05.02.2013

Əkrəm Əylislini yandırmaq təklifi səsləndi

Sabiq deputat-bəstəkar Hüseyn Abdullayevin bütün varlığı ilə Heydər Əliyevə bağlıydı və onun cəbhəçilərə qarşı mübarizəsində rol oynamışdı. Ancaq onun “kürdlərin hakimiyyətinə imkan verməyəcəm” kəlməsinə görə mandatın alıb həbs etdilər. Əkrəm Əylisli də ömrü boyu bu hakimiyyətə yaxın olub, əgər belə olmasaydı deputat mandatı almazdı.

Əkrəm Əylisli bəlkə də 100 milyon xərcləsəydi, özünə bu cür reklam qura bilməzdi. Görünür, hakimiyyətin ədəbiyyata böyük hörməti var, gənclər toplanıb piket edir, parlament müzakirə açır. Halbuki, bunlar zövqsüzlükdən, savadsızlıqdan, antimillilikdən, cəhalətdən irəli gəlir.

Xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında hakimiyyətin yaratdığı ajiotaj davam edir. Dünən Milli Məclisdə YAP-çı deputatlar Əkrəm Əylislinin vətəndaşlıqdan məhrum edilməsi tələb ediblər.
Partiyanın gəncləri isə yazıçının kitablarını tabuta qoyub dəfn mərasimi aksiyası keçiriblər. Xalq yazıçısı bəyan edib ki, əgər təzyiqlər davam edəcəksə, o, ölkəni tərk edəcək. Həssas dönəmdə müxalif partiyalar və politoloqlar susqunluq nümayiş etdiklərindən onlara müraciət edib fikirlərini almağa çalışdıq.

AXCP və Müsavat funksionerləri romanı oxumayıblar

AXCP sədrinin müavini Nurəddin Məmmədli kitabı hələ oxumadığından qəti fikir söyləyə bilməyəcəyini dedi: “Mən yalnız televiziyalardan roman haqqında fikirlər eşitdim və düşündüm, doğrudanmı, o, belə yazıb? Yəni televiziyalarda “romanda azərbaycanlılar ermənilərin qanını içib yazılıb” deyə fikirlər səsləndirirdi. Oxuyandan sonra konkret danışa bilərəm”. N.Məmmədli hesab edir ki, Əkrəm Əylislinin son illərdəki obyektiv mövqeyi Azərbaycan hakimiyyətinə stimul yaratmalıydı və yaradır: “Çünki hakimiyyətdəkilər heç kimi xalqın müdafiəçisi qismində təsəvvür edə bilmirlər. Hətta bəhanə verməyəndə belə kimisə Azərbaycan xalqının düşməni etməyə cəhd edirlər, bunun çoxlu sayda bariz nümunələrini bilirik. Məsələn, vaxtilə hakimiyyətin dostu olub yanında dayanan adamlar hansısa situasiyada bir kəlmə sözə görə düşmən elan edilirlər. Konkret olaraq, sabiq deputat-bəstəkar Hüseyn Abdullayevin bütün varlığı ilə Heydər Əliyevə bağlıydı və onun cəbhəçilərə qarşı mübarizəsində rol oynamışdı. Ancaq onun “kürdlərin hakimiyyətinə imkan verməyəcəm” kəlməsinə görə mandatın alıb həbs etdilər. Əkrəm Əylisli də ömrü boyu bu hakimiyyətə yaxın olub, əgər belə olmasaydı deputat mandatı almazdı. O cümlədən, İlham Əliyev Rüstəm İbrahimbəyov haqqında badə qaldırıb, ancaq sonradan mənzərə dəyişdi. Təsəvvür edin ki, bu ölkədə bayrağı təhqir edirlər, əsgər öldürülür, parlament susur, normal yanaşılır. Ancaq hakimiyyətin maraqlarına toxunanda bağışlamırlar, güman ki, yazıçıya hücumları bu məqamda axtarmaq lazımdır”.
Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub da romanı oxumadığını dedi: “Əsəri oxumamışam, ona görə bir şey deyə bilmərəm. Ancaq Əkrəm Əylisliyə qarşı kampaniyalaşmış hərəkətləri də bəyənmirəm. Əgər məsələ ədəbi çərçivədə müzakirə keçirilsəydi, daha yaxşı olardı. Hesab edirəm ki, ədəbi müzakirələr olmalıdır, nəinki siyasi kampaniyaçılıq”.

Gültəkin Hacıbəyli: “Əsgər ölümünün də səbəbkarı Əkrəm Əylisliymiş!»

Ziyalılar Forumunun üzvü, sabiq deputat Gültəkin Hacıbəyli olaya ironik yanaşdı: “Əkrəm Əylislini Azadlıq Meydanında yandırmaq lazımdır. Çünki məlum olub ki, Azərbaycanın bütün bəlalarının səbəbkarı Əkrəm Əylislidir. Qarabağ 20 ildir Əkrəm Əylisliyə görə işğal altındadır, Gülər Əhmədovanın Elşad Abdullayevdən pul alıb çatdırdığı adam Əkrəm Əylislidir. İsmayıllı camaatı Əkrəm Əylislinin “Çıraq” Hotelinə etiraz edərək üsyan etdi, icra başçısı da səhv edib dedi ki, maşınlar onundur. Bahalı maşınların hamısı Əkrəm Əylislinindir! Quba üsyanı da xalq yazıçısına görə baş verib, ümumiyyətlə, ölkədəki bütün korrupsiya, inhisarçılıq hallarının səbəbkarı Əkrəm Əylislidir. Əsgər ölümünün də səbəbkarı Əkrəm Əylisliymiş! Ona görə də Əkrəm Əylislini Azadlıq Meydanında yandırıb külünü bütün ölkənin üzərinə səpmək lazımdır ki, bununla Azərbaycan ağ günə çıxsın və bütün problemlərimiz aradan qalxsın”. Gültəkin Hacıbəyli romanı oxumadığını dedi: “Bəli, romanda yanlışlıq da, səhv də ola bilər, amma yaradıcılıq azaddır. Eşitdiyimə görə əsərdə qaçqınlar və məcburi köçkünlərlə bağlı müəyyən fikirlər səslənib, bunları qəbul edə bilmərəm. Çünki məcburi köçkünlər və qaçqınlar haqqında bu cür fikirlər mənim üçün yolverilməzdir”.

Zərdüşt Əlizadə: «Bunlar zövqsüzlükdən, savadsızlıqdan, antimillilikdən, cəhalətdən irəli gəlir»

Politoloq Zərdüşt Əlizadə mövcud kampaniyanın səbəblərini mövcud quruluşda axtarmağı gərək bildi: “Avtoritar, antimilli, savadsız, ədəbsiz bir quruluşda yaşayırıq, tarixdə belə rejimlər olub, məsələn, faşistlər kitablardan tonqal qalayırdılar, sovetlər də yazıçıları güllələyirdi. Əkrəm Əylisli bədii əsər yazıb və Konstitusiyada ifadə azadlığı var. Məsələn, mən onunla razı olmasam da, ifadə azadlığına hörmət etməliyəm. Ancaq hakimiyyət əks mövqe seçib, YAP-ın gənclər təşkilatı savadsızlardan və mənəviyyatsızlardan ibarətdir. Onların vicdanı olsaydı, YAP kimi antimilli təşkilata qoşulmazdılar. Əkrəm Əylisli vicdanlı və savadlı adamdır, gözəl əsər yazıb, mən oxumuşam. Bədii əsərdir, siyasi manifest deyil, bəli, mən də azərbaycanlıların ermənilərə qarşı Bakının mərkəzində vəhşiliyini görmüşəm. Ancaq bilirəm ki, bunu ermənilər də edib. Mən siyasətçi, politoloq kimi danışıram, Əkrəm isə yazıçı olaraq bədii əsər yazıb və ədib kimi hər şey yazmağa ixtiyarı var”. Politoloq düşünür ki, hakimiyyət Əkrəm Əylisliyə qarşı bu şəkildə kampaniya aparmaqla ona çox gözəl xidmət göstərir: “Əkrəm Əylisli bəlkə də 100 milyon xərcləsəydi, özünə bu cür reklam qura bilməzdi. Görünür, hakimiyyətin ədəbiyyata böyük hörməti var, gənclər toplanıb piket edir, parlament müzakirə açır. Halbuki, bunlar zövqsüzlükdən, savadsızlıqdan, antimillilikdən, cəhalətdən irəli gəlir”.

Natiq CAVADLI                          bizimyolinfo.com

Комментариев нет:

Отправить комментарий