi, o dərhal ayağını qaldırdı».
Bax, belə təcrübəyə  malik sənətkar idi Surxay əmi. Allah rəhmət eləsin və onun həmkarı peşəkar nalbənd Ağasalah əmini.
Yaxşı yadımdadır, dəmirçi dükanında iş olmayanda Surxay əmi, Ağasalah əmi, İsrafil əmi, Şahmar əmi, Vahabəli əmi, Əjdər əmi, arabaçı Əlihüseyn əmi və onların yaxın dostu «Qoçu bəy» ləqəbli Əzizalı kişi oturub bu şeri xorla oxuyurdular.

Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
Ey vətənim, qarı düşmən bağrını al-qan elədi, 
Soydu rəzalətlə səni, zülmlə talan elədi,
Bağlarını vurdu xəzan,gör necə viran elədi,
Zülmət çöküb, döndü zaman, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Keçmişinə baxmalıdır pirü-cavan ibrətilə, 
Hazır olub ellərimiz intiqama qeyrət ilə,
Məqsədimiz var, səni azad eyləyək sürət ilə, 
Müstəbidə yoxdur aman, Azərbaycan, Azərbaycan!
Bilməlisən, şanlı Vətən, naz ilə öz övladını, 
Mən də gərək cəhd eyləyib ərşə ucaldım adını, 
Hümmət elə, parçalayıb məhv eləyim cəlladını, 
Vəqti-səadətdir, oyan, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
And içirəm namusuma, məsləkimə, vicdanıma,
Gün kimi dünyada müqəddəs tanınan imanıma,
Ya səni azad eyləyim, ya boyanım al qanıma,
Haqqın üzü dönməz inan, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!

Bu mahnını oxuyub qurtaran kimi Surxay əmi və onun dostları bir-birlərini qucaqlayıb öpüşərdilər. Onların sevinclərinin həddi-hüdudu olmazdı.
Surxay əmi bizə həmişə şirin söhbətlər edərdi. Onun  yaxın bir dostu var idi. Keçili kəndində yaşayırdı. Nəinki öz kəndlərində, hətta Muğanın və Talış diyarının müxtəlif şəhər və kəndlərində adı hörmətlə çəkilmiş bu şəxsin adı Əzizalı olub. Onun haqqında söhbət edərkən Surxay əminin gözləri yaşla dolardı. Əzizalı kişi də bir çoxları kimi «xalq düşməni» damğası alaraq gedər-gəlməzə sürgün olundu…
Bəli, Surxay əminin belə yaxın dostları var idi. Rəhmətlik Ağasalah əmini mən şəxsən görmüşdüm. Nalbəndlik peşəsinin bütün sirlərinə bələd olan Ağasalah əmini hamı tanıyırdı. Hətta, o qoşqu heyvanların müalicəsi ilə də məşğul olurdu, amma bu işlərinə görə heç bir zaman pul götürməzdi. Qapısına gələn dilənçiləri öz evinə dəvət edər, yedizdirib-içizdirib, sonra da qənd, çay, un, buğda, mərci və yaxud pul verib yola salardı.
…Tarixin canlı şahidi, Astraxanbazarın təməl daşını öz əlləri ilə qoyanları yaxından tanıyan təklə qızı Minə nənənin adını bütün mahalda hörmətlə çəkərdilər. Yaxud həmişəcavan, xanım xatun Göyçək xalamı necə dinləməyim? Adı ilə yanaşı özü də göyçək olan mənim əziz anamın doğma bacısı olan bu mehriban qadın öz evində dəfələrlə qonaq olmuş xalq şairimiz Səməd Vurğundan şirin-şirin söhbət edərdi. Şair Astraxanbazarda olanda mütləq xalamgilin qonağı olarmış. Xalamın ömür-gün yoldaşı olan «Pobeda Abdulla» ləqəbli Zeynalov Abdulla Abış oğlu şairin ən yaxın dostu idi. Onların da birgə ovçu dostları olub Göytəpəli Xalıq kişi Sadıq oğlu, İbad kişi Əmənulla oğlu, Azay kişi Həmid bəy oğlu, Nəcəf kişi Əzizəli oğlu, Alarlı Rəzzaq kişi, Təzəxan kişi və s.
O zamanlar Biləsuvarda rayon Partiya Komitəsinin birinci katibi Adıgözəlov familiyalı bir şəxs olub. Muğana pənah gətirmiş xalq şairi onunla görüşən kimi dərhal Göytəpəyə-xalamgilə gələrmiş. Elə buradan da, dahi şairimiz Muğan düzünü və qocaman Talış diyarını seyr edərək, onun ucsuz-bucaqsız meşələri ilə, yaylaq və qışlaqları ilə yaxından tanış olmuşdur. Həmin ərəfələrdə, Şirvan və Muğan torpaqlarını qarış-qarış gəzmiş Səməd Vurğunun ünsiyyətdə olduğu adamlar sırasında kənd təsərrüfatında çalışan əmək qəhrəmanları-əkinçilər, mexanizatorlar, həkimlər və digər peşə sahibləri olmuşlar. Onlar hamısı Astrarxanbazarın tarixini «yazan» canlı qəhrəmanlardır. «Rəhman Dadaş» kimi tanıdığımız el ağsaqqalı Qasımov Rəhman Şirin oğlu, gözəl insan və əsl ziyalı Azay kişi Həmid bəy oğlu Rüstəmov, Baba dayı kimi tanıdığımız Nurullayev Nurulla (Baba) Səməd  bəy oğlu, Nağıyev Hadı Nağı bəy oğlu, Həsənov Kamran Səməd oğlu, Rəhimov Əlixan Həsən oğlu, Zeynalov Səlim Ağarəhim oğlu, Əliyev Şirnalı  Yusif oğlu və s. rayonumuzun tarixini şanlı səhifələrinə əbədi olaraq həkk olunublar.
Hal-hazırda onlar həyatda yoxdurlar. Allah onları rəhmət eləsin! Rəhmətlik Azay əmi danışırdı ki, onun babası Səmədbəy Rüstəmbəyli 1918-ci ildə Azərbaycan Demokrpatik Cumhuriyyətinin qurucularından olub. Onun dediyinə görə Səmədbəy 1919-cu ildə vəfat etmişdir. Tarixi araşdırmalardan məlum olur ki, Rüstəmbəylilər Cavad qəzasında ən nüfuzlu ailələrdən biri olub (Səməd bəy haqqında ADR arxiv fondunda saxlanılan xüsusi qovluqlar var - S.N.)
Bəli, Astraxanbazar torpağında belə kişilər yaşayıblar. Astraxanbazar bu kişilərin əməyi ilə, onların alın təri ilə nəfəs alırdı, gələcəyə inamla addımlayırdı. Bu «kiçik şəhərin böyük sahibini» xalq şairimiz Səməd Vurğun hələ  1952-ci ildə Astraxanbazar «şəhər» statusunu alanda qələmə almışdır. Böyük sənətkar «Muğanın yeni dövranı» oçerkində belə yazmışdır: «Respublikamızın ən cavan şəhəri Astraxanbazardır. Ona yalnız bu il - 1952-ci ilin 28 fevralında şəhər adı verilmişdir».
Daha sonra xalq şairi söhbətinə davm edərək yazır: «Bakıdan Astaraya uzanan aynalı yolun 210-cu kilometrliyində sağa tərəf uzanmış daş döşəməli geniş bir yol Astraxanbazar şəhərinə aparır. Yolun hər iki tərəfində köhnə və yeni əkilmiş ağaclar cərgələnmişdir. Evlərin eyvanları və pəncərələri bir-biri ilə üz-üzə dayanıb salamlaşır. Şəhərin uzunluğu 3 kilometrdən artıqdır. Biz şəhərə daxil olduğumuz zaman yeni, səliqə ilə salınmış şəhər parkı üzə gülür. Bu park, demək olar ki, şəhərin bütün mərkəz hissəsini tutmuşdur. Park bu günkü şəhərə   görə böyük nəzərə çarpır. Görünür ki, onu yaradan başlar və əllər öz doğma şəhərlərinin sabahını da düşünmüşdür... Onlar düşünmüşlər ki, Astraxanbazar şəhərinin əhalisi bu gün yeddi-səkkiz min isə də, sabah çox artacaq. Bu təsadüfi deyil. Biz bu vüsəti paytaxtımız Bakı şəhərində yaranan yeni meydançalarda, geniş küçələrdə, əzəmətli binalarda da görürük. Qurulan hər yeni  binanı, yazılan hər yeni  əsəri yalnız bu günə görə yox, bir də sabaha, həm də böyük sabaha görə yaratmaq sovet insanının geniş təbiətinin, onun yaradıcılıq qabiliyyətinin tükənməz bir çeşmə olduğunu göstərir. Yeni şəhərimizdə- Azərbaycanın balaca Ukraynasının mərkəzi Astraxanbazarda gedən tikinti və quruculuq işləri çox heyrətamizdir. Son üç-dörd il müddətində  bu yeni şəhərdə qırxdan çox mədəni, ictimai bina tikilmişdir. Məsələn, müəllimlər evi, işıqlı və yaraşıqlı partiya kabinəsi, bir neçə böyük və geniş otaqlardan ibarət müalicə evi, yay kinoteatrı, maliyyə evi, kənd təsərrüfatı idarəsi, rayon partiya komitəsinin yeni binası, aptek, mədəniyyət evi, iki artel, dörd gözdən ibarət kəndli evi, 5 otaqlı körpələr evi, 10 palatalı xəstəxana və qeyriləri… Öz  şəhərlərini isti bir ürəklə sevən yerli insanlar dövlət və partiyamızın şəhərin abadlığına buraxdıığı küllü miqdarda pul vəsaitini səmərəli xərcləyir, yerli imkanlardan da geniş surətdə istifadə edirlər. Lakin bütün bunlar görüləcək daha böyük işlərin başlanğıcıdır. Düşünən başlar dayanmır, yaradan əllər yorulmur. Bu ildən başlayaraq, şəhərin bütün daşlı yolları qırla-asfaltla döşənəcək, seyrək evlərin arasında yeni evlər, bağlar-bağçalar salınacaq, şəhər başdan-başa yaşıllığa qərq olacaq, onu isti və soyuq səhra küləklərindən qorumaq üçün ətrafında yeni meşələr, bağ-bağatlar salınacaqdır. Bu gün Atraxanbazar rayonunun yalnız 15 kəndində hamam varsa, yaxın gələcəkdə bütün kəndlərində hamam tikiləcək. Bu gün rayonun yalnız 10 kəndində elektrik işığı varsa, sabah lap yaxın gələcəkdə rayonun bütün 38 kəndi elektrik işığına qərq olacaqdır. İşıq yalnız işıq deyil, yaraşıq da deyil! İşıq qüvvətdir. Bu qüvvətlə qəhrəman kolxozçularımız əkəcək, becərəcək, məhsul toplayacaq. Xalqımız dağlarda, səhralarda, təbiətin kor qüvvələrinə elektrik gücüylə zəfər çalacaq. Hələ də həyatımızda  müvəqqəti olaraq yaşayan bəzi ağır zəhmət növləri ləğv olunacaq. İnsan zəhmətinin məhsuldarlığı qat-qat artacaq. Bu xəyal deyil, böyük bir həqiqətdir. Bu yeni dünyanın dastanıdır. Bu səadət və həyat dastanının ilk səhifələri yazılmışdır. Bu səhifələrdə qəhrəman Azərbaycan xalqının da imzası var… Lakin bu dastan qurtaran deyil… Çünki bu dastan şairlərin yazıb qurtardığı, sonuna nöqtə qoyduğu dastana bənzəməz. Bu, həyat dastanıdır,-hüdudsuz, sonsuz, daima yazılan, daima zənginləşən, daima gözəlləşən bir dastandır…
Bu  dastan zamandan-zamana, nəsildən-nəsilə yazıla-yazıla davam edəcək! Bu dastana yeni səhifələr yazılacaq, yeni imzalar qoyulacaq…
İllər keçir, Astraxanbazar yeni-yeni uğurlar qazanacaq, şan-şöhrətə malik olur. Bu şan-şöhrət onun mehriban sakinlərinin böyük bir ailədə yaşayıb və birgə təsərrüfatlarda çalışması nəticəsində qazanılırdı. Astraxanbazar bu şöhrətlə yeni adlar aldı «İkinci Ukrayna» və  yaxud  «Azərbaycan Ukraynası».
Astraxanbazar ərazisində əvvəllər yaranmış əmək artelləri sonradan əmək kooperasiyasının və kolxozların (kollektiv təsərrüfatları) əsasını təşkil etdilər. Kolxozların yaranmasında yüzlərlə ağsaqqal bir yerə toplaşıb öz yaxınlarını cəlb edərək mal-qara, at və qatır, qoyun-quzu sürülərini birləşdirib, əkin yerlərini, bağ-bostanlarını əkib-becərmək işləri ilə məşğul oldular. Astraxanbazarın mərkəzində yaranmış «Komintern» arteli ilk günlərdə 47 ailənin təsərrüfatlarını birləşdirdi. Muğanın «mərkəzinə» çevrilən Astraxanbazarda o zamanlar böyük poçt idarəsi, aerodrom, süd emalı zavodu, kənd təsərrüfatı idarəsi, maşın-traktor stansiyası və s. obyektlər fəaliyyət göstərirdi.
Bəli, unudulmaz şairimiz S.Vurğunun təbirincə desək, «Tarixlər şahidi qocaman Muğanda» salınmış Astraxanbazar sürətlə inkişaf edərək ucu-bucağı görünməyən möhtəşəm sovetlər ölkəsinin hər bir güşəsində tanınmağa başlayırdı. Astraxanbazarda doğulub boya-başa çatmış gənclər ölkənin müxtəlif şəhər və qəsəbələrində məskunlaşaraq, yeni ailələrin bünövrəsini qoymuşlar. Astraxanbazara SSRİ-nin hər bir yerindən demək olar ki, gündəlik olaraq telefon zəngləri, teleqramlar, məktublar və digər poçt göndərişləri sonda daxil olurdu. Rayon məşhurlaşırdı, şan-şöhrətə çatırdı. Doğma şəhərimizin xoş ovqatlı günlərini qələmə alan həmyerlimiz mərhum şair Abbasağanın bu misralarını da xatırlamaq  yerinə düşərdi. O,  yazmışdır:

Gənc şəhər gülürdü  gül-çiçəyiylə,
Ona bəzək idi bağlar, bağçalar.
Açıq süfrəsiylə, bol çörəyiylə
Hörmətə minirdi Astraxanbazar.

Комментариев нет:

Отправить комментарий