02.06.2014

MTN «Broker Əbülfəz»i saxladı, həbs edə bilmədi!

Qaçaqmalçılıq faktına görə başlanan cinayət işi ilə bağlı 100-lərlə sahibkar MTN-in İstintaq İdarəsinə çağrılıb

Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan «Broker» MMC-nin rəhbəri Əbülfəz Məlikov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb. Bu sensasion məlumatı AzPolitika.info-ya hüquq-mühafizə orqanlarındakı mənbə verib.

“TRANS BROKER” MMC HANSI MƏQSƏDLƏ YARADILIB?

Yerli, hətta xarici iş adamlarının Azərbaycanın gömrük-keçid məntəqələrində soyğunçuluqla üzləşməsi yeni fakt deyil. Bu dövlət reketçiliyinin 20 ilə yaxınlaşan tarixi var. Ancaq son 5-6 ildə bu sahədə də məyyən «islahatlar» aparılıb.
Daha dəqiqi, gömrükdə yığılan rüşvətin mərkəzləşdirilməsi və rəsmiləşdirilməsi, eləcə də sahibkarlara «vahid rüşvət tariflərinin» tətbiq eilməsi istiqamətində ciddi «nəaliyyətlər»əldə edilib. Elə «Broker» MMC kimi tanınan, rəsmi sənədlərdə isə “Trans Broker” MMC kimi qeydiyyatdan keçən qurumun yaradılması da bununla bağlıdır.
Artıq neçə illərdir iş adamlarının kabusuna çevrilən bu qurum bir tərəfdən sahibkarları soymaqla, digər tərəfdən isə büdcəyə çatası pulları müxtəlif fırıldaqlarla talamaqla hər il milyardlarla manatın şəxsi hesablara axmasını təmin edir. Kimlərin hesablarına, bunu müəyyən etmək çətin deyil.
Haşiyə: Qeyd edək ki, gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən “Trans Broker” MMC Gömrük Məcəlləsinin 22 maddəsinə əsaslanaraq yaradılıb. Orada göstərilir ki, broker xidməti malların, nəqliyyat vasitələrinin gətirilməsi, tranizitin həyata keçirilməsi və gömrükdə təmsilçiliklə bağlıdır. Təmsilçilik üçün isə sahibkarla müqavilə bağlanmalıdır. “Trans Broker” MMC də himayədarlarının verdiyi səlahiyyətlər çərçivəsində sahibkarları belə müqavilələr bağlamağa və gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən onlara verməyə məcbur edir.

ƏBÜLFƏZ MƏLİKOV AYDIN ƏLİYEVDƏN DAHA SƏLAHİYYƏTLİDİR

“Trans Broker” MMC-nin iş prinsipi – rüşvət yığma metodu da sadədir. Gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatan vəsaiti şəxsi hesablara yönəldir.
Təsəvvür edin ki, brokerlər gömrüyə daxil olmayana qədər, heç kəs yük maşınlarını aça bilməz. Əgər gömrüyün 2700 nəfər əməkdaşı varsa, “Trans Broker” MMC-nin 5 min əməkdaşı var.
Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə «haqq» ödəməlidir. Bu şəbəkəyə Əbülfəz Məlikov başçılıq etsə də, onun işçiləri hərəsi bir sahəni inhisarda saxlayan oliqarxların təmsilçiləridir. Bir çox hallarda sahibkarların gətirdiyi mal da elə onların adına rəsmiləşdirilir və rüşvəti də onlar alıb mərkəzə ötürür. Onlar oliqarxların maraqlarına uyğun olaraq idxal olunan məhsullara rüşvət tarifləri tətbiq edirlər ki, ölkədə həmin malları ucuz sata bilməsinlər. Yığılan rüşvət isə “Trans Broker” MMC vasitəsilə bir mərkəzə toplanır. Buna görə, brokerlərin hər birinə Əbülfəz Məlkov 1000-4000 dollar arası «paket» sistemi ilə maaş verir. Oliqarxların təmsilçiləri əlavə olaraq öz sahiblərindən də aylıq «paket» alırlar.
Bazardakı qiymət kimi, onun iştirakçılarını da bu brokerlər müəyyənləşdirir. Yəni, istədikləri iş adamı ilə əməkdaşlığı dayandırmaqla onu asanlıqla bazardan vurub çıxara bilirlər. Sahibkarların narazılıqları isə gömrük-keçid məntəqəsindən o yana keçmir.
“Trans Broker” MMC-nin müxtəlif ərazilərdə xüsusi terminalları da yaradılıb. Məsələn, Bakının girəcəyində yerləşən «Meyvəli Bazar»ın yaxınlığında belə bir terminal yaradıblar və ora daxil olan hər bir yük maşını 680 manat pul ödəməlidir. Pulu alandan sonra nə qəbz verirlər, nə də kassa mədaxil orderi. Yəni, açıq şəkildə dövlət büdcəsinə keçməli olan vəsait mənimsənilir.
Yuxarıda sadaladığmız bir neçə fakt “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovun Dövlət Kömrük Komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli şəxs olduğunu sübut edir. Bu baxımdan, Əbülfəz Məlikovu hakimiyyətin qeyri-rəsmi nazirlərindən biri hesab etmək olar. Onun arxasında isə bəzi məlumatlara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər məlumatlara görə «Paşayevlər» və ya Bəylər Əyyubov dayanır.
Bəs bu «nazirin» saxlanılması nə ilə bağlı olub?

BROKERLƏR İŞ ADAMLARINI CİNAYƏTƏ MƏCBUR EDİRLƏR

Qeyd etdik ki, “Trans Broker” MMC iş adamlarının idxal etdiyi məhsuldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60-70 faizini əvvəlcədən rüşvət şəklində onların əlindən alır. Ancaq bununla da kifayətlənməyib, iş adamlarını cinayətə məcbur edir, onları gətirdikləri malın dəyərini rəsmi bəyannamədə dəfələrlə aşağı göstərməyə təhrik edirlər.
Təsadüfi deyil ki, əvvəllər idxal olunan mallara görə, şirkətlər internet vasitəsilə özlərinin sub-uçot hesabından gömrük orqanının hesabına əlavə dəyər vergisi üçün ödəmələr edə bilirdisə, 2009-cu ildən bu qadağan edilib. Tələb qoyulub ki, sahibkar gətirdiyi malın VERGİSİNİ NAĞD ÖDƏMƏLİDİR. Çünki brokerlər ƏDV üçün gömrüklərdə ödəmə aparmaq istəyənlərdən ödəniləcək məbləğin ortalama 50 faizini ayrıca “hörmət” kimi tələb edirlər. Əgər sahibkar malın vergisini depozit hesabından ödəyərsə, onda ödədiyi pulun 50 faizi qədər yenidən əlavə pul verməyə məcbur edilir. Misal üçün, sahibkar gətirdiyi mala görə depozit hesabından 5 min manat vergi ödəyirsə, ondan 2500 manat da əlavə pul alınır. Verməyənlərin malı ölkəyə buraxılmır. Buna görə də sahibkarlar Gömrük Komitəsinin qaydaları ilə razılaşmağa, ya malın böyük hissəsini qeydiyyatdan yayındırmaqla, ya da dəyərini dəfələrlə aşağı göstərməklə dövlətə ödəniləcək rüsumu rüşvətlə birgə təyin olunmuş adamlara verməyə məhkumdurlar.
İş adamlarının dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, dövlətə vergi də həmin o, 2 manatdan ödənilir.
Sahibkar gətirdiyi mala görə rüsumları bank vasitəsilə ödəyirsə və ya alıcı şirkətə bank vasitəsilə pul çıxarırsa, gömrükdə məcbur edirlər ki, həmin malın qiymətini aşağı göstərsin. Yəni, sahibkar idxal etdiyi mala görə, 50 min manat pul köçürürsə, müvafiq gömrük idarəsində tələb edirlər ki, həmin malın qiymətini 8-10 dəfə aşağı, təxminən, 5-6 min manat yazsın.
Məsələn, iş adamlarından birinin dediyinə görə, invoys dəyəri 100 min dollar olan mal “Trans Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min doların gömrük rüsumu və ƏDV-si daxil olur: «Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir».
Və yaxud başqa bir sahibkarın dedikləri: «Moskvadan 2 vaqon parket gətirmişdim. Sumqayit yolunun üstündə olan gömrük idarəsində rəisin yanina girdim. Dedim mənim malim gəlir, amma gecikir. Dedi gecikməməsi üçün gərək bu yandakı otaqdakı adamlarla danışasan.
Dedim bəs Siz buranın rəisi deyilsiz? Güldü…» mən maaşa işləyirəm bala, bu iş mənlik deyi,l onlarla danışa bilsən problemin olmayacaq, danışa bilməsən mümkün deyil». Mən getdim deyilən otaga. Otagın adı yox. İçərisindəki adamlarla söhbət etdim. Adları heç yerdə, yox heç yerin işçisi deyillər. Mənə 12500 dollar «Leviy» gömrük haqqı dedilər.
Sonra qayıtdım bu rəisin yanına ki, a kişi bunlar küçə adamlarıdır, mən 12500 pulu buna necə verim, səhər gəlim görüm yoxdur, onda nə edərəm?
O mənə dedi ki, sən 12500 onlara verən kimi mən sənə qəbz verəcəyəm ki, sən bu mal üçün 1800 dollar pul ödəmisən. Və malın buraxılşının bütün xərcləri o 12500-ün icindədi. Hətta inspektor vagon acılanda gələcək, ona da pul verməyəcəksən. Nə isə, malım yolda idi. Artıq Yalamaya çatmışdı, çarəm qalmadı verdim, 12500 həmin adsız adamlara. O saat mobil telefonla Yalamaya zəng etdilər, Mənim vagonlarım ondan sonra Keşlə yük stansiyasına gəldi. Bir də malımın aşağı qiymətlərlə invoysunu duzəltməyimi istədilər. Mən də düzəldib verdim. Onu da Yalamada rəsmilşdirdilər. Yani oranın gömrük möhürü vuruldu, invoysun uzərinə. Bəli, o rəisin dediyi kimi oldu. O saat bütün sənədlərimi bir neçə saatın içində yazdılar. Gömrük sistemi belə işləyir. 12500 – 1800 (dövlətə) = 10700 rüşvət. (Əbülfəz Məlikova)».

MTN ƏBÜLFƏZ MƏLİKOVU NİYƏ TUTUB, NİYƏ BURAXDI?

Belə əməliyyatların sayının minlərlə, gətirilən malların dəyərinin bəzən 10 milyonlarla manatla ölçüldüyünü nəzərə alsaq, büdcədən hər il oğurlanan vəsaitin miqdarı göz önünə gələr. Bunun əlbəttə, alınan rüşvətə dəxli yoxdur, o öz yerində qalır.
Bununla da bir tərəfdən dövlətə ödənilməli vəsait mənimsənilir, digər tərəfdən də sahibkar faktiki olaraq açıq cinayətə sövq edilir. Hansı ki, sonradan vergi və hüquq-mühafizə orqanları istədikləri zaman istədikləri sahibkara qarşı cinayət işi başlamaq imkanı əldə edirlər.
Belə ki, brokerlərin tələbi əsasında gətirdikləri malların həcmini və dəyərini dəfələrlə aşağı göstərən sahibkarlar faktiki olaraq QAÇAQMALÇILIQ CİNAYƏTİNƏ bulaşdırılırlar. Elə Milli Təhlükəsizlik Nazirliyi də bu yaxınlarda bir neçə sahibkarı məhz bu ittihamla həbs edib. Onlar isə təbii ki, gömrük-keçid məntəqələrindəki qaçaqmalçılıq faktının arxasında “Trans Broker” MMC-nin dayandığına dair ifadə veriblər. AzPolitika.info-ya verilən məlumata görə, bu ifadələrə əsaslanan MTN istintaqçıları “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovu və onun “sağ əli” sayılan qurumun Şamil adlı əməkdaşını MTN-ə gətiriblər.
Ancaq, bizə verilən məlumata görə, istintaqın gedişində möcüzə baş verməyib və «yuxarıdan» gələn bir zənglə Əbülfəz Məlikov və onun işçisi «şahid qismində» dindirildikdən sonra sərbəst buraxılıblar.
Ancaq məhz Əbülfəz Məlikovun təhriki ilə cinayətə bulaşmış sahibkarların işi bu dəfə «BROKER»dəki kimi «xod» getməyib. Ölkəyə mal idxal edən ən azı 6 sahibkar qaçaqmalçılıq maddəsi ilə məsuliyyətə səlb olunublar. Mənbənin bildirdiyinə görə, son 1 ayda ölkəyə mal idxalı ilə məşğul olan yüzlərlə sahibkar istintaqdan keçirilib.
Bu proses indi də davam etməkdədir.
Necə ki, Əbülfəz Məlivov da hazırda işinin başındadır.
Mövzunu davam etdirəcəyik.

Murad Məmmədov           azpolitika.info

Комментариев нет:

Отправить комментарий