Artıq tağlarımız saralıb, birazdan bizi yığıb mal – qaranın qabağına atacaqlar. Bəlkə də heç əziyyət çəkib yığmadılar da, elə mal – qaranı üstümüzə buraxdılar. Yəqin, elə belə olar...
Çox kədərliyəm, gözlərim dolub, içimdən dəli – dəli ağlamaq keçir. Saysız –hesabsız sualların içində itib batmışam. Mən ölümə məhkum edilmiş xiyaram. Nəyə gülürsən axmaq! Milyonlarla ölümə məhkum edilmiş xiyarlardan biriyəm. Burda nə var ki! Çaşıb birdən vicdanın yol verməz, mənim halıma acıyıb eliyərsən. Belə eləmə ha! Necəsən elə də qal, qəlbsiz və rəhmsiz. İndi ki mənə rast gəldin istəyirəm öz həyat tarixcəmi sənə danışım.
Mən bir kəndli bostanında anadan olmuşam, uşaqlığım çox gözəl keçib. O vaxtlar yaşadığım hisləri sözlə ifadə etmək çətin olacaq mənimçün, ama, yenə çalışacam... Fərəhli günlər idi. Hara baxırdımsa içində dəhşətli yaşamaq ehtirası olan tay – tuşlarımı görürdüm. Onda burnumuzun ucunda sarı güllər açmışdı. Meyvəli bağlarımız, yam – yaşıl tağlarımız vardı. Burnumuzun ucunda bitən o tər güllərin ətri bizi özümüzə vurğun etmişdi. Bizə elə gəlirdi ki həyat yalnız, bu ətirli qoxudan ibarətdir. Sən demə, bütün güllər kimi bu güllər də solacaq, bu qoxu da bitəcəkmiş.
Hər kəs kimi mən də uşaqlıqda mehriban idim. Həmişə tağımızı suvaran Gülnisə nənə mənə necə də fərəhlə baxırdı, qoca yaşında əyilib ətrafımı basan ot – alafı təmizləyirdi. Gülümüzün ətrindən məst olub, başımıza yığışan həşəratları hər səfərində qovurdu. Qoca olsa da suyuşirin və qıvraq idi. Üzünün əsas hissəsi uzun həyat yolunun qoyduğu izlərdən qırış – qırış olsa da, gözlərinin rəngi gəncliyinin xoşbəxt və qayğısız keçdiyindən xəbər verirdi. Şux duruşuğunu hələ də saxlayırdı. Qaməti sərv ağacı qədər uca və əzəmətli idi. Arxadan baxanda gözlərin səni aldada bilərdi. Allah bilir, Gülnisə nənə gəncliyində neçə - neçə cavana dağ çəkib, gözlərini yolda qoyub. Min bir arzuyla ona can atmağa çalışan cavanların ümidlərini puç edib, öz möhtəşəm gözəlliyi ilə o ki var qürurlanıb, lovğalanıb, gözləri ayaqlarının altını görməyib, axırda da gəlib rəhmətlik Mirzə kişinin qisməti olub...Sonra da bostanda olan mənim kimi neçə - neçə xiyarın qayğısına qalıb. İşləməyə marağı olsa da, bizə qulluq etməyin məqsədi heç də bekar qalmağın doğurduğu üzüntü deyil, sadəcə, bu yazıq arvadın gözü əkdiyi xiyar tağlarındadır. Ümid edir ki, onlar çoxlu məhsul verəcək. O da həmin məhsulu satıb pul edəcək. Qoca vaxtında bu yaşlı qadın pulu neynir ki kimi suallar sizin beyninizi didəcək, bunu bilirəm. İndi sizə deyərəm. Bu yaşlı qadının evində çox ağır xəstəsi var. Əslində bu xəstəliyə mübtəla olmuş insanlara dövlət tərəfindən pulsuz dərmanlar paylanmalıdır. Bizdə də ki felin vacib şəklinin elə ancaq şəkli var. Bu yazıq arvad da neyləsin, məcburdur ki əksin – töksün, götürdüyü məhsuldan satıb xəstəsinin dərmanına xərcləsin. Ama son zamanlar çox pərişandır, günü gündən xiyarın qiyməti ölür. Hər dəfə qiymətlərin aşağı düşdüyünü eşidəndə gözləri dolur, bütün çarələr tükənmiş kimi görünür. Onda mən çox pis oluram, kaş əlimdə imkan olaydı, bir bəxt iksiri içib, onunçün qızıl xiyara çevriləydim. Ama, neyləmək olar, onun bəxtinə talehsiz ömür, mənimkinə adicə xiyar olmaq yazılıb.
Eh, yalnız arzulamaq qalır mənə həmişə...Hər şey bitdi, arzular da ümidlər də. Daha hər səhər kəndimizdə doğan al şəfəqli günəşi görməyəcəm, daha səhər şehi oynamayacaq üzərimdə. Daha Gülnisə nənənin pərişan üzünü də görməyəcəm, ama buna sevinirəm. Onu çarəsiz görəndə doğurdan da pis olurdum. Əlimdən heçnə gəlmədiyinə görə özümə əsəbləşirdim, Tanrını da qınayırdım. Axı məni niyə xiyar yaradıb deyə. Ama məndən daha zavallı olan bu insanı görəndə xiyar olmağıma da şükür edirdim. Düşünürdüm ki, heç olmasa bir nəfərə fayda verəcəm, süfrəsinə salat kimi gəlib yeyiləcəm. Bir xiyar üçün bundan xoşbəxt an ola bilərdimi, ama olmadı. Tağ da saraldı, tağın üzərində olan xiyar – mən də!!!
Birazdan Gülnisə nənənin qonşusu Heydər kişi öz ac inəklərini buraxacaq bizim üstümüzə. Bu bizim üçün dünyanın ən əzablı və dəhşətli ölümü olacaq. İnək dişlərinin arasında əzilmək , xırçım – xırçım olmaq. Doğurdan da bu dünyada yaşamaq gözəl idi. Ama, son həmişə kədərli olur. Bilirsən, Gülnisə nənənin həyətindən heç ayrılmaq istəmirəm. Eybi yox, qoy, tağın üstündə sapsarı olum, iyrənc görünüm, göz görə - görə çürüyüm. Təki bütün vücudum təbii olaraq bu həyətin torpağına qarışsın. Məndən sonra doğulacaq – yaşayacaq xiyarlar, mən sizə ən gözəl məclisləri bəzəməyinizi arzu edirəm. Mən sizə tağın üzərində qalıb büzüşməməyi, sevə - sevə yeyilməyi, sevgili pomidorla bir qabda qarışmağı, süfrələrdə, soyuducalarda doya – doya sarışmağı arzulayıram. Bir də Tanrı heç bir xiyara Gülnisə nənə kimi çarəsiz, kədərli həyət sahibi qismət etməsin...Yenə Gülnisə nənə yadıma düşdü, görəsən, dərmanları necə alacaq. Axı gözünü bizə dikmişdi, biz təzə - təzə gül açanda o, necə də sevinirdi. İlahi, o anlar yadıma düşəndə xəcalətdən boğuluram. Eh, gidi dünya, qoy, gəlsin Heydər kişinin o ac, quduz inəkləri yesin məni. Artıq, yaşamaq istəmirəm...
P. S. Hə, mənim həmvətənlərim, xiyar olanda da gərək ya İsrailinki, ya da Amerikanınki olasan. Onda yüz faiz gün görəcəksən...
Комментариев нет:
Отправить комментарий