25.08.2016

"Qanuni oğrular" niyə qan tökür? - Dəhşətli sirrin üstü açıldı

Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Adi riyazi hesablama eləsək, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla "göy” gətirən göyərti bazarı uğrunda illərdir ki, Rusiya paytaxtında qanlı müharibələr gedir: "Göyərti müharibələri…”.
Son illər Moskvada bazarlar dalbadal bağlanır. Ona görə yox ki, moskvalılar daha bazara getmirlər. Bütün günü restoran və kafelərdədirlər. Əsla, bazarları indi iri supermarketlər, ucu-bucağı görünməyən hipermarketlər əvəz edib. Daha, ucarlıların, daha dəqiqi doğrusu Sarıyev qardaşlarının nəzarət etdiyi tozlu-torpaqlı "Vıxino” bazarına gedən yoxdur. Elə "Xlebnikov”dakı meyvə-tərəvəz bazarına da az adam ayaq basır. Naxçıvanlıların nəzarətində olan "Moskvoreçski” və "Çeryomuşinskaya” bazarına da həmçinin. Şəmkirlilərin "Pokrovski” bazarı isə Orxan Zeynalov qalmaqallından sonra tamamilə bağlanıb. İndi moskvalılar bayaq dediyim kimi, əl-ayağı təmiz və çəkidə aldanmayacaqlarına əminliklə böyük marketlərdən alırlar mer-meyvəni, tərəvəzi və əlbəttə ki göyərtini.
...Amma bütün bunlara rəğmən, Moskva-bazar-azərbaycanlı "üçlüyü” hələ ki öz mahiyyətini və varlığını qoruyub saxlamaqdadır. Və hələ də Moskva bazarları azərbaycanlıların əsas qazanc mənbələridir. Və nəhayət, hələ də bu bazarlar uğrunda qanlı savaşlar gedir. Bir qədər əvvəl Rövşən Lənkəranskinin qətlə yetirilməsindən sonra isə bu müharibənin qızışacağı da heç kimə sirr deyil.
Hə, məhz Lənkəranskinin qətli yeni qovğalara, payların yenidən bölünməsinə səbəb olacaq. Xüsusi ilə də göyərti bazarının...
Bir qədər əvvəl Moskvanın "göyərti kralı” kimi tanınan Cambulat Şamiloğlu evinin qarşısında güllələnəndə, çoxları bunu kriminal "razborka”yla əlaqələndirdi. Bu həmin Canbulat Şamiloğludur ki, "Ded Xasan” qruplaşmasının üzvü idi. "Ded”in varisi "Şakro Molodoy”un qanadı altındı çalışırdı. "Şakro” ilə isə onu azərbaycanlı qanuni oğru "Vaqif Bakinski” tanış etmişdi.
Canbulat qətlə yetiriləndə çoxları onun sifarişini məhz Lənkəranski tərəfindən verildiyi qənaətindəydi. Çünki Canbulat məhz "Şakro” və "Vaqif Bakinsiki”nin diqtəsiylə Rövşən Lənkəranskinin nəzarət etdiyi bazarlara göyərti təminatını həyata keçirməkdən imtina etmişdi. Amma bütün bunlar versiyalardır, elə biz də versiya kimi yazırıq. Həqiqət isə odur ki, Lənkəranski və "Şakro Molodoy” məhz "Ded Xasan”ın qətlinə görə qanlı düşmən idi. "Vaqif Bakinski” də həmyerlisinin yox, "Şakro”nun yanındaydı.
Və nəhayət bir həqiqət də var: rusiyalı kriminal yazarı Andrey Konstantinovun dediyi kimi, Moskvanın meyvə-tərəvəz, göyərtiylə təmin edən iri bazarlara, məsələn "Pokrovski”, sonradan "Domodedovo kimi topdansatış bazalarına məhz Lənkəranski nəzarət edirdi. "Onun adamları Moskvaya gətirilən və gələn meyvə-tərəvəzlə dolu iri yük maşınlarını öz nəzarətində olan anbarlara istiqamətləndirirdi. Oradan isə bazarlara və piştaxtalara paylanırdı”.
Təxminən iki il əvvəl Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İlieyv yeni topdansatış bazası açdılar: "Food Sity”. 360 min kvadratmetr ticarət, 300 min kvadratmetr anbar sahəsinə malik olan "Food City”ni açılanda topdansatışla məşğul olan satıcıları bu bazara cəmləmək lazım gəlirdi.
Amma Moskvada tərəvəzin, meyvənin, göyərtinin topdansatışını Lənkəranskinin adamları həyata keçirirdi və heç kim, necə deyərlər ağrımaz başına dəsmal bağlamaq istəmirdi. "Food City”yə özbaşına keçmək topdansatışla məşğul olan meyvə-tərəvəz və göyərti alverçilərinin başını bəlaya sala bilərdi.
Rusiyanın tanımış kriminal saytlarından olan "Russkaya mafiya” (rumafia.com) həmin vaxt yazırdı. "Nisanov və İliyev problemi həll etmək üçün "Vaqif Bakinski”ylə əlaqəyə girdilər. "Vaqif Bakinski” isə məsələni "Şakro Molodoy”la müzakirə edir. Nəyin bahasına olursa olsun, satıcıları "Food City” gətirmək qərarın gəlinir. Amma Lənkərənski amili də göz önünə alınır. Heç kim Rövşənlə problem də yaratmaq istəmir”.
Bu arada "Bakinski” bir nəfərlə görüşmək qərarına gəlir: Moskvada hamının Şəmkirli Məhərrəm kimi tanıdığı şəxslə. "Pokrovski” bağlanandan sonra "Domodedovo” bazarını idarə edən Şəmkirli Məhərrəmə "Food Stiy”ə keçmək təklif olunur. Bazar idarəçiliyini yaxşı bacaran Məhərrəm əvvəl Rövşənin qorxusundan bu təklifə "yox” deyir. Amma azərbaycanlı milyarderlər "Vaqif Bakinski” vasitəsi ilə ona törətdiyi bir əməli xatırladırlar. Söhbət keçmiş MTN naziri Eldar Mahmudovun yaxın adamlarından olan "Akula Akif”dən gedirdi. Yadınızdadırsa, bir neçə ay əvvəl "Akula Akif”in məhz Məhərrəm tərəfindən Avropaya qaçırılması barədə Azərbaycan KİV-də çeşidli xəbərlər getmişdi. Məhərrəm sonradan öz hərəkətindən çox peşman olmuşdu. Amma artıq gec idi. Hə, məhz bu məqamı Məhərrəmin yadına salırlar. Əlacsız qalan "bazarkom” təkliflə razılaşır.
Biz Şəmkirli Məhərrəmlə bağlı məqamlara qayıdacağıq. İndilikdə isə "Food Sity”yə qayıdaq.
"Food Siti”yə satıcı yığmaq planı əslində böyük pullar demək idi. Amma bunun qansız ötüşməyəcəyi də heç kimə sirr deyildi. Belə olan halda "Şakro Molodoy” Vaqifə tapşırıq verir ki, heç bir halda silaha əl atılmasın. Qan tökülməsin.
Amma qan tökülür. Bu ilin martında Moskvada “göyərti kralı” kimi tanınan Canbulat Şamil oğlu evinin qarşısında öldürülür. Ona 3 güllə vurmuşdular. Canbulatın qətlindən sonra göyərti biznesinin kimin əlinə keçəcəyi Moskvadakı bazarlarda əməlli müzakirə mövzusu idi. Heç kim risk edib Rusiya paytaxtının göyərti ilə təminat məsələsini boynuna götürmək istəmirdi. Tək bir səbəbə görə: ortada Rövşən Lənkəranski amili vardı.
Həmin vaxt Moskvadakı bazarlarda azərbaycanlılar arasında bir narazılıq da vardı. Söhbət ondan gedir ki, Orxan Zeynalov olayından sonra bağlanan -əslində bunun özü də bir oyun idi- “Pokrovsk” bazasının necə deyərlər satıcı kontingenti “Domodedovo” bazarına üz tutmuşdular. Moskvanın eyni adlı rayonunda, eyni adlı məşhur aeroporta yaxın ərazidə yerləşən bu bazarı baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun açdığı da deyilirdi. Abbasov heç bir tərəddüd etmədən özünə yaxın, əslən Şəmkirdən olan Məhərrəmi “Domodedovo” bazarına rəhbər qoyur. İlk narazılıqlar da bundan sonra başlayır. Məhərrəm Abbasovun köməkliyi ilə bəzi inzibati rıçaqlardan istifadə edərək Moskvaya gətirilən meyvə-tərəvəz və göyərtini məhz öz bazarında satdırmaq üçün hər şeyə əl atır. Təsəvvür edin, Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız adətən Moskva Dairəvi yolunun yaxınlığındakı “41” adlanan bazara getməyə üz tuturdular. Burada həmin rəsmi, həm də qeyri-rəsmi rüsum az idi, həm də rəhbərlik satıcıları incitmirdi.
Amma bir daha qeyd edək, inzibati yollarla Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınların zorla “Domodedovo”ya aparılmasına başlanır. Orada isə Şəmkirli Məhərrəmin qoçuları bir maşının bazara daxil olması üçün onlardan 1200-1500 dollar almağa başlayır. Kütləvi narazılıq yaranır. Narazı azərbaycanlılar Rövşən Lənkəranskinin adamlarına kömək üçün müraciət edirlər. Lənkəranskinin müdaxiləsindən sonra qeyri-rəsmi rüsum azaldılır. Hələ bu harasıdır, Lənkəranski ümumiyyətlə bazarın özünə əl qoyur. Göyərtidən tutmuş, başqa mallara qədər topdansatışa məhz onun adamları nəzarət etməyə başlayır. Məhərrəm isə ciddi cəzalandırılır.
Xatırladaq ki, Şəmkirli Məhərrəmin adı Azərbaycanda bir neçə qalmaqallı məsələdə hallanıb. O, Şəmkir şəhər stadionunu alıb, oranı sökdürərək torpağına sahib çıxmaq istəyində ittiham edilirdi. Amma son anda buna nail ola bilməmişdi.
Lənkəranski Türkiyədə yaşasa da, bütün Moskva regionunun meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan bazarları birbaşa onun nəzarətindəydi. Bazarlara məsul isə Lənkəranskiyə yaxın “qanuni oğru” Levan Canqveladze sayılırdı...
2013-cü ildə “Pokrovsk” bazarı məlum səbəbdən bağlanandan sonra əslən Qubanın Qırmızı Qəsəbəsindən olan yəhudi əsilli iş adamları Zarah İliyev və Qod Nisanov yeni sahəyə, ərzaq biznesinə girişmək qərarına gəldilər. Rusiyada daşınmaz əmlak biznesindən milyardlar qazanan cütlük üçün meyvə-tərəvəz bazarı yeni sahəydi. Söhbət həm də ondan gedir ki, bu sahə artıq tutulmuşdu. İliyev və Nisanov əvvəlcə Moskva dairəvi yolunun bir neçə yüz metr kənarında yerləşən “Lotos” ticarət mərkəzini nə az, nə çox 1 milyard dollara satın aldılar. Həmin ərazidə isə Moskvanın kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük bazasını - “Food city”ni inşa etdilər. “Food City”nin sahiblərinin əsas məqsədi Moskvanın bütün topdansatış meyvə-tərəvəz və ərzaq bazarını əllərində cəmləşdirmək idi. Bir daha təkrar edirik, bütün topdan satış mərkəzlərini. Bazaya maraq o qədər böyük idi ki, onun açılışına hətta Moskva meri Sergey Sobyanin də gəlmişdi. Açılış zamanı S.Sobyanin bildirmişdi ki, bundan sonra Moskvada cəmi 4 belə iri bazanın yaradılması planlaşdırılır. Bazanın sahiblərindən olan Qod Nisanov isə qeyd etmişdi ki, artıq baza Azərbaycan və Türkiyədən meyvə-tərəvəz təchizatçıları ilə razılaşmalar əldə edib. Bu ölkələrdən topdansatış bazasına ərzaq malları daşınır. O, satıcılara öz mallarını satmaq üçün bütün şəraitin yaradıldığını da bildirmişdi.
Amma heç bir razılaşmadan söhbət gedə bilməzdi. Hələ bu bazaya satıcılar, iri yük maşınları, bir sözlə kontingent cəlb etmək lazım idi. Məhz belə bir vaxtda “Ded Xasan”ın varisi, Lənkəranskinin qatı düşməni “Şakro Molodoy” və onun yaxın adamı “Vaqif Bakinski” yada düşür. Lənkəranskinin və ətrafının əlində olan bazarları bir-bir almaq, necə deyərlər, hamını bura yığmaq isə müşkülə dönmüşdü. Düzdür Lənkəranski həmin vaxt Türkiyədəydi, ona təsir dairəsindəkiləri qorumaq çətin idi. Bir sözlə, mövqelərini saxlamaqda çətinlik çəkirdi. Amma bununla belə, yenə də heç kim onunla açıq müharibəyə getmək həvəsində deyildi.
Ancaq “Şakro”yla danışıqlar və “Vaqif Bakinski”nin də onu dəstəkləməsi getdikcə artan münaqişəni daha da dərinləşdirirdi. Bu arada “Şakro Molodoy”un qvardiyasında olan və “Vaqif Bakinski”nin “qanadı altında” işləyən Canbulatın qətli aranı yenidən qızışdırdı. Bundan sonra Moskvada Rövşənə yaxın iki nəfər öldürüldü. Bir sözlə, müharibə yenidən alovlandı.
İndi Rövşən yoxdur. Və Rövşənin yerinə bu müharibəni kimin aparması da məlum deyil. İndi “Şakro” da yoxdu. Daha doğrusu, ortada yoxdu. Bir qədər əvvəl o, yenidən həbs edildi. Yaxın günlərdə azadlığa çıxması da mümkün deyil. Bazar, xüsusən göyərti biznesi isə “Vaqif Bakinski”nin adamlarının və həm də “Food city”nin inhisarına keçir.
İlk baxışda müharibənin başa çatdığı qənaətinə gəlirsən. Amma yox, səhv edirsiniz. Bu - bazar savaşıdır. Və hər an kimsə bu savaşa atılır. Çünki burada milyonlar fırlanır. Həm də adamlar…

azxeber.com                  lent.az

Комментариев нет:

Отправить комментарий