11.02.2014

MÖCÜZƏ

VƏFA MÜRSƏLQIZI

Deyirlər insanlar cox ötkəm və böyük görünməyə çalışsalar da əslində hamı içində bir möcüzəyə inanır, hansısa məqamlarda möcüzə olacağını gözləyir. Bu inam hərdən o qədər güclü və inandırıcı olur ki, doğrudan da möcüzə baş verir. Danışacağım hadisənin baş verdiyi kənddə isə kimsə möcüzəyə inanmırdı. Bu kəndin gözəl ulduzlu gecələri vardı, amma bu ulduzlu gecələr heç kimin vecinə deyildi. Adətən ulduzlu yay axşamlarında kəndin bütün günü işləməkdən yorulmuş arvadları yekə bir tut ağacının altına yığışıb həvəslə qeybət qırardılar. Bu qeybətlərin sujet xətti müxtəlif olardı. Adətən kiminsə qızının kiminsə oğlu ilə daha mehriban salamlaşmasından, kiminsə şəhərə gedəndən bəri yaman qudurduğundan, kiminsə uşağının olmamasından danışardılar. Arada evinə gec qayıdan kişilərin harda zaman keçirməsi, qonşunun dünən gecə arvadını döyməsi kimi kriminal xəbərlər də müzakirə olunardı.
Bütün qeybətlərin özəyi, bəzəyi isə Nəcibə idi. Nəcibə bəlkə də bu kənddə yeganə qız idi ki, hələ də möcüzəyə inanırdı. Müzakirə obyekti olmasının səbəbi isə Nəcibənin hədsiz gözəl olması idi. Kəndin oğlanlarının əksəriyyəti Nəcibəni sevirdi. Nəcibənin bu məcnunların əksəriyyətindən heç xəbəri də yox idi. Vaxtaşırı Nəcibəgilin darvazasının o üzündə qırğın qopardı. Gündüzlər üz-gözü al-qana qərq olan cavanların anaları əvvəlcə öz oğullarının üstündə saçyolduya çıxar, sonra isə birləşib Nəcibənin qarasınca deyinərdilər. Bu söz-söhbət ayağını yolda qırıb, gəlib Nəcibəyə çatmazdı. Nəcibə hər axşam həyətlərindəki əncir ağacının alçaq budağına çıxar, lap evlərinin qabağından keçən tozlu, enli kənd yolunun sonuna baxardı. Bu yolun sonunda avtobus dayanacağı vardı. Paytaxtdan gələnlər adətən bu yolda şəhər şuxluğunu kəndin tozuna bələyərdi. Nəcibə hər axşam bu kənd yoluna baxar, xəyala dalar və bir gün nə vaxtsa bu kənd yolu ilə ağ atlı şəhzadəsinin gələcəyini və onu xoşbəxt edəcəyini düşünərdi. Nəcibə hər kəsə və hər şeyə rəğmən, evdəki əkə-bükə arvad xasiyyətli bacısının lağ-lağılarına, atasının sıxma-boğmalarına, anasının yeknəsək həyatına və bu həyat tərzinin vaxtsız ağartdığı saçlarına baxmayaraq Nəcibə hələ də möcüzəyə inaırdı. Və bir axşam Nəcibənin gözlədiyi o möcüzə baş verdi. Kəndin yanmış təzək qoxulu, ay işıqlı gecələrinin birində əncir ağacının alçaq budağınada oturmuş Nəcibə düz çəpərlərinin altında bir oglan gördü. Qara qıvrım saçlı, səliqəli geyimdə olan bu oğlanın iliyə işləyən aydan aydın, sudan duru baxışları vardı. Nəcibə özündən asılı olmayaraq oğlanın təbəssümünə təbəssümlə cavab verdi, budaqdan yerə atıldı. Bircə həftədən sonra tutun altında qaynar müzakirələr başladı. Müzakirənin əsəs mövzusu Nəcibənin şəhərdən sonsuz, tənha əmisinin hüzürünə gəlmiş Fəqana nişanlanması idi. Fəqan evin bir oğlu idi. Yaxşı işi, maşını, ev-eşiyi vardı. Qəşəng, savadlı, ağıllı idi. Nəcibənin nişan xəbəri kəndi bir-birinə vurdu. Kimi sevindi, kimi paxıllıqdan gecələr yata bilmədi. Xülasə o payızda Nəcibə üstünün kənd tozunu çırpıb, el adəti ilə Bakıya gəlin köçdü. Kəndin oğlanları qəfil xəbərdən əvvəlcə çaşdılar. Sonra həftə səkkiz, mən doqquz bir birini qana qəltan edən oğlanlar öpüşüb barışdılar, başladılar ciddi cəhdlə əslində Nəcibəni sevmədiklərini isbat eləməyə. Hətta oğlanlardan biri Nəcibədən “qisasını” almaq üçün onun bacısı İzulətə elçi göndərdi. İzulət Nəcibə kimi qəşəng deyildi. Qız qarıyacağından qorxduğu üçün sadəcə ürəyinə daş baglayıb elçini geri qaytarmadı, Tələtə ərə getdi. Artıq tut ağacının altındakı söhbətlərin məzmunu dəyişmişdi. Sanki, Nəcibənin gedişi ilə kəndin marağı da itmişdi. Artıq Nəcibə haqda danışıqlar minə bir azalmışdı. Ayda-ildə bir dəfə kəndə gələn Nəcibənin bəxtəvərliyi kənd arvadlarının gözünə işıq salırdı. Hər dəfə bir saç düzümündə, bir təzə libasda kəndə qonaq gələn Nəcibənin adını az qala, ömürlərini bir paltarda başa vuran qeybətcil kənd arvadları bu ağızdan alıb o biri ağıza ötürürdülər. İllər ötdükcə tut ağacını qurudan qeybətlərin mövzusu dəyişməyə başladı. Nəcibə altı il idi ki, ərdə idi, amma ana ola bilmirdi. Getmədiyi həkim, etmədiyi müalicə, türkəçarə qalmamışdı. Boynu bükük, ürəyi sınıq qalmışdı Nəcibə. Bu altı ildə anası da, atası da dünyasını dəyişmişdi. İndi qızın gələn–gedən yeri aman-zaman bircə əmisinin evi idi. Bura da onu Fəqan aparıb-gətirirdi. Bir səhər əmidostusu Sevil Nəcibəni əlində çamadan qapılarının önündə görəndə çaşdı. Nəcibə niyə tək gəlmişdi görən? Qızın qəmli duruşunu, kefsiz halını görəndə Sevil daha heç nə soruşmadı. Deyəsən, vəziyyət ürəkaçan deyildi. Məsələ burasındaydı ki, Nəcibə iki həftə bundan əvvəl həkimə getmişdi. Həkim qızın son ümidini də yerlə yeksan eləmişdi. Nəcibə iki həftə idi ki, yediyini-içdiyini bilmirdi. Fəqanı övladsız qoymaq sevdiyi adama xəyanət etmək kimi gəlirdi ona. Nə ərindən keçə bilirdi nə də ürəyindəki sevgidən. Nəhayət, bu səhər yazıq gəlin sadəcə başını götürüb qaçmışdı evdən. Gedərkən də ürəyinin qanı axa-axa Fəqana bir məktub yamışdı. Yalvarmışıd ki, Fəqan onun dalınca gəlməsin. Heç olmazsa bir az vaxt versin düşünmək üçün...
Nəcibə əlində bir stəkan çay alçaq hasarın yanında dayanıb qonşu həyətə boylanırdı. Həyətin yabanı meşəni xatırladan ot-əncər, qol – budaqlı ağaclarla dolu qəribə görünüşü göz oxşayırdı. Tən ortada gövdəsi mişarlanmış yoğun bir ağac vardı. Agacın yerdən beş-altı qarış qalxmış gövdəsinə bir adam dirsəklənmişdi. Yekəpər bədəni arxadan qol-budaqlı bir ağacı xatırladırdı. Saçları ağarmış, dərisi gündən yanıb qapqara olmuşdu. Kötüyün üstündə quruyub suxarıya dönmüş çörəyi qabarlı əlləri ilə paralayıb yeməklə məşgul idi. Nəcibə Sevili yanına çağırıb qaş-gözlə kişinin kimliyini soruşdu. Sevil çəp-çəp qıza baxdı:
-Buuuyyy, aaaz, gə məni də tanıma. Az bij İsfəndiyardı daa...
Bu kəndin camahatı uşaqlarına say seçmə, handa bir ad qoyardı. Amma ömür boyu qoyduğu addan istifadə etməzdi. Uşaqlara əcaib ayamalar yapışdırardılar sonra da binəva bu ayamanı ömrü boyu daşıyardı. Şoşan, Dodu, Pəppili, Səmiş, Şonqur və s. Elə ayamalar da var idi ki, adamlar görnüşünə və xasiyyətinə görə alırdılar. Məsələn: Kukla Afət, Qara Rəhilə, Keçəl Kazım, Qarabaş Samir, Kötük Dadaş və s. Nisbətən isbatlı ayamalar da vardı. Doxtur Rizvan, Dəllək Adil və s. Bu ayamaları əlbəttə ki, heç kim ürək edib üzünə deməzdi onların. Amma bircə İsfəndiyarın ayamasını kənddə uşaqdan böyüyə hamı üzünə deyərdilər, qorxmazdılar. İsfəndiyar vaxtı ilə kəndin ən məşhur simalarından olan akuşerka Aynanın oğlu idi. Ayana hökümlü, hikkəli qadın idi. Əri coxdan ölmüşdü. İki oğlu vardı. Kənd camaatı Aynadan çəkinirdi. Ayna bu kəndin sağ əli idi. Başlıca sənəti mamaçalıq olsa da çöp ötürər, bel çəkər, sınıqçılq edərdi. Kəndin kişiləri bu kişiyəoxşar, qara, əcaib qadından qorxardılar bir az. Amma camaat bir gün baxıb gördü ki, Ayna hamilədir. Əlbəttə o saat kənd dəydi biri-birinə. Qeyrət pərçim oldu hamıya. Amma, elə orda-burda danışmaqla kifayətlənməli oldular. Səbəb də bu idi ki, mamaça Ayna ilə heç kim pisləşmək istəmirdi. Bu kənddə doğum evi yox idi. Ayna isə yaman kinli qadın idi. Gecənin birində ona işin düşdümü onda gəl ölünü qoy, dirini ağla. Həm də hamı bixəbər görünsə də bilirdilər ki, uşağın atası milisoner Mehdidi. Kənd bir iki həftə çalxalandı, orda-burda qeybət elədilər. Sonra susdular. Ayna da heç dünya vecinə deyilmiş kimi doqquz ayın tamamında bari-həmlini qoydu yerə. Top kimi bir oğlan uşağı gətirdi dünyaya. Adını da qoydu İsfəndiyar. Aynanın qorxusundan heç kim İsfəndiyara güldən ağır söz deyə bilmirdi. İsfəndiyarın qara günləri onda başaldı ki, Ayna qonşu kənddən xəstə üstündən qayıdıb çimdi, xəstələnib dünyasını dəyişdi. Aynanın qırxı çıxmamış böyük camaat başladı dedi-qoduya. On bir ildə hər kəs içində nə yığıb saxlamışdısa hamısını çıxardı çölə. Qeyrət üz-gözünü cırmaqladı. Özü də hamı düşdü biçarə İsfəndiyarın üstünə. Elə bil ki, nə Ayna, nə də dükançı burda zərrə qədər günahkar deyildi. Bu dünyaya gəlişi ancaq İsfəndiyarın günahı idi. Elə bil ki, İsfəndiyar ana bətnindən çıxıb bıçaq götürüb anasını da dükançını da öldürməliymiş. Bu dedi-qodunun nəticəsi idi ki, yazıq İsfəndiyarı evdən bayıra atdı qardaşı. İsfəndiyar da gəlib yığışdı Nəcibəgilin qonşuluğundakı bu xaraba evə, onun-bunun verdiyi yeməklə, uşağının əynindən çıxan paltarla birtəhər böyüdü. Nə məktəb gördü, nə əsgər getdi. Gəncliyində bir ara evlənmək eşqinə düşdü. Qonşu kənddən bir qız bəyənmişdi, amma “xeyirxah” insanlar tapıldı ki, gedib qızgilə İsfəndiyar haqqında yaxşıca məlumat verdilər. Beləcə İsfəndiyar evlənə də bilmədi. İndi artıq İsfəndiyarın yaşı əllini keçmişdi. Yiyəsiz, tənha, bədbəxt bir qoca idi. Onun-bunun qapısında işləyir, bir tikə çörək qazanırdı...
Bazar günü idi. Nəcibə yenə qonşu çəpərin kənarında dayanıb çay içirdi. Bic İsfəndiyar iki-üç gün idi ki, görünmürdü. Nəcibə birdən qonşu həyətdən inilti səsi eşitdi. Ürkək-ürkək çəpərin alçaq yerindən aşıb həyətə girdi. Balaca uçuq komaya girəndə burdakı səfalətdən dəhşətə gəldi. Boyası da, suvağı da çoxdan tökülmüş yalın divarlar, hörümçək toru basmış tin-bucaqlar, xarabalığı xatırladan bu yarıqaranlıq evdə insan yaşadığını heç cür ağlına gətirə bilmədi. Evin tozlu küncünə cırıq bir döşək atılmışdı. Bu çirkli, cırıq, ömründə mələfə nə olduğunu bilməyən döşəyin üstündə İsfəndiyarın yekəpər bədəni meyid kimi sərilmişdi. Rəngi ağappağ idi. Bircə quru, qaysaq bağlamış dodaqlarının arasından çıxan inilti olmasaydı onun sağ olduğunu düşünmək olmazdı. Nəcibə yaxınlaşıb əlini qocanın alnına toxundurdu. Biçarə dəmir kimi yanırdı. Qız bir andaca evə tərəf götürüldü. İki dəqiqə keçməmiş qayıtdı, əlindəki dərmanı əzib suya qatdı. Güclə kişinin kilidlənmiş dodaqlarının arasına tökdü. Əllərini-ayaqlarını sirkəli su ilə ovxaladı. Yarım saatlıq qayğıdan sonra qoca iniltini kəsdi.
- İsfəndiyar dayı, ay İsfəndiyar dayı!
 Bic İsfəndiyar bəlkə də özünə gəlməzdi bu “dayı” kəlməsini eşitməsəydi. Binəvaya həyatı boyu əmi, dayı deyən olmamışdı. İsfəndiyar gözlərini açanda başının üstündə qara saçları çiyinlərinə dağılmış, bəyaz çöhrəli, qara gözlü bir qadın görüb elə zənn etdi ki, cənnətə düşüb. Bu da huridi-mələkdi, başının üstünü kəsdirib. Az sonra İsfəndiyar Nəcibənin gətirdiyi cücə şorbasını ləzzətlə bədənə vururb üstündən də bir staəkan pürrəngi çay içəndən sonra dili-dodağı əsə-əsə dedi:
- Səni görüm alça ağacı kimi çiçək açasan!..
O gündən Nəcibə hər gün İsfəndiyar kişiyə yemək aparırdı. Çox vaxt da Sevili dartıb aparırdı özüylə. İsfəndiyar da hər dəfə yeyib doyandan sonra üzünü Nəcibəyə tutub deyirdi, “Səni görüm alça ağacı kimi çiçək açasan, qızım.”
Kənd camaatı Nəcibənin dəli olduğunu danışırdı. Son günlər tut ağacının altında gedən qızğın müzakirələrin mövzusu Nəcibənin heç nəyə layiq olmayan, Allahın belə nəzərindən düşmüş Bic İsfəndiyara göstərdiyi qayğı idi. Onların fikrincə, adam gərək dəli olaydı ki, İsfəndiyara qulluq edəydi. Nəcibəyə toxunan o idi ki, söz-söhbəti doğmaca bacısı İzulət də ballandıra-ballandıra danışırdı. Hətta bir axşam İzulət köhnə televizorun qabağında boy-boya verib oturmuş burnu fırtıqlı, əyni başı çirkli olan üç oğluna fərəhlə baxa-baxa “bacım havalanıb ay Tələt” deyəndə, Tələt onun sözünü ağzında qoynuşdu. “Utan, az, bacındı, barı sən dinmə”. Yanıb tökülən İzulətin ürəyindəki yaranın lap qaysağı qopmuşdu. Bir səhər süfrə başında Nəcibənin halı pis oldu. Ürəyi bulandı, başı gicəlləndi. Sevil onu danladı:
-Həəə... hər səhər çəpərdən atdanıb İsfəndiyara yemək aparanda belə olacaq da. Sübhün şehində hələ məni də göndərirsən “ İsfəndiyar bəy”ə qulluq eləməyə.
Günorta Sevil qonşudan gələndə gördü ki, Nəcibə daraşıb şorabaya. Bir həvəslə yeyir ki, elə bil bal yeyir. Sevil o saat barmağnı dişlədi. Ay evi dağılan fələk, burda bir sirr var. O saat da Nəcibəni çəkdi bir kənara, nəyi ki, qadın qadından soruşar, ondan soruşdu. Öyrəndi. Səhər tezdən Nəcibəni də götürüb bir baş rayon mərkəzinə, xəstəxanaya getdilər...
Fəqan həyətə girəndə Nəcibə şaqqanaq çəkib bəxtəvər-bəxtəvər gülürdü. Oğlanın halı dəyişdi. Nəcibənin belə qayğısız olması ona təccüblü göründü. Bu iyirmi gün müddətində darıxmışdı onunçun. Nəcibə ərini heç nə olmayıbmış kimi qarşıladı. Fəqan hardan başalyacağını bilmirdi. Dil-dodağı əsə-əsə dedi:
- Nəcibə, əzizim, yığış gedək evimizə. Mən uşaq-zad istəmirəm. Sənin varlığın mənə yetər. Söz yox ki, mən də arzulayırdım övladımız olsun. Amma, madam ki, Allah vermir, nə edək? Mən uşaqsız yaşayaram, amma sənsiz yaşaya bilmərəm, Nəcibə...
Nəcibə bic-bic güldü. Əirnə hər şeyi danışanda isə, Fəqan az qaldı elə ordaca xoşbəxtlikdən qanadlansın. Səhəri Fəqan Nəcibəni götürüb apardı. Nəcibə ana da oldu, sonralar kəndə az-az gəlsə də, İsfəndiyarın payını heç vaxt kəsmirdi. Ən vacib olanı o idi ki, Bic İsfəndiyarın evi pirə çevrilmişdi. Kəndin qarımış qızları, sonsuz arvadları İsfəndiyarı əl üstə saxlayırdılar. Adamlar deyəsən möcüzəyə inanmağa başlamışdılar, bir də inanmışdılar ki, Allah təkcə dükançıları, varlı pullu kişiləri deyil, İsfəndiyar kimi yetim-yesirin də səsini eşidir. İsfəndiyar da gətirilən yeməkləri ləzzətlə yeyib gərnəşir, bic-bic qımışıb deyirdi:
- Səni alça ağacı kimi çiçək açasan, qızım!
Amma heç kim bilmirdi ki, o bu sözü ancaq qara saçlı, ağ bənizli, qara gözlü bir mələyə deyir, onunçun dua edir...

Комментариев нет:

Отправить комментарий