03.08.2012

Niyə hər üçümüzdən birində qurd var?

Satışda olan pendirlər haqda şok iddia


Yay gəldimi, KİV-lərdə hər gün 4-5 qida zəhərlənməsi haqqında xəbər oxuyuruq. Səbəb kimi isə konservant qidalar, yarımfabrikant məhsullar göstərilir. Qurbanlar isə tərslikdən azyaşlılar, körpələr olur. Üstü açıq, günəş şüalarının altında qoxuyan qidaların satışı və vurduğu zərər isə müzakirə olunmur. Hamıya elə gəlir ki, marketdə, təmiz halda satılan qatığın, pendirin dadı olmaz. Marketdə satılan ət məhsullarının hamısı köhnə və camış ətidir.
Məhsulu kəndlinin özündən, təzə-təzə ala bilmək xoşbəxtlikdir. Bunu Azərbaycana gələn xaricilərin küçədə satılan tərəvəzlərin üstünə hücumu zamanı açıq-aşkar görə bilərsiniz. Amma bu o vaxt yaxşı hal olar ki, satış zamanı təmizlik qaydalarına əməl edilsin.

Yazılı qanunlar gözəldir, işlək qanunlar daha gözəldir


Yeyinti məhsullarının satış, saxlanma qaydaları qanunvericilikdə kifayət qədər aydın yazılıb. “Yeyinti məhsulları haqqında” Qanunun 7-ci maddəsində deyilir ki, yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Dövlət gigiyena qeydiyyatına alınmış yeyinti məhsuluna gigiyenik sertifikat verilir.
Dövlət gigiyena qeydiyyatına alınmamış yeyinti məhsullarının satışı qadağandır.
Bu da o deməkdir ki, satışa nəzarət etməyə borclu konkret qurum var. Həmin qanunun 7-ci maddəsində isə deyilir ki, yeyinti məhsullarının qablaşdırılması, etiketləşdirilməsi, onların keyfiyyətinin və qidalılıq dəyərinin yararlılıq müddətində təhlükəsiz saxlanmasını və istifadəsini təmin etməlidir.
Yeyinti məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq normativ sənədlərə və ticarət qaydalarına uyğun olaraq qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə Azərbaycan dilində və (və ya) xarici dildə məhsulun adı, növü və tərkibi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və normativ sənədlərdə tələb olunan digər məlumatlar olmalıdır.
Qanunlar, maddələr isə Bakı küçələrində açıq, küləyin, qumun altında satılan pendirin, çörəyin, ətin qarşısında acizdir.


Azərbaycanlıdan krişnaçı olmaz!


Azərbaycan mətbəxi o qədər ətə meyillidir ki, dədə-babalarımızın imkanı olsaydı, şirniyyatın da gözünə ət vurardı. Orqanizmimiz ətli qidalara elə öyrəşib ki, tərəvəz, süd məhsulları ilə doya bilmirik. Ət haqqında dərini qırışdırır, ömrü qısaldır nağıllarının isə bizə dəxli yoxdur.
Hər şeyin dadına baxmaq, qidalardan ləzzət almaq gözəldir. Yetər ki, təmiz olsun, onun hazırlanma qaydası, satışı bizi həmin qidadan iyrəndirməsin.
Bakının hər rayonunda rasionumuzun əsas hissəsini təşkil edən ət ya açıq havada, küçənin ortasında, ya da ki, heç bir soyuducu sistemi olmayan bağlı otaqlarda satılır.


Heyvan kəllələri qəbristanlığı


Deyilənə görə, bir vaxtlar məhşur olan Yeni Yasamalın ət bazarı dağıdılanda ordan nə az, nə çox 1 milyondan çox heyvan kəlləsi çıxarılıb. Küçənin ortasında kəsilən mal-heyvanın artığı elə oradaca basdırılırmış. Bakıda çox yox, ona yaxın ət dükanı dağıdılsa, şəhər heyvan kəllələrinin qəbirsanlığına çevrilər.


Çörəyimiz daşdan çıxıb quma düşür


Nazirlər Kabinetinin çörəyin xüsusi formada qablaşdırılmasını, bağlı şəkildə satılmasını tələb edən qərarı var. Buna baxmayaraq, evdə və ya hansısa çörək sexində anti-sanitariya şəraitində bişirilmiş çörəklər şəhərin hər yerində satılır. Metronun “İnşaatçılar”, “Neftçilər”, “28 May”, “20 Yanvar” stansiyalarının həndəvəri açıq havada satılan, qablaşdırılmamış çörək və çörək məhsulları ilə doludur. Günəş şüası altında üz qabığı quruyub qaxaca dönmüş, içi isə istidən sulanmış çörək göbələk xəstəliyinin birbaşa mənbəyidir. Xarab olmuş çörəkləri isə alan həmişə tapılır. “Neftçilər” metrosunun yanında, xarab olmuş çörəyi alan yaşlı qadını söhbətə tuturam. Qadın deyir ki, bu çörəkləri çox ucuz alır. 5 çörəyə 50 qəpik verir. Həmin çörəkləri isə yaxınlıqdakı kafeyə aparıb ət maşınından keçirir və lülə kababın içinə vurur.


İstidən pendirə dönən süd


Yayın cırhacırında, maşın yollarının arasında yerləşən bazarlarda hər cür qida məhsulu satılır. Belə bazarlarda satılan qidaların hansınınsa sertifikat alması, icazəli satılması haqda danışmaq gülməli olardı. “28 May “metrosunun yaxınlığındakı “Yaşıl Bazar”da, “İnşaatçılar” metrosunun çıxışında, elə səkidəcə boya qablarında pendir satılır. Satıcıların dediyinə görə, pendir İsmayıllıdan, Bərdədən gətirilir. Başqa iddiaya görə isə həmin pendirlər regionlardan gətirilmir, Bakının pendir zavodlarının satılmayan, tullantı məhsullarıdır. Yayın 40 dərəcə istisində, avtobusla regionlardan Bakıya gətirilən pendir insan sağlamlığı üçün təhlükə obyektidir. Üstüaçıq, toz-torpağın altında satılan şoru, süzməni isə alanlar tapılır. Məsələ burasındadır ki, küçə satışının içində hər cür qiymətə ət, pendir, çörək tapmaq mümkündür. 5 manatdan başlayan ətin qiyməti 12-15 manata qədər dəyişir. Pendiri isə 1.50 qəpikdən 10-12 manatadək cürbəcür qiymətlərə ala bilərsən. Çörəyin qiyməti isə 5-80 qəpik - 1 manat arasındadır.
Pendirin tərkibindəki mikrobioloji zərrəciklər istidə aktivləşir. Süd və süd məhsullarından keçən xəstəliklərdən bursellyoz kimi gec sağalan xəstəliyə yoluxmaq mümkündür. Xəstəlik insanda gec aşkarlanır. Kəskin xəstəlik zamanı xəstədə 30-40 dərəcə temperatur müşahidə olunur, lakin belə vəziyyətdə xəstə özünü əzgin hiss etmir, işləyə və oxuya bilir. Xəstədə üşütmə və həddən artıq tərləmə müşahidə olunur. Dərinin rəngində dəyişiklik nəzərə çarpmır, damarların bəzi hissələrində genişlənmə olur. Həkim tövsiyə edir ki, südü qəbul etməmişdən öncə onu mütləq bişirmək lazımdır. Çünki yüksək temperaturda bursellyoz çöpləri ölür. Eləcə də pendiri 60 sutkadan artıq müddətdə duzlu suda saxlamaq, əti isə yaxşı bişirmək lazımdır. Küçələrdən əldə satılan, kustar üsulla hazırlanmış süd və pendir almaq məsləhət deyil.
“Memar Əcəmi” metrosu yaxınlığındakı ərzaq və kənd təssərrüfatı məhsulları satılan dükanların alıcıları deyirlər ki, burda məcburiyyətdən alver edirlər. Çünki, burdakı meyvə-tərəvəz başqa yerlərlə müqayisədə ucuzdur. Zəhərlənmələrə gəlincə isə, qarpızdan və yemişdən ailələrində zəhərlənmələr olub. Buna görə hüquq mühafizə orqanlarına müraciət etməyiblər. Eyni söhbətləri demək olar ki, açıq satış edən bütün dükanların müştərilərindən eşitdik.
Çörəyə gəldikdə isə... İsti havadan kiflənmiş, nəmlənmiş çörək “göbələk” kimi gec sağalan, keçici xəstəliyə səbəb olur. Göbələk kəskin qaşıntılar yaradır. Barmaqların arasında, hətta saçın dibində də özünə yer edir. Ən dəhşətlisi odur ki, nəmlənmiş çörək “beyin iflici”nə oxşayan “kartof” xəstəliyi də yaradır. Xəstəlik  inkişaf edikcə beyinin fəaliyyətini çökdürür. Xəstə görmə və düşünmə qabliyyətini itirir.


Metro, yoxsa kolxoz bazarı


Axşam ki düşdü, əhalinin işdən evə qayıtdığı vaxtda  “28 May”, “İnşaatçılar”, “Neftçilər”, “20 Yanvar” metrostansiyalarının yaxınlığından keçmək olmur. Səhər tezdən satış üçün boşaldılan meyvə-tərəvəzin əzik-üzükləri camaatın ayaqları altında qalıb küçələri zibilliyə çevirir. Gün boyu günəş şüalarının xarab elədiyi, toz-torpaq altında qalan meyvələr elə həmin qiymətə camaata satılır. Naəlac qalan insanlar keyfiyyətini itirmiş məhsulu alıb uşaqlarına yedirir. Metro-bazar şəhərin mərkəzindəkilərdən başqa, demək olar ki, hər stansiyada var. Burda satışa “icazə” verilsə də, hansısa sanitar qaydaya riayət edilməsindən söhbət gedə bilməz. Harasa şikayət etmək, xəbərdarlıq bildirmək də gülməli olardı. Çünki Sanitar Epidemoloji Stansiya bu məsələlərlə bağlı hər il yay gələndə, zəhərlənmələrin sayı 3 dəfə çoxalanda sadaladığımız faktları təsdiqləyir.
Yasamal, Nizami, Nəsimi rayonlarının sahə müvəkkilləri isə bildirirlər ki, bu onların qarışacağı məsələ deyil. Bu məsələ üzrə aidiyyatı orqanların heç biri öz üzərinə məsuliyyət götürmək istəmir. Məhsulların satışının təşkilinə, satış yerinə, anti-sanitar şəraitinə necə ola bilər ki, heç kim cavabdeh olmasın?! Qanunlar, maddələr doğurdanmı yalnız qəbul edilmək, kağız üzərində qalmaq üçün yazılır?!
“Ucuz ətin şorbası olmaz” sözü yarananda yəqin ki, metroların ətrafındakı kolxoz bazarları nəzərə alınmayıb. Üstüaçıq, cüzi yerpulu ilə satılan ərzaq məhsulları sağlamlığımıza öldürücü zərbə vurur. Statistikaya görə, Bakıda hər üç nəfərdən ikisində ət məhsullarından keçən askaridoz qurdu var. Hər iki adamdan birində isə qida məhsullarından keçən allergik dəri xəstəlikləri mövcuddur. Kimlərinsə pul hərisliyinə gələcək nəsillərin qurban verilməsi hansı insafa, insanlığa sığar?
P.S  Nə yemək vacib deyil, necə yemək vacibdir. Bu həm pulu başqalarının qanı bahasına qazananlara, həm də aldanıb xarab qida alanlara aiddir. İnsanların sağlamlığı bahasına qazanılan pul elə, sağlıq mərkəzlərində də xərclənir.


Günay Muradlı                          publika.az

Комментариев нет:

Отправить комментарий