20.03.2014

Əli Hacı şeirinin poetikası

İbrahim Quliyev
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi işçisi

Poeziya ilk növbədə insan və dünya münasibətlərinin hissi-emosional müstəvidə təzahürüdür. Buradakı ritm, ahəng, vəzn, qafiyə duyğu və düşüncələrin sığına bildiyi real məkandan, gerçək qəlibdən başqa bir şey deyil. Amma bir həqiqət də var, cisimsiz ruh özündə nə qədər mükəmməl mənəvi-əxlaqi, etik-estetik dəyərlər daşısa da, o yalnız müəyyən formaya dolduqdan, həqiqi yerini tapdıqdan sonra öz varlığını və bu var olmağın gözəlliyini, əfsun və cilvəsini hiss etdirə bilir. Şeir əslində, Aristotelin ruhlar dünyası adlandırdığı irreal məkanla gerçək aləm arasındakı ortaq nöqtədə şairlərin eşitdiyi qayibanə səsdir.
Böyük Nizami bu məqamı əsas götürərək şairləri az qala peyğəmbərlərlə yanaşı qoyurdu: onun qənaətincə, həmin səs peyğəmbərlərə çatanda vəhyə, şairlərə çatanda isə misra və beytə çevrilir… 
Şeir həm də təkcə qeybdən gələnin ifadə  forması deyil, üstəlik qeyb aləminə qayıtmağın bir vasitəsi kimi zaman-zaman ədəbiyyat karvanını öz ardınca çəkib aparıb. Minillik sufi poeziyasının əsas qayəsi insan və ilahi nur arasında körpü yaratmaq, yer adamına sözün ecazı ilə həqiqət laməkanlığına yol tapmaqda yardım etmək olub. Volter yazanda ki, poeziya ruhun musiqisidir, o, qəlbin, ürəyin kainatın ilahi nəbzlə ahəngdar döyüntüsünü, şairin vəcd sayəsində ümumdünya ritminə qovuşmasını, panteizmin ortaya atdığı kimi, hər şeydə fövqəlruhun bir zərrəsinin aşkarlanmasını nəzərdə tuturdu. Sxolostik fəlsəfi fikrin, quru nəzəriyyələrin də həyat impulsunu məhz poeziya sayəsində qazandığını vurğulayan Höte şairi bütövlükdə kainatın hiss və duyğu üzvü hesab etməkdə haqlı idi… Amma buradaca dərhal başqa bir sual da doğurdu: tək hissiyyat üzvümü? O hisslər ki, idraka, dünyanın mahiyyətinin hər dəfə tamamilə yeni bucaqdan kəşfinə, bir qədər də konkretləşdirsək, heyrətdən həqiqətə doğru yüksəlməyə  xidmət etmirsə, kimsəyə gərəkli ola bilməzdi. Məhz bu halda əbədi Füzulinin  də “elmsiz şeir əsassız divar olur, əsassız divar qayətdə bietibar olur” kəlamını heç bir “izm”in bu günədək dağıda bilməməsinin və bunun sonda bir  müqəddəs ehkama çevrilməsinin məntiqi bizə aydın olur. 
İlham hələ özlüyündə poeziya deyil, o, sadəcə  emosiyaların poetik illüziya yaratmaq yolunda ilk təkanıdır, buradan şeir də, nisbilik nəzəriyyəsi də doğula bilər. Puşkin bunu öz zamanında daha obrazlı şəkildə ifadə etmişdi: “İlham təssüratların ən canlı şəkildə qəbul edilməsinə, anlayışların dərkinə və həm də təbii olaraq onların izahına doğru yönələn ruhun vəziyyətidir. Həndəsədə də poeziyada olduğu kimi, ilham lazımdır”. Məşhur alman riyaziyyatçısı Veyerştrasser bunu öz həyati nümunəsində təsdiqləyərək yazırdı: “Şair qəlbli olmayandan riyaziyyatçı olmaz”. Bir sözlə, dünyanın harasında olursa-olsun, istənilən elmi, fəlsəfi araşdırma istəyinin kökündə poetik duyğu qaynaqlarının olması göz qabağındadır.
Amma.., Lamartinenin dediyi kimi, “böyük zəkaların röyalarınndan ibarət olan poeziya” başlanğıc, yəni bütün düşüncə və mühakimələrin, axtarış və kəşflərin, dünyanı yenidən qurmaq barədə yüzlərlə fəlsəfi cərəyanların, dini təriqətlərin təməli kimi çıxış etsə də, o yenə də ilkin mahiyyətini  tanrı – ruh - kainat – insan münasibətlərinin özünəməxsus izahı hüququnu özündə saxlayır. Əks halda, milyonillik kainatın  mahiyyəti bir şair “mən”ində təcəlla etməzdi:  

Qalan dünya özüsə,
Gora gedən yol kəsə,
Ölüm, olum hər nəsə
Elə mənim kimidir.
                 (“Həvəsim göy üzünə”)

Ilk baxşda hiss və duyğu yaşantılarının – emprik fəlsəfi düşüncənin nəticəsi kimi görünən bu misraların alt qatından təkəbbürlü iddia yox,  Yunis İmrə kimi xoş məramlı bir sənətkarın  bu dünyaya, bu dünyanın bizdən sonrakı sakinlərinə salamına, xeyir-duasına bənzəyən bir pıçıltı-dua eşidilir desək, yanılmarıq. 
Ölüm burada faciə, son deyil, sadəcə təkrardır, davamdır, sonsuzluğa qədər uzanan yoldur, kainatın ətrafında var-gəl etməkdir. Üstəlik, burada ruhun reinkarnasiyası da yoxdur, yəni şairlər üçün cəlbedici görünən ruhun tənasüx edilərək təzədən başqa cisimdə təzahürünə can atmaq da görünmür. Bu ruh heyrətdən həqiqətə, məkandan laməkanlığa doğru getmək və orada əbədi yaşamaq iddiasındadır:

Tanrısına çatan ruhum
Bir də yerə enməyək

-deyən şair ölümün bir sufi sonluğunda məna qazandığına inanır. 
…Haqqında söhbət açdığımız şeirlər postmodern müstəvidə minillik sufi ədəbiyyatımızın heyrətini yaşayan, real və irreal aləm arasında var-gəl edə-edə tanrı ilə dialoqa girməyə çalışan və dialoqda faniliyə yox, əbədiyyətə inanan bir şairin, bu günədək ədəbi tənqidimizin, demək olar ki unutduğu - Əli Hacılının poetik təəssüratlarııdır . Burada kimsə “minillik” sözünün arxasında yeni nə boylana bilər ki, sualını da verə bilər. Xatırladım ki, bir zamanlar Belinski deyirdi ki, dünyada yeni nəsnə (ideya) yoxdur, amma istedad köhnəni yeni etməyi, ölünü diriltməyi bacarır. Təbii ki, Əli Hacı da bu qoca dünyada heç nəyi təzədən kəşf edə, sözü, fikri yenidən xəlq edə bilməzdi və ümumiyyətlə, bir şairin dediyi kimi, bu dünyada  deyilməmiş söz, çözülməmiş  fikir qalmayıb. Sadəcə assosiyasiyaların forma və sintaksisdə necə təcəssümü, fikrin hansısa indiyə qədər görünməmiş bir bucaqdan deyilməsi, eyni zamanda şairin dialoq qurduğu tərəf-müqabilin  ona nə pıçıldaması və onun nə pıçıldaması poeziyanın taleyini müəyyənləşdirir. Axar suya daim çoxlu çör-çöp töküldüyü kimi, poeziya, ədəbiyyat və sənət nəhrinə də, poeziyaya dəxli olmayan, onun şöhrətinə aldanaraq özünü bədbəxt edən çoxlu cızma-qaralar axır... və batıb gedir, çünki burada öz “mən”ini təsdiq etmək şairin özündən asılı deyil, bir qədər çılpaq desək, burada yaradılan yaradanı təsdiq edir. 
…Əli Hacı adı ilə birgə 80-ci illərdə ədəbiyyatımıza onlarla isim daxil oldu, insafən onların içərisində özünəməxsus deyim və üslub tərzi ilə fərqlənən, ilk qələm təcrübələrinin ilham və istedada söykəndiyi duyulanlar da vardı, amma onların əksəriyyətinin yolları (müxtəlif səbəblər üzündən) ya yarımçıq qaldı, ya da boşluqlarda itib-batdı. Doğrudur , bu gün ədəbi tənqid bunu kompleks halda xaotik ictimai-siyasi proseslərlə, formasiyaların təlatümlü əvəzlənməsi ilə, tarixi hadisələr fonunda siyasi düşüncənin bədii duyğuları sıxışdırması ilə izah etməyə çalışır, amma bizcə, bu yetərli səbəb deyil, çünki tarixin belə təlatümlərlə dolu olduğu məqamlar kifayət qədərdir, amma həmin məqamlarda ədəbiyyat, poeziya, bədii fikir sistemi nəinki sıradan çıxıb, əksinə yeni və daha parlaq ədəbi cərəyanların və tendensiyaların yaranmasına stimul verib. Akademik Krımskinin dediyi kimi, əməvilərin islam imperiyası çərçivəsində mütənasib dövlət quruluşunu devirməsi,  mütərəqqi sosial nizamı  “əyyaşlıq diktaturası”na çevirməsi sufi, hürufi, panteist  poeziyasını formalaşdırdı. Yaxud  “prolekult inkarçılığı” parlaq istedadların, realistik ədəbi cərəyanın tərəqqisinin nəinki qarşısını ala bilmədi, əksinə ona kifayət qədər kəskin süjet xətli mövzular verdi. Belə nümunələri biz ingilis inqilabının tərənnümçüsü kimi meydana çıxa Corc Bayronların, fransa inqilabının əvvəl yüksəltdiyi, sonradan ictimai izoləyə məruz qoyduğu Viktor Hüqoların timsalında da görə bilərik. Qısası, onu demək olar ki, ədəbiyyat ictimai –siyasi proseslərin təməli və assosiyasiyası ola bilər, nəticəsi yox! 
…80-ci illərdə ədəbiyyata uğurla gələnlərin bir çoxlarının yolunu ictimai-siyasi proseslər yox, yolsuzluq, yəni  özünüifadənin fərdi üslubunu tapmamaq, bədii məfkurənin sistemsizliyi, natamamlığı  kəsdi; kimisə müvəqqəti olaraq təqlid mümkündür, amma dünyanın sərhəsizləşmə başlanğıcında əcnəbi ədəbiyyatı təqlid yolu ilə bədii “mən”i  formalaşdırmaq, ədəbiyyata çevirmək mümkün deyil. 
Əli Hacı poeziyaya hazır reseptlə yox, axtarışla, milli özünə qayıdışın bədii düşüncədə yerini aramaqla, qan yaddaşının bədii dialektikasını çağdaş poeziyanın ritminə uyğunlaşdırmaqla, bir sözlə, özünü latın, yaxud ispandilli ədəbiyyatda deyil, məhz öz içində, öz bədii məfkurə sistemində tapmağa cəhdlə gəldi. O, elə ilk şeirlərindən başlayaraq ideoloji laddan kənar  zaman-tanrı- insan - kainat və milli özünüdərkin poetik harmoniyasını qurmağa çalışdı. Amma bu harmoniya hələ çılğın istedadın ilk bədii nümunələrindəki harayın, fəryadın içində eşidilməz, ittihamların fonunda görünməz  idi, sadəcə alt qatdan öz ilkin işartılarını verirdi. Elə bu məntiqdən çıxış edərək Əli Hacının yaradıcılığını şərti olaraq iki yerə bölmək də olar: ittiham və məhəbbət, heyrət və həqiqət dövrləri!
Birinci mərhələdə şairi poetik obrazdan çox cavabsız suallar - dünyanın faktoloji mənzərəsi heyrətləndirir, tarixi ədalətsizlik bədii düşüncənin ritorikasına, daxili fəryad pafosa, qəzəb sarkazma gətirib çıxarırdı. Bu baxımdan “Deyilmiş bayatılar” şeirini nümunə kimi götürə bilərik:  

Nə qədər ki, fürsət vardı keçib candan, 
Qılıncını sıyırmadı babam qından.
Bu dərd sənə, mənə keçdi,
Bu dərd bizim evə köçdü.
Bilirsənmi niyə bizi ayırdılar?
Nəyə görə neçə şəhər, 
neçə kəndi ayırdılar?!
Nəyə görə torpağına qoşun-qoşun yeridilər?
Torpağını oba-oba, şəhər-şəhər yeyirdilər?
Anaların laylasına hardan gəldi qəm havası?
Niyə belə yanğılıdır oxşaması, bayatısı?! 

Niyə? İlk baxışdan oxucu bu şeirin arxasından Məmməd Araz harayını eşidə, Məmməd Araz şeirinin siqlətini duya bilər, şairin yaxşı nümunədən təsirlənməsində, ona yaxın, doğma ovqatdan bəhrələnməsində qeyri-adi heç nə yoxdur; şeir əslində elə hiss və duğunun transferidir, ötürülməsidir, sadəcə yaradıcı şəxs ona ikinci forma və məzmun verərək əvvəlkinin üzərində özününkünü yarada bilir.Amma bu şeirdə təsirlənməkdən çox predmetin və onun yaratdığı ovqatın ortaqlığını görürük. Doğulduğu kənd sərhəd qırağında yerləşən Əli Hacılı 70 il yaxın düşülməsi mümkün olmayan tikanlı məftillərin bu tərəfində dayanıb o biri tərəfdəki doğma evlərə, ocaqlara, çiçəyə, gülə, kölkəsi sərhədin bu üzünə düşən Savalan dağına  həsrətlə, iç yanğısı ilə tamaşa edə -edə yumruqlarını düyünləyib, qəzəbdən göz yaşını içinə axıdıb, ünvansız ittihamlarına isə şeirlərində ünvan axtarıb. Bax, bu ovqat gənc şairin ilk qələm təcrübəsinə Məmməd Araz ruhunun, Xəlil Rza Ulutürk ittihamının hopmasına gətirib çıxarmışdı.  
Aristotel deyirdi  ki, poeziya tarixdən daha ciddi və fəlsəfidir. Buraya onu da əlavə edək: poeziya bütün hüquqdan daha ciddi ittihamlar səsləndirmək qüdrətindədir. Fikrimizə nümunə kimi yenə həmin şeirdən aşağıdakı misraları gətirək:

Taleyə bax, ağıya bax,
Nökərə bax, ağaya bax,
Bizə gülən yağıya bax.
Qazandığı sevinc olub,
Biz olmuşuq.
Qazancımız sərhəd olub,
Araz boyu o, sədd olub.
Araz adlı haraya bax!..
Belə dərdi mənə verən babaya bax! 

Şeirin kuliminasiya nöqtəsi, qəzəbin üsyan mərhələsi buradan başlanır, bu hissəyə qədər  sadalanan bədii faktlar əsas vurğuya hazırlıq xarakteri daşıyır və bundan sonra pafos sonadək yüksələn xətt üzrə davam edir. 1985-ci ildə qələmə alınan bu bədii nümunədəki publisistik xitablar Əli Hacının sonrakı şeirlərində getdikcə seyrəlir, onların yerini lirika, obrazlılıq, gerçək məhəbbət və mistik eşq tutmağa başlayır. Əslində, Əli Hacının bir şair kimi formalaşmasında iki faktor - onun ədəbiyyata gəldiyi 80-ci illərin ictimai-siyasi ab-havası, tarixi ədalətsizlik fonunda cərəyan edən siyasi təlatümlərin gözlənilməz nəticələri və yuxarıda qeyd etdiyimiz, minillik ədəbi ənənələrin bədii yaddaşdakı əks-sədası mühüm rol oynamışdır. Birinci faktor  mərhələvi xarakter daşıdığı və ötəri olduğu üçün ədəbiyyatda da permanent ilham mənbəyi ola bilməzdi və bu paralellik şərti olaraq birinci mərhələ adlandırdığımız dövrdə məhəbbətin, sevgi lirikasının önə keçməsi, real eşq  anlayışının yeni məzmun və mahiyyət qazanması ilə davam edərək sonradan heyrət və həqiqət şeirlərinin bünövrəsini, təməlini təşkil etmişdir.

(Davamı var)

Комментариев нет:

Отправить комментарий