07.06.2014

Qəhrəmanlarımıza şortik geyindirməyin və ya "remix" təhlükəsi

Səbinə Samidxan

Qorxuram ki, bu yaxınlarda Dədə Qorqudu dəri jilet və gümüş zəncirli şalvarda, Koroğlunu isə krosovka və beysbol dəyənəyi ilə görək.
Müasirlik, qlobal dünya, informasiya əsri, texnologiyaları, Avropa İttifaqı nə bilim daha nələr...
Təhsilin səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün genişləndirilməsi üçün atılan istənilən addımı alqışlayıram. Avropa mədəniyyətinə inteqrasiyanın ikiəlli lehinəyəm. Yəni ali təhsili olan sadə Azərbaycan vətəndaşıyam.
Təsadüfən gənc bir müğənninin uşaqlıqdan çox sevdiyim “Sən həmişə mənimləsən” teletamaşasının sauntreki olan “Ay gecə” mahnısına remixsini gördüm.

İxtisasca filoloqam, bu üzdən təxəyyülüm çox güclüdür. Amma “Nargilə”nin nə vaxtsa ifrat dərəcədə müasirləşib cins şortikdə, göbəyində pirsinq qıvrıla-qıvrıla rəqs edəcəyi heç yatsam da yuxuma girməzdi.
Təəccübümü bildirəndə hərə bir tərəfdən “eyyy çuşka olma bu remixsdi dəəəə” dedilər. Vallah mən kəndçi deyirsiz, çuşka deyirsiz nədi, onannam hə! Çünki mən belə “Nargilə” istəmirəm!
Ailə dəyərlərinin necə vacib olduğu, ehtirasa görə analıq hissini boğmamasını, gənc qızın məhəbbət faciəsini, övladın anaya və əksinə ananın övlada necə möhtac olduğunu tərənnüm edən bu əsərin remixsi belə oldu?
Brend geyim, çanta markalarını tanıyan “qlamur gözəl”, maşın modellərini gözü bağlı bilən “qaqaş”, qarşınıza 5 müxtəlif ağac yarpağı qoysam adını bilməyəcəksiz!
Remix edin! Amma öncə ilkin variantı bir anlayın, sevin, duyun sonra! “İpad” və “İphone”dan başınızı qaldırıb idmanla məşğul olun, təbiət qoynuna çıxaraq o boz həyatınıza rəng qataraq remiks edin. Dağları, çayları yalnız şəkillərdə deyil, canlı görün. Facebook, Twitter, Instagram-da paylaşdığınız xarici kurortlardan olan şəkillərinizə bir də Azərbaycanın gözəl məkanlarından olan şəkilləri qoyaraq remiks edin.
Qorxuram bu yaxınlarda Dədə Qorqudu dəri jilet və gümüş zəncirli şalvarda, Koroğlunu krosovka və beysbol dəyənəyi ilə görək.
Belə getsə bir gün Qaçaq Nəbinin Həcərini velosipeddə, Sara Xatunu hərbi şalvarda “Survivor”a çəkəcəklər.
Daha keçib, Cırtdana da bir top verin, getsin “Mançester”də oynasın.
Cinsi bəlli olmayan Qoğalı “Eurovision” müsabiqəsinə, Divi və Təpəgözü “Fort Boyard” şousuna yollayaq.
Hə, əgər bunlar az olarsa təklif edirəm ki, Qazan xanı “Paintball” oynamağa dəvət edək, Nəsimi də rep deyər. Pis olmaz, məncə. Unutmadan, tok-şou da yarada bilərik. Nə gəlib Nizamiyə, Füzuliyə, Bəxtiyar Vahabzadəyə, Ramiz Rövşənə və s. və i.a. Adını çəkmədiyim qəhrəmanlarımız, dahilərimiz, təfəkkürlərimiz, inciməyin, bilirsiniz nə qədər veriliş var, remiks həvəskarı var? Hamınıza yer çatacaq. Burda olmasa göndərərik beynəlxalq müsabiqələrə.
Amma öncə ilkin variantı bir anlayın, sevin, duyun sonra bəsdi!
Gördünüz, təxəyyülüm pis deyil, amma xahiş edirəm qəhrəmanlarımıza şortik geyindirməyin!!!

gun.az

Комментариев нет:

Отправить комментарий