13.08.2012

İpoteka ilə mənzil alanların sayı iki dəfə azalıb


“Orta əməkhaqqından 3 dəfə çox maaş tələb etmək absurddur”

Qəddafinin rəhbərliyi vaxtı Liviyada dövlət tərəfindən yeni evlənən gənclərə mənzil almaq üçün 64 min dollar hədiyyə edilirdi. Bu qədər pula Liviyada 150 kv. metrlik bütün şəraiti olan təmirli mənzil almaq mümkün idi.

Nazirlər Kabineti ipoteka siyasəti ilə bağlı təkliflərə baxır, sentyabrda yeni qaydalar tətbiq oluna bilər

Xarici ölkələrdə kütləvi tətbiq olunan ipoteka kreditləri Azərbaycanda eyni effekti vermədi. Buna İpoteka Fonduna ayrılan vəsaitlərin azlığı, şərtlərin ağırlığı və əhalinin sosial vəziyyətinin yüksək olmaması kimi faktorlar təsir göstərdi.
Bu səbəbdən, Azərbaycanda yüz minlərlə ailənin kirayələrdə yaşamasını nəzərə alaraq, ipoteka şərtlərinin yüngülləşdirilməsi və ayrılan maliyyənin artırılması təklifləri tez-tez səslənir. 
Bəs bu sistemdə hansı dəyişikliklərə ehtiyac var? Suala cavab verməzdən əvvəl yaxşı olardı ki, dünyada və ölkəmizdə bu sahədəki vəziyyəti müqayisəli şəkildə nəzərdən keçirək.

Son ipoteka statistikası nə deyir?

2012-ci ilin 6 ayı ərzində İpoteka Fondunun xətti ilə 1010 ailəyə 37 milyon manat ipoteka krediti verilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2012-ci ilin ilk yarısı üzrə açıqladığı Pul Siyasəti İcmalında bildirilir. Sənəddə qeyd olunur ki, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 2012-ci ilin birinci yarımilində 450-dən çox ailəyə 15 mln. manat məbləğində sosial ipoteka krediti verilib.
I yarımillikdə AİF vasitəsilə müvəkkil kredit təşkilatları tərəfindən sosial ipoteka istisna olmaqla, 560-dan çox ailəyə 22 mln. manat məbləğində kommersiya ipotekası verilib. Sosial ipoteka kreditinin orta məbləği 33,3 min manat, adi ipoteka kreditlərinin orta məbləği isə 39,3 min manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin faizləri əksər ölkələrdən yüksəkdir. Ölkəmizdə adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Adi ipoteka kreditlərində maksimal məbləğ 50 min, güzəştli ipoteka kreditlərində isə 35 min manatdır. 
Azərbaycan ipoteka krediti almaq üçün təqdim edilən sənədlərin sayına görə dünyada 1-ci yerdədir. Ölkəmizdə ipoteka krediti götürmək istəyən vətəndaş azı 16 sənəd təqdim etməlidir ki, bu bürokratik süründürməçilik də sistemi mənasız hala gətirir. Üstəlik, bir çox banklar qısa müddətə kredit verirlər və bu amil aylıq ödənişi yüksəltdiyi üçün vətəndaşlar krediti ala bilmirlər.

Xarici ölkələrin ipoteka təcrübəsi necədir?

Lakin əksər ölkələrdə şərtlər xeyli yüngüldür. Məsələn, Gürcüstanda sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4 faiz, Rusiyada 3, Türkiyədə isə 3,7 faizdir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka krediti 1,5 faiz, Kipr, İspaniya və Yunanıstanda 2, Danimarkada 1,3, Türkmənistanda və Kanadada 1 faizlə ipoteka krediti almaq mümkündür.
Rusiya hökuməti adi ipoteka kreditlərinə görə faiz dərəcəsini 5-6 faizə endirmək qərarına gəlib. Bu addımın ölkədə mənzil probleminin həlini sürətləndirəcəyi güman edilir.
Əksər ölkələrdə 65 yaşa qədər vətəndaşların da ipoteka krediti əldə etmək hüququ var. Həm də cəmi 2-3 sənəd təqdim etməklə. Kredit 25-30 il müddətinə verilir.
Mənzil almaq üçün ən ideal şərtlər isə neft ixrac edən ərəb ölkələrindədir. Birləşmiş Ərəb Əmirliklərində yeni evlənənlər dövlətdən 20 min dollaradək faizsiz kredit alır. Lakin ailədə birinci uşaq doğulan kimi kredit bağışlanır. Bundan əlavə, hər yeni qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür.
Qəddafinin rəhbərliyi vaxtı Liviyada dövlət tərəfindən yeni evlənən gənclərə mənzil almaq üçün 64 min dollar hədiyyə edilirdi. Bu qədər pula Liviyada 150 kv. metrlik bütün şəraiti olan təmirli mənzil almaq mümkün idi.

“35 min manata Bakıda mənzil almaq müşküldür”

“Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinin umumi həcminin artırılmasına ehtiyac var. İpoteka kreditlərinin verilməsi üçün qoyulan şərtləri isə bir qədər də yüngülləşdirmək lazımdır”,- iqtisadçı alim Nazim Məmmədov belə düşünür.
Ekspertin fikrincə, ipoteka kreditləri üçün ayrılmış vəsait çox azdır: “Bu vəsaiti artırmaq üçün Azərbaycanın xarici ölkələrdə 1-3 faizlə yerləşdirilmiş valyuta ehtiyatlarının bir hissəsini İpoteka Fonduna köçürüb, burdan 2-3 faizlə müvəkkil banklara vermək olar”.
Lakin iqtisadçı deyir ki, xaricdə saxlanılan vəsaitlər bu təşviqin bir hissəsi ola bilər: “Əslində, bankların adi ipotekanı maliyyələşdirməkləri üçün hökumət təşviqedici addımlar atmalıdır. Əsas məsələ İpoteka Fondunun ucuz maliyyə resursları tapmaq üçün atdığı addımlar olmalıdır. İndiki durumda bu, mümkün görünmür. Bundan başqa, sosial ipoteka kreditləri üzrə maksimum məbləğin 35 min manat olması da optimal deyil. Bu qiymətə nəinki Bakıda, heç Sumqayıt, Xırdalan şəhərlərində də normal ev almağa yetmir. Buna görə də yuxarı hədd 60 min manata qədər artırılmalıdır”. 

“Orta əməkhaqqından 3 dəfə çox maaş tələb etmək absurddur”

İqtisadçi ekspert Vüqar Abbasovun sözlərinə görə, son 1 ildə ipoteka ilə mənzil almaq istəyənlərin sayı 2 dəfə azalıb: “Bizdə əhali ona görə ipoteka kreditləşməsi ilə maraqlanmır ki, bu kreditləşmənin şərtləri çox ağırdır”.
Bir çox bankların 1000-1500 manat aylıq gəlir tələb etdiyini anormal sayan iqtisadçı deyir ki, orta aylıq əmək haqqı 400 manatdan az olan ölkədə vətəndaşdan bundan 3 dəfə artıq gəlir tələb etmək absurddur: “Xaricdə vətəndaş krediti 30 ilə götürə bilər. Azərbaycanda əgər ipoteka krediti dövlət vəsaiti hesabına verilirsə, maksimal müddət 25 ildir, amma bankın öz vəsaiti hesabına tərəfindən təyin edilirsə, bu zaman kredit bir neçə ildən 15 ilədək verilir.
Bundan başqa, ilkin ödəniş məbləği kreditə görə ilk 3 ayın ödənişindən az olmalı deyil. Lakin praktikada kredit məbləğinin 15-20 faizi ilk ödəniş kimi tələb olunur. İlkin ödəniş kredit götürmək istəyənlərə ən böyük maneədir”.

“Nazirlər Kabinetinə təkliflər paketi təqdim olunub”

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov rəhbərlik etdiyi təşkilat tərəfindən İpoteka proqramının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər paketinin təqdim edildiyini deyir: “Son məlumatlara görə, təkliflər nəzərdən keçirilir. Güman olunur ki, bu ilin sentyabr ayından başlayaraq ipoteka proqramına yeni dəyişikliklər ediləcək”. 
Ekspertin sözlərinə görə, yeni dəyişikliklər daha çox sosial ipoteka ilə bağlı olacaq: “Təkliflərdə sosial ipoteka kreditlərinin illik faiz dərəcələrinin 4 faizdən 2 faizə endirilməsi, məbləğinin 35 min manatdan 50 min manata artırılması, sosial ipotekadan yalnız gənc ailələrin deyil, subay gənclərin də istifadə etməsi nəzərdə tutulub”. 
İqtisadçı deyir ki, sosial ipoteka kreditləri üçün ilkin ödənişin Azərbaycan İpoteka Fondu yanında yaradılacaq Zəmanət Fondu tərəfindən təmin edilməsi, tələb olunan sənədlərin sayının kəskin azaldılması da təklif olunur: “Hazırda sosial ipoteka almaq üçün tələb olunan sənədlərin sayı 18-dir. Güman olunur ki, sentyabr ayından yeni ipoteka proqramı tətbiq edildikdən sonra sənədlərin sayı 9-a azaldılacaq”.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий