16.03.2013

İçinə yığılmış yay: Otel otağı

Cavanşir Yusifli

Və ya bir çəngə yovşan

Anarın «Otel Otağı» povestini çap edilən kimi «Azərbaycan» jurnalının 1996-cı il 1-3 nömrəsində oxumuşam. Bundan sonra müəyyən fasilələrlə bir neçə dəfə oxumuşam. Bu əsəri Anarın yarıdıcılığında, nəsr poetikasında əsas əsərlərdən biri hesab eləməyim bu gün onun haqqında söz demək ehtiyacını doğurdu. «Otel Otağı» həmişə mütaliə edilən, insanı darıxmaqdan çıxaran, ona təsəlli verən, məmləkətimiz üçün müəyyən mətləbləri çox dürüstlüklə açıqlayan... bir əsərdir.
 Mənə elə gəlir ki, bir söz adamı kimi Anarın illər uzunu dediyi, yazdığı və ya belə deyək: yazmaq istədikləri də bu əsərdə mükəmməl poetik strukturda təqdim olunub. Əsərin poetik strukturunda ilk baxışdan çox adi, ancaq həm də mahiyyəti etibarilə qəribə, ələ gəlməyən, sözlə təsviri çətin olan bir mətləb var.
Bu qəlib elədir ki, toxunan kimi fəryad qoparır, xatirələr, yaddaşın qaysaq bağlayan yeri diksinir, oyanan hisslər ürəyə ağrını da, xoşbəxtliyi da birdən, qəfildən gətirir, zamanların arasından keçən tül pərdə şəffaflıqdan «cırılır», ağrıyla sevincin bir-birinə qarışıb yaratdığı tufandan bir anın içində insan ölə bilər – nəfəsini dərmək istəyəndə, «yaşamaq istəyirəm» demək istəyəndə, «döşəmədən tavana qədər sükutun içindən» çırpınıb çıxmaq istəyəndə.
Hər şeydən öncə ona görə ki, hadisənin özü, onun yaratdığı energetika sahəsi yaşamaq üçün yox, sadəcə keçmişdə baş verən olayların dərinliyində – mistika yuxusunun içində nəyisə götürüb yoluna davam etmək üçündür. Ancaq Anarın qəhrəmanı bu virtual məkanı özü üçün yaşayış məskəni seçir, bu «dərinlikdə çox üzmək olmaz» qadağasını könüllü şəkildə unudur, dünyada misli görünməmiş ölüm növünü – ölüm oyununu seçir. Bu ölüm oyununda «şahmat daşları» kimi Nazim Hikmətin şerinin misraları düzülür:

Yedi təpəli şəhərdə 
İtirdim qönçə gülümü.
Nə ölümdən qorxmaq ayıb,
Nə də düşünmək ölümü...

Bu məmləkətdə hər şey ağrıyla oyanır, bir hissi, duyğunu yada salmaq, dilə gətirməzdən əvvəl onun yerləşdiyi sahəni «ağrıtmaq», onun üzərinə gözü kor eləyən gur işıq salmaq gərəkdir, bu mənada qəhrəman modeli həm onu, yəni qəhrəmanı, həm də sonsuz sıralarla düzülən digər məfhumları da ehtiva edir, sadə modelin belə bir mürəkkəb təbiəti elə məmləkətimizi xatırladır. «...Ayran dadı... Bu eynən əlli il bundan qabaq uşaqlıqda Laçının İstisuyunda içdiyi ayranın dadı idi. Ayran dadı süzmə dadını da yada saldı. İstisuda keçə muxruların çölündə yan çubuğuyla gədə çubuğunun (sevindi ki, gədə çubuğunun belə adlanmasını da yaddan çıxarmayıb) arasında ip çəkilmişdi, ipdən paltarlar, bir də balaca torba asılmışdı. Torbadan dümağ su damırdı. Səhər torbadan çıxarıb süzmə yeyirdilər və o uzaq illərin süzməsi bugünkü ayranın təmində idi...».
Bu adam xatirələrlə yaşayan adam deyil, xatirələrin yaşatdığı, bəlkə də yaratdığı bir adamdır. Əsərdə belə bir pasaj var: ...dinləməkdən doymurdu. Qorxmurdu da. Bütün bunları ilk dəfə haçan, nə zaman eşitdiyini çoxdan unutmuşdu, amma dinlədikcə hansı emosiyaların, hiss-həyəcanların oyanacağını dəqiq bilirdi – bu sabit emosiyalar idi, sabit musiqi idi, yaddaşına məhrəm olmuş musiqi idi. Rəfdən götürüb çaldıracağı hər hansı tanış musiqidən nigarançılığı yox idi. Vay o gündən ki, təsadüfən radioda çoxdan unutduğu bir musiqi parçası qəfildən rastına çıxaydı...
Beləcə, yaddaş həlim-həlim dolub-boşalır, insan yaşayır, nəfəs alır və bu nəfəsin sonuncu olmasının da fərqinə varmır, yeganə amacı bu nəfəsi istədiyi dərinlikdən alıb-verməkdir. İnsan əslində elə budur – bir əlçim xatirə, hiss-duyğu – yada düşmək, anılmaq, qovrulmaq, ağrımaq istəyir, Sırçan xanla əlaqəli epizod hardansa köməyə çatan «mətn» funksiyasını da oynamır, əksinə özü bir örnəyə çevrilir – hər insanı yaşadan və öldürən bir mübhəmlik var – onu bulmaq, əllə tutub dərdini demək mümkündürmü, təqribən bu şəkildə: elə bil sakitcə axan, səsi çıxmayan bulağın şəffaflıqdan «görünməyən» suyunun altına əlini tutursan...və sonra hər şey bitir, göz yumub-açınca, yaşayıb-ölüncə... İnsanın qalımı da, ölümü də əslində «bir çəngə» yovşana görədir. Ömrün uşaqlıqda keçən hissəsi əslində tamdır, ömürdən ayrılmış, başqa bir sahildə qalmış, indi əlçatmaz olan hissəsi.
Bütün ciddi-cəhdlərin mənası əlini uzadıb o «yovşanlıqdan» əsən mehə toxunmaqdır. Anarın qəhrəmanın əli uzalı qalır. Bu sadəcə metafora deyil – əli uzalı qalmaq, - bu dünyada ürəyinə, ruhuna dolaşan, alıb-verdiyi nəfəsə sarmaşan xatirələrin gücünə yaşayan Kərimin bəxti gətirmir, nə qədər cəhd eləsə də həyatının içinə gömülən mübhəmliyi bulamır, içinə yığılmış yay açılmır, gərginlikdən ləsəlir, sustalır...Bu adam dərdli bir məmləkəti xatırladır, hansı tərəfinə çevirirsən bir dərd şırımlanır, bir kor quyu çıxır qarşına, səsini çıxarmaq istəyirsən, məlum olur ki, onu da itiribsən. Şərin tüğyan elədiyi bu virtual məmləkətdə xatirələrlə yaşamaq yeganə məlhəmdir...  

Комментариев нет:

Отправить комментарий