Bu gündən sabaha qalmayıb inam.
O qədər itib ki, nizam-intizam,
Doğru tək sırınır çılpaq qələt də
Yaşamaq günahdır bu məmləkətdə!
Olmuşuq vətəndə biz əsir-yesir
Nə həsir qalıbdır, nə Məmmədnəsir.
Nazir adam döyür, polis cib kəsir!
Harınlar işvətdə, biz əziyyətdə
Yaşamaq günahdır bu məmləkətdə!
Bu xalqı quruca yerdə qoyurlar.
Kimi istəsələr tutub soyurlar
Küçədə, bazarda, evdə, həyətdə
Yaşamaq günahdır bu məmləkətdə!
İndi dükan-bazar baqqallarındır,
Leş-lavaş, sür-sümük çaqqallarındır,
Ən uca kürsülər naqqallarındır,
Kənardan baxanıq biz bədə-bəddə
Yaşamaq günahdır bu məmləkətdə!
Eşim, üzə çıxsın altdakı qatlar
Diksinib üşənsin kefi babatlar.
Piylənib şişəndən bu «demokrat»lar
Quldurlar çoxalıb şəhərdə, kənddə
Yaşamaq günahdır bu məmləkətdə!
Çox heyif, yaşayıb çatdıq bu vaxta
Bəylər çırmalanıb dırmandı taxta.
Şairi yaltaqdır, alimi saxta
Onların hərəsi min bir sifətdə
Yaşamaq günahdır bu məmləkətdə!
Mən susdum, ardını özünüz deyin
Xəyalplovlardan doyunca yeyin!
Qalar bu ölkədə hansı yelbəyin?
İp ilə birlikdə itibdir it də!
Yaşamaq günahdır bu məmləkətdə!
Комментариев нет:
Отправить комментарий