12.11.2010

Oğlumuza Quqlbala, qızımıza Emailə adlarını qoyarsaq...

Zamin Hacı
 

  Azərbaycanın yeni adlar siyahısı: uşaqlarımıza hansı adları qoyaq?


Bizim işimiz gerçəkdən çox çətindir. Məsələn, keçən əsrin əvvəlində bolşeviklər hakimiyyətə gələndə qadınların çadrasını açdılar, sonra SSRİ dağıldı, çadra örtmək sərbəstləşdi. İndi isə çadralı sənəd şəkli çəkdirmək qadağandır, arada ali məktəblərə də belə qızları buraxmırlar. Belə çıxır ki, biz azı yüz ildir müəyyən edə bilmirik: bürünək, yoxsa açılaq? Camaat bu müddətdə adını Marsa yazıb artıq.

Yaxud, az qala bütün dünya xalqları özlərinə uyğun soyadlar, adlar seçiblər, biz isə hələ də axtarırıq. Ola bilsin bunun müsbət tərəfi də var, bizim xalq olaraq gəncliyimizi göstərir. (Kaftar deyilik, sevinin). “Kitabi Dədə Qorqud”da igidlik qazanmayana ad vermirdilər. Biz də hələ ad qazanmamışıq.

Ancaq parlament bu fikirlə razı deyil. Neçə vaxtdır müzakirə gedir, bu günlərdə isə dedilər ki, adların qoyulması qanun şəklinə salınacaq, “işıqfor sistemi” düzəldiləcək. Bu sistem o deməkdir ki, 3 tip adlar siyahısı müəyyən ediləcək. Yaşıl bölümə icazə verilən məsləhətli adlar, sarı bölümə məsləhət bilinməyən, ancaq qoyulması mümkün adlar, nəhayət, qırmızıya tam qadağan edilənlər salınacaq. 
Məsləhətə şükür. Yenə Çindəkinə baxanda yaxşıdır, axı xalqımızın inancına görə orada insan adlarını qab danqıldadıb qoyurlar. Məsələn, uşaq doğulandan sonra evdə bir stəkan yerə düşüb sınsa uşağın adını “Çinq” qoyurlar. Yox, əgər qazan yerə düşsə uşaq olur “Danq”. Açığı, mən buna o qədər də inanmıram. Çünki Çində 1 milyard 300 milyon adam yaşayır, bunların hamısına ad qoyulanda nəsə danqıldatsalar planetdə səs-küydən qulaq tutular.

Çin getsin işinin dalıyca, öz dərdimiz özümüzə bəsdir. Eynilə bir mahnıdakı duruma düşmüşük: “Adı lazım deyil, baş hərfi mən”. Ya da Moşu Göyəzənlinin qəhrəmanı demişkən, adsız dəyirmanda xoruz olar.
Yenə tarixə qayıtsaq, bizdə adam adlarının cürbəcür metamorfozlarını görərik. Məsələn, dindar vaxtlarımızda Məhəmməd adı qoyardıq. Sonra bolşeviklər gəlib bunu Mamed elədilər. Nəhayət işin lap şitini çıxartdıq – Məmiş adı belə yarandı. Samovar, Kolxoz, Marlen, Engels, Şura, Kombayn kimi adların dəbdə olduğu vaxtlar var idi. İndi də məncə dövrə uyğun adlar qoymaq lazımdır.

Məsələn, hazırda informasiya texnologiyaları əsridir, nədən oğlanlara Qiqabəy, Bəyfon, İntərnet, Bloqqər, Quqlbala, qız uşaqlarına da Nokiə, Rabitəxanım, Qızbayt, Gülbloq, Emailə kimi adlar qoyulmasın? Bu cür adlar hansı haqla qırmızı siyahıya salına bilər?

O boyda Markesin – dünya şöhrətli, Nobel ödüllü yazıçının arvadının adı Mersedesdir, indi belə çıxır hökumət camaatın uşağına Cipqulu, Pradobəyim, lap elə Maybax adı qoymasına icazə verməyəcək? Ta bunun nəyi həyat oldu, azadlıq oldu, bir uşağın da adını arzuladığın kimi qoya bilməyəsən...

İndi yadıma düşdü, bizdə Zorro Mraz oğlu adında adam var, şəxsiyyət vəsiqəsinin şəklini internetdə özüm görmüşəm. Bu, bəyəm pisdir? Unikal şeydir. Hardasa 10 il qabaq universitetlərimizin birində əkiz qardaşlar oxuyurdu, birinin adı Vaşin idi, o birisi Qton. Babaları Vaşinqton şəhərinin şərəfinə belə qoymuşdu - özü də təsəvvür edin, sovet dövründə, soyuq savaşın qızğın vaxtında. Kişi bu matah adları qoymaq üçün rejimlə çox mübarizə aparıbmış.
İndi də Avropa Şurasının şərəfinə əkiz uşaqları Stras və Burq, yaxud, biri oğlan, o biri qız olsa Demok və Ratiya qoymaq gözəl deyilmi?  

Hazırlanan qanun layihəsinə görə xalqımızın düşmənlərinin adları da qoyulması qadağan edilən siyahıya düşəcək. Tutaq ki, Andronik adı ilə məsələ aydındır, lap Robert də baxmayaraq erməni adı deyil, bu siyahıya salındı, bəs öz sözümüz olan Köçəri, Arzuman kimi adlarla nə edəsiyik? Axı ermənilər bu adları çoxdan oğurlayıb gen-bol işlədirlər.

Məncə, gələcəyə nikbin baxmalıyıq, məhz ordan özümüzə ad seçməliyik. Yaxın gələcəkdə texnologiyaların inkişafı, insanların saysız artması adların identifikasiyasında problem çıxardacaq. Gəlin, biz tarixi qabaqlayaq, uşaqlara ümumiyyətlə ad qoymayaq. Sadəcə, uşaqları nömrələyək, çıxsın getsin. “Mən 976-nın atasıyam”, “Ey, 1600, bura gəl”, “1 milyonu görməmisən?”, “Allah 90 xalaya rəhmət eləsin” və sairə – gör necə orijinal səslənir! Bütün xalqlar buna görə bizə qibtə edər. Riyazi xalq olarıq həm də. 90 – 60 – 90, yəni indiki terminologiya ilə desək, Doxsanov Altmış Doxsan balası.

Ya da əlifba hərflərindən ad düzəldib hamıdan fərqlənə bilərik. Məsələn, adamın adı A, soyadı U, dədəsinin də adı U olsa, bu, AUU kimi səslənər, düşmən də qurd bilib qorxar.



milli.az

Комментариев нет:

Отправить комментарий