02.06.2013

Qloballaşma və milli kimlik

Vüqar Zifəroğlu

Qloballaşma ilə bağlı müzakirələr gündəmə gəldiyində, milli dövlətlərin zəiflədiyi və proses dərinləşdikcə ortadan qalxa biləcəyi təhlükəsi ilə bağlı mövzularla daha çox rastlaşırıq. Qloballaşmanı əgər tək və qaçılmaz bir proses olaraq qəbul etsək, nəticə olaraq qloballaşmanın özü ilə nələr gətirəcəyini də qəbul etməmiz lazım gəlir.
Əslində qloballaşmanı durdurulması mümkün olmayan bir alın yazısı kimi göstərmək, populist qənaət manipulyasiyasından başqa bir şey deyil. Halbuki görürük ki, qloballaşma adını verdiyimiz bir sosial dövr yaşanmasına rəğmən, bir mütləqlik daşımamaqdadır. Eyni anda bu prosesə zidd olduğu iddia edilən başqa proseslər də varlığını sürdürməkdədir. Buna səbəbdən də, sosial gerçəklikdə tək rəng, tək forma, tək istiqamət anlayışının keçərli olmadığı ortaya çıxmaqdadır.

Qloballaşma ilə birlikdə dünya iqtisadiyyatının bütünləşəcəyi, etnik və milli fərqlərin ortadan qalxacağı yönündəki iddialar, əslində şübhə ilə qarşılanmalıdır. Bütünləşmə nəzəriyyəsi (convergence theory) olaraq adlandırılan qlobal yaxınlaşmanı dəstəkləyən bir çox arqument ortaya qoyula bilər. Bunlar əsasən Sovet İmperiyasının tarix səhnəsindən silinməsi və müasir informasiya texnologiyalarının təqdim etdiyi hüdudsuz imkanlardır. Əslində bu proseslərin milli iqtisadiyyatı, milli dövlətləri və millətlər arası sərhədləri ortadan qaldıracağı iddiası hələ 1990-cı illərdə müzakirə predmetinə çevrilmişdi. Fəqət, şahidi olduğumuz kimi, dünya iqtisadiyyatında tamamən bütünləşmə təmin edilmədiyi kimi, milliyyət fərqləri də aradan qalxmayıb. Əksinə, keçən əsrin 90-cı illərindən indiyədək yeni dövlətlər qurulub. Ortada bir paradoksal məqam var: inkişaf etmiş və zəngin ölkələr arasında belə gerçəkləşməyən bütünləşmə, çox kasıb ölkələrlə heç mümkün görünmür.
McLuhanın ifadəsiylə bütün dünyanın “Qlobal kənd” ("Qlobal kənddə sülh və müharibə"kitabı) olaraq adlandırıldığı müasir dövrdə, bu kəndin sakinlərinin bir-birindən anında xəbər almaları və münasibətdə olmaları ilə yanaşı, öz kimliklərini qoruyub-qoruyamayacağı məsələsi də vacib problem olaraq qalmaqdadır. Qloballaşma şərtlərinin dünyanı kiçiltdiyi, sürətləndirdiyi bir həqiqətdir. Lakin bunun bir hegemonya və mədəni diskriminasiya prosesi şəklində aparılması, özü ilə bərabər haqlı narazılıqları da ortaya qoymaqdadır. Mövcudluqlarına təhdid olunması, öz-özlüyündən bir milliyyətçilik dalğasını hərəkətə gətirməkdədir.
Bu vəziyyətə qarşı özünümüdafiə instinkti, getdikcə kiçilmiş və bölünmüş lokal dövlətlərin gücünü aşdığında isə tarixi, mədəni, dini və coğrafi olaraq biri-birinə yaxın güclərin birləşmələri və ittifaq halında hərəkət etmələri ilə “Qlokallaşma” nın ortaya çıxdığının şahidi oluruq. Burada tarixi, mədəni və siyasi olaraq güclü ölkələr ön plana çıxaraq liderliyi ələ alırlar. Coğrafi və tarixi güclərin qloballaşan dünyada tək super gücə rəğmən nə edə biləcəyi və müəyyən tarixi zaman dövründə hansı rollarda çıxış edəcəkləri yaşadığımız dövrün sosial gerçəkliyində görüləcək.
Qloballaşmanın dərinləşməsi nəticəsində ortaya çıxan yeni dünya düzəni, millət idarəçiliyinə dayanan dövlətlərin müstəqillik düşüncəsinə bağlı olan beynəlxalq sistemi ortadan qaldırmağa yönəlməkdədir. Habermaş qloballaşma çağının milli dövlətlər və demokratiyaya qarşı bir meydan oxuma olmasına istinad edərək, bu zaman meydana gələn mili iqtidarların məğlubiyyətini hazırlayan üç vacib məqama qiqqət çəkir:
1. Dövlətin qlobal proseslər nəticəsində öz vətəndaşları və ətrafında baş verənlər üzərində nəzarət imkanını və gücünü itirməsidir ki, buna ekoloji çirklənmə, ani sərhəd pozuntuları, silah qaçaqçılığı, terror misal ola bilər.
2. Qərar mexanizmində beynəlxalq müqavilələr və hüquqi qaydalara əməl etmək məcburiyyətindən doğan müstəqillik əksikliyi.
3. Milli dövlətlərin iqtisadi prosesslərdə həlledici rollarının azalması nəticəsində, milli iqtisadiyyatın işlək bütünlüyünün sıradan çıxması.
Dünya iqtisadiyyatındakı istehsal və idxalın sərhədləri aşması, təbii olaraq milli dövlətlərin öz ölkələrində daha öncədən əldə etdikləri bəzi qaynaqlara nəzarət imkanlarını itirməsinə səbəb olub. Həm öz qanunlarını həyata keçirə bilməmələri, həm də iqtisadi münasibətlərdən qaynaqlanan itkilər hesaba alındığında, müəyyən dərəcədə müstəqilliyin zəifləməsinin ortaya çıxdığı görülməkdədir. Qloballaşma tərəfdarlarının da müəyyənləşdirdiyi kimi, dünyada bütün iqtisadi fəaliyyətlər qlobal bir sistem halına gələrsə, bunun bütün insanlar üçün və ayrı-ayrı millətlər üçün nə gətirəcəyini indidən söyləmək olduqca çətindir. Xüsusilə yoxsul ölkələrdə getdikcə böyüyən natarazlıq və dünya istehsal qaynaqlarından getdikcə daha az pay almaları bu narahatçılıqları artırmaqdadır. Dünya iqtisadiyyatını ələ keçirmək istiqamətində böyük məsafə qət etdikləri görülən transmilli sərmayə sahibləri, lokal və kiçik istehsal sahibkarlarının böyüməsini əngəllədikləri kimi fürsət tapdıqca ələ keçirmə yoluna da getməkdədirlər.
Qloballaşmanın vacib iddialarından biri də, qloballaşan bir çağda millətlərin öz milli kimliklərini olduğu kimi mühafizə etmə şanslarının qalmamasıdır. Əlaqə imkanlarının genişlənməsi, elektron xəbərləşmə texnologiyasının sürətli inkişafı, emiqrasiya, əmək və sərmayənin transmilliləşməsi kimi faktorlar insanların həm özlərindən çox uzaqda baş verən hadisələrin və dəyərlərin təsirinə məruz qalmalarını asanlaşdırmaqda, həm də onları həyatın hər anında fərqli kimliklərlə üz-üzə gətirməkdədir. Bu hallarda təsirə məruz qalan xalqların öz kimliklərini mühafizə etmələri, mümkün görünməməkdədir.
Qloballaşmanı qarşısı alınmaz bir proses olaraq qiymətləndirən qloballaşma tərəfdarları arasında dünyanın bütünləşməyə doğru getdiyi və bütünləşmənin ortaq dili olaraq ingiliscədən istifadə etməyin vacib şərt olduğu üstüörtülü şəkildə vurğulanmaqdadır. Medya və internet sahəsində ingilis dilinin aşırı şəkildə yayıldığının şahidi olmaqdayıq. Əslində isə, bildiyimiz kimi, bir dilin qloballaşmanın əsas vasitəsi olaraq dünya üzərində yayılması, mədəni imperializm çərçivəsində qiymətləndirilməlidir. Bu baxımdan, ingilis dilinin millətlər arasında ünsiyyəti qloballaşdıran bir vasitə olaraq təbliğatı diqqət çəkicidir. Bunun qarşısında köklü bəzi mədəniyyətlərin dirəniş göstərdikləri və öz mədəniyyətlərinin daşıyıcısı olan dillərini dünyaya təbliğ etmələri görülməkdədir.
Bu gün Avropa yerinə ABŞ liderliyində qurulmağa çalışılan qlobal toplum və ya zamanda hər şey bir-birinə bənzədilməkdə və məhkumiyyət dərəcəsində müəyyən mərkəzlərdən asılı olmaqdadır. Dünyadakı hər paytaxt şəhəri getdikcə diqərinə oxşamaqda, haradasa hamısı, McLuhanın təsvir etdiyi «Qlobal kənd»ə çevrilməkdədir. Hakim tərz isə, qərbi təlqin etmək, qərbli olmaqdır. Dünyanın gedərək birrəng olması, geniş fərqliliklər yelpazəsinin daralması və yerli motivlərlə bəzənmiş modellərin getdikcə ortadan qalxması narahatlıq yaradır.
Mövzunu Giddensin, qloballaşmanın qismən qərbləşdirmək mənasına gəldiyini ifadə edən fikri ilə tamamlamaq istərdik: "Qloballaşma, əlbəttə tərəfsiz bir şəkildə getmir və nəticələri baxımından xeyirli bir hadisə deyil. Avropa və Şimali Amerikanın xaricində yaşayan bir çox insanın gözündə narahatçılıq yaradacaq bir şəkildə qərbləşdirmə (amerikanlaşdırma) damğasını daşımaqdadır".

publika.az

Комментариев нет:

Отправить комментарий