10 Fevral Azərbaycanı Araz çayından ikiyə bölən Türmənçay müqaviləsinin imzalandığı gündür.
Bu, Gülüstan müqaviləsinin 15 ildən sonrakı icrası idi. Biz məsələyə başqa kontekstdən baxmağa çalışacayıq.
Bu müqavilələr olmasaydı nə olardı? Əlbəttə ki Qacar İranının tərkibində olacaqdıq, yəni millət kütlə olaraq qalacaqdı. Bu kütlənin nə ədəbiyyatı, nə incəsənəti, nə də mədəniyyəti inkişaf edəcəkdi.
Ayrılmasaydıq Qacar İranının tərkibində Mirzə Şəfi Vazeh, Bakıxanov, Natəvan, Seyid Əzim Şirvani, Haqverdiyev, İsmayıl bəy Qutqaşınlı, Axundov, Sabir, Mirzə Cəlil, Abdulla Şaiq, Abbas Səhhət və sair mütəfəkkirlər yetişməyəcəkdi.
Hətta ayrılıqdan əvvəl Vaqif, Vidadi, Zakir kimi şairlərin yetişməsinə də Rusiyanın təsirində olan xanlıqların yaranması şərait yaratmışdı.
Qacar vaxtı ölkənin baş mollasının eşşəyinin ayaq izini öpən manqurtlaşmış kütlə vardı. Belə insanlar arasında, belə cəmiyyətdə, belə şəraitdə ziyalı yetişə bilərdimi?
Rusiyaya birləşdikdən sonra ədəbiyyatla yanaşı, hətta folklorumuz da inkişaf etdi, Aşıq Ələsgər, Aşıq Alı kimi aşıqlar yetişdi.
Şərq aləmində klassik musiqinin banisi olduq. Üzeyir kimi dahi Qacar mühitində yetişə bilərdimi?
Yaxud da simfoniyamızın banisi Fikrət Əmirov. Ona görə də Qara Qarayev Azərbaycan musiqisinin 20-ci əsrdə yarandığını deyirdi. Ondan əvvəl əsl musiqimiz yox idi.
Opera, teatr, qızlar məktəbi, qadınların təhsil və seçki hüququ Şərqdə ilk dəfə məhz Azərbaycanda yarandı.
Hüseyn Ərəblinski kimi aktyorlar incəsənətin, Əhməd bəy Zivərbəyov kimi memarlar memarlığın necə bir səviyyəyə qalxdığının sübutu oldu.
Bu gün qürurla fəxr etdiyimiz ziyalılar, şairlər, dramaturqlar, rəssamlar Rusun sayəsində yetişdi.
Ədəbiyyat, musiqi, teatr, rəssamlıq- bir sözlə incəsənət və mədəniyyətimizlə biz dünya arenasına çıxdıq.
Uğurlarımızın hamısı Türkmənçaydan başlayır.
Sadaladığımız kalibrdə ziyalılar Qacar mühitində yetişə bilməzdi.
200 illik ayrılıq ərzində quzey Azərbaycanda bu qədər dahi yetişdiyi halda, güneydən Şəhriyar kimi “səhrada tək ağac” kimi görünənlər çıxdı.
Əvvəlki tarixə də baxsaz, az qala hər əsrə bir dahi görərsiz. 11-ci əsrdə Qətran Təbrizi, 12-də Nizami, 14-də Nəsimi, 16-da Füzuli, 17-də Saib Təbrizi və s. Lakin 19-cu əsrdə bu müqavilələr imzalanandan sonra 150 il ərzində 40-dan çox bu gün heykəlini ucaltdığımız ictimai xadim, haqqında fəxrlə danışdığımız ziyalı yetişdi. Çünki millət aydınlandı.
Bax budur göstərici, budur nəticə!
Xülasə, Gülüstan və Türkmənçay- həm də bizim kütlədən çıxıb millət olmamız günüdür. Bu, millətin gerilikdən qurtuluş və inkişaf günüdür. Bu, fikrin azadlığa qovuşduğu günüdür. Bu, intibah dövrünün başlandığı gündür.
Bizim dünya arenasına çıxmağımızın, incəsənətimizin, mədəniyyətimizin, ədəbiyyatımızın bu qədər inkişaf etməsinin səbəbkarı elə liberalların düşmən adlandırdığı həmin ruslardır.
Hətta özümüz belə özümüzə ruslar qədər xeyir verməmişik.
Bu millətə ruslar qədər xeyir verən ikinci millət yoxdur.
Naşükür olmayaq!
Комментариев нет:
Отправить комментарий