03.08.2012

Mikayıl Rəfilinin ürəyini partladanlar: Səməd Vurğun, Cəfər Xəndan, Məmməd Cəfər Cəfərov...

“Qonşumuz Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı”


Görkəmli şair və alim repressiya illərində nələr çəkdi?


“… Axşamdan xeyli keçmiş qapımız döyüldü. Nənəm, anam və mən mətbəxə qısıldıq. Atam qapıya tərəf getdi. Gələn...  Mir Сəfər  Bağırov idi. Gözlərimizə inanmadıq, elə bil yuxu görürdük. Bizimlə bir masa arxasında çay içdi, sonra atamla birlikdə yan otağa keçdi – iş kabinetinə.
Onlar uzun-uzadı söhbət etdilər. Mircəfər Bağırov bizimlə vidalaşıb mənzili tərk etdi, hamımız lal-dinməz bir-birimizin üzünə baxıb susduq. O xoş gün... Ertəsi atamı bütün vəzifələrinə bərpa etdilər, əsərləri yenidən nəşr edildi, hamımız rahat nəfəs aldıq”.
Bu xatirə Mikayıl Rəfilinin qızı Selcan xanımın bağrından qopub. Beşcə yaşı varmış o səksəkəli günlərdə. “Həmin vahiməli çağları xatırlayanda anam deyərdi ki, gözlərimizə yuxu getməzdi, ümidimiz hər şeydən və hər kəsdən üzülmüşdü” – deyir, Mikayıl Rəfilinin qızı.

Bu həmin günlərdi ki, Stalinin dilçilik məsələləri haqda əsəri çıxmışdı və Mikayıl Rəfili Stalinin əsəri ilə əlaqədar “İnqilab və mədəniyyət” jurnalında Azərbaycan ədəbiyyatşünaslığının problemlərindən məqalə yazmışdı.
Hə, məhz elə bu yazı Rəfilinin axırına çıxdı, ona hücum başladı. Nizami adına Ədəbiyyat muzeyinin birinci mərtəbəsindəki Mehdi Hüseynin sədrliyi ilə aparılan iclasın qərarı belə oldu: Rəfili Yazıçılar Birliyinin üzvlüyündən, APİ-nin kafedra müdiri vəzifəsindən xaric olunsun.
Təkləndi, tənəli baxışlar dörd yandan  içini zəhərləyirdi, dostları belə uzaq gəzdilər, qorxdular... Elə bu arada professor yıxılıb sol qolunu sındırır. “Kirpi” jurnalı fürsəti fövtə vermir:  Rəfili qoltuğunda böyük və qırmızı bir xoruzla iri addımlarla yeriyirdi.  Kənarda dayanmış adamlar: “xoruzunu qoltuğuna verdilər” deyirdi.
Qanlı-qadalı illərdə  bircə baxışı ilə könüllərə qorxu salan, yüzlərlə günahsız insanın tifağını dağıdan Bağırovu evinə gətirən Rəfili kim idi?
Mikayıl Həsən oğlu Rəfili 1905-ci ildə anadan olub. Bakı Universitetinin Şərqşünaslıq, Moskva Universitetinin ədəbiyyat və incəsənət fakültəsini bitirmişdir.
Ömrünün 25 ili müəllimliklə bağlı olub. Dörd şeirlər kitabının müəllifidir. V.Hüqonun “Paris Notr Dam kilsəsi”, “Səfillər”, Balzakın “Qorio ata”, Tolstoyun “Dirilmə” əsərlərini dilimizə çevirib. 1958-ci ildə yazdığı “Ədəbiyyatşünaslığa giriş” kitabı dövrünün ən böyük dərsliklərindən biri idi.
O dövrdə hər kəsin sino getdiyi, daha doğrusu, minlərlə alimə nəsib olmayan işi Bağırov məhz ona tapşırmışdı: Səkkizinci Fövqəladə Ümumittifaq Sovetlər Qurultayı tərəfindən qəbul olunmuş Sovet Konstitusiyasının ilk nüsxələrindən birini Moskvada Mikayıl Rəfiliyə verərək, türkcəyə çevirib Bakıya göndərməyi tapşırmışdı.


Mikayıl Rəfilinin “xuliqanlığı” və ya Medvedevanın döşləri...


​​37-ci ilin tuthatutundan əvvəl Bağırovla eyni mehmanxanada qalmışdı. Mir Cəfər Bağırov M.Rəfilinin namizədlik dissertasiyasının Moskva nəşriyyatı tərəfindən kitab halında çap ediləcəyi xəbərindən çox məmnun olmuşdur.
Həmin il dekabrın 6-da M. Rəfili Leninqraddan qayıdarkən Bağırovla vida görüşünə getmiş, bir yerdə süfrə arxasında söhbət etmişlər. Amma... SSRİ EA Azərbaycan Filialında əksinqilabi millətçi qrupun üzvü kimi Mikayıl Rəfilinin də adı çəkilirdi. Bakıda olsaydı, sözsüz ki, o da dərhal həbs olunacaqdı.
Rəfili o vaxt Puşkin evində SSRİ Konstitusiyasını ruscadan azərbaycancaya tərcümə edirdi. Çox keçmir ki, “Azərbaycan və rus ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiəsinə hazırlaşan otuz iki yaşlı alimi doktoranturadan xaric etdilər. Deməli, Bağırovla şəxsi münasibətlər hər şeyi həll etmirdi. Nə bilmək olar, bəlkə Rəfili doktoranturanı itirməklə  canını satın aldı?!  Hər halda bəzi tədqiqatçılar bu fikirdədirlər. Özü də bu “satlıq can”ın alıcısı Bağırov özü idi...
Qəhrəmanımız 1937-ci ilin mart ayında Bakıya qayıtdı. Bircə ay sonra – aprelin 19-da onu Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin iclasına çağırdılar. İçəri keçdi. İdarə heyətinin üzvləri – S. Şamilov, S. Vurğun, S. Rüstəm, M.S. Ordubadi başlarını qaldırıb onun üzünə baxmadılar. İclasın gündəliyi elan olundu: “Mikayıl Həsən oğlu Rəfilinin xuliqanlıq hərəkətləri barədə”
İdarə heyətinin bütün üzvləri əl qaldırıb gündəliyi yekdilliklə təsdiq etdilər. Guya o, havalanıb, başını itirib, qisas almağa çalışır... Erməni L. Arustamov məlumat verir ki, guya Rəfili iki gün bundan əvvəl, aprelin 17-də onun qonşusu rus fəhləsi Medvedevanın mənzilini zorla ələ keçirməyə cəhd etmişdir.
Mənzilin öyrədilmiş sahibəsi həyasızlığın öhdəsindən əla gəlirdi: “Bu müsavatist qoçu mənim üstümə cumdu, döşlərimə əl atdı. Qonşumuz Arustamov yoldaş gəlməsəydi, məni zorlayacaqdı”.
Axırda “xuliqana” söz verildi: “Niyə bu yalançıları Yazıçılar İttifaqına dəvət etmisiniz? – dedi – Utanmırsınız? Axı hamınız yaxşı bilirsiniz ki, bir gözlü o mənzilin orderi mənə rayispalkom tərəfindən verilmişdir. Medvedevlər ailəsinə isə təzə mənzil ayrılmışdır. Mən harda qalmalıyam, dəniz qırağında?”
Yazıçılar İttifaqının qərarı: “Mikayıl Həsən oğlu Rəfili Azərbaycan yazıçıları sırasından xaric edilsin.
“İkiüzlülük, xəbərçilik, ara vurmaq, yaltaqlıq kimi ən iyrənc və murdar hərəkətlər Rəfilinin peşəsidir”.
Vaxtilə güvəndiyi, özünə simsar bildiyi dostları tərəfindən təklənən bu əyilməz ziyalı nə etsin, kimdən imdad istəsin? “Moskva” mehmanxanasında Mircəfər Bağırovla saatlarla uzanan səmimi söhbətini xatırladı, çox düşündükdən sonra qələm götürüb məktub yazdı:
“Yoldaş Bağırov, özümdə cəsarət tapıb sizə müraciət edirəm. ... Mən öz gördüyüm işi, yaradıcılıq fəaliyyəti hədsiz dərəcədə sevirəm. Azərbaycan ədəbiyyatının tarixini yaza bilərəm. Dərs deməyi, öyrətməyi, düşünməyi bacarıram, bütün varlığımla Sovet ölkəsinə xidmət etməyə hazıram. Ölkəmin xeyrinə yorulmadan fədakarlıqla işləmək, yazmaq, zəhmət çəkmək istəyirəm. Fəqət, məni bu daimi, faydalı işdən neçə aydır ki, məhrum etmişlər. Mən susa bilmirəm...”
1937-ci ilin noyabrı, dekabrı ... Rəfilinin məsələsinə əncam çəkilmir ki, çəkilmir... 1938-ci ili kimsəsizlər kimi qarşılayan bu “dvoryan balası” tək-tənha, düşüncələr məngənəsində masa arxasına keçir, qələm götürüb Mir Cəfər Bağırova ikinci məktubunu yazır:
“... İndi mən kiməm? İşsiz-gücsüz, lazımsız bir kəs. Əlbəttə, halım çox pərişan, qəmlidir. Məni incik salan budur ki, aylardır məktubuma cavab verilmir. Yoldaş Bağırov! Mən sizə, Mərkəzi Komitəyə müraciət edirəm. Xahiş edirəm, Yazıçılar ​​İttifaqından ədalətsiz olaraq çıxarılmış, öz haqqını bərpa etmək istəyən, daimi iş yeri olmayan bir yazıçının və elmi işçinin taleyi barədə düşünəsiniz. Xahiş edirəm, mənə kömək edəsiniz. Sizə hörmət edən M. Rəfili.
                         
 “Feodal eposu...”


Zaman keçir, qanlı-qadalı illər tarixin arxivinə gömülür. Rəfilinin işləri axarına düşür, elmi və bədii yaradıcılığında böyük uğurlara imza atır. Və bir gün yetişir ki, bu əyilməz insanı da sındırırlar, vaxtilə Dədə Qorqud eposu haqqında yazdıqlarını danır, öz “səhvini” anlayır. Deməli,  əlahəzrət zaman insanı gün-güzəran qayğılarının ayağına gətirir; gətirir nədir, ona səcdə etdirir, diz çökdürür. 1951-ci ildə “Ədəbiyyat qəzeti”ndəki məqaləsindən:
“Kitabı Dədə Qorqud” bizə, epoxamıza, xalqlar qardaşlığına yad bir əsərdir. Hamımız borcumuz bu eposun ideya yabançılığını dərindən anlayaraq, onun Azərbaycan xalqının böyük və zəngin klassik ədəbiyyatının patriotik və humanist ənənələrinə yad olduğunu başa düşməkdir. Bu xüsusda mənim də ciddi səhvlərim olub. Mən bu feodal eposunu idializə etməklə səhv buraxmışam”
1952-ci ilin avqustu... Mikayıl Rəfilinin “İnqilab və mədəniyyət” jurnalında dərc olunan məqaləsi həmkarlarını cin atına mindirir. Ədəbiyyat və dil institutunda elmi şurasında qələm dostlarının dediklərindən:
“Mikayıl Rəfilinin ədəbiyyat və elm sahəsində səhvlər buraxması birinci dəfə deyil. O, 1919-cu ildən indiyədək ciddi məfkurəli əyintilərə yol verə-verə gəlmişdir. Rəfili özünü nalayiq şəkildə aparır, səhvlərini boynuna almır, 10-15 il əvvəlki faktları əldə əsas tutaraq, bir çox Azərbaycan ədəbiyyatşünaslarını burjua millətçiliyində ittiham edir, sovet ədəbiyyatşünaslığının nailiyyətlərini heçə endirməyə çalışır. (Cəfər Xəndan)
“Rəfili “bugünkü dünya ixtiyarlaşmış kaftar bir qarıdır, dünya gözəl, insanlar çirkin” kimi zəhər yayan onlarca şeirlər yazmışdır. İş ondadır ki, Rəfili bu çürük fikirlərini ədəbiyyatşünaslıq fəaliyyətində də sistematik surətdə davam etdirmiş, qərb burjua mədəniyyəti qarşısında səcdə edərək: “Axundov Azərbaycan gənclərini qərbə, Avropa kulturasına, mədəniyyət və azadlıq dünyasına çağırmışdır”, “Füzuli Avropa dünyasına yaxın olmuşdur” kimi fikirlər irəli sürmüşdür. O, müridizmi təbliğ edərək, Şamil hərəkatını “Rusiya zülmündən xilas olmaq üçün azadlıq hərəkatı adlandırmışdır” (Məmməd Cəfər Cəfərov)
“M.Rəfili bütün görüşləri, tədqiq üsulları etibarilə yeni yetişən qüvvələrin qarşısında bir kölgə kimi görünür. Rəfili yalnız klassiklərə deyil, əvvəllər olduğu kimi indi də müasir yazıçılarımıza, gənc ədəbi-elmi qüvvələrimizə də ləkə vurmağa çalışır. O, 30 illik yaradıcılığı ərzində həmişə xalqımızın ən gözəl ədəbi və elmi irsinə böhtan atmışdır.” (Səməd Vurğun)
Elmi şuranın qərarı da daha çox məhkəmə iclasının hökmünə bənzəyirdi: “Ədəbiyyatşünaslıq sahəsində sistematik olaraq elmi-metodoloji səhvlər buraxdığına və sovet aliminə yaraşmayan hərəkətlər etdiyini nəzərə alaraq M.Rəfili Nizami adına Ədəbiyyat və Dil İnstitutundan xaric edilsin”
1954-cü ilin aprel ayının 14-də Azərbaycan Sovet yazıçılarının ikinci qurultayı öz işinə başladı. Qurultay nümayəndəsi, şərqşünas alim Mübariz Əlizadə üzünü zaldakılara tutdu: “ Siz bilirsinizmi necə oldu Mikayıl Rəfili elmlər doktoru adını aldı? Məlumatınız olsun ki, Azərbaycanda dörd alim Rəfilinin dissertasiyasına mənfi rəy vermişdi. Nəhayət Rəfili  Tiflisdə müdafiə etdi. Çünki o, Bağırova müraciət etdi və Bağırov da alimlik dərəcəsinə layiq olmayan bir adamı doktor etdi. (həmin vaxt Mir Cəfər Bağırov vəzifəsindən kənarlaşdırılmışdı)  Beləliklə, Rəfili doktorluq kağızını alıb cibinə qoydu, arzusunu da quldurlar kimi Bağırova bağladı... Rəfili qeyri-qanuni olaraq professor adını almışdır. O, girir sinfə, ağzına gələni deyir. Buna artıq dözmək olmaz.”
***
“Professor Rəfili ilə son  görüşümü unuda bilmirəm. Xəstələnmişdi, fikirləşdik ki, bir neçə gündən sonra sağalıb gələcək. Ancaq günlər keçdi, professordan xəbər-ətər yox idi. Yoxlamaq üçün evinə getdim. Xəstəyə nə aparım? Çox fikirləşdim. Bazarların birindən çox çətinliklə bir neçə limon tapdım. Çarpayının bir tərəfindən olan dolabın üstünə qoydum, baxdı və heç vaxt unuda bilmədiyim aşağıdakı sözləri dedi: “Paşa, lazım deyildi, niyə zəhmət çəkirsən, olan qəpiklərini də ona vermisən”. Paşa Əfəndiyevin xatirələrindən...
***
Mikayıl Rəfili dünyaya gəldiyi gün həyatla vidalaşdı. 1958-ci ilin aprelin 25-də... Qırxı çıxandan sonra Azərbaycan Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn avqustun 9-da Mərkəzi Komitəyə məktub yazdı:             
Azərbaycan KP MK Katibi İ.MUSTAFAYEV YOLDAŞA

Azərbaycan Sovet Yazıçıları İttifaqının Rəyasət heyəti mərhum professor-tənqidçi-ədəbiyyatşünas Mikayıl Həsən oğlu Rəfilinin ailə üzvlərinə təqaüd təyin edilməsi haqda sərəncam vermənizi xahiş edir. Mərhumun ailə üzvləri:
1) Anası – Rəfili Həyat Əliqulu qızı (1874-cü ildə anadan olmuşdur, gözləri görmür)
2)  Arvadı – Rəfili Zoya Georgievna (1912-ci ildə anadan olmuşdur)
3) Qızı – Rəfili Selcan Mikayıl qızı (1948-ci ildə anadan olmuşdur)
M.Rəfilinin ailəsi Bakı şəhərində Fioletov küçəsi ev nömrə 6-da yaşayır. (tel. – 3-76-21)                                 
Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Mehdi Hüseyn


Avqustun 23-də ikinci katib Dmitri Yakovlevin imzaladığı məktub hazırlanmışdır:
“Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, vəfat etmiş professor M.Rəfilinin ailəsinə pensiya verilməsi imkanlarına baxılsın”.
Baxılmamışdır...


Mənbə: Teyyub Qurbanın “Həqiqət olduğu kimi” kitabı, “Ulduz” jurnalı


Hazırladı: Cavid Zeynallı                        azadliq.org

Комментариев нет:

Отправить комментарий