08.04.2012

Türk tarixi -12


XII hissə: Bu gündən sonra divanda, dərgahda, bərgahda, məclisdə və meydanda türkcədən başqa dil konuşulmayacaqdır…
                                            
 Səlcuqlar islami hökumət qurduqları halda türk qayda, adət və ənənələrinə də bağlı qalmışlar. Fars dilini dövlət dili seçmişlər, amma rəsmi yazılarında sultanın tuğrası, pul və hakimiyyət əlaməti olan sultanların başı üstündəki çətirdə ox və yay şəklini çəkdirirdilər. 

Orduda sağ və sol bölgüsü, turan taktikası, yas törəni (matəm mərasimi), leviratus (ölən qardaşın arvadını almaq), xanədana mənsub olanların qanlarını axıtmamaq üçün yay kirişi (kaman bağı) ilə boğdurmaq, sultan tərəfindən toy (ümumi qonaqlıq) vermək kimi adət və ənənələri bir qayda olub, türk turası (qanunu) ürfi hüququn əsasını təşkil edirdi. Toğrul bəy Bağdadı alıb, xəlifə tərəfindən Şərq və Qərb sultanı kimi tanındıqdan sonra, xəlifə ilə dini və dünyəvi işlərini bölüb, Bağdad şəhərinin idarəsi üçün də bir şihnə (əsgəri vali) və bir amid (qarayaxa vali) təyin etmişdi.
 Sultanın həmişə xidmətində olan musiqi dəstəsi (noubət) gündə beş namaz vaxtında musiqi çalardı. İmperatorluğun müxtəlif nahiyələrinə göndərilən məlik ünvanlı xanədan üzvlərinin gündə üç noubət çaldırmağa haqları var idi. 
 Siyasi təşkilatda daha çox Qəznəvi hökuməti və İran ilə Abbasi xilafəti hökumət sistemləri örnək götürülmüşdü.
 Saray, ya dərbar təşkilatına dərgah və bərgah da deyilirdi və o, haciblər, cubdarlar (dəyənəkçilər), silahdarlar, bayraqdar, camedar, şərabdar, abdar, əmiraxur, vəkile-xass, sərhəng, nədimlər, mühasiblərdən və bunların əmrində olan əsgərlərdən təşkil olunmuşdu. 
*****
 Səlcuqlu ordusu Məlikşah zamanında orta çağın ən qüvvətli ordusu olub, dünya dövlətlərinə örnək sayılmışdı. Bu ordular müxtəlif qövmlərdən seçilərək alınan, xüsusi dərbad tərbiyəsilə yetişdirilmiş, birbaşa sultanın əmrində olan xüsusi ordu və məliklərin, valilərin əmrində olan əsgərlərdən ibərət idi. Bunlara qulamane-saray da deyilib, adları divan dəftərlərində siyahıya salınıb, ildə dörd dəfə maaş (aylıq) verilirdi.   
 Ayrıca imreratorluğun hər tərəfinə dağılmış və iqtalardan maaşını təmin edən sipahilər var idi. Bir də lazım olanda xalqdan ücrətli əsgər (həşar) da toplanırdı. Dövlətin xarici sərhədlərində isə türkmənlərdən olan əsgərlər var idi. 
*****
 İslam dünyasında səlcuqlar dövrü təlim və tərbiyə baxımından bir dönüm nöqtəsidir. Təlim işi dəfə Alp Arslan zamanında nizam və proqrama salınıb, dövlət himayəsi altına alınmışdır. İlk böyük mədrəsə və ya universitet sultan Alp Arslan tərəfindən (1066) Bağdadda Nizamiyyə adı ilə qurulmuş, bu mədrəsəyə bazarlar, karvansaralar, hamamlar və əkin yerləri vəqf edilmişdir. Sonra İsfahan, Nişapur, Bəlx, Herat, Bəsrə, Tus və Amildə də Bağdad Nizamiyyəsi nümunələri qurulmuş, Bağdad Nizamiyyəsinin dərs mövzuları bütün islam ölkələrində əsrlərlə davam etdirilmişdir. Nizamiyyə mədrəsəsində dini fənlərlə yanaşı riyaziyyat, astrologiya və dilçilik də keçilirdi. Bağdad Nizamiyyəsi ehtimal ki, dünyada ilk universitet sayıla bilər. Bu mədrəsədə altı yüz min kitab vardı.
*****
 Səlcuqlar zamanında ərəb dili, eyni zamanda fars dili də rəsmi dil olmuş, lakin saray və ordu dili türk dili olmuşdur. Böyük Səlcuq sultanları (Məlikşah, Səncər və b.) fars dilində şeirlər yazmışlar. 
 Anadolu səlcuqları da divan və dəftər dili kimi farscanı seçmişdilər, lakin 1277-ci ildə Qaraman oğlu Məhəmməd Konyanı alandan sonra aşağıdakı fərmanı yazdırıb, fars dilinin yerinə türk dilini rəsmi dil elan etmişdir:
 «Bu gündən sonra divanda, dərgahda, bərgahda, məclisdə və meydanda türkcədən başqa dil konuşulmayacaqdır».
 Bu hadisədən sonra türkcə şeir yazmaq Anadoluda rəvac tapmağa başladı. Əlbəttə, ondan əvvəl də türk xalqı təsəvvüf şairi Əhməd Yəsəvinin hikmət və ilahiyyələrinin təsirilə türkcə şeirlər yazırdılar. Mövləvinin türk dilində 17 şeiri qalmışdır.
 Mövlanə zamanında yaşayan Əhməd Fəqih və Şiyar Həmzə, sonra Yunis Əmrə və Sultan Vəlid oğuz türkcəsilə ilk şeir nümunələrini yazmış, Gülşəhri və Aşıq Paşa kimi klassik türk şeirinin nümayəndələri üçün zəmin hazırlamışdılar.
 Yunis Əmrə Mövləvinin türk xalq dilində olan qarşılığı və bərabəridir. O, böyük ürfani məfhum və əqidələrini sadə türk dilində xalqın başa düşəcəyi şəkildə şeirlə bəyan etmiş, Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır.
*****
 MONQOLLAR. Monqollar Çingizxanın başçılığı ilə Monqolustanı və Çini alandan sonra Türküstana gəldilər. Sonra Mavərənnəhr və İrana hücum etdilər. Bu zaman Şərqi Türküstanda uyğurlar qaraxitaylara tabe idilər. Monqollar onları məğlub edərək, özlərinə birləşdirdilər. Bu illərdə Xorasan və Mavərənnəhrdə sultan Məhəmməd Xarəzmşah hökmranlıq edirdi. 
 Xarəzmşahlar monqolların qarşısında dayana bilməyib, məğlub və tarmar oldular (1222). Monqollar Mavərənnəhri və Xorasanı tutdular, zorla aldıqları yerlərin çoxlarını xarabalığa çevirdilər, xalqını isə qırdılar. Sonra bütün İranı istila edib, Anadoluya tərəf yollandılar. 
 Bu zaman Azərbaycan və Fars əyalətlərində Atabəylər hakimlik edirdilər. Fars atabəyi monqollara tabe olduğunu bildirib, hədiyyələr göndərdi və bu şəkildə ölkəsini qurtara bildi. Monqolların bir qolu Cuçinin başçılığı ilə Azərbaycan və Qafqazı alandan sonra qıpçaq elini, Şərqi və Qərbi Rusiyanı tutdu, Qərbi Ləhistan və Macarıstana qədər yürüdülər.
 Monqol istilası İslam aləminin simasını dəyişdirdi. Monqollar Orta Asiyada yaşayan türk elləri ilə qarışıb, yeni ellər və millətlərin zühuruna səbəb oldular. Bu ellərin dili türkdilli olduğu halda, qövmi və etnik baxımdan monqollarla qarışıqdırlar. Özbək, qazax, qaraqalpak və Şərqi Türküstan türkləri bu qəbildəndirlər. Monqollar zamanında fars dililə yanaşı türk dili və mədəniyyəti də inkişaf etdi.
 Monqollar islam dinini qəbul etdikdən sonra daha çox türk və fars dil və mədəniyyətlərinin təsiri altında qaldılar. Çingizxan özü aldığı ölkələri dörd oğlu (Cuçi, Cığatay, Ugedey və Toli) arasında bölmüşdü. 
 Qara dənizin şimalı, qıpçaq bozqırı Türküstana qədər Cuçiyə verildiyi üçün, bu məntəqənin xalqına Cuçi ulusu (milləti) deyirdilər. Cuçi Çingizxandan qabaq öldü və oğlu Batu onun yerinə keçib Altun Ordu dövlətini qurdu. Çingizxan orta Asiyanı (Türküstan) Cığataya, Xorasan ilə Güney Asiyanı isə kiçik oğlu Toliyə vermişdi. 
 Çingiz öləndən sonra onun vəsiyyəti üzrə üçüncü oğlu Ugedey böyük xaqan oldu. Ondan sonra Ugedeyin oğlu Keyok xan onun yerinə keçdi. Lakin Keyok xan öləndən sonra onun yerinə Tolinin oğlu Menqu xaqan oldu. Menqu xaqan və ya Menqukaan qardaşı Qubilay xanı Çinin idarəsinə, digər qardaşı Hülaku xanı İrana elxan göndərdi.
 HÜLAKU ZAMANINDA İKİ MİLYON TÜRK MONQOLLARLA BƏRABƏR İRANA GƏLDİ VƏ BUNLARIN ÇOXU AZƏRBAYCANDA BİRLƏŞDİLƏR. Bu köçlər haqqında Rəşidəddin, Vəssaf və Abdulla Kaşani tarixlərində məlumat vermişlər.
 Elxanilər zamanında Azərbaycanın türk olmayan xalqı basqı altında qalıb, ölkəni tərk etməyə məcbur olurdular. Bir tərəfddən ağır vergilər (maliyyət) verməyə məcbur olan tatlar, monqollar və türklərdən ibarət olan ticarət ortaqlıqlarına (şirkət) girə bilməyib, ortaqların inhisarında olan ticarət və dövlətin verdiyi etibardan məhrum qalırdılar.
 Nəticədə tat tacirləri borclu düşüb, borclarını verə bilməyəndə ailələri ilə birlikdə qulam olmağa məcbur olurdular. Ayrıca tatları orduya götürmürdülər, götürdükləri zaman isə xüsusi əlamətlə müəyyən edilərək, təhqir olunurdular.
 Monqollar torpaqları iqta şəklində komandanlara verirdilər. Bu yerlərin əkinçiləri iqta sahibi komandanların rəiyyəti olmağa məcbur qalıb, vəziyyətlərindən razı olmadıqları üçün öz ölkələrindən köç edirdilər. Bu zaman İraqda Fərat nəhrindən yeni qanadlar, su yolları açıldığı üçün tatların çoxu İraqi-Əcəmə köçdülər, yerlərini türklərə və monqollara buraxdılar. Qalanlar da monqollar kimi, türklər arasında əriyib türkləşdilər.
 Hülaku dövründə Anadolu səlcuqları da monqollara bağlandı və Abbasi xilafəti aradan qaldırıldı. Menqukaan öləndən sonra Qubilay xaqan oldu. Lakin Qaraquma gəlmədi. Xanbalık adını verdiyi Pekində oturdu və beləliklə, monqol imperatorluğunun yerində dörd böyük dövlət quruldu.
 Cığatay və ya Türküstan dövləti daxili ixtilaflar nəticəsində get-gedə zəiflədi, nəhayət Teymur tərəfindən bu bəyliklər ortadan qaldırıldı və yerinə Teymuri imperatorluğu yarandı.  
 Altun Ordu dövləti uzun illər ruslar və lehistanlılarla savaşdı. Moskva və Kiyev şəhərlərini aldı və zamanla böyük imperatorluq halına gəldi. Nəhayət, Teymur zamanında Altun Ordu xanı Toxtamış xan Əmir Teymurla hərb edərək məğlub oldu və bu dövlət parçalanaraq, beş kiçik dövlət meydana gəldi:
 1)Sibir xanlığı; 2)Həştərxan və ya Hacı Tərxan xanlığı; 3)Qazan xanlığı; 4)Noqay xanlığı; 5)Kərimə (Krım) xanlığı.
 Altun Ordu dövlətinin əksəriyyətini qıpçaq türkləri təşkil etdiyi üçün dövlətin dili türk dili olmuş, başda olan monqollar isə türkləşmişdilər.
 Altun Ordu dövlətinin parçalanması rusların xeyrinə oldu. Ruslar bu hadisədən faydalanaraq, şərqə tərəf genişlənib, bu xanlıqları bir-bir özlərinə tabe etdilər. Bu dövlətlərdən yalnız Kərimə xanlığı Osmanlı ölkəsinə bağlandı (1475) və nəhayət, 1783-cü ildə Rusiyaya ilhaq edildi.
 Hülaku İranda Elxani dövlətini qurandan sonra Marağanı özünə paytaxt seçdi və Almaut qalasındakı batiniləri oradan qaldırdı. Sonra Bağdadı alıb Abbasi xilafətini aradan apardı (1358). 
 Hülaku zamanında onun alim vəziri Xacə Nəsrəddin Tusinin nəzarəti altında Marağada rəsədxana tikildi. 
 Hülakunun nəticəsi Qazan xan müsəlman oldu, paytaxtı olan Təbrizdə çox islahat və abadlıq etdi. Qazan xan Təbrizin qərbində Şənbe-Qazan adında yeni bir məhəllə tikdirdi. Onun vəziri məşhur Rəşidəddin isə Təbrizin şərqində Rəbi Rəşidi adında bir kiçik şəhər tikdirdi. Rəbi Rəşididə otuz min ev, 1500 böyük dükan, 24 böyük karvansara, bir çox bağ, bostan, bağçalar, kağız, boya karxanaları, 200 hafiz üçün dərül-hüffəz (Quranı əzbərdən bilənlər üçün ev), altı min tələbə üçün bir tələbə məhəlləsi, üləma və müdərrislər üçün üləma xiyabanı, böyük dərül-şəfa (xəstəxana) tikdirib, bu dərül-şəfa üçün Hindistan, Çin, Misir və Şamdan əlliyə qədər tibb ustadları gətirilmiş, onlara bir çox assistentlər verilmişdi. Tələbənin pulsuz təhsili Bizansdan və Hindistandan gələn caziyədən, Şiraz, Bəsrə kimi şəhərlərdəki xüsusi vəqflərdən təmin olunurdu.
 Qazan xandan sonra qardaşı Olcaytu Zəncanın yanında Sultaniyyə şəhərini tikdirdi.
 Bu şəhərlər və məhəllələr sonradan zəlzələlər və siyasi hadisələrdən xaraba qalmışdır.
 Elxanilər zamanında Təbriz və Sultaniyyə Yaxın Şərqin iqtisadi və mədəni mərkəzləri şəklini almışdı. 
 Elxanilər dövləti Misir məmlüklərilə və Altun Ordu dövlətlərilə savaşlar nəticəsində zəiflədi, İranda baş verən qarışıqlıqların təsiri ilə Əbu Səiddən sonra parçalandı (1336). 
 Elxanilər zamanında memarlıqda və gözəl sənətlərdə böyük tərəqqi olmuş, fars dili tarixi və elmi əsərlər yazmaq üçün işlənmiş, «Tarixi cahanquşeyi Cüveyni» və «Came ət-təvarix» kimi əsərlər həmin dövrdə yazılmışdır. Bu dövrdə türk dili də (şərqi və ya uyğur türkcəsi) rəsmi dil kimi işlənmişdir.
 Cığatay oğulları və Altun Ordu xanları da Türküstan, Mavərənnəhr, qıpçaq ellərində islamın yayılmasına, türk ədəbiyyat və sənətinin tərəqqisinə çalışmışlar. Bu dövrdə Xaqani türkcəsinin yerini Xarəzm türkcəsi, XV əsrdə isə Cığatay türkcəsi almışdır.


(Ardı var)

Комментариев нет:

Отправить комментарий