02.10.2012

Kredit süründürməçiliyi və faktiki dəyərindən qat-qat baha satılan mallar

Evdar qadın olan 50 yaşlı Bakı sakini Səlimə xala ölkədə fəaliyyət göstərən kredit şirkətlərindən yaman gileylidir. O deyir ki, hər gün televizorda gördüyü “yalnız şəxsiyyət vəsiqəsi ilə kredit” reklamlarından sonra o da öz pasportu ilə kreditə kondisioner götürmək istəyib:
“Yataqxanada yaşayan ailəyik, gəlirimiz elə də çox deyil ki, nağd pula nə isə alaq. Televiziyada yalnız şəxsiyyət vəsiqəsi ilə kredit reklamını görüb, deyilən ünvana yollandım. Amma yataqxanada yaşadığımızı öyəndikdən sonra heç üzümüzə də baxmadılar”.
Əslində Səlimə xalanın gileylənməyə kifayət qədər haqqı var. Əminəm ki, hər biriniz ən azı hər gün metro, avtobus, dayancaq, televizor, küçələrdə asılan iri löhvələr və eləcə də mağazaların üzərində “yalnız şəxsiyyət vəsiqəsi və ya tələbə bileti ilə kredit” yazılan cəlbedici reklamları görürsünüz. Amma bu kredit prosesi əslində heç də kənardan göründüyü qədər sadə deyil.

Məsələ ilə şəxsən maraqlanmaq qərarına gəldim. Üz tutdum yalnız şəxsiyyət vəsiqəsi ilə kreditə mal satdığını ela edən mağazalardan birinə. Əvvəlcə, satıcı ilə söhbətləşdik. Məlum oldu ki, yalnız şəxsiyyət vəsiqəsi təqdim etməklə kredit almaq imkanından istifadə edən şəxs nə yataqxanada yaşamalı, nə hərbçi olmalı, nə də ki, qaçqın və ya məcburi köçkün statusu olmalıdır. Şəhər qeydiyyatı və üstəlik 2-3 nəfər zamini olması da mütləqdir. Bundan başqa, kredit götürmək istəyən şəxsin mütləq iş yeri olmalı, eyni zamanda 2-3 nəfər qonşu və yaxın qohumunun öz adlarına olan şəhər nömrələri təqdim olunmalıdır. Bundan başqa, mümkün qədər kommunal borcunuz olmamalıdır. Telefon nömrəsini verdiyiniz qohum və qonşularınızın ən azından atasının adını və soyadını bilmək lazımdır, onların da Bakı qeydiyyatında olması vacibdir.
Üstəlik məlum oldu ki, yalnız şəxsiyyət vəsiqəsi tələb olunsa da, kredit götürən şəxsin həmçinin iş yeri olmalıdır. Bunun üçün xüsusi arayış tələb olunmasa da, iş yerinin əlaqə nömrələri istənilir və yerindəcə əlaqə yaradılaraq, həmin şəxsin orada işləyib-işləməməsi dəqiqləşdirilir.
Çox təəssüf ki, istehlakçının aldadılması Azərbaycanda adi hal alıb. Məsələn, hazırda ən populyar kredit şirkətlərindən birinin reklamında deyilir “sənədləşmə 15-20 dəqiqə ərzində yekunlaşır”. Şəxsi təcrübəmdə isə prosesin 1 saata kimi sürdüyünün şahidi oldum. Üstəlik, reklam anonslarında deyilir ki, bu ay al, gələn ay ödə. Amma sənədləşmə zamanı təxminən 20 manatdan 40 manata kimi komissyon haqq tələb olunur. Üstəlik, bank üçün 10 manat da xidmət haqqı ödəməli olursan.
Daha bir telefon mağazasının reklamlarında isə iri hərflərlə “0 faizsiz və yerində tək şəxsiyyət vəsiqəsi və ya tələbə bileti ilə kredit verilir” yazılıb. Kredit götürməyə gəldikdə isə bir sıra şərtlərlə qarşılaşdıq: Bakıda qeydiyyatda olmalısan, özü də mütləq bina evində, yaşın 25-dən yuxarı olmalıdır, ən əsası isə zamin duracaq şəxs göstərməlisən. Üstəlik, zamin duracaq şəxs mütləq valideynin olmalıdır. Kreditin faizsiz olduğuna gəldikdə isə bu, ancaq 3 aya qədər olan kreditlərə aiddir. Üç aydan artıq çəkdikdə, məsələn, 1 ilə 25%, 6 aya isə 15% ödənilir. Bu da 0 faizsiz və yerində tək şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə kredit…
Qeyd edək ki, “Reklam haqqında” qanunun 8-ci maddəsində açıq yazılıb:
Maddə 8. Qeyri-dəqiq reklam
Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:
… ödəmənin əlavə şərtləri;
Qeyri-dəqiq reklam yolverilməzdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu cür yalançı təkliflərlə şirkətlərlə yanaşı, bir sıra banklar da məşğul olur. O deyir ki, reklam məlumatları beynəlxalq standartlara görə hərtərəfli olmalıdır. Qanun müştərinin, istehlakçının aldadılmasını qadağan edir. Azərbaycan qanunvericiliyi də bu cür reklamların tam və aydın şəkildə olmasını tələb edir. Düzdür, vətəndaş həmin məhsulu almaya bilər, amma burada əsas məsələ vətəndaşın aldadılmasından gedir. Bu da istelakçının hüquqlarının pozulması deməkdir.
Beynəlxalq təcrübədə isə bizdən fərqli olaraq reklamlarda yalnız şəxsiyyət vəsiqəsi ilə verilən kredit prosesi başqa cür həyata keçirilir. Məsələn, ABŞ-da şəxsiyyət vəsiqəsi ilə kredit reklamları göstərilən şərtlərdən artıq istehlakçıdan heç nə tələb olunmur. Əks təqdirdə bu, qanun pozuntusu kimi qiymətləndirilir və məsələ məhkəmə ilə yekunlaşır. Bizə yaxın olan MDB-də də bu məsələ inkişaf edib və istehlakçıların hüquqlarının pozulmasına yol verilmir. Məsələn, kreditlə əmlakın götürülməsi sistemi ən yaxşı Rusiya və Qazaxıstanda qurulub. Bu ölkələrin sakinləri ancaq şəxsiyyət vəsiqəsini təqdim etməklə kredit və kreditə istədikləri əşyanı ala bilirlər.
Qərbdə isteklakçıların hüquqlarının pozulması və onların aldadılması qanuna ziddir. Əgər istehsalçı kredit zamanı istehlakçıdan reklamda təklif etdiyi şərtlərdən artıq nəsə tələb edərsə, istehlakçının həmin istehsalçını məhkəməyə vermək hüququ var. Lakin bu məsələdə problemin bir tərəfi ondan ibarətdir ki, Azərbaycanda istehlakçının hüquqları pozulduqda onun məhkəməyə müraciət etməsi ilə bağlı hələlik hər hansı bir prinsip və ya qayda yoxdur. Buna baxmayaraq bu, qanunvericiliyə, eləcə də biznes etikasına ziddir.
Yataqxanada yaşayan şəxsin Bakı qeydiyyatında olmasına baxmayaraq kredit ala bilməməsinə gəlincə isə ekspert deyir ki, bu, heç bir halda düzgün deyil: “Əgər vətəndaş Bakı qeydiyyatındadırsa, onun yataqxana və ya başqa yerdə yaşaması şərt olaraq irəli sürülə bilməz. Bu, həmin şəxsin sosial statusunun və hüquqlarının pozulması deməkdir”.
Burada maraq doğuran məqamlardan biri isə verilən kreditlərin qiymətidir. Həmin şirkətlər kreditlərin faizlərini hesablayırlar. Məsələn, reklamlarda ancaq kreditin məbləği göstərilir, lakin faizi göstərilmir. Ekpertin sözlərinə görə, ən yüksək faiz avtomobillərin alınmasında müşahidə olunur- 20 faiz. Həmin faiz də istehlakçı hər hansı bir əşya alarkən onun məbləğinin üzərinə gəlir. Nəticədə istehlakçı məsələn, 150 manat əvəzinə 260 manat ödəyir.
Eyni vəziyyətlə həmkarımla birgə televizor almaq üçün müraciət etdiyim mağazada qarşılaşdıq. Məsələn, kreditə 43-lük ekranı olan televizoru Bakı sakini Zülfiyyə Qurbanova 1160 manata ala biləcəyini ümid edirdi. Çünki satıcı onunla danışanda Zülfiyyə xanıma deyib ki, bu televizoru stolu ilə birgə alsa, bu ona çox ucuz başa gələcək və 2 il müddətinə kredit götürsə, cəmi 100 manat itirmiş olacaq. Zülfiyyə xanım deyir ki, o artıq bir neçə dəfədir həmin mağazadan kredit götürüb və buna görə də ümid edib ki, ondan 1 qəpik də ilkin ödəniş almayacaqlar. Amma sənədləşmə zamanı məlum olur ki, Zülfiyyə xanım ümümi məbləgi 1600 manata olan televizoru 24 aylıq kreditə almaqla, 100 manat deyil, 325.86 manat əlavə pul ödəməli olacaq.
Zülfiyyə xanım deyir ki, satıcı ona yalnız 100 manat itirəcəyini deyib. Sənədləşmə zamanı isə vəziyyətin başqa cür olduğunu görüb. İtirdiyi vaxta heyfi gələrək müqavilə ilə razılaşıb.
Bəzi ekspertlər deyirlər ki, bankların və ya kredit verən şirkətlərin belə ehtiyatlı davranmasına səbəb Azərbaycanda əhalinin vaxtı keçmiş kreditinin həcminin təxminən 500 mln manata yaxın olmasıdır. Başqa sözlə, kredit verənin pulu geri ala biləcəyinə inanmamasıdır. Azərbaycanda bu məsələnin digər problemli tərəfi əhalinin borclarının ödənilməsi ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməməsidir. Bu sahədə ancaq inzibati tədbirlər həyata keçirilir. Azərbaycanda maliyyə borcları ilə bağlı məhkəmə qərarlarını icra etməyən şəxslərin ölkədən çıxmasına müvəqqəti qadağa qoyulub. Məsələn, 1 illik kredit götürən şəxs 6 aydan sonra müəyyən səbəblərdən işini itirirsə, ona qarşı müəyyən güzəştlər edilə bilər: faiz dayandırıla bilər və s.

anspress

Комментариев нет:

Отправить комментарий