06.08.2012

Oğru dünyasından

Arzu Abdulla

Ötən gün çoxdandır görmədiyim həkim dostumla söhbət edirdim. Əslində uzun müddət görmədiyin dostlarla görüşmək adama sevinc gətirir. Amma mən hələ də ogünkü söhbətin, daha doğrusu, dostumun dediklərinin şokundan ayıla bilmirəm. İlahi, biz harada yaşayırıq? Və ya bu qədər cəzanı hansı günahımıza görə çəkirik? Həkim deyir ki, onun dostu olan USM mütəxəssisi ölkədəki məşhur klinikalardan birinə işə düzəlmək üçün tələb edilən 5 min manat ödəyir.

Bununla da canının qurtardığını düşünüb, baş həkimin çağırışına tələsir. O, elə bilir ki, artıq işə düzəlib. Lakin baş həkim ondan elə bir şey tələb edir ki, bu, sadəcə, dəhşətlidir. Baş həkim 5 min manat aldığı həkimə deyir ki, sənin işin düzəlib, elə bu gündən başlayırsan işə. Lakin bir şərtim var, sənə bir siyahı verəcəyəm. Yanına müayinəyə gələn xəstələrə o siyahıda adı olan xəstəlikləri yazacaqsan. Dostumun dostu eşitdiklərindən dəhşətə gəlib və üz tutub Rusiyaya. Deyir, indi orada bir dostunun mağazalarının aylıq mühasibatını aparır və tərtəmiz, halal qazancı ilə özünü və ailəsini dolandırır.
Amma o məşhur klinikanın, (bu klinika telekanallardan birinin çox məşhur şousunun sponsorudur) USM şöbəsinə yeni işçi təyin edilib. Təbii, o, yeni işçi baş həkiminin ona verdiyi siyahıdakı xəstəlikləri yanına müayinəyə gələnlərə yazır və onlara ölkəyə məhz həmin klinikanın sahibinin gətirdiyi firma dərmanlarını yazacaq həkimlərin yanına göndərir. Çox geniş və sistemli şəkildə fəaliyyət göstərən bu şəbəkə yaxşıca qazanır. Bəs itirənlər? Və ya itirənlərin itirməsinə səbəb nədir? Sualın cavabı aşağıdadır.
Uzun illər Rusiyada həkim işləyən dostum deyir ki, azərbaycanlı ailələrin kitab qorxusunu anlaya bilmir. Bu qorxunun səbəbini anlamaq üçün dəfələrlə psixoloqa, genetik alimlərə müraciət edib. Deyir ki, hamilə qadınlara ilk növbədə kitab oxumağı məsləhət görürəm. Sağlam, ağıllı övlad böyütmək üçün qadın ailə qurmazdan öncə şəxsi gigiyena, qadın gigiyenası, ailə sağlamlığı, kişi - qadın münasibətləri, kişi, uşaq, ailə psixologiyasına aid xeyli kitab oxumalı, bilgi əldə etməlidir ki, sabah onun qarşısını insan psixologiyasının yaratdığı problemlər kəsəndə onları aradan götürmək yollarını bilsin.
Dostum deyir ki, ona müraciət edən pasiyentlərin arasında ancaq azərbaycanlı qadın və kişilərdir ki, onlara kitab oxumağı, anlada bilmir. “Kitab oxu” müraciətini eşidən kimi deyirlər, kitab nəyimə lazımdı, instituta-zada girəsi deyiləm ki. Hamilə qadının qidalanması, şəxsi gigiyenası, hamiləlik müddətində ailə münasibətləri və bətnindəki uşaqla söhbətləri, davranışı ailənin bütövlüyünün, dünyaya gələcək uşağın bütün gələcək psixologiyasının təminatıdır. Çox ağrılıdır. Bəs kişilərimiz?
Ötənlərdə təcili yazı göndərmək üçün yaxınlıqdakı bir internet kluba girdim. İçəridə siqaret tüstüsündən yaranan dumanlıqda 10-12 yaşlı oğlan uşaqları güclə sezilirdi. Onlar kompüterdə oyun oynayırdılar. Səslərindən qulaq batırdı. Bir az böyüklər isə arxası divara oturub kompüterə elə baxırdılar ki, az qala başları monitora girsin. Onlar bu həvəslə yəqin ki, porno film izləyirdilər. Bizdə daha çox Çingiz Abdullayevin oğrulardan bəhs edən kitablarını sevir gənclər. Yəqin ona görədir ki, ölkədə baş kəsənlərin, qan tökənlərin çoxu da elə gənclərdir. Yəqin ona görədir ki, qan damcılayan əlində bıçaq tutan qatil şəkli xəbər saytlarının, qəzetlərin, telekanalların az qala loqotipinə çevrilib.
Əsl oğru dünyasıdır, oğru qanunları ilə idarə olunur və hər şey oğurlanır. Təkcə cibimizdəkilər deyil, elə ömrümüzdəkilər də, səadətimiz də, sevincimiz, sağlamlığımız da oğurlanır. Oğruların meydan sulamasının ancaq bir səbəbi var- savadsızlığımız, kitabdan, elmdən qorxmağımız.
Nizami Gəncəvi deyirdi axı: “Oxudum-oxudum, sonra da vardım/ Hər gizli xəzinədən bir dürr çıxardım”.

teleqraf.com

Комментариев нет:

Отправить комментарий