06.08.2012

İşıqları söndürüb, qarışmaq gecəyə

Aqşin Yenisey

Adəm üçün təsəlli

Güzgüdəki kişini də nəzərə alsaq,
İkimizik evdə.
Baxırıq... darıxırıq... sonra lal-dinməz yoxa çıxırıq;
O, güzgüdən, mən həyatdan.
Tənhalıq saat doqquzdan sonra başlanır bu evdə.
O vaxt ki, günəşin yerini ay tutur
O vaxt ki, Adəm Həvvanı unudur
O vaxt ki, insan qadağan olunur cənnətə
O vaxt ki, tamah qalib gəlir məhəbbətə.

Qorxma, Adəm!
Qadın səni cənnətdən qovdurubsa,
Sən də onu özünlə cəhənnəmə aparırsan.
Sevgi püşkatmadır – qorxma!
Sənin bəxtinə “heç kim” çıxmaya da bilər.

Qorxma, Adəm!
Sevgi məişət hadisəsinə çevrilə bilməyəndə
Ya əfsanəyə, ya cinayət hadisəsinə çevrilir.
Sevmək özünü yox, başqasını xilas etməkdi.
Və unutma: qadın kişinin həyatında həmişə kirayənişin kimi yaşayır.

Ağlama, Adəm...
Qadınla kişinin zaman ölçüsü bir deyil.
Kişi vaxtı saniyələrlə, dəqiqələrlə ölçür
Qadın isə aylarla, illərlə.
Get özünü zəhərlə, Adəm!
Əfsanə öz qurbanının yolunu gözləyir.

Azadlıqsızlıq

Həyat – bir gün, sadəcə, pəncərədən baxmaqdı küçəyə
İşıqları söndürüb, qarışmaqdı gecəyə.
İnsanın faciəsi, bəlkə də, Tanrının əyləncəsidir.
Necə ki, fahişə sevgilinin dublyorudur
Necə ki, hamıdan güclüdür qarışqa, amma ayaqlar altda yaşayır.

Bayaqdan qara bir milçək qəzəblə vızıldayıb
Özünü çırpır pəncərəyə.
Azadlıq istəyir – divarları olmayan bir dünya!
Evdəki naməlum qadın vurub öldürdü onu
Çünki qadın başqalarının azadlıq arzusunu sevmir.

Sevgi dramı

Biz əvvəlcə dost idik.
Sonra sevgili olduq.
Daha sonra ər-arvad.
İndi isə düşmənik –
Heç vaxt ayrılmamaq üçün...

Bir dəfə İstanbulda

İstanbul,
Mən heç kimimin olmadığı bir vaxtda sənə gəldim
Böyüklüyünlə, bərbəzəyinlə, tarixinlə
“Heç kim” kimi qarşıladın məni və “heç kim” kimi yola saldın.

İstanbul,
Şairlər sənə “kahbe” diyorlar.
Şairləri sevmədin, fatehləri sevdin
Səni əzənləri, zorlayanları.

İstanbul,
Sən gözəlliyini hiyləylə qoruyan qadın kimisən:
Hamı sənindi,
Amma sən heç kimin deyilsən.

Keçmişin yalvarışı

 Saat əqrəblərinin əks istiqamətində gözləyirəm səni.
Heç kimin gözləmədiyi bir yerdə.
Getmə, zamanın arxasına düşüb getmə.
Qayıt geri.
Gedək öpək ölüləri.

SMS

Bu gün ilk dəfə
Özümə sənin gözlərinlə baxdım
Heç nə görmədim...

Комментариев нет:

Отправить комментарий