21.07.2012

Molla Nəsrəddin Nobel mükafatı alsaydı...

Pərviz SADIQOV Pero


“Əgər siz təbaşirdən ağ, qəzet vərəqindən arıq adam görsəniz, çəkinmədən deyə bilərsiz ki, o jurnalistdir”- bu sözləri Vladimir Mayakovski deyərkən, yəqin ki, bunu vicdanını qarnına satmayan jurnalistlər haqqında deyib Amma tam əksini düşünməyə əsas verənlər də az deyil. Bir reket jurnalistlə qısa söhbətimdə dediyi kimi, “qəzetimizin adı heç it dəftərində də yoxdur”- təəcübləndirici hal bu insanların öz adlarını yaxşı bilməsidir. Fərqi yoxdur, nə yazırlar, kimi söyürlər, aşağıları yoxsa yuxarıları müdafiə edirlər.
Xalqın yanına enmək lazım idi... Klassik jurnalistikanın əsas missiyası daha çox xalqı maarifləndirmək, boş vaxtını çayxanalarda, qumarxanalarda keçirən kişiləri, məhəllə söhbətləri ilə vaxt öldürən qadınları bir qədər də olsa ciddi düşündürmək, ictimai-siyasi həyatda, kübar cəmiyyətdə baş verənləri siravi vətəndaşlara, yoxsul təbəqəyə çatdırmaq idi.
Eyni zamanda xalqın içində olaraq sosial problemləri qabartmaq, itənləri tapmaq, dağılanları düzəltmək istəyən mətbuat ilkin məqsədindən nə qədər yayınsa da, hər zamanın tələbinə uyğun funksiyanı yerinə yetirərək müəyyən boşluqları doldurmağa çalışmışdır. “Füyuzat” maarifləndirməyə, “Molla Nəsrəddin” oyatmağa köklənmişdi. Lakin Əli bəy Hüseynzadə sonradan anladı ki, xalqı yüksək mədəniyyət sahibi etmək üçün əvvəlcə xalqın yanına “enmək” lazımdır. Lakin Əli bəy daha böyük işlər, ideyalar hədəfində idi. Onsuz da xalqı “silkələyən” vardı. Ən çətin iş “sadə yazmaq” idi... Amma bir şeyi qeyd edim ki, silkələnən xalq öz bəd əməllərini, vərdişlərini tullaya bilmədi, sadəcə gizlədi. Sovetlər dövründə bəzi qalstuk taxıb rəsmi danışanlar müstəqlliyin ab havasında özlərini itirib yenə də məhəllə söhbətlərinə qoşulan qadınların tayı oldular və mətbuatın simasında reket qəzetçilk yarandı.
Bütün bunlara nəzərən klassiklərimiz öhdəliklərini bacardılarmı? Klassiklərimiz ideologiya yaratdılar, təqib olunduqca gizli mətbəələrə üz tutdular. Aşkarlandıqca Türkiyəyə getdilər, sovetlərin təkidiylə Türkiyədən qovulanlar Avropaya üz tutdular, amma ideyalarını yaymağı, mübarizələrini dayandırmadılar. Mühacirətdə olsalar da qələmlərini yerə qoymayan maarifçilərimiz, yazarlarımız, jurnalistlərimiz Avropanın hər yerində Azərbaycan mədəniyyətini təmsil edir, azadlıq sevgisini vətəndə yaşayan azadlıqsevərlərlə bölüşürdülər. Azərbaycanda isə represiyyalar, təqiblər millətin “qaymaqlar”ını yığıb uzaq Sibirə yollayır, öldürür, ya da müəyyən üsullarla susdururdu. Mətbuat sovet dövründə qınına çəkilmişdi, çünki azad əllərdən uzaqda idi. Əsrin sonlarında Nəcəf Nəcəfovun, Sabir Rüstəmxanlının və Azərbaycanın digər tanınmış yazıçılarının, maarifçilərinin, müstəqilliyimizin ilk fədakarlarının böyük zəhməti və tarixin axını mətbuatı ideoloji silaha, inqilabın əsas alətinə çevirdi. Lakin konkret hədəf- sovetlər olduğu üçün mətbuatda birlik vardı. Zaman keçdikcə təbii ki, ortaya çıxan müxtəlif siyasi meyllər bir birini tənqid etməyə, ölkədaxili problemlərdə günahkarlar axtarmağa başladı. Mətbuatın üzərində senzura olduğu vaxtlarda belə qəzetlərin “dişli məqalələr”i maraqla izlənilirdi. Senzuranın ləğvi isə qeyri-dəqiq məlumatların çoxalması sayəsində mətbuata olan inamı azaltdı.
Qərbin “mətbuat şuraları” və bizimkilər. Özünütənzimləmə bugün vacib şərtlərdən birinə çevrilib. Bunu bacarmayanlar isə Mətbuat Şurası tərəfindən həm tənzimlənir, həm də təmizlənir. Avropa ölkələrində də mətbuatın könüllü özünü tənzimləmə orqanları-mətbuat şuraları var. Kanadada isə bəzi əyalətlər birləşərək regional şura yaradıblar. Milli mətbuat şuraları qəzetlərdən şikayət edən vətəndaşların ərizələrinə əsasən qərar çıxarmaq səlahiyyətlərinə malikdirlər. Avropada olan bu şuraların yaranma zərurəti elə vətəndaşların mətbuatda olan təhqirlərin yox edilməsi tələbiylə yaranıb. Daha çox səlahiyyətə malik olan Avropa mətbuat şuraları ictimaiyyətin fikirlərini nəzərə almaqla öz ölkələri qarşısında müəyyən tələblərlə çıxış edib mətbuatın azadlığının pozulmasına qarşı tədbirlər görülməsini tələb edə bilərlər. Bu milli şuralar adətən təsisçilər tərəfindən, bəzən isə cərimələr hesabına maliyyələşirlər.
Avropada milli mətbuata qarşı həssaslıq var. Xaricdən maliyyələşən, donorlar hesabına ölkəni tənqid edən qəzetlərin nəşr edilməsinə müəyyən limitlər, bəzən isə qadağalar qoyulur. Azərbaycanda xarici investisiyalar hesabına maliyələşən qəzetlər var ki, ideologiya baxımdan manqurtluğu təbliğ edir,  dini tənqid edir, milli-mənəvi dəyərləri tapdalayır, dahilərə divan tutmaq istəyirlər. Bu “qələm sahibləri” örnək gətirdikləri Avropada öz millətini tənqid demirəm, təhqir edən hansısa jurnalistə rast gələ bilərmi və ya varsa həmin jurnalistin cəzasız qalması kimi nümunə gətirə bilərmi? Avropada hətta ölkəyə idxal olunan qəzetlərin senuzarası mövcuddur, öz qəzetlərini yaymaqda hətta dövlət tərəfindən əlavə maliyyə dəstəyi alan Fransada ölkəyə gətirilən qəzetlərin, satış üçün gətirilməsə də, müəyyən vaxitələrlə qarşısını almağa çalışır. İspaniyada, o cümlədən Avstraliya və Kanadada xarici ölkə vətəndaşları tərəfindən qəzet nəşrinin hüquqi əldə edilməsi qanunun nəzarəti altındadır. Fransada da xarici investisiyalar üzərində ciddi nəzarət var. Avropa Birliyinin qanunlarına zidd sayılsa da 1984-cü ildən burada xarici vətəndaşlara qəzet kompaniyalarının 20%-dən çox aksiyasına sahib olmaq qadağan edilib. Azərbaycanda xaricdən maliyyələşən mətbu orqanlar isə milli adət ənənəni, ailə, cəmiyyət, böyük-kiçik sərhədlərini dağıtnaqla yeni imic formalaşdırırlar. Əslində özünütənqidin də sərhədləri var. Bu tənqid qərəzli deyilsə, yaxşılığa və irəliyə səslənibsə niyə də yazılmasın, deyilməsin? Yəqin Azərbaycanın eyiblərinin üstünə onunu da yükləyib yazanlar humanistlik, beynəlmiləlçilik, dünyəvi dəyərlərə hörmət, sülh tərəfdarı və sair bu kimi beyinləri məşğul edən ideyalarına görə Nobel mükafatı alacaqlarını zənn edirlər. Yəqin Orxan Pamukun və Barak Obamanın Nobel mükafatı almaları çoxlarına “örnək” olub.
Azərbaycan mətbuatının ideyaları hər zaman ölkənin özündən çox kənarda davam etdirilib. Məsələn, türkçülük ideyalarının beşiyi Azərbaycan mətbuatı olsa da, bu ideya elə bizim maarifçilər və türkçülər tərəfindən Türkiyədə ayaq tutub yeriməyə başladı. Çünki ta əvvəldən normal tənqid, hər hansı müsbət yenilik ya bilərəkdən, ya da avamlıqdan qəbul edilməyib. Milli mətbuatımızın ilk qığılcımlarından sonra humanist türkçülük ideyalarından fərqli olaraq “İskra” gəldi, Lenin gəldi, ardıyca da qəsbkar avtoritarizm, rus təfəkkürü gəldi, mətbuatımızın əlindən millilik alındı. Amma səpələnmiş, dağınıq mətbuatı yontalıyıb səliqəli, standart partiya qəzetləri halına saldı. Azad fikir yox idi, amma tərifdə də, donosda da peşəkarlıq vardı.  İndi isə peşəkarlıqla azadlığı balanslaşdırılmış şəkildə təqdim edən çox az mətbu orqan var.

Molla Nəsrəddin və Nobel mükafatı. İllər öncə AzTV-də hər həftəsonu bir verilişə baxırdım. Tam olaraq mənasını, dərinliyini anlamasam da, eşşəyin üstündə gəzən mollanın “sizi deyib gəlmişəm” ifadəsi mənə cizgi filmlərdən daha maraqlı, doğma gəlirdi. O vaxt Mirzə Cəlilin kim olduğunu bilmirdim. Azərbaycan lətifələrinin əsas hədəflərindən olan Nehrəm kəndində anadan olan ədib doğulduğu kəndi Danabaş kəndi adlandırırdı. Amma tənqidini ürək yanğısıyla, acıyla, “düzələcək” ümidiylə edirdi. Bu cəsarəti bugün çox az adamda görmək mümkündür. Bəziləri də Mirzə Cəlildən fərqli olaraq tənqid etdikdə, ürək yanğısından, səmimiyyətlərindən deyil, sensasiya yaratmaq üçün yazırlar. Ən azından anadan olduğun yeri tənqid etmək bugün  “qınını bəyənməmək” sayılır. Bəlli streotpidir. Azərbaycanda insanlar biraz məşhurlaşan kimi anadan olduğu yeri ucaldır, yaşadığı evin yerləşdiyi küçəyə asfalt çəkdirir, küçəyə babasının adını verir. Bizdə heç təqdimetmə  və tənqidetmə mədəniyyəti də yoxdur. Problemə digər tərəfdən yanaşanda dünya praktikasında öz ölkəsini tənqid edənlərə Nobel mükafatı verirlər.
Yaxşı ki, o dövrdə yaradıbsan, ay Molla! Yoxsa Nobel mükafatı aldığın üçün adına “vətən xaini” deyib, daşqalaq etmişdilər. Amma “Molla Nəsrəddin”in manşeti çox maraqlı olacaqdı: “Eşşək üstündə Molla, əlində də Nobel mükafatı”.
Bizim "azadlıq". Bu hissəni yazıya sonradan əlavə edirəm. Çünki məhz bu gün bu yazını təqdim edəcəyimi bilmirdim. Bu gün mətbuat işçilərinin bayramıdır! Və nə yazıq ki, həbsdə olan jurnalistlərimiz hələ də var. Başda onlar olmaqla bütün azad fikirli, müstəqil jurnalistləri təbrik edirəm. 

Комментариев нет:

Отправить комментарий