21.02.2014

ŞEYX MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani dahi islam alimi Ayətullah Şeyx Fazil Lənkərani Qafqazinin oğludur. O, müasir dövrün böyük fəqihlərindən və mərcəyi-təqlidlərindən hesab olunur. Atası Lənkəranın Ərkivan kəndində anadan olub. Bu ailə özünün gözəl əxlaqı, dindarlığı və təqvası ilə məhşur olmuşdur. O, Qum şəhərinə gəldikdən sonra İmam Musa Kazim övladlarından olan Qumda dəfn edilmiş Musa Mubərqənin nəslindən bir seyid qadınla evlənir.
Ayətullah Məhəmməd Fazil Lənkərani 1931-ci il Qum şəhərində dünyaya göz açır. O, uşaqlıq çağlarından çox istedadlı, möhkəm iradəli, müxtəlif hadisələr qarşısında səbirli və qabiliyyətli olub. İbtidai təhsilini Qum şəhərində alıb və hər il də nümunəvi şagird kimi fərqlənib. Belə ki müəllim dərsə gəlmədikdə, onun yerinə şagirdlərə dərs deyərdi.
 İbtidai məktəbin altıncı sinfində oxuyanda, Qum şəhərində keçirilən elmi müsabiqələrdə birinci yerə çıxır və qiymətli mükafat ilə təltif olunur. Məktəbin müdiri təkid edir ki, bu istedadlı şagird öz dərslərini davam etdirsin və ali məktəblərdən birinə daxil olsun. O isə fitri zövq və istedadına görə ruhani elmlərinə meyl edir. Altıncı sinfi bitirdikdən sonra, orta məktəbdən ayrılıb islam hövzəvi dərslərə tərəf üz tutur.
 Alim özü bu barədə deyir: “Atam Qum şəhərinə gəldikdən sonra bir seyid qızı ilə evlənib ailə qurur. Mən bu ailənin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız”- adlı inşa mövzusu verəndə mən yazardım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar əgər bir şəxs ruhani olsaydı, bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi.
 Alim hövzə dərslərini on üç yaşında başlayır (1944-cü il) və tələbələrin on il ərzində oxuduqları dərsləri altı ildə başa vurur. Tanınmış alim Təftazaninin “Mütəvvəl” kitabını bir il ərzində oxuyur. Onun ən yaxşı müəllimlərindən öz atasının və Ayətullah Müntəzirinin adını çəkmək olar. Məktəb vaxtlarında onun ən yaxın dostu və köməkçisi isə şəhid Ayətullah Mustafa Xomeyni olmuşdur. Mustafa Xomeyni onunla birlikdə islam elmlərini öyrənməyə başlamışdır. Bu şəxsiyyətin varlığı səbəb olur ki, şeyx Məhəmməd islami elmlərə və ruhaniyyətə həddindən artıq rəğbətlənsin. Şeyx özünün ilk təhsil günlərini bu cür xatırlayır: “Mən orta məktəbi qurtardıqdan sonra, son dərəcə rəğbətlə, həvəslə islami elmləri öyrənməyə başladım və elmdə çox tez irəlilədim... Ərəb ədəbiyyatının orta və ali səviyyəsinin bütün dövrlərini (kurslarını) yüksək səviyyədə oxudum. “Yüksək səviyyədə” deməkdə məqsədim budur ki, mən hər kitabı dərslərin gedişatında iki dəfə oxuyurdum. Əvvəlcə müəllim dərsi sinifdə tədris edirdi, dərsdən sonra həmin kitabı yenidən dostlarımla mübahisə edirdim. Elə buna görə də dərslərimdə irəli getdim və ilk dövrənin dərslərini altı il ərzində başa vurdum. Dəqiq yadımdadır, on doqquz yaşım olanda Ayətullah Burucerdinin xaric dərslərində iştirak edirdim. İlk təhsil günlərimdə bir həmmübahisəm var idi, dərslərimi onunla bəhs edirdim. Qışın soyuq günlərində “mütəhhər hərəmin” eyvanında, açıq havada mübahisə etməyə məcbur olurduq. Ayətullah Burucerdi bir gün bir məclisə dəvət olunmuşdu. Mən də atamla birlikdə bu məclisdə idim (O vaxt mən “Mütəvvəl” kitabını oxuyurdum). Ayətullah Burucerdi “Mütəvvəl” kitabından bir şeir oxudu və bu şeir haqqında məndən sual soruşmağa başladı. Mən dərhal cavab verdim. Bundan sonra o həzrət mənə əlli tumən pul hədiyyə etdi. Bu məbləğ o günlərdə çox dəyərə malik idi. Belə bir böyük şəxsiyyətin hədiyyə verməsi məni daha da ruhlandırdı və bundan sonra öz dərslərimə və əməllərimə daha diqqətlə nəzarət etməyə başladım”.
 Şeyxin dərs aldığı islam alimlərindən Ayətullah Əsədullah Nurullah Nəcəfabadi, Ayətullah Fazil Qafqazi, Ayətullah Seyyid Məhəmməd Baqir Sultani Təbatəbai, Ayətullah Əbdül Cavad Amuli Sərhi, Ayətullah Şeyx Mürtəza Hairi, Ayətullah Şeyx Əbdül Cavad Amuli və s. adlarını qeyd etmək olar.
 19 yaşından (1950-ci ildən) başlayaraq “üsul” və “fiqh” elmlərinin xaric dərsinə gedir. O günlərdə məhşur ustadlar Ayətullah Burucerdi, Höccət Kuhkəməri, Məhəmməd Təqi Xorasani, Sədrəddin Sədr və İmam Xomeyni Qumda “üsul” və “fiqh” dərslərini tədris etməklə məşğul idilər. Alimin atası Ayətullah Burucerdinin ailəsi ilə yaxın dost olduğuna görə, onun xaric dərslərində iştirak edir. O, bu dövrləri belə xatırlayır: “Dəqiq yadımdadır, on doqquz yaşımın axırlarında Ayətullah Burucerdinin dərslərində iştirak edirdim. Yaşımın azlığına baxmayaraq ali səviyyədəki dərslərdə iştirak etməyim onun nəzər-diqqətini çox cəlb edirdi. Bə`ziləri mənə deyirdi ki, bu dərsə getməyim, çünki ustadın dərslərini başa düşmərəm. Amma mən bu deyilənlərə əhəmiyyət vermədən dərslərə getməyimə davam edir və gözəl də başa düşürdüm”.
 O, Ayətullah Burucerdinin fiqh dərslərində iştirak etməklə eyni zamanda İmam Xomeyninin də “üsul” və “fiqh” dərslərinə gedir. Bütün dərslərini məhşur islam alimləri Ayətullah Şəhid Mustafa Xomeyni və Ayətullah Şəhabuddin İşraqi ilə mübahisə edir. Ümumiyyətlə, on üç il Ayətullah Burucerdinin, doqquz il isə İmam Xomeyninin xaric dərslərində iştirak etmişdir. Bütün bu dərslərin çox hissəsini (ərəb dilində) xülasə şəklidə qələmə almış və mübahisə etmişdir. Alim fəlsəfə və təfsiri Əllamə Ayətullah Məhəmməd Hüseyn Təbatəbai Təbrizidən, əxlaq dərslərini isə Ayətullah Mirzə Əli Ağa Şirazi kimi ustaddan mənimsəmişdir. O, bu dövrü belə xatırlayır: “Ustad Əllamə Təbatəbai, Səbzivarinin “Mənzumə” dərsini tədris edən vaxtlar biz də o dərsdə iştirak edirdik. Bundan sonra “Əsfar” dərsinə başladıq. Neçə illər onun “Əsfar” dərslərində, habelə təfsir məclislərində iştirak etdim”.
 Alim öz təhsilinin əvvəllərindən başlayaraq ərəb ədəbiyyatı kitablarını, təqribən (əlli il) ərzində orta və ali səviyyədə müqəddimat və xaric dərslərini tədris edir. O, çoxlu şagirdlər yetişdirmişdir ki, onlardan bir çoxları ictihad dərəcəsinə çatmışlar. O, öz tədrisi barəsində buyurur: “Dərs verməyə, təxminən, təhsilimin ikinci, yaxud üçüncü ilindən başladım. Tədris etdiyim ilk kitab “Süyuti” kitabı idi. “Şərhi-lümə”ni tədris edəndə bizim dərslərimiz ümumiləşdi və hövzə səviyyəsində tanınmış dərslərdən birinə çevrildi. Belə ki təxminən 70-80 nəfər mənim tədris etdiyim bu dərsdə iştirak edirdi. Yaxşı yadımdadır, “İrs” dərsini (“Şərhi-lümə”nin bir bölməsidir) Həzrət Məsumənın hərəminin bir tərəfində tədris edirdim. Yetmiş nəfərə yaxın şagirdim var idi. Bir gün fikir verdim, gördüm ki şagirdlərimin hamısı yaşda məndən böyükdür. “Məkasib” dərsini tədris etdiyim vaxtlar, bizim dərsimiz özünə daha da geniş miqyas aldı. Belə ki “Məscidi-əzəm”də Burucerdinin dərsi qurtardıqdan sonra, mən bu böyük məscidə daxil olur, minbərdə oturub dərsə başlayırdım. “Məkasib” kitabını on beş il ərzində (əvvəldən axıra qədər) beş dəfə tədris etdim. Hər dəfə tədrisi əvvəldən başlayanda tələbələrin sayı əvvəlkindən çox olurdu. “Kifayə” kitabı haqqında onu deyə bilərəm ki, onu altı dəfə (əvvəldən axıra qədər) tədris etmişəm. Bizim “Kifayə” dərslərimiz İmam Həsən Əsgəri adına məsciddə keçirilirdi. Məsciddə mikrofon olmamasına baxmayaraq, dərsimdə yeddi yüz nəfər tələbə iştirak edirdi”.
 1972-ci ildən başlayaraq şeyx “üsul” və “fiqh” dərslərinin xaricini tədris etməyə başlayır. İmam Xomeyninin müridi olduğuna və onun “Təhrirül-vəsilə” kitabının geniş şəkildə yayıldığına görə bu kitabda olan bəhsləri xaric dərslərinin əsl mətni kimi seçir. Bundan əlavə, alim Yəzd şəhərinə sürgün olunduqdan sonra, habelə başqa vaxtlarda “Təhrirül-vəsilə” kitabına şərh yazmışdır ki, indiyə qədər onun səkkiz cildi çap olunmuşdur.
 Qeyd olunduğu kimi, on doqquz yaşında olarkən Ayətullah Burucerdinin “fiqh” dərslərində iştirak edir. Bu dərs yüksək səviyyəli, dolğun elmi və fiqhi bəhslərdən biri hesab olunurdu. Yaşının az olmasına, fiqh bəhslərinin bu bölməsinin xeyli ağır olub, diqqət tələb etməsinə baxmayaraq, bu dərslərdə müntəzəm şəkildə iştirak edir və mətləbi gözəl şəkildə qavrayırdı. Hətta bəzi tələbələr ustada demişdilər ki, möhtərəm alim Fazil Qafqazinin oğlu sizin çox dəqiq və çətin olan dərslərinizi qavrayıb dediklərinizi sonradan başqalarına öyrədə bilməz. Bu məsələdən agah olan Şeyx ustadın əvvəllər keçdiyi dərslərdən bəzi bölmələri götürüb ona şərh yazır, ustadın nəzərlərinə öz nəzərlərini əlavə etdikdən sonra əlyazmasını ustadın yanına aparır. Ayətullah Burucerdi onun yazdıqlarını diqqətlə nəzərdən keçirdikdən sonra Şeyxi çox tərifləyir və ona beş yüz tümən hədiyyə verir. Bu məbləğ pul o zaman çox dəyərə malik idi (belə ki hər tələbənin aylıq təqaüdü yüz tüməndən az olurdu). Bu alimin ardıcıl və yorulmaz səyləri nəticəsində iyirmi dörd yaşında ictihad dərəcəsinə çatır. Ayətullah Burucerdi həm alimlər arasında, həm də təklikdə Şeyxin ictihad dərəcəsinə çatmasını təsdiq etmişdir. Belə ki Ayətullah Burucerdinin şagirdlərindən biri deyir: 
 Günlərin birində Ayətullah Burucerdi Şeyx Fazilə işarə edib buyurdu: “O şəxs müctehiddir”. Bu sözün 24 yaşlı cavan haqqında deyilməsi məclisdə olanları təəccübləndirdi.
 Şeyx, həmçinin Qum elmiyyə hövzəsində elmi ocaqları təşkil edənlərdən biri olub.
 Alimin əsas həyat yollarından biri də şahənşah rejimi ilə mübarizədə olub. Belə ki o, İmam Xomeyninin rejim əleyhinə başladığı hərəkatı həmişə müdafiə edir və buna görə də, onunla həmişə sıx əlaqə saxlayırdı. Alimin imzası şah əleyhinə yazılmış əllidən çox elamiyyədə qeyd olunub. Bu elamiyyələrin ən mühümlərindən biri “şahı taxtdan salmaq və İmam Xomeyninin mərcəiyyətini” elan etmək məsələsidir. Bu da böyük həyacana səbəb olmuşdur. Alimin İmam Xomeyni hərəkatında qətiyyət və ciddiyyətlə iştirak etməsi şah rejimi məmurlarının kəskin narahatlığına səbəb olur. Qum elmi ocağının məhşur alimləri kütləvi həbs ediləndə onların arasında Şeyx Məhəmməd də olub. Şah rejimi əvvəlcə onu tutub zindana salır, bir müddətdən sonra “Bəndəri-lənge” şəhərinə sürgün edir. Burada dörd ay sürgündə qaldıqdan sonra İranın Yəzd şəhərinə göndərilir, bu şəhərdə sürgündə 2 il yarım olur. İnqilabın qızğın vaxtlarında Qum şəhərinə gəlib, həmin günlərdə şəhərdə mövcud bütün ictimai hərakatlarda yaxından iştirak edir. İslam inqilabından sonra Şeyx Məhəmməd o inqilabı və İmam Xomeynini ağır böhranlı günlərdə himayə edən müctəhidlər sırasında idi. O, Ayətullah Nəcəfi Mərəşinin vəfatından sonra Qumda Fatimeyi-Məsumənin hərəmində camaat namazını, həmçinin Qum elmiyyə hövzəsinin müdriyyətliyini bir müddət öhdəsinə götürmüşdür. Ayətullahül-üzma Məhəmmədəli Ərakinin vəfatından sonra isə həm Qum elmiyyə hövzəsi, həmdə Tehranın mübariz ruhaniləri tərəfindən altı nəfər böyük məqamlı fəqihlə birlikdə şiələrin mərcəyi-təqlidi kimi elan olunur. 
Ayətullah Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Həzrəti Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий