23.08.2016

AYB-nin ən böyük problemi və ən böyük yarası Rəşad Məciddir

Kəramət Böyükçöl: Yazıçılar Birliyinin ən böyük problemi Rəşad Məciddir

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi öz saytını yeniləməyə başladı, «Ulduz» jurnalı və «Ədəbiyyat» qəzetinin rəhbərlərini dəyişdi. AYB-nin gənc üzvləri təşkilatın gələcəyini necə görürlər? İyuna təyin edilmiş qurultayda daha hansı islahatların aparılmasına ehtiyac duyurlar? Bu mövzunu «Pen klub»da AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, «Ulduz» jurnalının yeni baş redaktoru Qulu Ağsəs və gənc yazarlar Elmin Nuri, Kəramət Böyükçöl, Əsəd Qaraqaplan müzakirə edirlər...

Səadət Akifqızı:
- Elmin bəy, AYB qurultayından bir yazar kimi gözləntiniz nədir?

Elmin Nuri:
- Gözləntilərimizin bir qismi artıq baş verib, gəncləşmə siyasəti artıq həyata keçirilir. AYB-də baş verən bütün proseslərin kökündə gəncləşmə siyasəti dayanır. Bunlar faktlardır, bunu danan insanlar da ola bilər, amma fakt yerindədir. Birinci ictimaiyyətlə əlaqələr şöbəsindən başlayaq. Yəqin ki, mətbuatdakı dostlarımız, yazar dostlarımız da bunu təsdiqləyər ki, Xəyal Rza AYB-yə mətbuat katibi gələndən sonra nə qədər canlanma baş verib. Xəyal Rza AYB-yə gələn kimi gənclərdə AYB-yə necə maraq oyadacağını düşündü və ayb.az saytını yaratdı, gənclər hətta qonorarla da bu sayta yaza bilirlər. İkincisi “Bir bənd şeir” müsabiqəsi təsis olundu. Bundan əlavə AYB rəhbərliyi “Ədəbiyyat” qəzeti və “Ulduz” jurnalında kadr dəyişiklikləri apardı. Düzdür, Qulu Ağsəsin 45 yaşı, Elçin Hüseynbəylinin 53 yaşı, amma onları sənət meyarlarına görə gənc hesab etmək olar.

Səadət A.:
- Onda Yazıçılar Birliyinin sədrliyinin də dəyişilməsini istəyirsinizmi? Anarın yaşı 60 yaş həddini keçib, katiblər də, Rəşad Məcidi çıxmaq şərtilə, xeyli yaşlıdırlar. 

Elmin Nuri:
- Müəyyən bir çərçivədə yaşlıların rolunu qoruyub saxlamaq lazımdır. Bu gün təsəvvür edək ki, xalq yazıçısı Anar sədrlikdən çıxıbdır və katiblikdə də dəyişiklik olub. Yerinə gələn istəkli, çılğın gənclər neynəyə biləcək, həmin təcrübə ilə davrana biləcəkmi?

Səadət A.:
- Elmin bəy, AYB qeyri-hökümət təşkliatıdır. Amma QHT olan çoxlu gənclər təşkilatı var, onların rəhbərliyində 20-25 yaşlı gənclər dayanır və onlar büdcəsi 10-20 min, bəzən 100 min olan layihələri icra edirlər. Niyə şübhə ilə yanaşırsınız ki, 25-30 yaşlı bir gənc gəlsə, o çaşa bilər, təcrübəsi yetməz bu vəzifəni icra etməyə?

Elmin N.:
- İcazə verin biz hər-hansı bir QHT ilə Yazıçılar Birliyini bərabər görməyək. AYB-nin artıq 80 il ərzində formalaşmış bir ənənəsi var. QHT olsa da, dövlətin əsas ictimai, siyasi işlərində fəal iştirak edir. Bu gün AYB-nin sədri hökmən yaşlı adam olmalıdır. Mən fikirləşirəm ki, bu gün Anar müəllim qalsa yaxşı olar.

Səadət A.:
- İndi gənc yazar Kəramət Böyükçöl telefon xəttindədir. Kəramət bəy, bir gənc yazar kimi AYB-dən hansı islahatları gözləyirsiniz?

Kəramət Böyükçöl:
- İstəyirəm birinci növbədə AYB-nin qurultay qabağı islahatları və qurultaydan sonra gözlənilən islahatları haqda danışım. Mənə elə gəlir ki, qurultay qabağı islahatlar gözdən pərdə asmaq üçün görülən bir iş idi. Tutalım Qulu Ağsəsi “Ulduz” jurnalının redaktor müavini vəzifəsindən götürüb redaktor qoymaq elə bir islahat xarakterli iş hesab olunmur. Çünki o “Ulduz” jurnalı üçün bir iş görəsi olsaydı, müavin kimi də işini görərdi. Eyni zamanda əgər Elçin Hüseynbəyli “Ulduz” jurnalında hər-hansı bir dəyişiklik, yenilik edə bilməyibsə, mənə elə gəlir “Ədəbiyyat” qəzetində də eyni proses davam edəcək. Mənim Elçin Hüseynbəylinin də, Qulu Ağsəsin də redaktorluq qabiliyyətinə, yazıçılığına da heç bir şübhəm yoxdur. Ancaq məsələ burasındadır ki, AYB-nin ən böyük problemi və ən böyük yarası Rəşad Məciddir. Rəşad Məcid AYB-dən birmənalı şəkildə uzaqlaşdırılmalıdır. Çünki Rəşad Məcid istedadsız, təpədən-dırnağa ədəbiyyata dəxli olmayan, ədəbiyyatdan 525 kilometr uzaqda olan bir adamdır. Şəxsən Anar müəllimin nüfuzu ilə bu günə qədər ayaqda qalan AYB-ni, şəxsən Anar müəllimin özünü Rəşad Məcid həmişə hörmətdən salır. Rəşad Məcid AYB-də gənclər üzrə katibdir, ancaq ona hörmət edən, rəğbət bəsləyən bir nəfər də gənc yoxdur. ­­­­­­­­

Səadət A.:
- Kəramət bəy, siz Rəşad Məcidi AYB-də yeganə problem kimi göstərirsiniz? Sizin fikrinizcə o neynəməliydi ki, indiyədək onu etməyib?

Kəramət B.:
- Rəşad Məcid bu gün AYB-nin yeganə problemidir. O ordan getsə bütün problemlər öz-özünə həll olunacaq. Rəşad Məcid gənclər üzrə katib kimi bütün gənclərlə bütün münasibətlərini şəxsi münasibətləri kontekstində qurur, ürəyi istəyən adama AYB-nin üçüncü mərtəbəsində təpik atır, ürəyi istəyən adama söyüş söyür, təhqir edir. Belə katib olmaz. O, Anar müəllimi hörmətdən salır. Rəşad Məcid ordan getməlidir və ora gənclərlə münasibətini normal qura bilən adam təyin olunmaldır. Çünki Rəşad Məcid qabiliyyətli, səriştəli katib olsaydı ordan 8 nəfər gənc üzv istefa verməzdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rəşad Məcidə desə ki, on il ərzində mənim təqaüd verdiyim gəncləri gətir mənimlə görüşdür, Rəşad Məcid o görüşə hancı gəncləri aparacaq? İlham Əliyevin təqaüd verdiyi gənclər hamısı AYB-dən istefa veriblər. Onun əlində Günel Şamilqızı, Şahlar Ruhi qalıb, Rəşad Məcid prezidentlə görüşə o gəncləri aparacaq? Rəşad Məcid kimi uduzmuş, şəxsi yaradıcılığı olmayan ikinci bir adam yoxdur.

Səadət A.:
- Kəramət bəy, indi Rəşad Məcid telefon xəttindədir, o özü bu ittihamlara cavab verəcək.

Rəşad Məcid:
- Bu adam 3-4 ildir o sözləri deyir, mənimlə şəxsi qərəzi var. İstəyir ki, daha çox onu tərifləyim, müdafiə edim, təbliğ edim, amma alınmayıb, çünki onun yazdığı əsəri oxumuşam, maraqlı gəlib, sonra araşdırmışam, məlum olub ki, onun həmin əsəri yazmaq qabiliyyəti yoxdur, bunu da özünə demişəm, ondan sonra mənə düşmən kəsilib. İndi çıxıb orda hədyanlar danışır. Sizin radioya, efirə hörmət etdiyim üçün onu təhqir etmirəm, çünki onun bu cür danışığının cavabı ancaq təhqirdir. Amma orda dediyi sözlər var, AYB-dən 3-5 nəfər çıxıb filan, hamı bilir onlar ordan niyə çıxıb. Orda oturan Elmin Nuri Kəramətdən neçə dəfə istedadlıdır, amma hələ AYB-dədir. Məsələ burasındadır ki, o adam o biri gəncləri qısqanır, elə bilir Rəşad Məcidin gənclərə dəstəyi nəyəsə görədir, amma mən öz ədalətimi qorumuşam həmişə. Bu adamın mənə yaltaqlıq mesajları var. Hələ də saxlamışam. Yazıb ki, siz ədəbiyyatın belə cəfakeşisiniz, heyf sizi yaxşı tanımamışam və s. Gənc yaşında bu dərəcədə riyakar, belə məqsədli insan görməmişəm mən. Hay-küy yaratmaq naminə belə adamların efirə çıxarılmasını istəmirəm, onun yeri efir deyil, onsuz da zaman keçdikcə bu tipli adamlar öz yerini tapacaq, onun yeri tullantılar olan yerdir. İnsan kimi də qabiliyyəti yoxdur.

Səadət A.:
- Rəşad bəy, gəlin söhbətimizi şəxsi məcraya yönəltməyək. Qarşıdan qurultay gəlir, siz AYB-də gənclər işlə məşğulsunuz, nəhayət ki,qurultayın vaxtı dəqiqləşdirilib. İndiyə qədər gənclər üçün AYB-də nələr edilib və bundan sonra nələr edilməsi gözlənilir?

Rəşad M.:
- Gənclərlə bağlı son illərdə görülən işlər və gənclərə olan diqqət bəlkə də son yüz ildə, bəlkə də tarix boyu olmayıbdır. İndi o avantürist orda ad çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı var. 2007-ci ildən bəri təxminən 140 istedadlı gəncə təqaüd vermişik, onların içində Kəramət də var. Bu gənclər arasında Kəramət kimi istedadsız olanlar da var, layiq olmayanlar da var. Belə prinsip vardı ki, o təqaüd təkrar heç kimə verilməsin. Rəşad Məcid də fabrik deyil ki, hər il təkrar iyirmi dahi tapsın. Buna görə də istedadsızlara da təqaüd verməli olduq, sonradan siyasi avantüra naminə, cəmiyyətdə görünmək naminə AYB-dən çıxanlar da oldu. Amma son illərdə qəbul etdiyimiz 140 gəncdən cəmi 7-si AYB-dən çıxıb, sonra da biri geri qayıdıb. Bu gənclər üçün Mədəniyyət Nazirliyi ilə birgə Gənc Ədiblər Məktəbi yaradıldı, ustad dərsləri keçirildi, müxtəlif müsabiqələrdə bu gənclər uğur qazandılar. Qaldı bu yerdəyişmələr məsələsinə, mən həmişə deyirdim “Ədəbiyyat” qəzetinin redaktoru dəyişməlidir, “Ulduz” jurnalı ilə bağlı daim deyirdim, yenilənmələr olmalıdır. Buna razı deyildilər, mən hesab edirdim ki, Qulu Ağsəs bacarar bu işi. O Kəramət Prezident Aparatından bəri hər yerdən xahiş elətdirir ki, “Ulduz” jurnalında redaktor müavini olsun, bu adam bir cümlənin başını-ayağını yaza bilmir. Normal bir cəmiyyət olsa, bu adam heç qəzetdə müxbir işləməyə belə layiq deyil.  Qurultay haqda deyim ki, təşkilati işlər həll olunur, 50-yə yaxın qonaq dəvət olunacaq, təklif edəcəyik ki, Anar müəllim yenə qalsın, yəqin ki, Anar müəllim də, katiblər də qalacaq, başqa dəyişiklik gözləmirik.

Elmin N.:
- İcazə verin Kəramətə dostyana sözümü deyim. İndi Kəramət deyir "525-ci qəzet" ədəbiyyatdan 525 kilometr uzaqdadır, amma vaxtilə o həmin qəzetdə yazırdı, hər həftənin şənbə günü o qəzeti alırdı, dostlarına deyirdi qəzeti alın, mənim yazım çıxıb. Görəsən o vaxtı olsaydı, Kəramət qəzet haqda bu sözləri dilə gətirə bilərdimi? Yaxud onun digər iradları da var, mənə maraqlıdır Kəramət Böyükçöl bu iradları AYB-nin təqaüdünü alanda da deyə bilərdimi? AYB-ni 8 nəfərin tərk etdiyini deyir, Qismətdən başqa istefa edənlərin heç biri AYB-yə lazım deyil. İndi Ayxan Ayvaz əsgərlikdədir, yadına düşüb ki, səhv eləyib, AYB-yə geri qayıdıb. Bəlkə də bu reklamdır, bu reklam Kəramətə lazımdır, ona görə də bu sözləri deyir.

Səadət A.:
- Kəramət bəy, sizə imkanlar verilsə, bir gənc yazar kimi AYB-də nə edə bilərsiniz?

Kəramət B.:
- AYB Azərbaycan dövləti tərəfindən maliyyələşən bir qurumdur. Mən də bu dövlətin vətəndaşı, gənc yazıçısıyam, Rəşad Məcid buranı öz mülkiyyəti kimi idarə edir. Bu gün AYB qalmalıdır, AYB bu gün Anar müəllimin şəxsi nüfuzuna görə ayaqda qalıb. Anar müəllim kimi AYB-ni qoruyub saxlayacaq ikinci bir yazıçı yoxdur. Anar müəllim təkcə orda oturduğu kreslodan ibarət deyil, onun yaradıcılığı var, “Təhminə və Zaur”u var. Mən çox istərdim ki, AYB-də gənclər üzrə katiblik məsələsinə ciddi yanaşılsın, Rəşad Məcid katiblikdən uzaqlaşdırılsın. Gələn katib elə etməlidir ki, istedadlı gənclər AYB-dən istefa verməsin. AYB müstəqil qurum kimi güclənməlidir. Rəşad Məcidin şəxsi münasibətlər hesabına qurub yaratdığı istedadsız cavanlara meydan verilməməlidir. Yeni gələn katib AYB-dən istefa verən gəncləri oraya qaytarmalıdır, çünki həmin gənclər kimiləri artıq yoxdur, bu gün AYB-nin yaratmaq istədiyi yaradıcı gənclik artıq yoxdur, hamısı çıxıb gedib, çöküb, müxalifətçi olublar, azad yazar olublar.

Səadət A.:
- Kəramət bəy, azad yazar olmaq pis şeydirmi?

Kəramət B.:
- Bəli, Rəşad Məcidin aləmində, AYB-nin aləmində azad yazar olmaq pis şeydir. Onların kontekstində pis şeydir. Bu gün o gənclər AYB-nin ətrafında olmalıydı. O gənclərin ordan istefa verməsi AYB-nin uduzması deməkdir, onun gənclik siyasətinin çökməyi deməkdir. Bütün bunların səbəbkarı da Rəşad Məciddir.

Səadət A.:
- İndi “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs telefon xəttindədir. AYB-də islahatlar başladı. Elçin Hüseynbəyli “Ədəbiyyat” qəzetinə, sizsə “Ulduz” jurnalına redaktor gətirildiniz. Siz özünüz bunu islahat kimi qarşılayırsınızmı?

Qulu Ağsəs:
- Əlbəttə, buna islahat da demək olar. Buna dəqiq möhür vurmaq üçün yəqin ki, “Ulduz”un da çıxması vacibdir. Hərçənd ki Elçin Hüseynbəylinin gəlməsi ilə “Ədəbiyyat” qəzeti dəyişib, ədəbiyyata oxşamağa başlayıb. Nə sabiq baş redaktorun, nə də ondan əvvəlkilərin dövründə “Ədəbiyyat” qəzetini qətiyyən bəyənmirdim. Xüsusilə son dövrlər “Ədəbiyyat” qəzetinə ədəbiyyatdan başqa hər qəzet demək mümkün idi. İndi artıq qəzet özünə oxşamağa başlayıb. O ki qaldı “Ulduz”a, mənim öhdəmə yeni formatda, yeni layihələrlə, yeni dizaynda “Ulduz” çıxarmaq düşür. Düşünürəm ki, çağdaş jurnal, çağdaş mətbu orqan indiki dövrlə uyğunlaşmalıdır. Müxtəlif mətbu orqanlarla birgə layihələr etməyi düşünürəm. İlk növbədə ayb.az saytı ilə birgə ədəbiyyatşünas alim İlham Abbasovun təqdimatında bir layihəmiz var. "525-ci qəzet"lə Pərvinin təqdimatında birgə layihə başlamışıq. Təranə Vahidqızının təqdimatında ev muzeylərindən reportaj layihəsinə başlamışıq. Televiziya ilə əməkdaşlıq etmək, “Ulduz”un proqramını açmaq fikrimiz var. “Ədəbiyyat” qəzeti ilə “Variasiya” adlı layihəmiz artıq başlayıb.

Səadət A.:
- İndi yazar Əsəd Qaraqaplanı da dinləyək. Əsəd bəy sizin AYB-dən nə gözləntiniz var, hansı islahatları gözləmək olar? Əvvəlcədən deyim ki, Rəşad Məcid belə bir anons verdi ki, ola bilsin qurultaydan sonra sədr də, katiblər də vəzifəsində qaldı.

Əsəd Qaraqaplan:
- Bilirsiniz, ciddi ədəbiyyat deyəndə adamın yadına nə AYB düşür, nə hansısa bir qurum, nə də ki hansısa qurumda baş verən bir hadisə. Bu proseslər heç ədəbiyyatın inkişafına da xidmət etmir. Bunlar sadəcə o qədər dar mövzulardır ki, hətta müzakirəyə də gəlmir. Yəni bir gənc yazar üçün nə fərqi var AYB-də qurultay olacaq ya yox? Və yaxud bu qurultayda nələr olacaq? Şəxsən bir yazar olaraq məni bu düşündürmür.

Səadət A.:
- Amma AYB Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən bir qurumdur, onun qəzet və jurnalları bu büdcənin maliyyə vəsaiti hesabına çıxır. Ona görə bizə maraqlıdır bu, Azərbaycan ədəbiyyatına nə verəcək?

Əsəd Q.:
- Bilirsiniz, internetin bu qədər inkişaf etdiyi vaxtda AYB-nin ədəbi orqanlarına heç bir ehtiyac yoxdur. Zatən heç onları oxuyanlar da yoxdur. Facebookda şeiri paylaşanda daha çox oxunur, nəinki “Ulduz” jurnalında yaxud “Ədəbiyyat” qəzetində çıxanda. Tamam, ora şeir də göndərmək olar, çap olunmaq da, qoy tarixdə bir vəsait kimi qalsın. Amma ədəbiyyatı tarix müəyyənləşdirmir, mətn müəyyənləşdirir. Məncə bu qədər ədəbi orqanlardan çox bir normal sayt yaradılmalıdır ki, hər kəs evində oturub izləsin. İnternet olan yerdə 5-6 yazardan başqa heç kəs 2-3 manat verib o jurnalları almayacaq. Oxucular bunu alırmı? Almır. Ehtiyac da yoxdur axı, reallığı qəbul etməliyk. AYB həmişə öz mühafizəkarlığını qoruyub saxlayıb, bu da əslində ədəbiyyatın xeyrinə yox, ziyanına olan bir şeydir.

Səadət A.:
- AYB-nin gəncləşmə siyasətindən söhbət gedir. Bununla bağlı nə düşünürsünüz?

Əsəd Q.:
- O gənclər zatən AYB-də idilər, hanı burda yeni adam? Kimdir? Eyni adamlar, eyni simalar, eyni imzalar, eyni kiflənmiş sözlər. Siz doğurdanmı bunu görmürsünüz? Azərbaycanda kifayət qədər istedadlı insanlar var ki, həm işsizdilər, həm maddi imkanları yerində deyil. O insanlar qalıb kənarda, sanki başqa adam yoxdur AYB-dəki 5-6 adam düşüb ortaya.

azadliq.org

Комментариев нет:

Отправить комментарий