07.02.2014

Rüşvət almaq arzusuyla alışıb-yanan şair

Bu dəfə şair Yafəs Türksəsin gerçəkləşməyən arzularına işıq tutduq. Nəyi arzulayırdı, necə olmaq istəyirdi, nəyə nail oldu, nələr əlçatmaz olaraq qaldı onun üçün?

- Sən qısaca olaraq özünü necə xarakterizə edə bilərsən?
- Mən çox qəribə adamam. Daima axtarışdayam. Orta məktəbi əla qiymətlərlə bitirmişəm. Məktəbli vaxtlarımda tarix müəllimim mənim tarixçi, kimya müəllimim isə kimyaçı olacağımı düşünürdü. Amma mən orta məktəbi bitirdikdən sonra sənədlərimi Leninqrad universitetinin fəlsəfə fakültəsinə verdim. Yaxşı və əla qiymətlər alsam da, orada oxumaq mənə nəsib olmadı. Bircə balım çatmadı. Buna görə də məni o zamankı Xalq Təsərrüfatı institutunun əmtəəşünaslıq fakültəsinə göndərdilər.
Amma çox sevinirdim. Nədir-nədir kasıb bir oğlan “Narxoz”da oxuyacaq. O dövrlərdə rüşvət çox idi. O məktəbə də rüşvətsiz düşmək çətin idi. Anam şad idi ki, oğlu rüşvət vermədən ali məktəbə qəbul olub.

-Tələbəlik illərində fikirləşirdinmi ki, ixtisasına uyğun işlə məşğul olduqda, kimsə sənə rüşvət təklif edərsə, nə edəcəksən? Rüşvət götürəcəksənmi?
- Bəli. Etiraf edim ki, o vaxt mən yaxşı pullu vəzifələrdə işləmək istəyirdim. O dövrün hər bir Azərbaycan gənci kimi istəyirdim ki, hakim olum, yaxşı rüşvət alım və yaxud müəllim olum, tələbəyə qiymət yazanda 5-10 manat alım. O vaxt bizim üçün bunlar ən böyük arzular idi. Bütün dövrlərdə ƏMTƏƏ mühüm rol oynayır. Tək-tük unikal insan olardı ki, bundan imtina edəydi. Universitetdə oxuduğum müddətdə yalnız iki müəllim bizdən rüşvət almırdı. Bizi o mühitin özü belə böyüdürdü, tərbiyə edirdi. Ona  görə də hər zaman belə şeylər arzulayırdıq. Hətta mağaza müdiri olub, rahat gəlir də əldə etmək istəmişik.

- Bu arzuların gerçəkləşdimi?
- Müəyyən qədər. Bəzilərini gerçəkləşdirə bildim. Bir müddət mağaza müdiri işlədim. Maaşdan əlavə gəlirlərim də olurdu. Yaxud yeməkxana müdiri işləyəndə da qazancım pis olmurdu.

- Gəlirləri hansı formada əldə edirdin? Qiymətdə, yoxsa, çəkidə?
- Həyatın yazılmamış qanunları var. Mən mağaza müdiri olaraq 80-90 manat maaş alırdım. Təbii ki, bu elə də böyük məbləğ deyildi. Pul qazanmağın müxtəlif yolları vardı. Az tapılan məhsulları baha qiymətə sataraq ehtiyaclarımızı ödədiyimiz vaxtlar da olub, çəkidə aldatdığımız vaxtlar da... Etməmək də olmurdu, gərək yuxarılara haqq verəydin axı...

- O vaxtlar da şeir yazırdın?
- Hələ orta məktəbdə oxuyanda tay-tuşlarımla qafiyəbazlıq edirdim. Hərdən şeir də deyirdim. Amma heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa şair olaram. Şairlik duyğusu bəlkə də, sevdiyim qızı itirəndən sonra, bəlkə də ailədə faciə yaşayandan sonra baş qaldırdı məndə. Bəlkə elə bundan sonra şairlik qabiliyyətimin olduğunu hiss etdim. Haradasa 32 yaşımdan rahatlıqla sezə bilirdim ki, məndə “məcnundan füzun aşiqlik istedadı var”. Çox güman ki, şairliyim keçirtdiyim sarsıntılardan sonra başladı.

- Sən əvvəllər iş adamı olubsan, qaz vurub, qazan doldurubsan. Həm də şairsən. Təzad təşkil etmirmi: bir tərəfdə rüşvətə meylli, zəhmətsiz gəlirlə məşğul olan adam, o tərəfdə duyğulu bir insan.
- Bəli, maraqlı sualdır. Mən şairliyə təxminən iki il idi ki, başlamışdım, ardınca qaçqınlıq düşdü. Uzun müddət ədəbiyyata, yaradıcılığa fasilə verdim. Amma içimdəki şairlik yaşayırdı. Bilirsiniz, mənim duyğularım istəklərimlə heç vaxt toqquşmayıb. Mən yenidən ədəbiyyata 1998-ci ildə qayıtdım ki, artıq onda işsiz-gücsüz bir adam idim.

- Bayaq söhbətimizdə dedin ki, arzularından biri də maaşdan əlavə gəlirin olması idi. Bəs heç düşündünmü ki, maaşın elə dərəcədə olsun ki, əlavə gəlirə ehtiyacın olmasın? Gərək elə yazıq camaatı aldadaydın?
- Təbii ki, həmişə bir insan olaraq haqqın tərəfdarı olmuşam. Amma mağaza müdirinin də əlavə gəlirinin olması əsas şərtlərdəndir. Olmamağının özü elə haqsızlıq idi. Bunu da deyim ki, yaxşı vəzifələrdə işləyəndə kasıb insanlara qayğı ilə yanaşmışam. Onların nəyi var ki, artıq pul xərcləsinlər nəyəsə. Bütün bunlar təbii ki, insanın içi ilə əlaqəli duyğulardır. Yaxşı insan olmağın peşəyə aidiyyəti yoxdur. Mən humanist insanam, əgər hər hansı bir ədalətsizliyə yol versəydim, vicdan əzabı çəkərdim. Buna görə də bunu etməmişəm. Mən tapılmayan malları, ərzağı və sairi əliəyrilərə satdırırdım...

- Bayaq  bildirdin ki, nakam sevgin olub. Bundan sonra şairlik istedadı üzə çıxıb. 32 yaşın olub o xoş hadisə baş verəndə. Ayrılmışdın?
- Yox. Sadəcə, o ərəfələrdə başqa bir acı sevgi də yaşamışdım. Ardınca ailədə faciələr baş verdi. Şairlik heç mənim ağlıma gəlməyib. Alim ola bilərdim, amma şair olmaq ağlıma gəlməzdi. Şeir yazanadək mən olduqca şən, deyib-gülən biri idim.

- Bəs neçə yaşında ailə qurdun?
- Haradasa... iyimi səkkiz.

- Bəs 32 yaşında sevdiyin qızdan necə ayrıldın?
- Yox, elə sevdiyim qızı da o yaşlarımda itirdim. Sadəcə, sarsıntılar içimdə toplanıb birdən özünü 32 yaşımda büruzə verdi. Adi, normal insanlar həyatı boyu beş, ya da altı dəfə güclü sevgi ilə qarşılaşır. Mənim həyatımda bu cür sevgilər baş verib, indi də baş verir. İndi də ailəmdən kənar bir xanımla sevgimi yaşayıram. İnsanı bir çərçivəyə salmaq olmaz. Xəyanət şablon sözdür. Mən ayda dörd-beş dəfə də sevgilimlə görüşürəm, onunla mənə xoşdu. Buna normal baxıram. Həyat yoldaşıma isə uşaqlarımın anası kimi hörmət edirəm.

- Bəs xanımın da eynən belə düşünərsə?..
- Çox çətin sualdır. Amma mən onun seçiminə qarışa bilmərəm. Əgər o bunu istəyərsə... Mən onunla sadəcə, bir təsadüf nəticəsində evlənmişəm. Qısası, bizim aramızda sevgi yaşanmayıb. Sadəcə olaraq, uşaqlarımıza görə bir-birimizə hörmət edirik. Hərdən feysbukda yazışanda məni qısqanır. Çox vaxt isə şübhələnir. O, sadəcə klassik xanımdır, ideal anadır, sədaqətli və zəhmətkeşdir. Hörmətə layiqdir. Amma sevməmişəm onu. O bilir mənim başqası ilə görüşməyimi. Dözür, dözməlidir də, axı bizim uşaqlarımız var...

- Yazdığın sevgi şeirlərini kimə ünvanlamısan?
- Şair elə bir şeydir ki, şeir yazarkən hər xanımdan bir şey əlavə edir. Sanki bir mətbəx kimi. Yaradıcının və yaradıcılığın öz sirləri var.

- Sən birdən-birə erotik şeirlər yazdın. Nə idi bu, daxili tələbat, yoxsa adlarını posmodernist qoyan bəzi yazarlarla ayaqlaşmaq cəhdi?
- Yaradıcılığımda müəyyən fərqliliklər etdim. Bunu da öz adımla Azərbaycan oxucusuna təqdim edə bilməzdim. Şeirlərimi rus şairi Aleksandr Karpov adı ilə oxuculara ünvanladım. Düşündüm ki, bunu xarici, rus yazar adı ilə təqdim etsəm, daha tez qəbul edilər. Elə də oldu. O şeirlər xeyli oxundu, xeyli “layk”lar, şərhlər gəldi. Elə ki bu şeirləri mənim yazdığım bilinincə, hər şey dəyişdi. Hər kəs məni tənqid etməyə başladı ki, niyə belə şeirlər yazırsan? Artıq “layk” edənlərin də sayı azaldı. Hələ dostluğundan çıxaranları demirəm. İnsanlarımız belədir də... Bəzilərinə dedim ki, niyə riyakarlıq edirsən, belə olmaz axı.
Bizim yazarlarda dünyaya çıxa biləcək qabiliyyət olsa da, əksəriyyəti yerində sayır. Buna səbəb isə onlarda azadlığın olmamasıdır. Kimi bir az qorxur, çəkinir, kimi də özünün istedadını görmür. Bizim insanlarda səmimiyyət yoxdur. Məsələn, o vaxtı ilk məhəbbət haqqında suala bir iki nəfərdən başqa hər kəs boğazdanyuxarı cavab vermişdi. Hətta Qəşəm Nəcəfzadə ilk sevgisinin elə həyat yoldaşı olduğunu demişdi. Amma mən onun dostu olaraq bilirdim ki, həyat yoldaşı onun ilk məhəbbəti deyil. Elə indi də ola bilsin ki, nə isə... Kor deyilik ki, görürük də... Sözümün canı ondadır ki, bizim yazıçılarda səmimiyyət çatışmır. Azərbaycan daxili azadlığa sahib olan bir neçə şairdən biri də mənəm. Azadlıq olmayandan sonra yaxşı ədəbiyyat yarana bilməz.

- Ən çox kimin üçün darıxırsan? Daha çox səni nə narahat edir?
- Mənim şəxsi həyatımda heç vaxt darıxdırıcı anlar olmayıb. Mütləq maraqlı nəsə tapıram. Məni darıxdıran həyatın sadəcə bir şablon olmasıdır. Hər kəs özünü gizlədir. 99 faiz insan qeyri-səmimidir.

- Bəs səmimi olanlardan kimi görürsən, istedadlı yazar kimi qəbul edirsən?
- Aqşin şeirlərində səmimidir. Kəramət Böyükçöl, Şərif Ağayar, Fərqanədə müəyyən səmimilik var. Sənin publisistikan ürəyimcədir. Qalanları özünü qeyri-səmimi aparır. Sanki heç kəs öz yerində deyil. Məni darıxdıran, sadəcə, bunlardır.

- Yazar olaraq hansı arzuların gerçəkləşmədi? Heç Nobel barədə düşünmüsənmi?
- Əlbəttə, mənim də qulağım alqış eşitmək istəyir. Amma Nobel mükafatına gəlincə, bizim ədəbiyyat dünya ədəbiyyatından çox geri qalıb. Baxmayaraq ki, biz ədəbiyyatı sevən xalqıq. Bizim nəsr, dünya ədəbiyyatından 100, 50 il geri qalıb. Bizdən çətin ki, Şekspir çıxar. Bizim yazarların Nobellik səviyyəsi yoxdur. Bunu arzulamaq absurd bir şeydir. Əgər əsərlərimin xaricdə çap olunmasını arzulasam, haradasa özüm-özümü anlayaram. Amma Nobel mükafatını arzulamaq qeyri-sağlam düşüncədir.

- Qələm dostlarından kimlər ələndi, kimlər qaldı?
- Ədəbiyyat elədir ki, insandan vaxt, enerji, həvəs tələb edir. Bəzilərinin vaxtı, enerjisi və ya nələrisə çatmır, gedir. Fikrət Əsədin enerjisi çatmadı, başı dolanışığına qarışdı, getdi. Rövşən Naziroğlu var idi, o da atası, anası rəhmətə gedəndən sonra bu sahəni tərk etdi. Ona ümidim çox idi. Xanımlardan Sevinc Pərvanə yaxşıdır.

- Azərbaycanda nə qədər yazıçı olar?
- Hardasa 4000.

- Amma kitablarımız 300, 400 tirajla dərc olunur...
- Elədir. Az oxunuruq. Paxılıq. Bir-birimizi az oxuyuruq. Bəzən mənim buraxdığım qəzetə kiminsə sponsorluq etdiyini düşünürdülər. Amma mən öz maddi hesabıma bu qəzeti maliyyələşdirirdim. Hətta həyat yoldaşımın təqaüdündən də istifadə etmişəm.
Məni gözləri götürmür. Murad Köhnəqalanı götürək. O mənə nə qədər lətifə qoşdu. Harada gördü, bir şey əlavə edirdi. İncimirdim. Muraddır da. Amma heç olmasa bircə dəfə mənim istedadımı dilinə gətirmədi.

- Bir az əvvəl dedin ki, həyat yoldaşının təqaüdünü alıb qəzetin nəşrinə sərf etmisən. Həm də deyirsən ki, onu sevmirəm...
- Olub da, pulum olmayanda qəzetə istifadə etmişəm. Mənim qəzetim ədəbiyyat dərgiləri arasında birinci yeri tutub. Gör bunu deyirlər?

- Son sualım belə olacaq: Sevgi münasibətlərində daha çox səni rədd ediblər, yoxsa sən rədd etmisən?
- Mən çox xanımın saqqızını oğurlamışam. Amma düşünürəm ki, mən daha çox tərk edilmişəm. Son olaraq, oxucularımıza demək istəyirəm ki, çalışsınlar müasir ədəbiyyatımızda daha cəsarətli yazılar oxusunlar. Cəsarətli yazarın cəsarətli də oxucusu olmalıdır. Heyf, mən hələ elə oxucu görmürəm...

Faiq Balabəyli      axar.az

Комментариев нет:

Отправить комментарий