02.06.2013

Ah, zəmanə uşaqları...

Zöhrə Fərəcova

Tələbənin yorğun, bir az da şişkin gözlərinə baxıb, problemi olub-olmadığını xəbər aldım. Bir az günahkarcasına gülümsədi. Heç bir şey olmadığını söylədi. Yoldaşları yerbəyerdən söz atdılar: “Az oyun oyna da...”. “Bu oyunlar sənin axırına çıxacaq”. “Müəllimə, onu kompüterdə oyun oynamaq bu günə salıb”. “Səkkiz saat, on saat yerindən durmadan kompüterdə oyunlar oynayır”. Tələbəyə bir müddət əvvəl kütləvi informasiya vasitələrində yayılmış bir xəbəri xatırlatdım.
Bilirmiş: “Bəli, müəllimə”, - dedi: “15 yaşlı oğlan kompüter oyunu oynamaqdan ölüb”. Maraqlanan yoldaşlarına hadisəni danışdı: “Stavropol vilayətinin Georgiyev şəhərində yaşayan Aleksey adlı yeniyetmə məktəbdən evə dostları ilə gəlib. Adətən, həmin yaşda yeniyetmələr bir yerə toplaşanda oyunlar oynamaq, əylənmək istəyirlər. Bu günün ən maraqlı əyləncəsi isə kompüter oyunlarıdır. Aleksey də kompüterdə məşhur “Counter-Strike” oynunu oynamağa başlayıb. Vaxtın necə keçdiyinin fərqinə varmayıblar. Oyun 5 saat davam edib. Su içmək üçün mətbəxə keçən Aleksey huşunu itirərək yıxılıb. O, xroniki ürək xəstəsiymiş. Bunu bilən dostları qaçaraq qonşuları köməyə çağırıblar. Onlar geri dönəndə Aleksey artıq həyatla vidalaşıbmış. Hələ də baş verən faciəyə inanmayan yoldaşları təcili yardım çağırıblar. Həkimlərin əlindən yalnız bu gəlib ki, yeniyetmənin ölümünün səbəblərini araşdırsınlar, infarkt diaqnozu qoyublar. İnfarkta səbəb kimi isə ürəyi zəif olan yeniyetmənin kompüterin qarşısında çox əyləşməsi və oyunun həyəcanına dözə bilməməsi göstərilib...”.
O, danışdıqca görürdüm ki, çox ağıllı, tərbiyəli oğlan olan 19 yaşlı tələbəmizin uzaq Stavropolda 15 yaşlı yeniyetmənin kompüter oyunlarından vəfat etməsi xəbərindən çox təsirlənib. Sanki mənim fikirimin təsdiq etmək üçün dedi: “Xəbəri oxuduğum gün qorxudan bir saatdan artıq kompüterdə oyun oynamadım”. “Sonra nə oldu?”, - soruşdum. Cavab verdi ki, səhəri gün yenə də köhnə adət-ənənəsinə qayıdıb: “Hər gün gündüz saat 3-də kompüterin qarşısında əyləşirəm. Bir də baxıram ki, axşam saat 1-dir. Bəzən hətta gecə saat 3-ə qədər oyun oynayıram. Vaxtın necə keçdiyini hiss etmirəm”.
Məlum oldu ki, yoldaşlarının arasında da “kompüter xəstəliyi”nə mübtəla olanlar var. Tələbələrdən biri dedi ki, kompüter zallarına hətta 6-7 yaşlı uşaqlar belə gəlir. Onlar da 18 yaşından yuxarılar üçün nəzərdə tutulmuş oyunlar oynayırlar. Xəbər aldım: “Bəs o kompüter zallarında buna nəzarət edilmir?”. “Yox”, - dedilər: “Saatına 60 qəpik alırlar, daha kimin nə işlə məşğul olduğu nəylərinə lazımdır?! Həm də onların elə balaca olmalarına baxmayın, bizdən yüz dəfə yaxşı oynayırlar”.
Tələbələrdən biri zarafatla dilləndi: “Biz də uşaq olmuşuq da. Heç bilirdikmi kompüter nədir, “Point Blank”, “Stalker”, “Dead Left 4” oynamaq nədir? Ah, zamanə uşaqları...”. 
Kompüter oyunları həvəskarı olan tələbələrdən biri etiraf etdi: “Amma bu, düzgün deyil. O, uşaqlar həmin oyunlardan yaxşı bir şey öyrənməyəcəklər”.
Bundan əvvəl də yeniyetmələrin komyüter oyunlarının təsiri ilə hətta dəhşətli qətllər belə, törətdikləri barədə məlumatlar yayılmışdı. Bu gün internet bəlaya çevrilib və nəinki evlərdə, internet klublarda, hər yerdə addım-addım bizi izləyir. Parkda, metroda, avtobuslarda, hara baxırsan, yeniyetmələri, gəncləri əllərindəki telefonla məşğul görürsən. Elə diqqət kəsilirlər ki, ətrafda nə baş verdiyini belə hiss etmirlər. Üzlərinin ifadəsindən gərgin olduqları görünür. İnternet oyunlarının ən böyük bəlalarından biri də budur: bu oyunlar insana rahatlıqdan, dinclikdən çox, həyacan, təlaş, əsəbi gərginlik, yorğunluq gətirir. 
Əlbəttə ki, müasir texnologiyalar dövründə internetdən istifadə zərurətə çevrilib. Onun istifadəçisi olmadan keçinmək mümkün deyil, bu şərtlə ki, xəstəsinə çevrilməyəsən. Çox vaxt yeniyetmələr dərs adıyla evdən çıxıb, internet-klublara gedirlər. Evdə olanda da valideynləri onları internetdən ayırmaqda əziyyət çəkirlər. Bəzən internetdən müəllimlərinin verdiyi tapşırıqları yerinə yetirmək üçün istifadə etdiklərini söyləyirlər. Amma çox hallarda dərs bəhanəyə çevrilir. Həm də internetdən yalnız oyunlar oynamaq, sosial şəbəkələrdə olmaq üçün istifadə etmirlər. Yeniyetmələrin bir çoxunun terrorizmi, nifrəti, qumar oyunlarını təbliğ edən saytlara meyl göstərdikləri də məlumdur.
Bəzi valideynlər isə: “Təki balam gözlərimin önündə olsun”, - deyərək övladlarının küçədə vaxt keçirməkdənsə, evdə kompüterdə oyunları oynamalarına üstünlük verirlər. Onların hansı saytlara daxil olduqları ilə maraqlanmırlar. Yeniyetmələrin real həyatdan uzaqlaşdığını çox vaxt görmürlər, görəndə isə artıq gec olur. Bir də düşünmürlər ki, övladlarını istifadə etdilkləri sosial şəbəkələrdə də əhatə edən bir mühit var. Onların da təsiri isə qaçılmazdır. Odur ki, valideynlər uşaqlarının internetdə nələrlə məşğul olduqları ilə maraqlanmalıdırlar.
Yeniyetmələrin internetdən istifadə müddəti də tənzimlənməlidir. Onlara internetdən istifadə üçün limit qoyulmazsa, 15 yaşlı Alekseyin aqibətiylə üzləşməyəcəklərinə kimsə zəmanət verə bilməz. Əslində bu məsələdə valideynlərlə, müəllimlərlə, bütövlükdə cəmiyyətlə bərabər, yeniyetmələrin özlərinin də üzərlərinə böyük iş düşür. Məncə, onlarla yetkin insanlar kimi davranaraq, internetin həyatlarında necə fəsadlar yarada biləcəyini izah etmək vacibdir. Ola bilməz ki, onların hamısı bu cür söhbətlərə tamamilə biganə qalsınlar.
Daha çox yeniyetmələrə ünvanlayaraq söylədiklərimiz, əslində, tələbələrimizin dediyi, kiçik yaşlarından böyüklər üçün hazırlanmış kompyüter oyunlarına həvəs göstərən zamanə uşaqlarına və hər gün vaxtının 8 saatdan çoxunu kompüterdə keçirən gənclərimizə də aiddir.

modern.az

Комментариев нет:

Отправить комментарий